26 Aprel 2024

Cümə, 16:32

DƏHLİZƏ ÇIXIŞ

Teodora GEORGİYEVA: «IGB Bolqarıstan üçün strateji vacib layihədir»

Müəllif:

15.01.2020

Avropaya qaz tədarükü mənbələrinin şaxələndirilməsi beynəlxalq gündəmin əsas mövzularından olaraq qalır. Azərbaycan, Türkiyə və Gürcüstanın avropalı tərəfdaşlarla birgə reallaşdırdıqları «Cənub Qaz Dəhlizi» (CQD) layihəsi Azərbaycanın «Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan təbii qazın Avropaya nəqlinin əsasını qoyub.

Ötən ilin sonuna yaxın Türkiyədə Trans-Anadolu qaz kəmərinin (TANAP) ikinci mərhələsinin istismara verilməsi mərasimi keçirilib. Azərbaycan qazını Avropa sərhədinə məhz bu boru çatdıracaq. Oradan «mavi yanacaq» Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Avropanın dərinliklərinə nəql olunacaq. Məsələn, Bolqarıstana qaz TAP-a qoşulacaq IGB interkonnektoru (Interconnector Greece-Bulgaria) vasitəsilə çatdırılacaq. Hazırda interkonnektorun tikintisi davam edir.

Bolqarıstanla Yunanıstan arasında qaz xəttinin uzunluğu 182 kilometrdir. Onun 150 kilometri Bolqarıstan ərazisindədir. İlkin mərhələdə IGB-nin ötürücülük qabiliyyəti ildə 3 milyard kubmetr olacaq. İkinci mərhələdə onun 5,3 milyardadək artırılması nəzərdə tutulur.

IGB-nin təməlqoyma mərasimi 2019-cu il mayın 22-də Bolqarıstanda keçirilib. Bu, bir çox problem və çətinliklərin aradan qaldırılmasından sonra mümkün olub.

ICGB AD layihə şirkətinin icraçı direktoru Teodora GEORGİYEVA «Region plus»a müsahibəsində interkonnektorun tikintisinin gedişindən danışıb.

- Xanım Georgiyeva, 2019-cu ilin sonlarında Türkiyənin İspala qəsəbəsində TANAP-ın Balkanları Anadolu ilə birləşdirən hissəsinin açılışı oldu. Bu layihənin Bolqarıstan və ümumilikdə, Avropa üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- TANAP layihəsi TAP ilə birlikdə Balkan bölgəsi və Avropa üçün böyük əhəmiyyət daşıyır. O, qitənin enerji təhlükəsizliyinin təmininə böyük töhfədir. TANAP «Cənub Qaz Dəhlizi» layihəsinin nəhəng komponentidir və «Şahdəniz» yatağı qazının bolqarıstanlı istehlakçılara çatdırılması üçün nəzərdə tutulub. Odur ki, bu boru xətti Bolqarıstana təbii qaz nəqli marşrutlarının və mənbələrinin şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

- IGB boru xəttinin tikintisi necə gedir? İndiki mərhələdə vəziyyət nə yerdədir? Qrafikdən geri qalınmır ki?

- Hazırda ICGB layihəsi çərçivəsində iki əsas müqavilə üzrə işlər aparılır. Onlardan biri Yunanıstanın «Avax S.A.» şirkətilə imzalanıb və layihələndirmə, alış və tikinti işlərini nəzərdə tutur. «Corinth Pipeworks S.A.» şirkəti ilə imzalanmış ikinci müqavilə boruların istehsalı və tədarükünü təmin edir.

«Avax S.A.» artıq detallı texniki layihələndirmə üzrə işlərə başlayıb. Bununla yanaşı, əsas tikinti meydançalarında ofislər tikilir, müvəqqəti yollar salınır, boruların saxlanması üçün müvəqqəti anbarlar inşa olunur.

«Corinth Pipeworks» da razılaşdırılmış qrafikə uyğun işləyir. Cüzi gecikmə olsa da, ümumilikdə işlər nəzərdə tutulmuş qrafik üzrə gedir. Bu cüzi gecikmə əsas işlərin gedişinə ciddi təsir göstərmir.

- Qaz xəttini nə vaxt istismara verməyi planlaşdırırsınız? IGB-nin 18 aya hazır olacağı bəyan olunmuşdu.

- Təhvil-təslim işlərinin planlaşdırıldığı müddət 18 aydır. Bütün işlərin və sınaqların 2021-ci ilin ikinci rübündə başa çatdırılacağı gözlənilir. Yunanıstan və Bolqarıstanın müvafiq orqanlarından lazımi sertifikatları və razılığı aldıqdan sonra boru xətti istismara veriləcək və ona qaz vurulmasına başlanacaq. Sistemin 2021-ci ilin ikinci rübünün sonunda, uzağı üçüncü rübün əvvəlində işə salınacağı gözlənilir.

- Bəs, test rejimində qaz nəqli nə vaxta nəzərdə tutulub? Ümumiyyətlə, bu boru xətti hansı qaz mənbələri üçün tikilir? Söhbət yalnız CQD ilə nəql olunacaq Azərbaycan qazından gedir, yoxsa onunla digər mənbələrdən hasil olunan «mavi yanacaq» da nəql ediləcək?

- Boru xəttinə qazın vurulması bütün işlərin uğurla başa çatdırılması və təhvil-təslim aktının alınmasından sonra baş verəcək.

CQD layihəsi çərçivəsində və IGB boru xətti sayəsində Bolqarıstan və qonşu ölkələr Xəzər regionundan alternativ mənbəyə çıxış əldə edəcək. Bununla yanaşı, biz ABŞ, Əlcəzair, Misir və s. kimi mənbələrdən mövcud və ya gələcək mayeləşdirilmiş qaz terminallarına da çıxış əldə edəcəyik. Layihəmiz həm də ona görə strateji əhəmiyyət daşıyır ki, o, bizə digər nəhəng enerji layihələrilə əlaqə qurmaq imkanı yaradır. Misal kimi, Yunanıstanın Aleksandrupolis şəhəri yaxınlığındakı mayeləşdirilmiş təbii qaz terminalını, Şərqi Aralıq dənizi resurslarını Kipr və Krit vasitəsilə birbaşa Yunanıstana birləşdirən «EastMed»i, həmçinin İsraildən mayeləşdirilmiş qaz nəqli layihəsini göstərmək olar.

- Ümumilikdə, interkonnektor layihəsinin dəyəri nə qədərdir? Onun maliyyələşməsi hansı mənbələr hesabına təmin olunur? Bu iş üçün lazım olan vəsait tam həcmdə əldə olunubmu?

- Layihənin gözlənilən ümumi investisiya dəyəri 240 milyon avrodur. Onun 220 milyonu kapital, 20 milyonu isə xərclərdir. Layihə bir neçə mənbədən maliyyələşir. 39 milyon avro Avropanın Struktur Maliyyələşdirilməsi Fondu tərəfindən Bolqarıstana «İnnovasiyalar və rəqabətədavamlılıq 2014-2020» əməliyyat proqramı çərçivəsində ayrılacaq vəsaitdir. Daha 45 milyon avro iqtisadiyyatın bərpası üçün Avropa Enerji Layihəsi çərçivəsində ayrılır. Təxminən, 110 milyon Avropa İnvestisiya Bankının uzunmüddətli kreditidir. O, Bolqarıstan Respublikasının dövlət zəmanəti sayəsində ayrılır. Kredit sazişi artıq imzalanıb və Bolqarıstan parlamenti tərəfindən ratifikasiya olunub.

Maliyyələşmə Bolqarıstanın enerji holdinqi ilə ICGB arasında ötən ilin payızında imzalanmış razılaşma əsasında həyata keçirilir.

Tikinti prosesinə zəmanətin verilməsi üçün 2019-cu il oktyabrın 10-da ICGB səhmdarları bir neçə vacib saziş imzalayıblar. Tikintilə bağlı yekun biznes-plan və büdcə də qəbul olunub. Bununla yanaşı, şirkətin kapitalının 42,4 milyon avro artırılması haqda da qərar qəbul edilib. Bu vəsait layihələndirmə, alış və tikinti işlərini aparan, həmçinin boruların tədarükünü həyata keçirən podratçı şirkətlərə avans ödənişlərinə xərclənir.

Hesab edirəm ki, nəzərdə tutulmuş maliyyə boru xəttinin inşasının başa çatdırılmasına kifayət edəcək. Maliyyənin ayrılmasında mümkün gecikmə nəticəsində yarana biləcək istənilən qısamüddətli tələbat aralıq maliyyə vəsaitləri hesabına ödəniləcək.

- IGB-nin perspektivini necə qiymətləndirirsiniz? Bu layihədən nə gözləyirsiniz və onun gələcəyi haqda nə düşünürsünüz?

- IGB Bolqarıstan və bölgənin digər ölkələrinə yalnız təbii qaz nəqli marşrutlarının deyil, həm də mənbələrinin şaxələndirilməsi məqsədilə inşa olunur. Artıq qeyd etdiyim kimi, CQD sayəsində Bolqarıstan və qonşu ölkələr Xəzər regionundan alternativ qaz mənbəyinə, eyni zamanda mayeləşdirilmiş qaz terminallarına çıxış əldə edəcək. Layihəmiz CQD-dən qaz nəqli infrastrukturunu təmin etməklə yanaşı, Bolqarıstana qaz tədarükünün təhlükəsizliyinə də zəmanət verir. Bununla yanaşı, o, ölkənin bir mənbədən asılılığını azaldır. Azərbaycanın «Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qaz Bolqarıstanın «mavi yanacağa» olan tələbatının 25-30%-ni ödəyəcək. Bu, ölkəmizin enerji təhlükəsizliyinin xeyli güclənəcəyi deməkdir.

Bir məqamı da vacib sayırıq: Bolqarıstanın qaz bazarındakı 4 yeni treyder artıq konkret həcmdə qaz sifariş veriblər və boru xətti istismara verilər-verilməz, onlar Bolqarıstan bazarına daxil olacaqlar. Aİ qaydalarına əsasən, bazar iştirakçılarına neosvobojdennıe obcemı truboprovoda təklif olunacaq. Bu isə Bolqarıstan bazarına çox sayda iştirakçının daxil olmasına imkan yaradacaq. Bu mənada, hesab edirik ki, IGB Bolqarıstan üçün yalnız qaz mənbələrinin şaxələndirilməsi, tədarükün təhlükəsizliyinin təmini baxımından deyil, həm də Bolqarıstanda şəffaf, dinamik və rəqabət qabiliyyətli qaz bazarının inkişafında oynayacağı həlledici rol baxımından strateji vacib layihədir.

- Deyirsiniz ki, Yunanıstan-Bolqarıstan interkonnektoru daha rəqabətədavamlı qiymətin formalaşmasına imkan verəcək. Rəqabətədavamlı qiymət dedikdə, nəyi nəzərdə tutursunuz?

- IGB-nin istismara verilməsindən sonra Bolqarıstanın qaz bazarı dəyişəcək. Layihə məhz bu üzdən Avropa Komissiyası tərəfindən də ciddi dəstək alır. Avropa Komissiyası rəqabət qabiliyyətli bazar şəraitinin formalaşmasına çalışır, ölkənin bir qaz tədarükçüsündən asılılığını aradan qaldırmaq istəyir. Yeri gəlmişkən, biz proses boyu istər Bolqarıstan, istərsə də Yunanıstan hökumətinin dəstəyini hiss etmişik və edirik. Hər iki tərəf vahid məqsəd uğrunda çalışır – qaz tədarükü mənbələrinin şaxələndirilməsi və qaz bazarında rəqabətin artırılması.

Mən qaz bazarının liberallaşdırılmasının, bazar mexanizmlərinin effektiv olmasının vacibliyinə inanıram. Bu prosesdə uğur qazanmaq üçün bütün iştirakçıların ona töhfə verməsi lazımdır. Bu mənada, qaz təchizatı sisteminin gələcək operatoru olan IGB şəbəkənin bütün iştirakçılarına şəffaf və bərabər şərtlərdə qaz tədarükünün həyata keçirilməsini təmin edəcək infrastrukturun yaradılmasına çalışır. Digər yandan əminəm ki, müxtəlif qaz nəqli marşrutlarına və qaz mənbələrinə çıxış treyderlərin istər Bolqarıstan, istərsə də bütün region istehlakçıları üçün daha rəqabətədavamlı qiymətlər təklif etməsinə imkan verəcək.



MƏSLƏHƏT GÖR:

262