27 Aprel 2024

Şənbə, 07:03

İLİN İSLAHATLARI

Öncəki illərin önəmli iqtisadi təşəbbüslərinin və dəyişikliklərinin gerçəkləşdirilməsi 2020-ci ildə davam edəcək

Müəllif:

15.01.2020

"İslahat" sözünü haqlı olaraq 2019-cu il üçün Azərbaycanda ən populyar söz hesab etmək olar - yetərincə qısa müddət ərzində ölkə həm köklü struktur və kadr dəyişikliklərinin, həm də qanunvericilik, iqtisadi və sosial həyat sahələrində yeniliklərin şahidi oldu.

Özü də, islahatlar 2018-ci ilin aprel ayının prezident seçkilərindən sonra xüsusi vüsət aldı və islahatların aktiv fazası 2019-cu ilə təsadüf etdi, oktyabr ayında prezident İlham Əliyevin yanında hökumətin iqtisadi blokunun toplantısından sonra ən yüksək zirvəsinə çatdı. Məhz bu görüşdən sonra sosial-iqtisadi həyatda bir sıra inqilabi dəyişikliklər başladı və belə görünür ki, bütün bunlar qarşıdakı 2020-ci ildə də davam etdiriləcək.

 

Heç şübhə olmadan  

Bəlkə də, ötən ilin ən yüksək səviyyəli islahatları struktur dəyişiklikləri və hökumətin iqtisadi blokundakı yeni təyinatlar oldu. Belə ki, oktyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyinin strukturunun təkmilləşdirilməsi ilə bağlı fərman imzaladı, Vergilər Nazirliyini, Əmlak Məsələləri Dövlət Komitəsini və Antiinhisar Siyasəti və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyini nazirliyə tabe etdi. KİV-lərin dərhal super nazirlik adlandırdığı yeni hökumət orqanına Mikayıl Cabbarov rəhbər təyin edildi (buna qədər vergilər naziri işləmişdi), sabiq iqtisadiyyat naziri Şahin Mustafayev isə Baş nazirin müavini oldu. 2019-cu ilin sonuna yaxın Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyinin əsasnaməsini təsdiqlədi (ona geniş funksiyalar verdi).

Bildirmək gərəkdir ki, belə birləşmə bir qədər gözlənilməz oldu, lakin sonradan məlum oldu ki, bunun əsas məqsədlərindən biri ölkədə biznesin inkişaf templərinin real sürətlənməsi olub. Əlbəttə ki, eyni qurumun çərçivəsində bir tərəfdən fiskal qurumlar qarşısında iş adamlarının maraqlarının qorunması və sərmayə cəlbediciliyinin artırılması funksiyası ilə yanaşı, digər tərəfdən vergi toplanılmasının cəmləşdirilməsi yetərincə əlverişlidir.

Yeri gəlmişkən, M.Cabbarovun yeni vəzifəsində etdiyi ilk addım sahibkarlara dostluq təklif etməsi oldu Ancaq... "Dostluq qarşılıqlı olmalıdır. Bizim işimiz, iş adamlarının problemləri yarandıqda onları dinləmək və bu problemləri həll etməkdir. Biznes isə öz növbəsində şəffaf fəaliyyəti təmin etməlidir, fəaliyyətinin genişləndirilməli və vergiləri ödəməlidir. Başqa heç nə", - deyə o vurğulayıb.

Məsələ bundadır ki, Prezident İlham Əliyev yanında hökumətin iqtisadi blokunun 2019-cu ilin 9 ayının sosial-iqtisadi inkişafına həsr olunmuş sözügedən iclasında dövlət başçısı kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıb. Hökumət adamlarının sonrakı hərəkətləri və bəyanatlarına əsasən demək olar ki, bu istiqamət davamlı iqtisadi artım təmin etmək üçün bütün gələcək islahatların başlanğıc nöqtəsi olacaq.

 

Doğma ocağa qayıdış  

Lakin Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğvi və onun funksiyalarının Mərkəzi Banka qaytarılması gözlənilən idi. Mütəxəssislər dəfələrlə Palatanın gözləntiləri doğrultmadığını, bank və sığorta bazarlarında problemlərin azalmadığını, əksinə artdığını söyləmişdilər.

Halbuki 2019-cu ildə bank sektorunun inkişafı üçün çox vacib bir addım atılmışdı: fevralın 28-də Prezident İlham Əliyev fiziki şəxslərin problemli kreditlər məsələsinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalamışdı. Fərmanda nəzərdə tutulub ki, fiziki şəxslərin xarici valyutada 10 min dollara qədər olan kreditləri üzrə əsas borcda devalvasiya nəticəsində (2015-ci ildə) yaranmış fərqin dövlət büdcəsi hesabına geri qaytarılacaq. Fərmanın icrası nəticəsində vətəndaşlara 633,2 milyon manat kompensasiya ödənilib. Fərman banklara problemli kredit portfelini xeyli asanlaşdırmaqla yardımçı oldu.

Bundan əlavə, 2019-cu il ərzində Mərkəzi Bank uçot dərəcəsinin parametrlərini səkkiz dəfə nəzərdən keçirdi və hər dəfə onu 25 baza bəndi azaldaraq, 7,5%-ə endirdi.

Ancaq Azərbaycanda kommersiya bankları tərəfindən real iqtisadiyyata verilən kreditlərin həcmi hələ də qənaətbəxş deyil. Dövlət başçısı bu münasibətlə narazılığını bildirib. “Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik”, - deyə Prezident İ.Əliyev vurğulayıb.

Əlbəttə, belə bir problemin olması bank sektorunda islahatların aparılmasının, daha dəqiq desək, bankların biznes modellərinin dəyişdirilməsinin vaxtının gəldiyini göstərir ki, real sektora kredit verməyə maraq göstərsinlər.

Bundan əlavə, bu günlərdə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirib ki, palatanın Mərkəzi Bankla birləşdirilməsi prosesi demək olar ki, başa çatıb və 2020-ci ildə onun rəhbərlik etdiyi qurumun əsas vəzifələrindən biri maliyyə sektorunun inkişafı olacaq. “Maliyyə sabitliyi təmin ediləcək, bank sektorunun yenidən qurulması üçün tədbirlər görməyə davam edəcəyik. Bundan əlavə, sığorta sektorunun genişləndirilməsi və kapital bazarının rolunun artırılması üçün layihələr həyata keçiriləcək. Bu istiqamətlərdə bizim iddialı planlarımız var", - deyə E.Rüstəmov vurğulayıb.

 

Fiskal inqilab  

2019-cu ildə yeni büdcə qaydası uğurla sınaqdan keçirildi, bu qaydalara görə Azərbaycan xərcləri neftin qiymətindəki dəyişikliklərə bağlamaqdan imtina etdi. Yəni indi hökumət dövlət büdcəsi xərclərini gələcək neft gəlirlərindən asılı olaraq deyil, bu və ya digər bir xərcin maksimum məqsədəuyğunluğuna əsaslanaraq planlaşdırmağa başlayıb.

Bundan başqa, bütün keçən il ərzində sahibkarlar son 10 ildə yeni, miqyasına görə indiyə kimi görünməmiş olan vergi islahatlarına alışmışlar. Xatırladaq ki, 2019-cu ildən bəri aylıq əməkhaqqı 8000 manata qədər olan fiziki şəxslər gəlir vergisindən tamamilə azad edilib və bu məbləği aşan gəlirdən 14% vergi tutulur. Dəyişikliklər (neft və qaz sektorunda iştirak etməyən) fiziki şəxslərin icbari sosial sığorta ödənişlərinə də toxunub. İqtisadi cəlbediciliyi təmin etmək üçün bu güzəştlər 7 il müddətinə tətbiq edilib.

«Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük ehtiyatlarımız var», - deyə Prezident İlham Əliyev çıxışlarının birində bildirib, qeyd edib ki, əsas məsələ ölkənin iqtisadi inkişafını təmin edən islahatları dərinləşdirməkdir.

Vergi Məcəlləsinə edilən dəyişikliklər təbii ki, bununla bitmədi və 2020-ci ildən yeni düzəlişlər qüvvəyə mindi. Eyni zamanda, vergi qanunvericiliyinə edilmiş dəyişikliklər məhz yeni islahatların və layihələrin maliyyələşdirilməsi üçün əlavə gəlir əldə edilməsi ilə bağlıdır.

Məsələn, 1 yanvar 2020-ci il tarixindən etibarən ölkədə istehsal olunan alkoqol və tütün məmulatlarına, energetik içkilərə aksiz vergilərinin dərəcələri artırılır. Bu məbləğdən əldə olunan vəsaitin bir hissəsi icrası bu ilin IV rübündə tam olaraq həyata keçiriləcək icbari tibbi sığortanın maliyyələşdirilməsinə yönəldiləcək. Vergilər Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyinin) vergi siyasəti departamentinin baş direktoru Samira Musayevanın sözlərinə görə, bu təcrübə bütün dünyada qəbul edilir.

Bütünlükdə, məcəlləyə 162 dəyişiklik edilib, onlardan 73-ü yeni qərarlar və anlayışlar tətbiq edən düzəlişdir, 89-u korrektə dəyişiklikləridir. İlk öncə, bunlar bərabərhüquqlu və şəffaf fiskal siyasətin aparılması ilə sağlam rəqabət mühiti yaradılmasına yönəldilib. Bundan əlavə, düzəlişlər riskli vergi ödəyiciləri üzərində nəzarəti, vergidən yayınma ilə mübarizəni gücləndirəcək, habelə sahibkarların inzibati və vergi yükünü azaldacaq, vergi bazası genişləndiriləcək.

 

Kənd təsərrüfatı rekordları

Ötən il Azərbaycanın qeyri-neft sektorunun ən vacib sahələrindən birinin - kənd təsərrüfatının inkişafı üçün mühüm islahatlar aparıldı.

Noyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev “Aqrar sığorta haqqında” qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması haqqında” fərman imzalayıb. Beləliklə, çoxdan gözlənilən aqrar sığorta sisteminin gerçəkləşdirilməsinə başlanıldı, bunun sayəsində kənd təsərrüfatına, gözlənildiyi kimi, bank kreditlərinin və özəl sərmayələrin həcmi önəmli dərəcədə artacaq.

Xəbər verildiyi kimi, Azərbaycanda Dövlət Aqrar Sığorta Fondu 2020-ci ilin ikinci yarısında fəaliyyətə başlayacaq. Ötən ilin sonunda Azərbaycan Nazirlər Kabineti aqrar sığorta ilə əhatə olunacaq risklərin siyahısını təsdiqləyib.

Lakin bu sistemin işə başlamasından öncə, 2019-cu ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının həcmi rekord göstəricilərə çatıb - 11 ayın nəticələrinə görə 7,4 milyard manata çatıb ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7,1% çoxdur.

Yeri gəlmişkən, ötən ilin yayında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsinin yeni qaydaları da müəyyən edilib. Qaydalara əsasən, fermerlər üç növ subsidiya - əkinə, kənd təsərrüfatı məhsullarının istehsalına və toxum almaq üçün subsidiyalara müraciət edə bilərlər.

“2020-ci ilin yanvar ayından etibarən subsidiyalar artıq yeni sistem üzrə veriləcək. Bu, ilk növbədə, məhsuldarlığı, məşğulluğu artırmağa, ərzaq təhlükəsizliyini yaxşılaşdırmağa, eləcə də kənd təsərrüfatı sahəsində ixrac potensialımızı artırmağa imkan verəcək”,- deyə Kənd Təsərrüfatı naziri İnam Kərimov vurğulayıb.

 

Borcludan donora

Ötən ilin noyabr ayında Azərbaycan iqtisadiyyatı üçün sözün gerçək mənasında önəmli bir hadisə baş verdi - Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə saziş bağlayaraq, donor cəmiyyətinin tamhüquqlu və fəal üzvü oldu.

Beləliklə, ölkə resipiyentdən, yəni yardım alan şəxsdən donora çevrilmək siyasətini davam etdirmək niyyətini təsdiqlədi.

Londonda keçirilən ilk «Şərq tərəfdaşlığı» sammitində Azərbaycan ölkənin AYİB-in donor cəmiyyətinə daxil olması ilə bağlı sazişi imzaladı. Bu sənədə əsasən, ölkəmiz Avropa bankının layihələri üçün 2 milyon dollar həcmində qrant verəcək. Hökumət həm də 2020-ci ildən Asiya İnkişaf Fondunun donor ölkələri siyahısına qoşulmaq planlarını açıqlayıb. Bu donor fondu Asiya İnkişaf Bankına (AİB) məxsusdur və üzv ölkələrdə müxtəlif layihələri maliyyələşdirir.

Azərbaycanın bir donor ölkə kimi iştirakı başqa bir beynəlxalq təşkilatda - Dünya Bankında (DB) və daha dəqiq, DB qrupuna daxil olan Beynəlxalq İnkişaf Assosiasiyasında (BİA) nəzərdə tutulur.

Maliyyə naziri Samir Şərifovun öncədən bildirdiyi kimi, üç beynəlxalq təşkilatda donor qismində iştirak etmək üçün dövlət büdcəsindən 7 milyon dollar vəsait ayrılıb: “AYİB-də iştirak üçün 2 milyon dollar, AİB-də iştirak üçün 2 milyon dollar, BİA-da iştirak üçün isə 3 milyon dollar ayrılacaq”, - deyə nazir bildirib.

Prezident İlham Əliyevin bu münasibətlə qeyd etdiyi kimi, “bu gün Azərbaycan həm də beynəlxalq maliyyə qurumlarının donor ölkəsinə çevrilib. Çox sabit maliyyə vəziyyətimiz maliyyə mənbələrimizi, o cümlədən ölkə xaricində də yerləşdirməyə imkan verir və buna görə də, bizim təsir imkanlarımız artır".

 

Beynəlxalq tanınma  

2019-cu ildə Azərbaycanın islahat marafonu beynəlxalq maliyyə qurumları və reytinq agentlikləri tərəfindən dəstəklənib. Belə ki, Azərbaycan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan «Doing Business 2020» reytinqində ən yaxşı 20 islahatçı ölkənin sırasına daxil olub. «Doing Business»in saytında dərc olunmuş hesabata görə, Azərbaycan 2018-ci ilin mayından 2019-cu ilin mayına qədər dörd uğurlu islahat həyata keçirib və bununla da, qarşısına qoyduğu məqsədlərin, demək olar ki, dördünü də yerinə yetirib. Bu islahatlar daşınmaz əmlakla bağlı hüquqların qeydiyyatı, kreditlərin alınması, minoritar səhmdarların qorunması və müqavilələrin icrasının təmin edilməsi ilə bağlı olub.

Bir sıra indikatorlar üzrə Azərbaycan qlobal reytinqdə yerini yaxşılaşdırıb: “kreditlərin alınması” indikatoru üzrə Azərbaycan reytinqdə 1-ci yeri tutur (keçən il - 22-ci olub), “müqavilələrin icrası” üzrə – 28-ci (40), “tikinti üçün icazə alınması”- 59-cu (61), “beynəlxalq ticarət” üzrə - 83-cü (84) olub.

Həmçinin Azərbaycan 2019-cu ildə Dünya İqtisadi Forumunun (World Economic Forum - WEF) hər il tərtib etdiyi Qlobal Rəqabətlilik İndeksi reytinqində 141 ölkə arasında 58-ci yeri tutub. Bu, ölkənin bu nüfuzlu hesabatda irəliləyişinin, demək olar ki, 11 bənd olduğunu göstərir. Azərbaycanın bu qədər böyük sıçrayışında "biznesin dinamikliyi" (23-cü yer), "əmək bazarı" (21), "məhsullar bazarı" (23), "infrastruktur" (38) və "bacarıqlar" (48), "ictimai institutlar" (49), "bazarın ölçüsü" (67), "İKT potensialı" (69), "innovasiya potensialı" (68) kimi indekslər xüsusi rol oynayıb.

Ancaq dəfələrlə deyildiyi kimi, bu cür nəticələrə nail olmaq ildən ilə daha çətin olacaq: islahatlar, demək olar ki, bütün səviyyələrdə aparılıb və növbəti vəzifə onların icrasını təmin etməkdir.

Buna görə də, bu il, yəni 2020-ci il üçün əsas hədəflər kimi son illər, demək olar ki, islahatların özündə topladığı bütün yeniliklərin, əlverişliklərin, güzəştlərin və innovasiyaların geniş tətbiq olunması görünür.



MƏSLƏHƏT GÖR:

283