30 Aprel 2024

Çərşənbə axşamı, 04:09

YENİ KEYFİYYƏTDƏ

Mehriban Əliyevanın Moskvaya rəsmi səfəri istər qəbul səviyyəsi, istərsə də məzmun baxımından bənzərsiz sayıla bilər

Müəllif:

01.12.2019

Mehriban Əliyevanın Moskvaya üçgünlük səfəri Azərbaycanın birinci vitse-prezidentinin xarici dövlətə sayca üçüncü, Rusiyaya isə birinci səfəridir. Moskva qonağın gəlişinə ciddi hazırlaşmışdı – Rusiya paytaxtında heç də hər dövlətin vitse-prezidenti dövlət başçısı və baş nazir səviyyəsində qəbul olunmur.

M.Əliyevanın bundan əvvəl İtaliya və Fransaya etdiyi səfərlər də fövqəldövlətlərin Azərbaycanla qarşılıqlı münasibətlərə nə qədər böyük əhəmiyyət verdiyini göstərmişdi. Həmin səfərlər eyni zamanda, avropalı siyasətçilərin birinci xanımın şəxsiyyətinə də böyük maraq göstərdiklərini ortaya qoymuşdu. Həmin səfərləri işıqlandıran Qərb KİV-i Şərqin yeni qadın liderindən danışır, Mehriban Əliyevanın gözəlliyinə və müdrikliyinə yüksək qiymət verirdi.

Lakin Rusiyada Mehriban Əliyevanı daha yaxşı tanıyırlar, nəinki Avropada. Seçenov adına Tibb İnstitutunun məzunu olan M.Əliyeva özü də Moskvanı doğma şəhəri sayır. Xanım Əliyevanın Azərbaycanda rus dili və mədəniyyətinin, Rusiyada isə Azərbaycan mədəniyyətinin təbliğinə hansı töhfələri verdiyi şimal fövqəldövlətin paytaxtında yaxşı bilirlər. Bir sıra postsovet ölkəsində müşahidə olunan aşkar rusofobiya, millətçi əhval fonunda Azərbaycan sabitlik, etibarlılıq və tolerantlıq nümunəsidir. Rusiya prezidenti Vladimir Putinin də dediyi kimi, «Azərbaycan keçmiş Sovet İttifaqı ölkələrindən biridir ki, orada rus mədəniyyətinə, rus dilinə münasibət ən yüksək səviyyədə saxlanılır».

Bu tendensiyanın qorunub saxlanması birinci vitse-prezidentin daxili və xarici siyasətinin prioritetlərindəndir və bu, ölkə başçısı İlham Əliyevin siyasətini çox gözəl tamamlayır.

«Bizim nəslin ortaq kökləri, ortaq tarixi var. Gənc nəsil böyüyür. Ona görə də insanlar arasında, xüsusən gənc nəsil arasında humanitar sahədə bu gün mövcud olan əlaqələrin qorunub saxlanması və bu əlaqələrin daha da möhkəmlənməsi lazımdır», - deyə M.Əliyeva V.Putinlə görüşündə bildirib.

Azərbaycanın birinci vitse-prezidentinin Moskvada naməlum əsgərin məzarını ziyarət etməsini, Kremlin divarı yanındakı əbədi məşəl önünə əklil qoymasını da bu kontekstdə qiymətləndirmək lazımdır. Faşizmlə mübarizə zamanı həlak olmuş insanların xatirəsi Rusiya ictimaiyyəti üçün ən həssas mövzulardandır. Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyevin MDB liderlərinin Aşqabad sammitində qonşu Ermənistanın nasizmin əlaltılarını qəhrəmanlaşdırılmasına dair faktlara əsaslanan çıxışından sonra Rusiya mətbuatındakı «partlayış» da təsadüf deyildi. O andan Rusiya KİV-i Yerevanın bu siyasətini davamlı olaraq pisləməkdədir.

Azərbaycan isə ümumi tarixə hörmət etməyin daha düzgün olduğunu düşünür və ümumbəşəri dəyərləri cılız siyasi maraqlardan yüksək tutur.

Bu yerdə Mehriban Əliyevanın Moskva səfərinə yalnız görkəmli siyasətçilərin, dövlət xadimlərinin deyil, geniş ictimaiyyətin də böyük maraq göstərdiyini vurğulamaq lazımdır. Rusiyada M.Əliyevanı dünyanın ən gözəl vitse-prezidenti, Şərqin ən «qərbli» birinci ledisi adlandırırlar. Rusiyanın demək olar ki, bütün nəhəng KİV-nin onunla müsahibə üçün növbəyə düzülməsi təəccüblü deyildi. Amma onların heç də hamısının bəxti gətirmədi. Xanım Əliyeva ilə eksklüziv müsahibə ilə yalnız «Rossiya» telekanalı, TASS İnformasiya Agentliyi və populyar «Rossiyskaya qazeta» öyünə bilər.

Mehriban xanım müsahibəsində dayanıqlı dostluq və qonşuluq ənənələrindən, birgə iqtisadi və humanitar layihələrdən, Azərbaycandakı multikulturalizm atmosferindən, ölkəmizdə baş verən proseslərdən danışıb. Çoxmilyonluq Rusiya auditoriyası onun lostluq, inkkişaf və əməkdaşlıq barələ meçajlvrını layiqincə qtymətləndirib.

 

Rəsmi görüşlər

Azərbaycanın birinci vitse-prezidentinin səfərinin gündəliyi zəngin idi. Keçirilmiş görüşlərin, təşkil olunmuş tədbirlər səviyyəsi və sayı baxımından bunu Rusiya üçün görünməmiş səfər kimi qiymətləndirmək olar.

İlk növbədə onu qeyd etmək lazımıdır ki, Mehriban Əliyeva Moskvada bütün ölkə rəhbərliyi və yüksək rütbəli rəsmilərlə görüşlər keçirib. Rusiya prezidenti ilə görüş işgüzar, eyni zamanda, təbii xarakter daşıyırdı. Vladimir Putin Mehriban Əliyevanın Rusiya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin inkişafındakı rolunu yüksək qiymətləndirib və onu dövlət mükafatı – «Dostluq» ordeni ilə təltif edib.

«Sizin diqqətinizi ona cəlb etmək istəyirəm ki, bu, düşünülmüş qərardır. Sadəcə, sizin bizə gəldiyinizə görə yox, sizin Azərbaycanda ali vəzifəli şəxslərdən biri olduğunuza görə yox. Bu, sizin işinizlə, sizin fəaliyyətinizlə, dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanması ilə bağlıdır. Biz bunu çox yüksək qiymətləndiririk», - deyə Rusiya prezidenti bildirib.

İki ölkə arasındakı mehriban qoşuluq münasibətlərinin səviyyəsi xanım Əliyevanın Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşündə də vurğulanıb. Lakin bu görüşdə əsas müzakirə mövzusu tərəflər arasında artan iqtisadi münasibətlər olub. Danışıqların sonunda innovasiyalar və texnologiyalar sahəsini əhatə edəcək yeni əlavə «yol xəritəsi»nin hazırlanmasına dair razılıq əldə edilib.

Bu kontekstdə qeyd olunmalıdır ki, Mehriban Əliyevanı bütün vacib görüşlərdə iqtisadiyyat naziri Mikayıl Cabbarovla baş nazirin iqtisadi sektora cavabdeh olan müavini Şahin Mustafayev müşayiət ediblər. Onlar həmkarları – Rusiyanın iqtisadiyyat naziri Maksim Oreşkin və hökumət başçısının müavini Valentina Matviyenko ilə birlikdə səfərin iqtisadi gündəmini formalaşdırıblar. Bu gündəmin əsas hadisəsi isə yubiley – sayca onuncu Rusiya-Azərbaycan Forumu olub.

 

İqtisadiyyat hərəkətverici qüvvə kimi

Bu ənənəvi tədbir artıq o, əhəmiyyətli birgə iqtisadi layihələrin müjdəçisinə çevrilib. Bu forumlar çərçivəsində hər iki ölkənin regionlarından olan iş adamları bir-birilə tanış olur, işgüzar əlaqələr qurur, bu isə öz növbəsində, ölkələr arasında ticarət dövriyyəsinin artırına, qarşılıqlı səmərəli kapital qoyuluşlarına yol açır.

Azərbaycanın birinci vitse-prezidenti yubiley forumunun açılışında bildirib ki, regionlararası əməkdaşlıq ikitərəfli münasibətlərin vacib hissəsidir. «Ticari əlaqələr bizim əməkdaşlığımızın əsas istiqamətlərindən biridir. Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biridir və bizim qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur. Artmaqda olan əmtəə dövriyyəsinin inkişafı və şaxələndirilməsi üzrə kompleks tədbirlər həyata keçirilib. Azərbaycan xaricdə özünün ilk ticarət nümayəndəliyini Rusiya Federasiyasında açıb. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları yaradılıb və uğurla fəaliyyət göstərir. Bizim istehsalçıların müxtəlif regionlara ixrac missiyaları təşkil edilir», - deyə Mehriban Əliyeva bildirib.

Onun tədbirdə səsləndirdiyi rəqəmlər isə iqtisadçıların son dərəcə ciddi fəaliyyətinin nəticəsi olmaqla yanaşı, yeni perspektivlər də açır. Məsələn, M.Əliyeva 2018-ci ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 19% artaraq 2,6 milyard dollar təşkil etdiyini, bu ilin 9 ayı ərzində isə artımın artıq 26%-ə çatdığını bildirib. Daha bir qürurverici sahə investisiya sahəsidir. Azərbaycanda Rusiya kapitalı ilə çalışan 700-dək şirkət qeydiyyatdadır. Azərbaycan iqtisadiyyatındakı rus investisiyasının həcmi 4,9 milyard dollara çatıb. Azərbaycan isə Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya yatırıb.

Rusiya Azərbaycanın ixrac etdiyi kənd təsərrüfatı məhsullarının əsas alıcısıdır. Bu sahədə məqsəd ixrac həcmini bir vaxtlar astronomik hesab olunan səviyyəyə – 1 milyon tona çatdırmaqdır.

İki ölkə arasında əməkdaşlığın daha bir vacib istiqaməti nəqliyyat-tranzit sahəsidir. Azərbaycandan keçən nəqliyyat dəhlizləri onu Rusiya üçün daha yaxın, daha arzulanan edir.

Turizm sahəsində əməkdaşlıq da dinamik inkişaf edir. Ötən il Azərbaycana təxminən 1 milyon rus gəlib və bu göstəriciyə görə ilk yeri məhz Rusiya tutur. Azərbaycan isə Rusiyanın Şimali Qafqaz regionun turizm infrastrukturunun əsas investorlarındandır.

İki ölkənin iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissyasının bu ilin dekabrında Bakıda keçiriləcək növbəti toplantısında bu və digər mövzular gündəmdə olacaq.

 

Tək iqtisadiyyat deyyil

Rusiya ilə Azərbaycanın humanitar sahədəki əməkdaşlığını da nümunəvi saymaq olar. Təhsil sahəsindəki əməkdaşlıq Rusiyanın vacib ali məktəblərinin Bakıda filiallar açmasına, eyni zamanda, minlərlə azərbaycanlı tələbənin Rusiyada təhsil almasına imkan verib.

Mədəniyyət sahəsində də davamlı dialoq var, mütəmadi şəkildə sərgilər, teatr qastrolları, konsertlər, musiqi və kino festivalları təşkil olunur. 25 ildir növbə ilə Rusiya və Azərbaycanda keçirilən miqyaslı layihə reallaşdırılır – Mədəniyyət günləri.

Humanitar əməkdaşlıq ənənələrinə yüksək qiymət verən Mehriban Əliyeva Moskvaya səfəri çərçivəsində Dövlət Tretyakov Qalereyasına da baş çəkib, orada 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Bienallesi ilə tanış olub. Sərgidə azərbaycanlı rəssamların multimedia installyasiyaları ayrıca yer tutur. Onları qonağa qalereyanın direktoru Zelfira Trequlova təqdim edib.

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki «Azərbaycan» pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi də xüsusi vurğulanmalıdır. O, sərginin 80 illiyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva burada pavilyonun yenidənqurmadan əvvəlki və təmir işləri aparılan zaman görüntüləri əks etdirən stendlə tanışlıq olublar. Hazırda nadir memarlıq siması bərpa olunan milli pavilyon, həmçinin yeni məzmunla izləyicilərini qarşılayır. Burada yeddi zalda xalqımızın qədim tarixini, mədəniyyətini, ənənələrini əks etdirən eksponatlarla yanaşı, müstəqil Azərbaycanın tarixi, ölkəmizin iqtisadi-siyasi, humanitar sahələrdəki nailiyyətləri, turizm potensialı barədə məlumatlar əldə etmək mümkündür.

Bütün bunlar rusiyalıların Azərbaycanı və Azərbaycan xalqını daha yaxşı tanımasına imkan verir. Digər tərəfdən, Rusiyadakı çoxmilyonluq Azərbaycan diasporu bununla mədəniyyət evi əldə edib və bu, şübhəsiz ki, vacib nailiyyətdir.

Buna Rusiya baş nazirinin müavini Valentina Matviyenko da eyham vurub: «Xanım Əliyevanın Azərbaycan xalqının mədəni irsinin beynəlxalq aləmdə təbliğində səylərini görür və qiymətləndiririk. Xanım Əliyevanın dostluq etmək və yaxşılıq etmək bacarığı kimi keyfiyyətlərini də qeyd etmək istərdim. Təsadüfi deyil ki, onun səyləri bütün dünyada tanınıb. O, UNESCO-nun xoşməramlı səfiri kimi bütün dünyaya Azərbaycan xalqının qəlbindəki ən gözəl şeyləri çatdırıb».

Bu il əlamətdar yubileyini – 80 illiyini qeyd edən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi dünyanın 50 nəhəng sərgi mərkəzi sırasına daxildir. O, ildə 30 milyon izləyici qəbul edir.

Nadir sərgi şəhərciyi hesab olunan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incilərindən sayılan «Azərbaycan» pavilyonu 1939-cu ildə tikilib. O, məşhur Azərbaycan memarları Sadıq Dadaşov və Mikayıl Useynovun layihəsi üzrə yaradılıb. Sonrakı illərdə XTNS ərazisindəki bir çox başqa pavilyonlar kimi, bu pavilyon da çoxsaylı dəyişikliklərə məruz qalıb, yenidən qurulub. 2017-ci ildə pavilyonda Azərbaycan dövlətinin dəstəyi və Heydər Əliyev Fondunun rəhbərliyi ilə bərpa işləri nə başlanılıb. O zaman binanın ilkin memarlıq-etnik simasının qaytarılması qarşıya məqsəd olaraq qoyulmuşdu. Bu istiqamətdə çox gərgin iş aparılıb, prosesə Azərbaycandan və Rusiyadan ən yaxşı mütəxəssislər, memarlar, rəssamlar, bərpaçılar, mədəniyyət tarixçiləri dəvət edilib.

Daimi ekspozisiya zalında milli musiqi, xalçaçılıq, sənətkarlıq nümunələri sərgilənir. Həmçinin pavilyonda Azərbaycanın məşhur rəssamlarının əsərləri təqdim edilir. Pavilyonun ekspozisiya zalında, eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsində vacib rol oynamış ölkə ziyalıları barədə məlumatlar təqdim olunur. Burada ayrı-ayrı zallarda müxtəlif mövzularda mühazirə və konfransların keçirilməsi, musiqi proqramlarının, eləcə də turizm zonasında Azərbaycanın turizm imkanları barədə məlumatların təqdimatı nəzərdə tutulur.

«Ticarət evi» zonasında isə Azərbaycan istehsalı olan məhsullar təqdim edilir. Burada yerli istehsalçıların məhsulları ilə tanış olmaq, eyni zamanda, milli suvenirlər əldə etmək mümkündür.

Bir sözlə, Azərbaycanın birinci vitse-prezidentinin bu səfərindən sonra Azərbaycanla Rusiya arasında istər siyasi, humanitar, istərsə də iqtisadi-ticari əməkdaşlıqda ciddi canlanma gözləmək mümkündür. Bu səfər Bakı ilə Moskvanın dostluq münasibətlərinə, etibarlı, sabit və qarşılıqlı səmərəli tərəfdaşlığın inkişafına verdikləri vacib əhəmiyyətin daha bir nümunəsi sayılmalıdır.



MƏSLƏHƏT GÖR:

310