30 Aprel 2024

Çərşənbə axşamı, 05:47

BAŞQALARINA KÖMƏK EDƏRƏK

Azərbaycan resipiyent ölkədən donor ölkəyə çevrilmək siyasətini davam etdirir

Müəllif:

01.12.2019

Noyabr ayında Azərbaycan iqtisadiyyatı üçün çox əlamətdar bir hadisə baş verdi - Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə müqavilə imzalayaraq, donor cəmiyyətinin tamhüquqlu və fəal üzvü oldu.

Beləliklə, ölkə resipiyent ölkədən donor ölkəyə, yəni yardım alıcıdan donora çevrilmək siyasətini davam etdirir.

Bu, Azərbaycanın iqtisadi inkişafının davamlılığını əyani şəkildə göstərir. Axı, bir dövlət o vaxt donor olur ki, birincisi, iqtisadiyyatı digər dövlətlərin inkişafına sistematik dəstək vermək üçün yetərincə güclü olur, ikincisi, inkişaf etməkdə olan ölkələrə bu köməyi təmin etmək üçün baxışa və prioritet istiqamətlərə malik olur.

 

Yardım istiqamətləri  

Azərbaycanın donor ölkəsi olması barədə rəsmi şəkildə ilk dəfə Prezident İlham Əliyev tərəfindən 2015-ci ildə Davosda keçirilən Dünya İqtisadi Forumunda "Avrasiya regionlarının transformasiyası " sessiyasında çıxışı zamanı elan edilib. Həmin andan etibarən Azərbaycan iki əsas istiqamətdə fəal işləyir: inkişaf etməkdə olan ölkələrə humanitar və texniki yardım göstərmək. Humanitar yardımlara faciələrdən və ya təbii fəlakətlərdən əziyyət çəkən dövlətlərə, eləcə də inkişaf etməkdə olan ölkələrə humanitar böhranların nəticələrinin aradan qaldırılmasında təcili kömək göstərilməsi daxildir.

Artıq 2015-ci ildə Nepalda zəlzələ qurbanlarına Azərbaycan tərəfindən təcili kömək göstərildi. Düzdür, bundan əvvəl ölkəmiz BMT-nin Yaxın Şərq Agentliyi ilə əməkdaşlıq çərçivəsində fələstinli qaçqınlara kömək və işlərin təşkili üzrə Qəzza zolağının bərpası üçün 633 min dollar ayırmışdı. Əfqanıstanda zəlzələdən, Serbiya, Bosniya və Herseqovina, Pakistandakı daşqınlardan zərərçəkənlərə də yardım edilib. Pakistanın 10 şəhərində 10 mindən çox insana qida yardımı verilib.

Həmçinin Azərbaycan Filippindəki «Hayan» tayfunu qurbanlarının faciəsinə biganə qalmadı, həmçinin Karib dənizindəki ada dövlət Müqəddəs Vinsent və Qrenadinada şiddətli daşqının nəticələrinin aradan qaldırılmasında dəstəkçi oldu. Bütün bunlar digər dövlətlərə dəstək üçün görülən işlərin yalnız kiçik bir hissəsidir və bu proqramlar davam edir.

Belə ki, bu il Azərbaycan Prezidentinin sərəncamı ilə Burundidən olan qaçqınlara humanitar yardım göstərmək üçün 30 min dollar ayrılıb. Bu pullar Tanzaniya, Konqo, Ruanda və Uqandada yaşayan Burundi qaçqınlarının təcili ehtiyaclarını ödəmək, vətənlərinə dönmələrini təşviq etmək və cəmiyyətə yenidən inteqrasiyasını dəstəkləmək üçün istifadə ediləcək.

Uzun müddət davam edən leysan yağışları nəticəsində yaranmış sellərdən zərər çəkmiş İrana 950 min manatlıq humanitar yük göndərilib. İranda baş verən güclü daşqınlar üzündən ən azı 70 adam həyatını itirdi, 400 mindən çox insan zərər çəkdi.

Bundan əlavə, bu il Azərbaycan Yəmənə ehtiyacı olanlar üçün humanitar yardım göndərib.

Qeyd edək ki, BMT-nin hesablamalarına görə, Yəməndə 24 milyon insan (əhalinin 80% -i) humanitar yardıma ehtiyac duyur, 250 min nəfər isə kəskin qidasızlıqdan əziyyət çəkir. Ölkədə 3,3 milyon məcburi köçkün var, əhali arasında müxtəlif təhlükəli xəstəliklər yayılıb.

İkinci istiqamətə gəldikdə isə, bu çərçivədə Azərbaycan texniki dəstək proqramları şəklində və ya maddi yardım kimi kömək göstərir. Buna misal kimi, Pakistanın Tank bölgəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan su təchizatı sisteminin istifadəyə verilməsini göstərmək olar. Bunun nəticəsi olaraq ənənəvi olaraq su çatışmazlığından əziyyət çəkən və əvvəllər məişət məqsədləri üçün yağış sularından istifadə edən 40 mindən çox insan içməli suya daimi çıxış əldə etdi.

Münaqişədən yeni çıxmış bir sıra ölkələr üçün minalanmış ərazilərin təmizlənməsi və əhalinin təhlükəsizliyinin təmin edilməsi kimi yardım növləri aktualdır.

Uğurlu layihələrdən biri də Əmman şəhərindəki İordaniya Universitetində fiziki qüsurlu tələbələr üçün müasir avadanlıqlarla təchiz olunmuş xüsusi auditoriyanın yaradılmasıdır. Azərbaycan BMT İP ilə birlikdə Əfqanıstanda elektron hökumətin yaradılması layihəsini həyata keçirib. İslam İnkişaf Bankı ilə strateji tərəfdaşlığın bir hissəsi olaraq isə, Afrika ölkələrində katarakt xəstələrində görmə qabiliyyətinin bərpa edilməsi əməliyyatlarında fəal iştirak edib. Bu kömək sayəsində iki ildən az bir müddətdə, təxminən, 10 min insanın görmə qabiliyyəti bərpa edilib.

Qeyd etmək gərəkdir ki, Afrika qitəsi ölkələrinə yardımın göstərilməsi Azərbaycan üçün prioritetdir. Belə ki, Azərbaycan hökuməti bir vaxtlar Ebola epidemiyası ilə mübarizə üçün 1 milyon dollar ayırmışdı.

Ölkənin nüfuzunun artması ilə bağlı Azərbaycandan kömək istəyən inkişaf etməkdə olan ölkələrin və beynəlxalq təşkilatların sayı ildən ilə artır. Respublika beynəlxalq iqtisadi aləmdə daha nüfuzlu bir oyunçuya çevrildikcə, yuxarıda sadalananlarla münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur.

 

Beynəlxalq maliyyə institutlarının donoru  

Bu günlərdə Londonda keçirilən birinci «Şərq Tərəfdaşlığı» sammitində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi və neft sektorundan asılılığın azaldılması üçün həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib.

Məhz bu sammit çərçivəsində Azərbaycan ölkənin AYİB-in donor cəmiyyətinə daxil olması barədə sazişi imzalayıb. Bu sənədə əsasən, ölkəmiz Avropa bankının layihələri üçün 2 milyon dollar məbləğində qrant ayıracaq, həmin vəsait Azərbaycan İqtisadiyyat Nazirliyinə veriləcək. Ehtimal olunur ki, həmin vəsaitlər kiçik və orta sahibkarlığı (KOS) xüsusilə aqrobiznes sektorunda dəstəkləmək və qadınların rəhbərlik etdiyi müəssisələrə yardım üçün istifadə ediləcək. Azərbaycan, həmçinin innovasiya və yeni texnologiyaların təşviqi, kənd rayonlarının və bölgələrin inkişafı, dayanıqlı və bərpa olunan enerji mənbələri, enerji səmərəliliyinin artırılmasına yönəlmiş təşəbbüslər üzrə layihələrə dəstək verdiyini də ifadə edib.

Qrantlar konsultativ layihələrin dəstəklənməsinə, nəqliyyat və bələdiyyə infrastrukturuna  sərmayə qoyuluşlarına istifadə ediləcək. Vəsaitlər investisiya qrantları, təşviq ödənişləri və risklərin bölüşdürülməsi mexanizmləri şəklində istifadə edilə bilər.

Maraqlıdır ki, sammit zamanı AYİB prezidenti Suma Çakrabarti «Şərq Tərəfdaşlığı» ölkələrinin artan cəlbediciliyini nəzərə alaraq xarici investorları bu ölkələrə investisiya qoymağa çağırıb. Sazişin imzalanması ilə donor daxılına ilk töhfəni, demək olar ki, Azərbaycan verib.

Lakin Azərbaycan bir donor kimi öz fəaliyyətini yalnız bununla məhdudlaşdırmaq niyyətində deyil. Hökumət, artıq 2020-ci ildən Asiya İnkişaf Fondunun donor ölkələri sırasına qatılmaq planlarını açıqlayıb. Bu donor fondu Asiya İnkişaf Bankına məxsusdur və onun vəsaitləri ilə üzv ölkələrdə müxtəlif layihələrin maliyyələşdirilməsi grçəkləşdirilir. Ölkənin bu fonda ödəniş məbləği hələ açıqlanmayıb, amma məlum olub ki, bu vəsaitlər 2020-ci ilin dövlət büdcəsi xərclərinə daxil ediləcək.

Azərbaycanın başqa bir beynəlxalq təşkilatda - Dünya Bankında (DB) və daha dəqiq deyilsə, DB qrupuna daxil olan Beynəlxalq İnkişaf Assosiasiyasında (BİA) da bir donor ölkə kimi iştirakı nəzərdə tutulur. Bəllidir ki, BİA, dünyanın 75 ən yoxsul ölkəsi üçün ən böyük donor vəsaitləri mənbələrindən biridir və bu vəsaitlərin hesabına həmin ölkələrdə baza sosial xidmətlər təmin edilir, həmin ölkələrin 39-u Afrikadadır.

1992-ci ildə Dünya Bankı Qrupuna yeni daxil olanda Azərbaycan da kasıb idi və o da BİA vasitəsilə güzəştli kreditlər alırdı. Ancaq, demək olar ki, bir neçə il ərzində ölkənin iqtisadi inkişafı göstəriciləri, o cümlədən güzəştli kreditlərin verilməsi üçün əsas götürülən göstəricilərindən biri - adambaşına gəlir göstəricisi BİA üzvü olan ölkələrin meyar çərçivəsini aşıb.  

Nəzərə alsaq ki, BİA kreditlərini almaq hüququna malik olmaq üçün adambaşına düşən ÜDM-nin 1165 $-dan (2018-ci maliyyə ili üçün müəyyən edilmiş həddən) çox olmamalıdır, ötən il Azərbaycan üçün bu göstərici 4780 ABŞ dolları təşkil edib, yəni bu həddi 4 dəfədən çox üstələyib.

Hələ ki, ölkəmiz DB-dən kredit almağa davam edir, lakin DB qrupuna daxil Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (İBRD) şərtləri ilə alır, qurum orta inkişaf səviyyəsi olan ölkələri kreditləşdirir.  

Bununla yanaşı, vacib olan başqa məsələ var: iqtisadi inkişafda önəmli uğurlar əldə edən Azərbaycan BİA-da donorluq vasitəsi ilə yoxsul dövlətlərə öz yardımını təklif edib. Artıq dekabrın əvvəlində Stokholmda keçiriləcək bir donor konfransında ölkənin bu təşkilata ayıracağı ödənişin miqdarı açıqlanacaq.

Adətən, göstərilən yardım barədə danışmazlar... Ancaq dövlət münasibətləri və siyasəti miqyasında, əksinə, yuxarıda göstərilən faktların hamısı, şübhəsiz ki, ictimaiyyət üçün açıq olmalıdır. Axı, bunlar ən azından onun göstəricisidir ki, Azərbaycanın özü iqtisadi dirçəliş dövründə bütün bu beynəlxalq təşkilatlardan müxtəlif sahələrdə islahatlar və layihələr üçün kreditlər alırdı. Bəli, bu gün də ölkə beynəlxalq maliyyə qurumlarından kredit dəstəyi almaqda davam edir, lakin daha kiçik həcmlərdə və əsasən böyük infrastruktur layihələri üçün alır. Beləliklə, xarici borcların idarə edilməsi üzrə yeni strategiyaya uyğun olaraq, yalnız xüsusi ehtiyac olduqda kreditlər cəlb edilə bilər, çünki ölkənin maliyyə imkanları layihələri daxili vəsaitlər hesabına həyata keçirilməsinə imkan verir.

Prezident İlham Əliyevin bu münasibətlə qeyd etdiyi kimi, “bu gün Azərbaycan həmçinin beynəlxalq maliyyə qurumlarının donor ölkəsinə çevrildi. Bizim çox sabit maliyyə vəziyyətimiz maliyyə mənbələrimizi, o cümlədən ölkə xaricində yerləşdirməyə imkan verir və buna görə təsir imkanlarımız artır".  

Həqiqətən də, humanitar və digər yardımların göstərilməsi ilə Azərbaycan özünü güclü və dayanıqlı iqtisadi inkişaf imkanları nümayiş etdirən müsbət beynəlxalq imicə malik bir dövlət kimi təsdiqləyir. Dolayısı ilə bu, istər-istəməz ölkənin sərmayə cəlbediciliyinə təsir göstərir, digər tərəfdən Azərbaycan strukturlarının və özəl şirkətlərin yeni dünya bazarlarına çıxması üçün əlavə imkanlar yaradır.

Ancaq əsas məsələ, əlbəttə, müsbət ismarıc, dostluq və ehtiyacı olanlara kömək etmək istəyidir. Yaxşılıq isə, bildiyiniz kimi, mütləq yaxşılıqla qayıdacaq...



MƏSLƏHƏT GÖR:

310