30 Aprel 2024

Çərşənbə axşamı, 07:09

AVROPAYA KEÇİD

TANAP «Köhnə dünya»ya qaz tədarükünə tam hazırdır

Müəllif:

01.12.2019

Noyabr ayı Azərbaycan qazının təkcə Türkiyə bazarına deyil, həm də Avropaya nəqlinə yönəlmiş Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi üçün əlamətdar oldu. Həm də "Enerji İpək Yolu" adlandırılan TANAP Türkiyənin enerji habına çevrilməsi istiqamətində tarixi bir addıma çevrildi.

Məhz 2011-ci ilin noyabr ayında İstanbulda keçirilən III Qara dəniz Enerji və İqtisadi Forumunda bu layihənin gerçəkləşdirilməsi üçün təşəbbüs irəli sürülüb. Artıq 21 noyabr 2018-ci il tarixdə Meriç çayının sahilində - Türkiyə-Yunanıstan sərhədində TANAP qızıl qaynaqla Cənub Qaz Dəhlizi (CQD) layihəsinin sonuncu, dördüncü komponenti olan Trans-Adriatik Boru Kəmərinə (TAP) bağlanıb.

Nəhayət, 30 noyabr 2019-cu il tarixdə İpsala şəhərində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan təntənəli şəraitdə TANAP-ın ikinci, son mərhələsini işə saldılar. Beləliklə, iki ölkənin liderləri uzunluğu 1850 km olan infrastrukturun Avropaya qaz tədarükünə tam hazır olduğunu təsdiqlədilər.

Söhbət Trans-Anadolu qaz kəmərinin Eskişehir şəhərindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanan hissəsindən gedir. Daha öncə 2019-cu il aprelin 15-də borunun bu hissəsinin işə hazır olduğunu yoxlamaq üçün Azərbayan qazının ötürülməsinə başlanıb. İyunun 15-də «Şahdəniz» yatağı qazı TANAP vasitəsilə artıq Türkiyə-Yunanıstan sərhədinə çatıb.

Bəllidir ki, TANAP-ın ötürmə gücü ilkin mərhələdə ən azı 16 milyard kubmetr nəzərdə tutulub ki, bunun da 10 milyardı Avropa, 6 milyardı isə Türkiyənin qərb bölgələri üçün nəzərdə tutulub. Gələcəkdə boru kəmərinin illik ötürmə gücü 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılacaq. TANAP layihəsinin səhmdarları SOCAR (51%), «SOCAR Turkiye Enerji» (7%), BOTAS (30%), BP (12%) şirkətləridir. Boru kəməri hər il TANAP səhmdarlarına 1,45 milyard dollar gəlir gətirəcək ki, bunun da 58%-i Azərbaycanın payına düşəcək. Həmçinin, qaz kəmərinin fəaliyyəti sayəsində Türkiyənin qaz ehtiyacının 12%-nin ödənəcəyi gözlənilir.

Xatırladaq ki, "Şahdəniz" yatağının işlənməsinin 2-ci mərhələsindən əldə ediləcək Azərbaycan qazı 30 iyun 2018-ci il tarixindən etibarən Türkiyə bazarına uğurla çatdırılır və bu ilin oktyabr ayının sonuna, təxminən, 3,18 milyon kubmetr qaz nəql olunub. SOCAR-ın qiymətləndirməsinə görə, 2019-cu ildə TANAP-la 3 milyard kubmetr, 2020-ci ildə isə artıq 6 milyard kubmetr həcmində qaz nəqli nəzərdə tutulur.

 

TAP-ı gözləyərək

“Son illərdə enerji və nəqliyyat sahəsində qarşımızda duran bütün vəzifələr yerinə yetirildi. Onların həyata keçirilməsinə çox böyük səy sərf edilmişdir. Son dərəcə çətin geosiyasi vəziyyətdə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verildi. TANAP kimi tarixi bir layihə artıq fəaliyyətdədir və Cənub Qaz Dəhlizinin icrasının başa çatmasına bir il qalıb, deyə bilərik. İnşallah, bu layihəni də uğurla başa çatdıracağıq", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Həqiqətən, CQD-nin tammiqyaslı işini təmin etmək üçün yalnız TAP qaz kəmərinin tikintisinin tamamlanmasını gözləmək qalır ki, Azərbaycan qazının Avropaya, daha doğrusu, Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyaya nəqlinə başlansın. Beləliklə, Azərbaycanın və Türkiyənin bölgədəki nüfuzu daha da artacaq. Üstəlik, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi ilə Azərbaycan Avropa qaz bazarında vacib oyunçuya çevriləcək. CQD-nin marşrutu və tədarük mənbələri baxımından Rusiya qazına alternativ olduğuna görə, onun Avropa seqmenti - 4.5 milyard avro dəyəri olan Trans-Adriatik qaz kəməri (TAP) Avropa Birliyi (AB) üçün prioritet enerji layihələrindən biridir. Layihə ilkin dövrdə «Mərhələ 2» fazasından AB ölkələrinə ildə 10 milyard kubmetr qaz nəqlini nəzərdə tutur.  

TAP-ın ümumi uzunluğu 878 km-dir, bunun 550 km-i Yunanıstanın şimal hissəsi, 215 km-i Albaniya ərazisi, 105 km-i Adriatik dənizi və 8 km-i İtaliya ərazisindən keçir. Layihənin səhmdarları bunlardır: BP (20%), SOCAR (20%), «Snam» (20%), «Fluxys» (19%), «Enagas» (16%) və «Axpo» (5%).

TAP AG konsorsiumunun məlumatına görə, 2019-cu ilin oktyabr ayının sonunda Trans-Adriatik Boru Kəməri layihəsi üzrə işlərin 90,5% tamamlanıb. “TAP hazırkı İtaliya hökuməti üçün prioritetdir. Qaz 2020-ci ilin üçüncü rübündə İtaliyaya çata bilər", - deyə TAP-ın icraçı direktoru Luka Şippati bildirib.

Albaniyanın infrastruktur və enerji nazirinin müavini İlir Beyta bildirib ki, ölkəsində TAP-ın həm quru, həm də dəniz seqmentlərinin tikinti işləri artıq başa çatıb. “Kompressor stansiyalarının tikintisi də başa çatdırılıb. Ümumiyyətlə, TAP layihəsi üzrə bizim ərazimizdə kiçik işlər qaldı. Qaz kəmərinin alban hissəsinin tikintisini müəyyən olunmuş qrafik çərçivəsində başa çatdırmaq üçün hər şey edilir", - deyə İ.Beyta bildirib.

O, həmçinin Albaniyanın TAP layihəsinin birinci mərhələsi çərçivəsində qaz almayacağını da bildirdi. "Ancaq layihənin (ildə 10 milyard kubmetrdən - 20 milyard kubmetrə qədər - R+) genişləndirilməsi ilə bağlı qərar qəbul edilərsə, Albaniya artıq TAP-ın ikinci mərhələsi çərçivəsində qaz almaq istəyini bildirib. O vaxta qədər ölkədə qaz istehlakı ildə 1,2 milyard kubmetrə çatacaq”, - deyə İ.Beyta əlavə edib.

Azərbaycan hökumətində də əmindirlər ki, TAP-ın tikintisinin başa çatması ilə Cənub Qaz Dəhlizi 2020-ci ildə tammiqyaslı fəaliyyətə başlayacaq. Noyabrın 21-də Vaşinqtonda keçirilən "Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət" adlı tədbirdə çıxış edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, CQD layihəsinin uğurla həyata keçirilməsinin sirri xarici şirkətlərlə strateji tərəfdaşlıqda və ABŞ-ın ardıcıl dəstəyindədir.  

“Qlobal enerji təhlükəsizliyi layihəsinin - Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın güclü siyasi dəstəyi mühüm rol oynadı. Prezident Donald Trampın qeyd etdiyi kimi, CQD bizim enerji əməkdaşlığımızın zirvəsidir. Gələn il bu layihənin tam həcmdə istifadəyə verilməsi əməkdaşlığımızın daha bir uğuru olacaq", - deyə P.Şahbazov vurğulayıb.

Layihənin ümumi dəyəri 40 milyard dollardır və Azərbaycan tərəfinin Cənub Qaz Dəhlizi (CQD) QSC tərəfindən təqdim olunan ümumi xərcləri 2019-cu il sentyabrın əvvəlinə olan vəziyyətə nəzərdə tutulan 10,1 milyard dollar əvəzinə 9,87 milyard dollar təşkil edib. 2019-cu ildə layihə çərçivəsində CQD-nin sərmayələri, təxminən, 900 milyon dollar olacaq.

 

IBG: Avropanın dərinliyinə

Cənub Qaz Dəhlizinin perspektivləri həmişəkindən daha ümidverici görünür. Xüsusilə, nəzərə almaq lazımdır ki, Avropada interkonnektorların tikintisinə başlanılıb, onların sayəsində TAP vasitəsilə gələn Azərbaycan qazını müştərilərə çatdırmaq mümkün olacaq. Xüsusilə Yunanıstan-Bolqarıstan qaz boru kəmərinin (Gas Interconnector Yunanıstan-Bolqarıstan, IGB) çəkilişindən söhbət gedir. IGB Avropa Birliyində enerji bazarının təhlükəsizliyini və rəqabətliliyini təmin edəcək yeddi prioritet layihədən biridir. Layihə Bolqarıstan və Cənub-Şərqi Avropa bölgəsi üçün qaz mənbələrinin və nəqlinin şaxələndirilməsi baxımından da önəmlidir. IGB Bolqarıstan, Yunanıstan, Rumıniya və Macarıstan şəbəkələrini birləşdirəcək Şaquli Qaz Dəhlizinin (Vertical Gas Jorridor, VGC) bir hissəsidir. Hətta onun Ukrayna, Moldova və Serbiyaya uzadılması məsələsi də nəzərdən keçirilir.

Qaz kəməri Bolqarıstanı Trans-Adriatik Qaz Kəməri (TAP) ilə birləşdirəcək və ölkəyə Azərbaycandan qaz almağa imkan verəcək. Bolqarıstan və Yunanıstan arasındakı qaz kəmərinin uzunluğu 182 km-dir, bunun da 150 km-i Bolqarıstan ərazisindən keçir. İlkin mərhələdə onun texniki gücü ildə 3 milyard kubmetr təşkil edəcək, gələcəkdə isə 5,5 milyard kubmetrə çatdırıla bilər. Layihənin ümumi dəyəri 220 milyon avro qiymətləndirilir.

Bolqarıstan hökumətində düşünürlər ki, tikintisinə bu ilin may ayında başlanmış IGB ölkəyə 2020-ci ildə «Şahdəniz» yatağından nəql edilən Azərbaycan qazını almağa imkan verəcək.

“Gələn ildən gec olmayaraq Bolqarıstan ABŞ, Qətər, Kipr və Misirdən mayeləşdirilmiş təbii qaz, habelə Azərbaycandan təbii qaz ala bilər. Gələn il biz bolqarlara söyləyə biləcəyik – sizin heç kimdən asılılığınız yoxdur və qazı istənilən yerdən ala bilərsiniz", - deyə Bolqarıstan baş naziri Boyko Borisov IGB -də gedən tikinti işlərinin yoxlanmasının gedişində bildirib.

Bolqarıstanda Azərbaycan qazı «Balkan» qaz habından paylamaq, bununla da, təchizatın şaxələndirilməsini və Avropa enerji bazarında rəqabəti təmin etmək üçün mümkün mənbələrdən biri hesab olunur. Yeri gəlmişkən, "Bulgargaz" və SOCAR arasında imzalanmış təbii qazın tədarükü müqaviləsinə görə, 2020-ci ildən Bolqarıstan «Şahdəniz» yatağının işlənməsinin 2-ci mərhələsindən hər il 1 milyard kubmetr təbii qaz alacaq.

 

Azərbaycan qazına iddialar  

CQD vasitəsi ilə Azərbaycandan təbii qaz almaq istəyənlərin siyahısı daim artır. İndi bu siyahıya Ukrayna da daxil olub. “Azərbaycan getdikcə daha güclü oyunçuya çevrilir, o cümlədən həm də energetika baxımından. Ukrayna da Cənub Qaz Dəhlizi layihəsində iştirak etmək istəyərdi“, - deyə bu sözləri bu ölkənin Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

Ukrayna tərəfinin fikrincə, TAP və IGB boru kəmərlərinin istismara verilməsi ilə Azərbaycan qazının Cənub-Şərqi Avropa ölkələrinə nəql edilməsi üçün şərait yaradılacaq. CQD layihəsinə Rumıniyanın qoşulması ilə gələcəkdə Kiyevin də Bolqarıstan-Rumıniya-Ukrayna marşrutu üzrə Azərbaycan enerjidaşıycılarını əldə etmək imkanı əldə edəcək. Qeyd edək ki, Rumıniya artıq 2020-ci il yanvarın 1-dən etibarən Trans-Balkan qaz kəməri ilə Rumıniya-Ukrayna sərhədinə gündə 4,1 milyon kubmetr həcmində qazın nəqli üçün etibarlı imkanlar təqdim etməyə hazır olduğunu təsdiqləyib. "Operator QTS Ukrainı" (OQTSU) MMC-nin baş direktoru Sergey Makoqonun sözlərinə görə, bu, ildə, təxminən, 1,5 milyard kubmetr qaz deməkdir. Onun sözlərinə görə, bu, indiki mərhələdə yetərli həcmdir, çünki bu bölgədə hələ heç bir önəmli sərbəst qaz resursu yoxdur.

"Bu bölgələrdə hələ də sərbəst bir resurs yoxdur. Orda qaz kəmərlərinin genişləndirilməsi üzrə fəal işlər görülür. Yunanıstan nümayəndələri həm mayeləşdirilmiş qaz terminalının genişləndirilməsi, həm də Xəzər qazını Yunanıstana çatdırıla bilən TAP boru kəmərinin 90% hazır olması barədə məlumat veriblər, oradan onu Bolqarıstana, sonra isə Ukraynaya nəql etmək mümkün olacaq”, - deyə S.Makqoqon əlavə edib.

Hələ ki, bu vaxt Kiyev qaz tədarükünün şaxələndirilməsi məsələsini həll etməyə çalışır, məsələn, ABŞ-dan mayeləşdirilmiş təbii qaz almaq yolunu tutur. Bu il avqustun 13-də Ukrayna, Polşa və ABŞ qaz sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar. Bu, mayeləşdirilmiş ABŞ təbii qazının Polşa və Ukraynaya ixracını, Ukraynanın yeraltı qaz anbarlarının istifadəsini və bu ölkənin qaz infrastrukturunun abadlaşdırılmasını nəzərdə tutur.

Bir sözlə, Azərbaycan qazına, demək olar ki, bütün Avropada tələb var və bu, ölkə iqtisadiyyatı üçün inanılmaz müsbət amildir. Axı, uzunmüddətli perspektivdə məhz bu yanacaq dünya üzrə tələb siyahısında aparıcı olacaq. TANAP layihəsi isə bölgəni aparıcı tranzit hablarından birinə çevrilməsi üçün əsas olacaq.



MƏSLƏHƏT GÖR:

312