2 May 2024

Cümə axşamı, 01:35

DÖYÜŞÇÜNÜN MƏCƏLLƏSİ

MMA döyüşçüsü Tofiq Musayev: «Mən həmişə çalışmışam ki, güclü idmançılarla görüşüm»

Müəllif:

15.02.2020

Ötən ilin son günü 31 dekabrda Azərbaycanda bayrama bayram qatan şəxs məhz o oldu. Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev Yaponiyanın Saitama şəhərində “Rizin 20” turnirində qələbə qazandı. Yarımfinalda ABŞ idmançısı Coni Keysi nokautla üstələyən həmyerlimiz finalda da sevinən tərəf oldu. Azərbaycanlı döyüşçü Qran-Pri turnirinin finalında braziliyalı “Pitbull” ləqəbli Patriki Freyreni məğlub etməklə dünya promouterlərinin diqqətini cəlb etdi. Bu qələbə sayəsində Tofiq MMA üzrə “Rizin” turnirinin yüngül çəkidə dünya çempionu adını qazandı. Bu qələbə Tofiq Musayevin 18-ci, ardıcıl 14-cü qələbəsi kimi tarixə düşdü.

"Region Plus" son günlər Azərbaycan idmanında çox populyarlaşan Tofiq Musayevlə görüşərək gələcək karyerasıyla bağlı suallara cavab alıb.

 İdmanla uzun illər məşğul olmağına baxmayaraq, daha çox son qələbədən sonra tanındın. Özün barədə oxucularımıza məlumat verməyini istərdik.

– Uşaqlığım Qaradağ rayonunun Sahil qəsəbəsində keçib. Əslən Gürcüstan azərbaycanlısıyam. İlk vaxtlar – 12 yaşımdan karate ilə məşğul olmuşam. Daha sonra güləş, boks, cüdo, taekvandonu öyrənmişəm. 2011-ci ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşam və dörd il sonra oranı bitirib hərbi xidmətə yollanmışam.

Hərbi xidmətdən qayıtdıqdan sonra pankrationda respublika çempionu, beynəlxalq turnirlərin qalibi, Avrasiya çempionu olmuşam, Dünya Kubokunda ikinci yeri tutmuşam. Həmçinin kunq-fu sanda üzrə dünya çempionu olmuşam. Sadaladığım idman növləri ilə məşğul olduğumdan, MMA-ya marağım vardı. MMA qarışıq idman növlərinin toplusudur. Əfsuslar olsun ki, Azərbaycanda bu idman növünün bazası, dəqiq proqramı yoxdur. Məsələn, MMA ABŞ-da yaranıb. Orada MMA-ya yazılanda onlar bütün idman növləri ilə məşğul olurlar. Burada kikboks, boks, muay-tay, qrapplinqdən anlayışın olmalıdır.

– Ardıcıl 14 qələbənin sirri nədədir?

– İlk növbədə, bunun səbəbkarı Allah, ikinci yerdə isə məşqçim Ruslan Əfəndiyevdir. Çünki onun verdiyi düzgün rejim, düzgün məşq məni bu yerə gətirib çıxarıb. Ruslan müəllim zalda məşqçi, kənarda isə valideyndir. Gün ərzində ən çox bu insanı görürəm. Onu görəndə qürurlanıram.

– Çempionu olduğunuz "Rizin" turnirinə qoşulmağınız necə oldu?

– Mən bundan qabaq WFCA-da (World Fighting Championship Akhmat) döyüşürdüm. Orada rusiyalılar – Zurab Beterqarayev və Marif Pirayevi məğlub etdim. Mənə görə Pirayevlə döyüş 2018-ci ilin mayın 4-nə Bakı Olimpiya Stadionuna salınmışdı. Bundan sonra kəmər döyüşünə çıxmalı olsam da, mənə zədələnən İmanəli Həmzətxanovun yerinə döyüş təklif olundu. Halbuki döyüşə 12 gün qalmışdı.

Mən də vaxt istədim. Sonradan kəmər döyüşümü uzatdılar deyə Yaponiyada “Rizin”lə müqavilə bağladıq. 2018-ci ilin dekabrın 31-də “Tayson” ləqəbli yapon Nobumitsu Osavanı məğlub etdim. İlk dəfə yapon publikası ilə orada tanış oldum.

Yeri gəlmişkən, həmin gecənin əsas yarışı boksçu Floyd Meyvezerlə kikboksinqçi Tensin Nasukava arasında idi. Hər ikisi öz idmanında məğlubedilməz idi. Amma Meyvezer bu döyüşdə çox asan şəkildə qalib gəldi.

– Əslində, bu döyüş də “Rizin”in dünyanın ən güclü MMA turniri olmasından xəbər verir...

– Təbii ki. Elə mənim kəmər döyüşümdən iki gün əvvəl “Bellator”un rusiyalı qalibi Fyodor Yemelyanenko ilə “Rampeyc” ləqəbli amerikalı Kvinton Ceksonun döyüşü də bu “Rizin”in səviyyəsini göstərir.

Bildiyiniz kimi, “Rizin”lə “Bellator” təşkilatları arasında 2018-ci ildən müqavilə var. “Bellator”un idmançıları gəlib burda döyüşürlər. Mənim qarşılaşdığım “Pitbull” ləqəbli Patriki Freyre də “Bellator”dan gəlmişdi.

– “Rizin”in yüngül çəkidə qalibi oldunuz. Ola bilərmi ki, “Bellator”un bu dərəcədə ən güclüsü ilə qarşılaşasınız?

– Bəli, ola bilər. Artıq dünya reytinqində 13-cü yerdəyəm. Mənim növbəti rəqibim, böyük ehtimalla, ilk “onluq”dan olacaq.

– Final görüşü barədə də danışaq. “Pitbull”la sanki birinci raundda kəşfiyyat xarakterli döyüşürdünüz...

– Yox, bundan əvvəlki Coni Keyslə döyüş zamanı başına zərbə vurarkən sağ əlim sınmışdı. Qoluma keyidici iynə vurmuşdular. Mənə demişdilər ki, döyüşdən imtina etsən, kəmərə “Pitbull” sahib çıxacaq. Mən isə dedim ki, həkimlərin əli altında ölməkdənsə, rinqdə ölərəm. Birinci raundda zərbə vuranda gördüm ki, əlim ağrıyır, hələ iynə tam təsir etməmişdi. Amma əlim tam keyidikdən sonra ikinci raunddan sonra rahat zərbə vurmağa başladım.

– UFC ilə “Rizin”in başqa fərqləri hansıdır?

– UFC-də döyüş ayaqqabısı ilə oktaqona çıxmalısan. Həmçinin orada lasinlə döyüşməyə icazə var. Amma “Rizin”də ayaqqabısız olmalısan və yalnız şort geyinib döyüşməlisən.

– Bilirəm ki, oxucuları ən çox bu sual maraqlandırır. Siz Azərbaycanın UFC-də çıxış edən ilk idmançısı ola bilərsinizmi?

–Mənim “Rizin”də məğlub etdiyim Daron Kruikşank, Damyen Braun, Coni Keys əvvəl UFC-də çıxış edib. Bu üzdən, UFC-nin mənə marağı artıb. Onlar özləri bizimlə əlaqə saxlayıb. UFC-nin meneceri Şon Şelbi ilə ilkin danışıqlarımız olub. Amma burada maddi və mənəvi söhbətlər var. Mənim Yaponiyada özüməməxsus publikam formalaşıb.

Çoxları fikirləşir ki, yalnız UFC pik nöqtədir. Mən isə deyərdim ki, təşkilatı bir nömrə edən döyüşçülərdir. Əgər döyüş üslubun maraqlıdırsa, artıq hansı turnirdə yarışmağından asılı olmayaraq, sənə bütün dünya baxacaq. Şəxsi fikrim budur ki, “Rizin”də qalıb qazandığım kəməri müdafiə edim.

– UFC-də çıxış etməyə maraq göstərməməyinizdə Həbib Nurməhəmmədov amili də rol oynayırmı? Eyni çəki kateqoriyasında döyüşürsünüz və UFC-də qələbə qazandıqca, gec-tez onunla qarşılaşmalı olacaqsınız...

– Ən azı müsəlman olduğu üçün ona böyük hörmətim var. Şəxsiyyət kimi bir-birimizi yaxından tanımırıq. Təbii ki, UFC ilə müqavilə bağlasam, artıq o mənim üçün rəqibə çevriləcək. Ümumiyyətlə, həmişə güclü idmançılarla qarşılaşmaq istəmişəm. Çünki hər döyüşçüdən bir təcrübə toplayırsan.



MƏSLƏHƏT GÖR:

289