26 Aprel 2024

Cümə, 06:21

CƏNUBİ QAFQAZ-2020

Ermənistanın xülyası, Gürcüstanın qeyri-müəyyənliyi və Azərbaycanın praqmatizmi haqda

Müəllif:

01.02.2020

2020-ci il hər 4 ildən bir yaşanan uzun ilə xas şəkildə başlayıb – ilin ilk günlərində baş verən hadisələr tək region dövlətlərinin ictimaiyyətini deyil, bütünlükdə beynəlxalq birliyi silkələyib. Buraya həm ABŞ-ın Bağdad aeroportuna endirdiyi raket zərbələri və nəticədə, İranın «Əl-Qüds» xüsusi təyinatlı bölüyünün rəhbəri, general Qasım Süleymaninin qətli aiddir, həm bunun ardınca İranın Amerikanın İraqdakı hərbi bazasına cavab zərbəsi endirməsi, həm Rusiya hökumətinin gözlənilmədən istefaya getməsi və ölkədə Konstitusiya islahatlarının elan olunması, həm də Livanda vəziyyətin qarışması. Bütün bu baş verənlər, əlbəttə ki, Cənubi Qafqaz regionuna da bu və ya digər formada təsirsiz ötüşmür.

 

Mənasız erməni blefi

Əslində, regionun özündə də hadisələr kifayət qədər maraqlı xarakter almağa başlayıb. Xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin 2020-ci ildə adambaşına düşən ÜDM-in həcminə görə Azərbaycanı geridə qoyacağı və Cənubi Qafqazda bu göstəriciyə görə birinci yerdə olacağı haqda açıqlaması xeyli maraqlıdır. Daha maraqlısı odur ki, Paşinyan bu fikri səsləndirən zaman BVF-nin hansısa rəqəmlərinə istinad edib. Üstəlik o, ölkəsinin bu göstəriciyə görə Gürcüstanı artıq 2019-cu ildə geridə qoyduğunu söyləyib. Baş nazirin dedikləri nəinki Gürcüstanda, Ermənistanın özündə də anlaşılmazlıqla qarşılanıb və qəzəb yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev isə ölkənin 2019-cu ildə sosial-iqtisadi inkişafının yekunlarına dair keçirdiyi müşavirədə növbəti erməni yalanını ifşa etmək məcburiyyətində qalıb. O, toplantıda erməni tərəfinin iddialarının əsassızlığını konkret sübutlarla ortaya qoyub.

Maraqlıdır ki, bunadək Paşinyanın sözlərini Gürcüstanın iqtisadiyyat naziri Natiya Turnava da təkzib etmişdi. O, Ermənistanın baş nazirini elementar məsələləri bilməməkdə günahlandıraraq demişdi ki, Paşinyan adambaşına düşən ÜDM-in necə hesablandığından belə, xəbərsizdir. «Gərək, Paşinyan əvvəlcə elementar olaraq, məsələ ilə maraqlanaydı», - deyə gürcü nazir bildirib.

Görünən odur ki, İrəvan bu ümidsiz blefə Paşinyanın 1 il əvvəl vəd etdiyi «iqtisadi inqilab»ın uğursuzluğunu az da olsa, ört-basdır etmək üçün gedib. Amma bu zaman baş nazir bir önəmli məqamı nəzərdən qaçırıb: həyat səviyyəsi gündən-günə ağırlaşan erməni ictimaiyyəti belə blefləri qəbul etməyə nə dərəcədə hazırdır? Ölkənin sabiq baş naziri Qrant Baqramyan açıq şəkildə bildirib ki, ÜDM haqda rəsmi məlumatları BVF deyil, Dünya Bankı açıqlayır. O isə 2019-cu ilə aid məlumatları hələ 2020-ci ilin aprel-may aylarında elan edəcək.

Qeyd edək ki, Q.Baqratyan Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın tərəfdarıdır. Söylədiyi cəfəngiyyatın ifşasının əvəzində deyəsən, Paşinyan həmin komandanın üzvlərindən çıxmaq qərarına gəlib. İlk qurban onun öz mətbuat katibi Vladimir Karapetyan olub. Karapetyanın Ermənistanın ilk prezidentinin «layihəsi» olduğu hər kəsə məlumdur. Lakin ekspertlər Ermənistan hökumətində istefaların davam edəcəyini düşünür və güman edirlər ki, ilk hədəf məhz Ter-Petrosyanın adamları olacaq. Üstəlik, Nikol Paşinyan ölkəsinin eks-liderini 75 illiyi münasibətilə təbrik etməyə belə, lüzum görməyib. Halbuki dünənədək o, sabiq prezidentə iltifat göstərir, özünü onun komandasının üzvü sayırdı.

Ermənistan parlamentində də vəziyyət sabit deyil. Qanunverici orqanda hakim «Mənim addımım» fraksiyasının yarısı son dərəcə fəallıq nümayiş etdirirsə, digər yarısı inersiya ilə hərəkət edir. Bütün bunların fonunda Nikol Paşinyan xalqın ona olan inamının sürətlə azaldığının da fərqindədir. Çünki onun dünənək dilə gətirdiyi vədlərdən heç biri reallıqda təsdiqini tapmır.

Bu arada, populist siyasətçi olan Paşinyan hakimiyyətinin əvvəlki hökumətlə müqayisə olunmasından çox ehtiyatlanır. Bu üzdən, o, bu il məhkəmə sistemində islahatların aparılması istiqamətində qəti addımlar atmağa çalışır. Baş nazirin məqsədi məhkəmələri tam özündən asılı vəziyyətə gətirməkdir. Bununla yanaşı, o, iqtisadiyyatda az da olsa, irəliləyişə nail olmağa çalışır. Bundan başqa, bu il hökumətdə kadr dəyişikliklərinin davam etdiriləcəyi, idarəçilik aparatında islahatların aparılacağı da gözlənilir. Bir yandan, bu, hazırkı baş nazirə imkan yaradacaq ki, problemlərin səbəbi kimi məmurların başısoyuqluğunu göstərsin, digər tərəfdən ictimaiyyətin diqqəti idarəçilikdə, həqiqətən, kifayət qədər olan problemlərdən yayınacaq.

Artıq erməni ekspertlərin özləri belə, etiraf edir ki, 2020-ci ilin dövlət büdcəsinin xərclər hissəsi 2019-cu ildəkilə müqayisədə 250 milyard dram artıb. Bu rəqəm əsasən, 2019-cu ildə reallaşdırılmamış əsaslı xərclərə yönəldiləcək vəsait hesabına yaranıb. Planlaşdırılmış proqramların icra olunmamış qalması əsasən dövlət idarəçiliyi sistemindəki ləngliklə, bu isə öz növbəsində, «məxməri inqilab»dan sonra dövlət strukturlarında ixtisaslı kadrların xeyli azalması ilə bağlıdır.

 

Çox ağır yük

Paşinyanın «Qarabağ klanı» tərəfindən təşkil oluna biləcək «əks-inqilab»la bağlı qorxusu da aradan qalxmayıb. Yeri gəlmişkən, görünən odur ki, sözügedən klan yenidən qruplaşmağa başlayıb. İndi Paşinyanın keçmiş silahdaşlarının da onların tərəfinə keçmə ehtimalı var. Məsələn, Milli Təhlükəsizlik Şurasının sabiq rəhbəri Artur Vanetsyanla bağlı belə fikirlər dolaşır. N.Paşinyanın xanımı Anna Akopyanın rəhbərlik etdiyi «Haykakan jamanax» qəzetinin yazdığına görə, Vanetsyan Paşinyan ailəsinə qarşı əsl kampaniyaya başlayıb. Qəzet yazır ki, bu işdə ona ölkənin üçüncü prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyanla parlament aparatının sabiq rəhbəri Ara Saqatelyan kömək edirlər. Guya onlar «feyk ordusu»nun köməyilə baş naziri gözdən salmağa çalışırlar və burada uzunmüddətli plan hakimiyyət dəyişikliyinə nail olunmasıdır.

Belə bir daxili siyasi dedi-qodu fonunda baş nazir əvvəlkitək, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən maksimum uzaq durmağa çalışır. Çünki bu, Ermənistan üçün əlavə, daşınması çox çətin olan ağır yükdür. Məsələ ondadır ki, bu prosesin gedişində ermənilər üçün qeyri-populyar sayılan qərarların qəbulu qaçılmazdır. Söhbət ən azı Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan rayonların Azərbaycana qaytarılmasından, azərbaycanlı qaçqınların həmin ərazilərə dönməsindən gedir. Bütün bunlar, əlbəttə ki, Qarabağ separatçılarına Paşinyanı «satqınlıqda» günahlandırmaq şansı verəcək. Nəzərə alsaq ki, bu ilin sentyabrında «DQR»də «prezident seçkisi»nin keçirilməsi də nəzərdə tutulub, indiki şəraitdə bu ssenari Paşinyana qətiyyən sərf etmir. Odur ki, özünü Roma Papasından daha böyük katolik kimi göstərməyə çalışan baş nazir nəinki cəbhə xəttində, hətta Ermənistan-Azərbaycan sərhədində belə, vəziyyəti gərginləşdirməyə çalışır. Yanvarın 7-də iki ölkənin Qazax rayonu ərazisindəki sərhədində azərbaycanlı sərhədçi Fərzəli Fərzəliyevin öldürülməsi bunun daha bir təsdiqidir. Təəssüflə qeyd etməliyik ki, İrəvanın məsələyə bu cür yanaşması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından yaxşı heç nə vəd etmir.

 

Gürcüstanda payız «qızmar» keçəcək

Qonşu Gürcüstanda siyasi nöqteyi-nəzərindən bu il ötən illə müqayisədə daha «qızmar» keçməlidir. Bu ilin oktyabrında gürcülər ölkənin yeni parlamentini seçəcək. Bu, qarşıdakı 4 il üçün Tbilisinin siyasi kursunu da müəyyənləşdirəcək. Maraqlıdır ki, son illər Gürcüstanda daxili sabitliyə daha çox müxalifət deyil, hökumətin həddindən artıq tez-tez dəyişməsi daha böyük təsir göstərir. Son 3 ildə ölkə 3 baş nazir dəyişib. Üstəlik, gələn xəbərlər bunun son olmayacağını göstərir.

Gürcüstanın hazırkı baş naziri Georgi Qaxariya kürsüsünə öyrəşməmiş (o, bu postu 2019-cu ilin sentyabrından tutur), onun tezliklə istefaya gedəcəyinə dair xəbərlər yayılmağa başlayıb. Məlumatlı mənbələr bu haqda qərarın Gürcüstanın ən zəngin insanı, hakim «Gürcü arzusu» partiyasının lideri Bidzina İvanişvili tərəfindən qəbul olunduğunu bildirir. Versiyalardan birinə görə, İvanişvili hökumətin başında parlamentin spikeri Arçil Talakvadzeni görmək istəyir. Deyilənlərə inansaq, səbəb İvanişvili ilə Qaxariya arasındakı şəxsi fikir ayrılıqlarıdır. Həqiqətən də, belədirsə, demək, milyarderin silahdaşları ilə dialoqu heç də yaxşı alınmır. Hər halda, əvvəlki baş nazirlərin də vəzifədən getmə səbəbləri arasında İvanişviliyə fikir ayrılıqları xüsusi qeyd olunur.

Ümumilikdə, Gürcüstan hazırda iki vacib problemin həllilə məşğuldur – parlament seçkisinin təşkili və iqtisadiyyatın dayanıqlılığının təmini. Xüsusilə seçki ilində son problemin həlli daha vacibdir. Hansısa səbəblərdən region üzrə iqtisadi ekspert kimi çıxış etmək qərarına gəlmiş Ermənistanın baş naziri N.Paşinyanın iddialarının əksinə olaraq, 2019-cu ildə Gürcüstan iqtisadiyyatında inamlı inkişaf qeydə alınıb. 2020-ci ilin dövlət büdcəsinə əsasən isə hökumət 5%-lik iqtisadi artım proqnozlaşdırır. Bununla yanaşı, ötən il ölkədə inflyasiya 10% olub. Lakin ölkədə bu il istər seçki ərəfəsi, istərsə də seçkidən sonra yaşana biləcək siyasi qeyri-müəyyənlik fonunda onun artma riski var.

Hazırkı hakim partiya Gürcüstana rəhbərlik etdiyi illərdə cəmiyyətin əsas problemi olan işsizlik və aşağı həyat səviyyəsinin öhdəsindən gələ bilməyib. Əlverişli biznes mühitinin yaradılması ilə xarici investisiyaların ölkəyə cəlbi də hələ ki, alınmır. Bu mənada Anakliya limanı ətrafında baş verənlər nümunə sayıla bilər. Layihədə Gürcüstan tərəfinin əsas oyunçusu olan «TVS bank»a təzyiqlər nəticəsində tikinti işlərinin aparılması üçün nəzərdə tutulmuş müddət qarışıb. Bu üzdən tikinti üçün yaradılmış konsorsium dağılıb – xarici şirkətlər bu işdən uzaq durmağa qərar verib, bankın rəhbərisə siyasi müxalifətə keçib. Hökumət konkorsiumu yenidən qurmağa həvəssiz də olsa, cəhdlər göstərib. Lakin bu, əməldən çox sözdə nümayiş olunub. Beləliklə, layihə faktiki olaraq yarımçıq qalıb və onun gələcəyi sual altındadır.

İndi, əksər müşahidəçi Gürcüstanın sosial-iqtisadi inkişaf perspektivini ölkənin siyasi gələcəyilə əlaqələndirir. Buna isə payızda keçiriləcək parlament seçkisindən sonra aydınlıq gələcək. Bununla yanaşı, skeptiklər hesab edir ki, Gürcüstanda yaxın illərdə hansısa ciddi dəyişiklik olmayacaq. Hakimiyyət, hələ ki, mövqeyini əldən verəcək qədər zəif deyil. Amma onun siyasi meydana tam nəzarət edəcək gücü də yoxdur. Bundan başqa, hələlik müxalifət də hakimiyyətə qayıtmağa hazır görünmür. Bütün bunlar isə qeyri-müəyyənlik, dayanıqsızlıq deməkdir. Demək, ölkədə son illər ərzində yaşamış böhranlı halların təkrarlanmayacağına zəmanət yoxdur.

 

Dayanıqlılıq kursu

İntensiv dəyişikliklər mərhələsində olan Azərbaycana gəlincə, qonşu ölkələrdəki vəziyyətin fonunda Bakının dayanıqlı və proqnozlaşdırıla bilən siyasi xətti və sosial-iqtisadi inkişaf dinamikası daha aydın görünür. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun saytında dərc olunmuş məqaləsində bildirir ki, Azərbaycan iqtisadiyyatı 2007-ci ildən dayanıqlı, yüksələn trayektoriya ilə gedir. Məqalədə ölkə Avropa ilə Asiya arasında strateji nəqliyyat habı adlandırılır, TANAP və TAP boru kəmərlərinin uğurlu inkişafından bəhs olunur, onların Azərbaycana Avropaya təbii qaz ixracını əhəmiyyətli dərəcədə artırmaq imkanı verəcəyi vurğulanır.

Diqqətçəkən məqamlardan biri Azərbaycan iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyanın Ermənistan və Gürcüstan iqtisadiyyatına qoyulmuş ümumi kapitaldan artıq olmasıdır. Bu, əlbəttə ki, Azərbaycan iqtisadiyyatının dayanıqlığını göstərən bariz nümunədir. Üstəlik, Azərbaycanın ilkin inkişaf mərhələsində xarici investisiyalar əsasən ölkə iqtisadiyyatının neft sektoruna yatırılırdısa, indi, söhbət investisiya strukturunun dəyişməsindən gedir. İndi, iqtisadiyyatın qeyri-neft setoruna investisiya qoyuluşu üstünlük təşkil edir, bu isə iqtisadiyyatın dayanıqlılığını daha da artırır.

Ölkədə gedən siyasi proseslərə gəlincə, Azərbaycan cəmiyyətindəki aşkar müasirləşməni, ictimai dinamikanın yüksəlməsini daxili siyasi sabitliyi poza biləcək hər hansı hal müşayiət etmir. Bu, beynəlxalq arenada ölkənin mövqeyinin güclənməsi üçün kifayətdir. Lakin bütünlükdə region miqyasında siyasi risklərin azalması üçün Cənubi Qafqazın hər 3 ölkəsinin rəhbərliyinin siyasi iradə göstərməsi tələb olunur. Söhbət hərtərəfli regional əməkdaşlığa imkan verəcək iradədən gedir. Azərbaycan və Gürcüstan rəhbərliyində bu anlayış varsa, Ermənistan rəhbərliyi, təəssüf ki, hələ də öz xülyalarının girovluğundadır və öz dumanlı təfəkküründə azıb qalıb. Bu isə təbii ki, regionda siyasi və iqtisadi vəziyyətin yaxşılaşmasına xidmət etmir.



MƏSLƏHƏT GÖR:

312