27 Aprel 2024

Şənbə, 01:26

«ƏDALƏTSİZLİK – NİSBİ ANLAYIŞDIR»

Firdovsi ATAKİŞİYEV: «Mənim üçün ətrafdakıların məni sevməsi deyil, tamaşaçının mənim oynadığım personajları sevməsi önəmlidir»

Müəllif:

15.11.2019

Prezident İlham Əliyevin Azərbaycan dramaturqu, şair və ssenarist Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalamasından təxminən bir il ötür. Artıq əlamətdar tarix yaxınlaşır - 31 dekabr görkəmli teatr xadiminin anadan olduğu gündür. İl ərzində C.Cabbarlının yubileyi münasibətilə çox sayda müxtəlif mədəni, elmi və maarifləndirici tədbirlər keçirilib. Bu yaxınlarda isə Dövlət Gənc Tamaşaçılar Teatrında Cəfər Cabbarlı mükafatlarının diplomlarının təntənəli təqdim olunması mərasimi keçirilib. Xatırladaq ki, mükafat 2001-ci ildə dramaturqun ev-muzeyi və Bakı Şəhər Baş Mədəniyyət İdarəsi tərəfindən təsis edilib. Mükafat mədəniyyət, teatr, kino, ədəbiyyat, jurnalistika və ədəbiyyatşünaslığın inkişafı sahəsində xidmətlərə görə verilir. Ötən il bu mükafata Azərbaycanın xalq artisti Fuad Poladov layiq görülüb. Bu il isə klassikin 120 illik yubileyinə həsr olunmuş mükafatı alanlar arasında Səməd Vurğunadına Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Azərbaycanın əməkdar artisti Firdovsi Atakişiyev də var.  

O, bu mükafata aktyor Hüseyn Ərəblinskinin səhnə obrazını yaratdığına görə layiq görülüb.

- Deyə bilərsiniz, Cəfər Cabbarlı mükafatını almış aktyor hansı hissləri keçirir?

- O, peşəkar məmnunluğunu hiss edir və düşünür ki, bu, mükafatı Rasim Balayev, Bəsti Cəfərova, Bəhram Osmanov kimi ustadlarla yanaşı almaq deməkdir.

- Ancaq sizə Ərəblinski obrazını iki dəfə oynamaq nəsib olub: 2013-cü ildə Milli Dram Teatrının səhnəsində və 2015-ci ildə Rus Dram Teatrının səhnəsində. Mətni iki fərqli dildə tələffüz etmək çətin olmadı ki? Elə hal olubmu, rolu Azərbaycan dilində oynayan zaman bilmədən mətni rus dilində söyləmisiniz?

- Yox. Olmayıb. Mən gündəlik həyatda iki dildən istifadə edirəm, buna görə məşqlər zamanı və ya tamaşa zamanı belə çətinliklərə rast gəlmədim.

- Ərəblinskinin şəxsiyyəti Azərbaycanda yalnız teatr mütəxəssislərinə deyil, geniş auditoriyaya məlumdur. Maraqlı, müəmmalı taleyi, həyatdan sirli şəkildə getməsi bu günə qədər adamı düşündürür. Səhnədə aktyorun xarakterini onun müasirlərinin təsvir etdikləri şəkildə canlandırmaq kimi bir vəzifəniz var idimi?

- Yox. Pyesin müəllifi Elçin əsrin əvvəllərində yaşamış aktyorun ümumiləşdirilmiş obrazını yaradıb. Teatrı fədakarlıqla və sədaqətlə sevən bir insanın. Çoxtərəfli və fantastik dərəcədə istedadlı bir şəxsiyyətin. Hər yükə qatlanan – həm sadə insan duyğuları, düşüncələri ilə yaşayan,həm də səhnə fantaziyasının ecazkar romantik uçuşu ilə yüksələn bir peşəkarın obrazını yaradıb. Bir sözlə, onu xüsusi edən hər şey. Ərəblinski obrazı – həmin dövrün milli ədəbiyyatı, musiqini, incəsənəti və teatrı yaradan sənətkarının obrazıdır.

- Ərəblinski obrazı sizə XX əsrin əvvəllərinin görkəmli şəxsiyyətlərdən hansını xatırladır?

- Sergey Yeseninin şəxsiyyətini! O da belə üsyankar idi. Ümumiyyətlə, mənə elə gəlir ki, Yeseninin 1924-cü ildə Bakıya gəlişində hansısa sirli alın yazısı var. Sanki o,həmin vaxta kimi yaşamağı bacarmamış, 1919-cu ildə vəfat etmiş Ərəblinskinin həyatının davamını ən mistik şəkildə“yaşamaq” üçün buraya gəlmişdi. Axı istedadlı aktyorun ölümü ilə bağlı aparılan istintaq da heç bir nəticə verməmişdi. Yeseninin ölümü ilə də elə oldu. Çox versiya var, amma onların hansının doğru olduğunu hələ heç kim deyə bilməz. Zaman bu sirri saxlamağa davam edir.

- Sizcə, müasir Azərbaycan teatrında Ərəblinski ilə müqayisə edilə biləcək bir şəxsiyyət varmı?

- Onu görmüş müasirlərin xatirələrinə və danışdıqlarına görə, Ərəblinski həm aktyor sənətinə, həm də rejissorluq sənətinə mükəmməl yiyələnibmiş, kino kamerasını da çox yaxşı hiss edirmiş və belə görünür ki, pedaqoqluq qabiliyyəti də varmış. Bugünkü teatrda biz dar çərçivədə öz qabiliyyətini göstərən ayrıca aktyorları və ya ayrıca rejissorları tapa bilərik. Yəni bizim istedadlı insanlarımız var. Onlar çox saydadırlar. Ancaq Ərəblinskinin sahib olduğu keyfiyyətlərin bir adamda cəmləşməsini – yox, bu barədə bilmirəm, beləsi rastıma çıxmayıb. Musiqidə, təsviri incəsənətdə - bəli. Amma teatrda yox.

- Teatr sənətindəki böhranı belə şəxsiyyətlərin olmaması ilə əlaqələndirmək olarmı?

- Düşünürəm ki, böhran təkcə iqtisadi, coğrafi və ya tarixi bir hadisə olmaqla qalmır. Əksinə, bütün bu proseslərlə zədələnmiş və fərqli ölkələrdə fərqli yollarla cərəyan edən bir zehniyyətdir. Qarşılıqlı təsiri açıq göründüyündən, insan amili də nəzərə alınmalıdır. Deməli, belə çıxır ki, kimlərsə öz həyatını sevgi qurbanı kimi İncəsənət, o cümlədən teatr mehrabına verir, kimlərsə də vermir.

Kimlərsə böyük İdeya axtarışları üçün hərəkət edir, kimlərsə də böyük pullar axtarır. Biz praqmatik və maliyyə prioritetləri əsrində yaşadığımız üçün, kiminazlıqda qaldığı tamamilə aydındır. Böhran subyektiv şərtlərdən qaynaqlanır və bu, ümumi yaradıcılıq prosesinə məhvedici təsir göstərir.

- Aktyorlar – həssas peşə sahibləridir. Onların bir çoxu zərif təbiətli insanlardır. Buna görə də başqalarının sevgisinə ehtiyac duyurlar. Belə bir ehtiyac gündəlik həyatda narahatlıq yaradırmı?

- Başqaları haqqında danışmayacağam, özüm haqqında deyəcəyəm: başqalarının məni Firdovsi Atakişiyev kimi sevmələri önəmli deyil. Ancaq önəmli odur ki, izləyicilər mənim oynadığım personajları sevsinlər.  

- Teatr səhnəsində oynadığınız ən sevimli rolunuz hansıdır?

- Tennessi Uilyamsın "«Arzular» tramvayı" pyesi əsasında hazırlanmış tamaşada Stenli Kovalski.

- Stenli? Qəddar və ədəbsiz?

- Bu, qəddarlıq deyil. Bu, öz dünyasını, ailəsinin dünyasını, qurulmuş və artıq yaşanılan məkanın mənəvi dəyərlərini dünyanı qavramasına və dünyagörüşünə görə tamamilə yad olan bir insanın müdaxiləsindən qorumaq istəyidir. Yəni Stenlinin öz həqiqəti var və onun buna haqqı çatır.

- Bəs, Ərəblinski rolu?

- O, mənim həyatımda və peşəmdə dönüş nöqtəsi oldu. Həyatımızda əvvəllər başa düşmədiyim bu qədər sadə şeyləri birdən-birə anladım. O, məni daha müdrik, daha dözümlü etdi, ədalətsizliyin nisbi bir anlayış olduğunu başa düşməyi öyrətdi.

- Sevilməyənlər sırasına aid edə biləcəyiniz rollarınız varmı?

- Son 15 ildə - yox.

- Bəziləri iddia edirlər ki, siz həyat yoldaşınız İranə Tağızadənin quruluş verdiyi tamaşalarda məşhur olmusunuz...

- Mən onunla fəxr edirəm. Mən ən yaxşı rollarımı onun tamaşalarında oynamışam.

- Necə düşünürsünüz, kinoda, teatrda ən yaxşı rolunuzu artıq oynamısınız, yoxsa o, hələ irəlidədir?

- Mən iki serialda, bədii filmdə çəkilmişəm, teatr səhnəsində yetərincə sayda rol oynamışam. Ancaq yenə də yaşamaq fikrim var...

- Sizin üçün xoşbəxtlik...

- Səhər yuxudan duranda çox sevdiyin iki insan - həyat yoldaşın və oğlun sənə “sabahın xeyir!”, yatmazdan əvvəl isə “gecən xeyrə qalsın” və “ yuxun şirin olsun” deyir! Bu, elə xoşbəxtlikdir.

- Öz izləyicilərinizə nə arzulayırsınız?

- Teatra sevgi.

- Bəs, həmkarlarınıza?

- Qədirbilən tamaşaçı və yaradıcılıq sevinci. Qoy hamısının işi yaxşı olsun.

Müsahibədən sonra biz xeyli söhbət etdik: eyni anda hər şey və heç nə barədə. İnsanların maraqları üst-üstə düşəndə belə olur. Fitjeraldın romanlarının ecazkar kinematoqrafiyası, Oskar Uayldın sözlərinin ovsunlayıcı və həyəcanlandırıcı gücü, Pikassonun yüksək sənətbarədə fikirləri, Valeri Todorovskininvə Mikloş Formanın filmləri barədə onun dedikləri heyrətamiz dərəcədə maraqlı idi. Ancaq ən çox Müslüm Maqomayevin şəxsiyyətinə olan marağı təəccübləndirdi. Məlum oldu ki, aktyor bu böyük azərbaycanlı ilə bütün videomüsahibələrə təkrar-təkrar baxır, çünki hər dəfə onda sadəliyin və sonsuz dürüstlüyün böyüklüyünü yenidən kəşf edir. Müslüm Maqomayevin sadə dühasının böyüklüyü məhz bundadır.



MƏSLƏHƏT GÖR:

291