27 Aprel 2024

Şənbə, 06:40

QEYRİ-NEFT SEKTORUNUN HESABINA

Azərbaycanın sabit iqtisadi artım templərinin dəstəklənməsi üçün xidmət və texnologiyalar sahələrinin inkişafına əsaslanılacaq

Müəllif:

15.01.2020

Azərbaycan uzun illərdir ki, sabit iqtisadi artımı qoruyur. Son bir neçə ildə artım əvvəlki illərdəki kimi böyük olmasa da, amma nəzərə almaq lazımdır ki, son illərdə ümumi daxili məhsulun artımı əsasən qeyri-neft sektoru hesabına təmin edilib. Bunu başa çatmış 2019-cu ilin yekununun ilkin nəticələri və 2020-ci ilin makroiqtisadi mənzərəsinin öncədən dərc olunmuş proqnozları da təsdiqləyir.

 

ÜDM-nin onda biri  

Qeyri-neft sektorunun inkişafına yönəlmiş islahatlar nəticəsində 2019-cu ildə bu sektorun Azərbaycanın ümumi daxili məhsulundakı (ÜDM) payı 3,1 faiz artıb və 59,7%-ə çatıb. Uyğun olaraq, neft sektorunun ÜDM-dəki payı 2018-ci ildəki 43.4% -dən 2019-cu ildə 40,3%-ə düşüb.

Azərbaycan hökumətinin proqnozlarına görə, bu il və sonrakı üç ildə iqtisadiyyatın aktiv şaxələndirilməsi siyasəti davam etdiriləcək və əsas rolu qeyri-neft sektorunun inkişafına veriləcək.

2019-cu ildə (11 ayında) Azərbaycanda qeyri-neft sektorunun artım templəri neft sektorunu 61% geridə qoyduğu halda, 2020-ci ildə bu fərq 90%-ə qədər artacaq. Bu il üçün Azərbaycanın ÜDM-də neft sektorunun payının 28,7 milyard manata, qeyri-neft sektorunun payının isə 54,6 milyard manata çatacağı proqnozlaşdırılır.

2021-ci ildə Azərbaycanın neft və qeyri-neft sektorlarının artım göstəriciləri arasındakı fərq ikincinin xeyrinə, demək olar ki, 91% artacaq. Bununla zaman, həm 2020-ci ildə, həm də 2021-ci ildə qeyri-neft sektorunun ümumi ÜDM-də payı 65,6% təşkil edəcək.

Bununla yanaşı, gələn il, son illərdə ilk dəfə olaraq, neft və qaz sektoru artım templərinə görə yenidən qeyri-neft sektorundan üstün olacaq. Bu ciddi artım (2020-ci ildə 0,9% olduğu halda, 2021-ci ildə 4,5%-ə bərabər göstərici) tanınmış irimiqyaslı layihələr çərçivəsində qaz hasilatının artması ilə bağlı olacaq. Ancaq ondan sonrakı illərdə neft və qaz sektorunun artım templəri yenidən azalacaq, qeyri-neft sektorunun artım templəri isə 3,3 - 3,8% ətrafında qorunacaq.

Hökumətin proqnozlarına görə, 2020-ci ildən başlayaraq ÜDM-in illik artımı ən azı 3% olacaq, halbuki 2019-cu ilin yanvar-noyabr aylarında ümumi daxili məhsul istehsalı 2%-i cüzi keçib. Bu son beş il üzrə ən yüksək göstəricidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, bu, qeyri-neft sektorunda 3,5 faizlik artım hesabına təmin edilib. Bununla yanaşı, qeyri-neft sənayesində 13,9%, bitkiçilikdə 11,3%, informasiya və rabitə xidmətləri sektorunda 15,9%, turizmdə 11,1% artım qeydə alınıb. Bununla yanaşı, tikinti, nəqliyyat və logistika sahələrində lazımi templər hələ də əldə olunmayıb.

Bununla belə, 2020-ci il üçün 3 faizlik göstərici təkcə dövlət büdcəsinə salınmaqla qalmayıb, həm də strateji yol xəritələrinə daxil edilib. Sonrakı illərdə artım əyrisi daha da yüksəlməlidir – həm (yuxarıda bəhs edilən kimi qaz hasilatı hesabına) 2021-ci ilin təsirli 3,7%-lik göstəricisinə kimi, həm də 2022-ci ilin 3,1%-lik və 2023-cü ilin 3,2%-lik sabit göstəricilərinə kimi yüksəlməlidir.  

Əlbəttə, bu, Azərbaycan iqtisadiyyatının real imkanlarının heç də son həddi deyil və ölkə rəhbərliyi dəfələrlə islahatların ləng templərindən narazılıq bildirib. Gerçəkdən, hökumətin buna əsasları var: son 15 ildə iqtisadiyyat 3,3 dəfə böyüyüb və əldə olan bazaya əsaslanan ekspertlərin fikrincə, daha yüksək artım templəri təmin etmək çətindir.

Lakin mütəxəssislər öz növbələrində sanırlar ki, adekvat artım templərinin təmin edilməsi istənilən labüddür, ən azından ona görə ki, ölkədə demoqrafik vəziyyət müsbədir və əhalinin sayı çox sürətlə artır. Çünki Azərbaycan bu gün əhalinin orta artım templərinə görə Avropanın ilk 5 ölkəsi sırasındadır və adambaşına düşən ÜDM artımının 1,2% təşkil etməsi qənaətbəxş hesab edilə bilməz. Bu, regionun hazırda üstün vəziyyətdə olduğumuz ölkələri ilə uyğunlaşmaya səbəb ola bilər, yəni onların göstəriciləri bizim göstəricilərə yaxınlaşa bilər ki, bu, əlbəttə, həddindən arzuolunmazdır.

 

Sənayeləşmə dövrü  

Yuxarıda göstərilənlərin hamısı ilə bağlı sual yaranır: ölkənin ÜDM-nin daha təsirli artım templərinə nail olmaq niyə bu qədər çətindir? Mütəxəssislərin fikrincə, əsas səbəblərdən biri sənaye potensialının ifrat dolmasıdır. Məsələ bundadır ki, Azərbaycanın okeana çıxışı olmaması səbəbindən sənaye istehsalının daha yüksək artımına ehtiyac yoxdur - yəni istehsal olunan məhsullar üçün sərfəli bazar tapmaq o qədər də asan deyil. Ancaq bu, ümumiyyətlə, Azərbaycanın sənayeni və kənd təsərrüfatını inkişaf etdirməkdən imtina etməsi demək deyil – bu, davam etdiriləcək. Bununla belə, ekspertlər sanırlar ki, bu gün xidmət sektoruna daha çox diqqət ayırmaq lazımdır - gələcək üçün ən perspektivli görünən məhz bu sahədir və sonrakı illərin makroiqtisadi proqnozlarında əksini tapır. Belə ki, əgər 2020-2023-cü illərdə sənaye istehsalı 14,1% artacaqsa, informasiya və rabitə sektoru 30,1%, turizm sektoru 24,9% artacaq.

Dünyada həm də maraqlı qloballaşma meyilləri müşahidə olunur: əgər əvvəllər iri şirkətlər dəyər zəncirini mallar əsasında qururdularsa, indi bu, xidmət sektoru və rəqəmsallaşdırma əsasına keçir. “Buna görə də qlobal trendə qoşulmaq üçün biz də elektron xidmətlərin sayını artırmalıyıq. Bu, o deməkdir ki, Azərbaycanın iqtisadi inkişaf yolları ilə bağlı baxışları dəyişməlidir", - deyə V.Qasımlı vurğulayır.

Onun sözlərinə görə, 2019-cu ildə Azərbaycanda gerçəkləşdirilən bu genişmiqyaslı islahatların məqsədi, ölkəni növbəti inkişaf mərhələsinə hazırlamaq idi ki, bu da məhz ən yeni dünya meyillərini özündə cəmləşdirəcək.

Bununla yanaşı, beynəlxalq qurumların (Avropa Yenidənqurma və İnkişaf Bankının, Dünya Bankının və s.) fikrincə, Azərbaycanda daha yüksək iqtisadi artım templərinin əldə olunması üçün islahatlar davam etdirilməlidir. İslahatlar qeyri-neft özəl sektorun ölkə ÜDM-nin formalaşmasında daha önəmli rol oynamasına yönəlməlidir.

Eyni zamanda, AYİB proqnozlaşdırır ki, Azərbaycan iqtisadiyyatının artımı 2019-cu ildə 2,8%, 2020-ci ildə isə 2,4% olacağıq. Bu, onunla izah edilir ki, yaxın dövr üçün xammal qiymətlərinin dəyişkənliyi artım perspektivləri üçün əsas risk olaraq qalır. Halbuki həm də iqtisadiyyatın xarici şoklara qarşı müqaviməti önəmli likvidlik buferləri ilə dəstəklənir, çünki Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları və Dövlət Neft Fondunun aktivləri, təxminən, 2019-cu ilin nominal ÜDM-nə bərabərdir.

Bənzər bir nəticə, öz növbəsində DB tərəfindən də çıxarılıb, qurum 2019-cu ildə Azərbaycan iqtisadiyyatının 2,5%, 2020-ci ildə 2,3%, 2021 və 2022-ci illərdə isə 2,1% artacağını proqnozlaşdırır. Bankın «Dünya iqtisadiyyatının perspektivləri: Yavaş artım, siyasi çağırışlar» icmalına görə, Azərbaycan iqtisadiyyatının uzunmüddətli artımı maliyyə sektorundakı çatışmazlıqların aradan qaldırılmasından da asılıdır. Bundan başqa, insan kapitalına sərmayə qoyuluşu, təhsilin keyfiyyətinin yüksəldilməsi iqtisadi artım templərinə müsbət təsir göstərəcək. Bununla yanaşı, DB göstərir ki, Azərbaycan bölgənin digər neft hasilat edən ölkələri (Rusiya, Qazaxıstan) kimi xammal bazarlarında güclü qiymət dəyişkənliyinə və volatilliyə qarşı həssas olaraq qalır.

Azərbaycandakı makroiqtisadi vəziyyətdən danışarkən onu da vurğulamaq lazımdır ki, böyük infrastruktur layihələri gerçəkləşdirməklə hökumət tədiyyə balansında profisiti saxlamaqla yanaşı (2019-cu ilin 9 ayı ərzində cari əməliyyatlar hesabında profisit ÜDM-in 11,6% -ni təşkil edib), ölkənin valyuta ehtiyatlarını da artırıb. Bu gün ehtiyatların toplam miqdarı 50 milyard dolları ötüb və ÜDM-in 70%-inə çatıb. Beləliklə, gələcəkdə Azərbaycan önəmli iqtisadi məsələlərin həlli və bütövlükdə dövlət təhlükəsizliyinin təmini üçün yetərincə tutarlı maliyyə ehtiyatına sahib olacaq.

 

İnflyasiyaya təhlükə yoxdur

Tədiyyə balansının müsbət saldosu Azərbaycanda inflyasiyanı aşağı səviyyədə saxlamağa da imkan verir. Ticarət balansında 6 milyard manatlıq profisit yaranıb ki, bu da 2019-cu ilin sonuna kimi monetar qızılın idxalı sayəsində daha da artacaq. 11 ayda dövlət büdcəsinin profisiti, təxminən, 1 milyard manat təşkil edib.

Bəllidir ki, iki balansın (tədiyyə və büdcə balansların) inflyasiyaya təzyiqi yoxdursa, qiymətlərdə heç bir ciddi titrəmə olmayacaq. Həmçinin, daxili valyuta bazarında tələb və təklif arasındakı tarazlıq müşahidə olunur, hətta valyuta artıqlığı yaranıb ki, bu da Mərkəzi Bankın notları üzrə hərraclarda və depozit hərraclarında müşahidə olunur. Bu da ortamüddətli perspektivdə inflyasiyaya təzyiq olmayacağını göstərir.

Təsadüfi deyil ki, keçən ilin sonunda Azərbaycan Mərkəzi Bankı bəyan etdi ki, 2020-ci ildə inflyasiya dinamikasında ciddi dəyişikliklər gözləmir. Mərkəzi Bankın sədri Elman Rüstəmovun sözlərinə görə, AMB inflyasiyanı 2020-ci ildə 4% səviyyəsində saxlamağa çalışır. Qeyd edək ki, Azərbaycan hökuməti 2020-ci il üçün orta illik inflyasiyanı 4,6% səviyyəsində ehtimal edir.

“Hökumətin inflyasiya proqnozu və Mərkəzi Bankın hədəf inflyasiya göstəricisi 4±2% səviyyəsində dəyişməz olaraq qalır. Bu, real gəlirin artmasına səbəb olacaq", - deyə AMB sədri vurğulayıb.

Əlbəttə, Azərbaycanda istehlak qiymətlərinin artması bir sıra – həm qlobal, həm də daxili risklərlə bağlıdır. Qlobal risklər sırasında AMB, ilk növbədə, qlobal iqtisadi artımın gözləniləndən aşağı olmasını, proteksionizmin davam etməsini və geosiyasi qeyri-sabitlik şəraitində neft qiymətlərində mümkün titrəmələri qeyd edir.  

"Daxili risklər sırasına fiskal fəallıq və fiskal kəsir nəticəsində pul kütləsinin genişlənməsi, istehlak kreditlərinin inflyasiya genişlənməsi, habelə asimmetrik gözləntilər daxildir",- deyə AMB-dən qeyd edilir.  

Yada salaq ki, Azərbaycan Mərkəzi Bankı keçən ildən başlayaraq öz monetar pul siyasətini manatın sabitliyinə deyil, inflyasiyaya yönəldir. Bu göstərici nə qədər sabit olsa, hökumətin digər makroiqtisadi proqnozların yerinə yetirilməsində qərarlılığı da bir o qədər asan olar.



MƏSLƏHƏT GÖR:

268