26 Aprel 2024

Cümə, 10:54

NEXT-NƏSİLİNİN RƏSSAMI

Zinaida ÇERNAKOVA: «Sadəcə, YAŞAMAQ və həyatdan zövq almaq lazımdır… Bu günlə yaşayın: sizi sevənlərin xatirinə»

Müəllif:

01.02.2020

"İlin rəssamı" rus əsilli Azərbaycan rəssamı Zinaida Çernakova oldu. Onun "Həmrəylik günü" adlı əsəri "2020-ci ilə uğurlarımızla" müsabiqə-sərgisində nümayiş etdirilib. Sərgidə 150 gənc rəssam iştirak edib, onlar münsiflər heyətinin və tamaşaçıların mühakiməsinə 2019-cu il ərzində üzərində işlədikləri 200 sənət əsərini təqdim ediblər. Sərginin Şuşa Dövlət Musiqili Teatrının binasında keçirilməsi və Dünya Azərbaycanlılarının həmrəyliyi gününə həsr olunması da rəmzi idi. Sərgidə bu cür tədbirlərin çox önəmli və gərəkli olduğu vurğulanıb. Onlar yalnız mənəvi cəhətdən sağlam, vətənpərvər, savadlı gənclərin özünü göstərə biləcəyi milli mədəniyyət fəzası yaratmağa kömək etməklə qalmır, həm də “next-nəsil”ə millətin mənəvi və intellektual inkişafındakı öz rolunun önəmini anlamağa yardımçı olur.

Zinaida Çernakova - Azərbaycan Rəssamlar İttifaqının üzvü, bir neçə kollektiv sərginin diplomantı, Rəssamlıq Akademiyasının doktorantıdır. Orada da işləyir – o, «Bədii keramika, şüşə və metal» kafedrasında müəllimdir. Bütün yerli bakılılar kimi söhbət zamanı asanlıqla rus dilindən Azərbaycan dilinə keçir, hər iki dildə səlis danışır. Milli ədəbiyyatı orijinaldan oxumağa üstünlük verir, düşünür ki, həm şeirdə, həm də nəsrdə müəllifin fikrini Azərbaycan dilində daha dəqiq və daha dərindən ifadə edən məqamlar var.

 

Hər şey uşaqlıqdan başladı

Qafqaz küçəsindəki Dimitrov qəsəbəsində (indiki UPD NZS Jdanov qəsəbəsində) yaşayan həmyaşıdları arasında balaca Zina Çernakova dözümlülüyü və hər şeydə “məğzinə” qədər getmək istəyi ilə fərqlənirdi. Onun üçün "bacarmıram", "bunu necə edəcəyimi bilmirəm" kimi anlayışlar olmayıb. Əgər bacarmırsan, deməli, öyrənmək lazımdır, əgər necə edəcəyinizi bilmirsənsə – arzularını gerçəkləşdirməyə və və məqsədlərinə çatmağa səbəb olacaq yolu tapmalısan.  

Xarakteri belə formalaşdı, şəxsiyyətinin formalaşması baş verdi. Əvvəlcə, məktəb dəftərlərinə müəllimlərinin şarjlarını çəkirdi, bu gün buna təəssüflənir, çünki uşaq ağlı ilə anlamırdı ki, onları incidə bilər; sonra – geyimləri modelləşdirməyə başladı. Özü üçün heç kiminkinə bənzəməyən və pret-a-porte tərzini seçən həmyaşıdları arasından orijinal bir cizgi ilə fərqlənən geyimlər düşünməyi sevirdi.

Beləcə, Zina böyüdükcə addım-addım həyatını çətinləşdirirdi, qarşısına yeni hədəflər qoyurdu. Nəticənin əldə edilməsi məsələsi nə qədər çətin olurdusa, həyatı daha maraqlı və mənalı olurdu. Rus və Azərbaycan dillərini asanlıqla mənimsədikdən sonra alman və ingilis dillərini öyrənməyə başladı. Paralel olaraq, kurslara yazılaraq kosmetologiya və kompüter işlərini öyrəndi. Burada da uşaqlıqdan yiyələndiyi prinsip yenidən işə yaradı: bilməmək və bacarmamaqdansa, bilməyi və bacarmağı öyrənmək daha yaxşıdır. Qızın heç zaman repetitorları olmayıb: o sanıb ki, şüurlu insan daha savadlı, intellektual baxımdan daha zəngin olmaq üçün özünü zaman və məkan ölçülərində kökləməyi bacara bilər. Bu, məhz o haldır ki, "Bilik gücdür" deyimi boş bir söz yox, şüurlu bir mövqedir. Əsas odur ki, yükü düzgün paylamalısan və vaxtı səmərəli keçirməlisən. Buna görə də o, asanlıqla Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olundu, bakalavriatı və magistraturanı əla qiymətlərlə bitirdi.  

İndi doktoranturada oxuyur. Sənətşünaslıq sahəsində bir sıra elmi məqalələrin müəllifidir. Onun peşəkar maraq və tədqiqat dairəsi - tətbiqi incəsənətdir. Artıq bildiyimiz kimi, bizim qəhrəmanımız özü üçün çətinliklər yaratmağı, sonra məmnuniyyətlə onları aradan qaldırmağı sevir.  

Öz peşə fəaliyyətində bir məqam qərara gəldi ki, nəzəriyyə (sənətşünaslıq) təcrübəsiz ölüdür və rəssamlıq sənətinə yiyələndi. İndi onun əsərləri Bakıda keçirilən kollektiv sərgilərin iştirakçısıdır. Bu, özünə insan üçün mümkün olmayan heç nəyin olmadığını sübut edən bir insanın başqa bir uğurudur!

 

«İlin rəssamı»

- Sərgiyə hazırlaşarkən, uğur qazanacağınıza ümidiniz vardımı?

- Çətin ki, cavabım orijinal olsun. Ancaq doğru olacaq. Mən, ümumiyyətlə, nəticə barədə düşünmürdüm. İdeya və onun gerçəkləşdirilməsi prosesi ilə məşğul idim. Sadəcə, işləyib, prosesin özündən zövq alırdım. Əsas iştirakdır, qələbə deyil.

- Sizin əsəriniz "Həmrəylik günü" adlanır və onda insan əlinin iki açıq ovcu təsvir edilir. Bunun hansısa gizli bir mənası varmı?

- Bəli. Hətta deyərdim ki, sakral mənası var. Ovuclar Uca Yaradana dua edəndə açılır. Bu, İnsanla Tanrı arasında əbədi bir dialoqdur. Həm vətəndə, həm də xaricdə yaşayan bütün azərbaycanlılar bu dialoq içindədirlər. İəstənilən dinin əsas məqsədi irqindən və dinindən asılı olmayaraq xalqları birləşdirmək və barışdırmaqdır.

- Ovucların qovuşmasında buta alınır. Bu, Yaranışın rəmzidir. Siz demək istəyirsiniz ki, yalnız Tanrıya üz tutmaq insana ahəngdar bir həyat bəxş edə bilər?

- Əgər siz bunu belə “oxumusunuzsa”, deməli, belədir. İşə baxan hər bir kəsin özü kimi yozum haqqı var. Çünki mən Tanrı ilə dialoqda olmağı bacaran bir insanın mənəviyyatca yenidən doğuluşundan danışıram.

- Öz uğurunuzla fəxr edirsiniz?

- Sevinirəm ki, mənim işim görüldü və belə bir fəxri nominasiya ilə mükafatlandırıldı.

- Qalib gəlmiş iş qrafikada yerinə yetirilib. Bəs, niyə bakalavr təhsili alan zaman niyə "metal rəssam" ixtisası üzrə dekorativ-tətbiqi incəsənəti seçmişdiniz? Məgər, qadın rəssam üçün bu, çətin deyil?

- Elə buna görə də seçdim. Asan olmayan hər şeylə maraqlanıram. Axınla getmək istəmirəm. Əslində o qədər də çətin deyil. Həm də bizim işlədiyimiz metallar da fərqli olur. Məsələn, mis, bürünc, qızıl və ya gümüş. Bu metalların hər birinin özünəməxsus xüsusiyyətləri var: mis – plastiklikliyi və əlvanlığı, bürünc – bərkliyi və parıltısı ilə seçilir, digər iki metalın reklama ehtiyacı yoxdur.

- Niyə birdən metaldan ayrılıb rəsmə başladınız?

- Yox, bu, belə deyil. Ayrılmadım. Sadəcə, yanaşı olaraq rəsmi daha dərin və dəqiq öyrənməyə başladım. Rəsm təsviri incəsənətin əsasını təşkil edir. Elə an gəldi ki, bunu mənimsəməli olduğumu anladım. Çünki praktiki bacarıq və anlayış olmadan rəsm haqqında danışmaq, nəzəriyyəni tədris etmək düzgün deyil. Rəsm müəllimim Mirzəağa Qafarova mənə rəsm sənətini öyrətdiyinə görə minnətdaram. Ümumiyyətlə, müəllimlər sarıdan həmişə bəxtim gətirib. Müəllimim Tahir Məmmədov mənə boyaları anlamağı, rəngin, işığın və kölgələrin nə olduğunu, spektrin nə olduğunu öyrətdi. Metal müəllim Şahin Əlipənahov mənə metala sevgi aşıladı. Özüm üçün müəllim və ustad olaraq, pedaqoji işin sirlərini mənə açan hörmətli rektorumuz Ömər Eldarovu sayıram. Bütün müəllimlərim öz bacarıqlarını, praktiki təcrübələrini və biliklərini mənim təhsilimə sərf ediblər. Yəni bu gün əldə etdiyim bütün uğurlar onların pedaqoji səylərinin nəticəsidir. Hamısına təşəkkür edirəm.

- Sizin qrafiki əsərlərinizdə, məsələn, «Mahatma Qandi»də, mənə elə görünür ki, ezoterik rəmzlərin təsviri var. Bu, ezoterik ədəbiyyatla maraqlanmağınızın nəticəsidir?

- Tək onunla bağlı deyil. Bu, əsərin mahiyyətini rəmzlər vasitəsilə çatdırmaq cəhdidir. Həm də, həyatın mənasını başa düşmək üçün bir növ cəhddir.

- Başa düşə bildinizmi?

- Nələrisə başa düşdüm, amma nələrisə də axtarmağa davam edirəm. İndi düşünürəm ki, həyatımızda hər şey göründüyündən daha sadədir. Gerçəklik belədir: sadəcə, YAŞAMAQ və həyatdan zövq almaq lazımdır ... Bu günlə yaşayın: sizi sevənlərin xatirinə.

- Bəs, Qafqaz küçəsindən olan qız bu gün hansı prinsipləri əsas tutur?

- Çox sadə prinsiplərə: yaxşı bir şey edə bilmirsənsə, heç olmazsa, pislik etmə.

- Siz hər şeydə, hətta ağacdan düşən bir yarpaqda da xüsusi məna axtarırsınız?

- Təxminən belədir, "Payız valsı" əsərimdə olduğu kimi: hər şeyin öz başlanğıcı, inkişafı var, amma hər şey sona doğru gedir. Bu nöqtələr arasında isə - həyata gəlişinin səbəbi barədə yenidən düşünməlisən.

- «İlin rəssamı» nominasiyasının qalibi statusu peşəkar baxımdan stimul verirmi?

- Bəli. Tamaşaçı ilə açıq bir dialoq içində olmaq perspektivlərindən yaradıcılıq ehtirası və estetik zövq yaranır. Rəssamın isə həmişə belə bir söhbət üçün mövzusu var... Yəni şairlərdə və yazıçılarda olduğu kimi.

- Ədəbiyyata marağınız varmı?

- Nizami, Mirzə Ələkbər Sabir, Saib Təbrizi, Məmməd Səid Ordubadi, Səməd Vurğun...

- Rus dilinə tərcümədə?

- Yox, orijinalın dilində həzz almağa üstünlük verirəm.

- Rəssamlarımız arasında yaradıcılığı sizi ovsunlayanlar varmı?

- Mirzə Qədim İrəvani, Əzim Əzimzadə, Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə...

- İndi nə üzərində işləyirsiniz?

- “Milli kinoda Azərbaycan mətbəxi” mövzusu üzərində.

- Bəs, rəssam kimi nəyi çəkməyi arzulayırsınız?

- Anamın portreti. Mən onu çox sevirəm və onsuz çox darıxıram, baxmayaraq ki, onunla mən eyni şəhərdə yaşayırıq və hər gün bir-birimizi görürük. O mənim idealımdır! Bu, yəqin ki, uşaqlıqdan gələn bir şeydir.

- Bəs şəxsən özünüz üçün həyatda nə istəyirsiniz?

- O qədər də çox şey istəmirəm: insanlara həmişə lazım olmaq və peşədə ehtiyac duyulmaq.

- Elə isə... Müsabiqədə qalib gəlməyiniz və «İlin rəssamı» statusu ilə bağlı təbriklərimizi qəbul edin. Qoy, həyatınızın yelkənləri həmişə Bakı küləkləri ilə dolsun.

- Sağ olun.



MƏSLƏHƏT GÖR:

266