26 Aprel 2024

Cümə, 23:37

SIĞORTANIN «QAMÇI VƏ QOĞALI»

Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri: «İcbari sığorta növlərinin inkişafı üçün həm maarifçilik işləri, həm də cərimələr vacibdir»

Müəllif:

15.02.2020

Ötən ilin sonundan əmlaklarını sığortalamayanların cərimə olunacağı ilə bağlı yayılan məlumatlar əsassız da olsa ajiotaja səbəb oldu və sığorta bazarını xeyl canlandırdı. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun qeyd etdiyi kimi, 2020-ci il üçün əsas məqsəd bütün sahələrin göstəricilərinin artırılması və şirkətlərin həm biznesin, həm də əhalinin risklərini əhatə etməsini təmin etməkdir. Yəni hökumət şirkətlərin qarşısına problemləri dövlətin çiyninə keçirmək əvəzinə, özlərinin həll etməsi vəzifəsini qoyub.

Bu yanaşmada mövcud potensial nəzərə alınmaqla daşınmaz əmlak sığortasına heç də sonuncu yer verilmir, bu potensialın istifadəsi sığortaçıların gəlirliliyini ciddi şəkildə artıra bilər.

Yeri gəlmişkən, bu gün yalnız 12 sığorta şirkəti daşınmaz əmlakın icbari sığortası üzrə xidmətləri göstərmək üçün lisenziyaya malikdir, ancaq onlardan yalnız 4-5-i bu məhsul üzrə daxilolma portfelinə sahib olması ilə öyünə bilər.

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Azər ƏLİYEV «Region plus»a müsahibəsində əhalinin bu sığorta növünə lazımi maraq göstərməməsinin və onun zəif inkişafının əsas səbəbləri barədə danışıb.

- Əmlakın sığortalanmasından imtinaya görə cərimələr nəzərdə tutan "İcbari sığorta haqqında" qanun 2011-ci ildən qüvvədədir. Ancaq son vaxtlara qədər, demək olar ki, heç kim onu xatırlamırdı. Üstəlik, bu cərimələrin tutulması üçün xüsusi bir mexanizmin olmadığı ortaya çıxdı. Sizcə, qanunvericilik bazasının təkmilləşdirilməsinin vaxtı çatmayıbmı?

- Qanunvericilik, hansı sahə üzrə olmasından asılı olmayaraq, canlı bir orqanizmdir - daim dəyişməli, modernləşməli və cəmiyyətin yeni çağırışlarına uyğunlaşmalıdır. Axı, Azərbaycanda 10 il əvvəlki və bugünkü cəmiyyətlər fərqlidir, fərqli ehtiyaclara malikdir. 2011-ci ilin «İcbari sığorta haqqında» qanunu həmin dövrün tələblərinə cavab verirdi. Təəssüf ki, o vaxtdan bəri bu qanuna ciddi düzəlişlər edilməyib. Buna görə sualınızın cavabı belə olacaq: "Bəli, dəyişdirmək lazımdır və çox şeyi."

Bu gün ekspertlərin çoxu daşınmaz əmlakın icbari sığortası məhsulu ilə bağlı sığorta riskləri üzrə əhatə dairəsinin genişləndirilməsinin, ona üçüncü şəxslərin məsuliyyət sığortasının əlavə edilməsinin, polisin verilməsində elektron formata keçməyin zəruriliyini göstərirlər. Unutmaq olmaz ki, bu qanun, həm də «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» məhsulunu da əhatə edir. Bu istiqamətdə də çox sayda nöqsanlar da var, bu məhsulun itki dərəcəsi həddindən yüksəkdir, sığorta şirkətləri heç bir qazanc olmadan onları satmağa məcbur olurlar. Üstəlik, bu məhsul qüsurlarına görə bəzən sığorta şirkətlərinin mənfi imicinin yaranmasına səbəb olur, halbuki ilk başdan bütün icbari sığorta növləri əhali arasında sığorta mədəniyyətini təbliğ etmək məqsədi ilə yaradılıb.

Yaranmış vəziyyəti, eləcə də beynəlxalq təcrübəni nəzərə alaraq, biz anlayırıq ki, qanunvericilik bazasında yeniliklər qaçılmazdır. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) öz növbəsində bu mövzuda təkliflər paketi hazırlayıb müvafiq strukturlara təqdim edib. Bu tövsiyələr təkcə «İcbari sığorta haqqında» qanunla bağlı deyil, həm də sığorta məsələləri üzrə Mülki Məcəlləyə və Vergi Məcəlləsinə də təsir edir.

- Qanun birmənalı şəkildə köhnəlib və yenilənməlidir. Amma əmlak sığortası haqqında danışırıqsa, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası»ndan fərqli olaraq, o, ilk başdan Azərbaycanda oturuşa bilmədi. Sizcə, hər şey cərimə tutulması mexanizminin olmaması ilə bağlıdır?

- Mən düşünürəm ki, ölkəmizin əksər əhalisi müstəqil olaraq könüllü əsasda hər addımda baş verə biləcək riskləri - yanğınları, təbii fəlakətləri, üçüncü tərəflərin vurduğu ziyanları idarə etməyə hazır deyil... Təəssüf ki, biz hələ də gündəlik həyatımızda sığortanın nə qədər vacib olduğunu anlamırıq. Axı, bu, maliyyə itkilərini minimuma endirməyə kömək edir. Bəlkə də, könüllü əsasda sığorta üçün müəyyən təhsil səviyyəsinə və ya maliyyə mədəniyyətinə sahib olmaq lazımdır.

Təəssüf ki, bu gün bir sığorta polisinin satın alınması istehlakçı üçün "ilkin tələbat" siyahısına daxil edilmir və buna görə də müəyyən sığorta məhsullarının məcburi tətbiqi işə yarayır. Onları, həqiqətən, "məcburi" etmək üçün, istənilən halda, lazımdır.

- Yəni hesab edirsiniz ki, cərimə sanksiyalarını qorumaq lazımdır?

- Birmənalı şəkildə. Cərimələrin tutulması üçün daha doğru və daha obyektiv bir üsul işləmək və gerçəkləşdirmək lazımdır. Əgər qardaş Türkiyəni örnək götürsək, orada icbari daşınmaz əmlak sığorta polisi olmadan, yiyəsi öz mənzilinə qaz və elektrik gətirə bilməz. Bu gün ölkəmizdə icbari qaydada sığorta tərtib etmədən notariat qurumu vasitəsi ilə əmlaka mülkiyyət hüququ haqqında sənəd almaq mümkün deyil.

Əslində, həm sığorta bazarının iştirakçıları, həm də sığorta xidmətlərindən istifadə edən müştərilər üçün sığorta məhsulunu dərk edərək, cərimələrdən qorxmadan almaq daha yaxşı olardı. Bu məqsədlə və ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, əhali və iş adamları arasında sığortanın təşviqi üzrə xüsusi bir proqram hazırlanaraq həyata keçiriləcək.

Gündəlikdə insanların sığorta şirkətlərinə inamı məsələsi dayanır. Biz artıq bunun qeyri-qənaətbəxş bir səviyyədə olduğunu başa düşürük və bu səbəbdən, bu ildən başlayaraq diqqəti sığorta halı üzrə ödəniş almış sığortaolunanlar barədə gerçək hekayələrin KİV-lərdə yaymağa yönəldəcəyik.

Bizim əsas məqsədimiz insanlara çatdırmaqdır ki, icbari sığorta tələbi yalnız onların öz xeyrinə olan işdir. İldə cəmi 50 manat ödəyərək çox sayda risklərdən sığorta ödənişi alırlar. Xatırladım ki, bu gün Bakıda daşınmaz əmlak üzrə maksimal sığorta məbləği 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manat, digər yaşayış məntəqələrində 15 min manat təşkil edir.

- Sizcə, Azərbaycan əhalisinin bu sektora zəif marağında sığorta şirkətlərinin özlərinin nə qədər günahı var? Bu laqeydlik sığorta şirkətləri ilə “ünsiyyət”dən zərər çəkmişlərin mənfi təəssüratlarının nəticəsi deyilmi?

- Bu məsələdə mən sizinlə həmfikir deyiləm. Narazılar var, biz bunu bilirik və qəbul edirik. İnsanlar başqa insanların, dövlət qurumlarının, hökumətin və özəl sektorun hərəkətlərinə qarşı çox tələbkardırlar. Bunu başa düşmək olar. Lakin konkret hal üzrə araşdırılarkən məlum olur ki, problem sığorta şirkətlərinin ödənişdən imtina etməsində deyil, sadəcə, müştərinin gözləntiləri konkret zərərin və onun kompensasiyasının real qiymətləndirilməsi ilə üst-üstə düşmür.

Məsələn, tənqidçilər arasında çox populyar olan «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növünü götürək. Polis də açıq şəkildə bildirir ki, söhbət avtonəqliyyat vasitəsi sahibinin idarəetməsi zamanı üçüncü şəxsin əmlakına və ya sağlamlığına vurduğu ziyanın ödəməsindən gedir. Bu məhsulun tətbiqinin ilk illərində insanlar sığorta şirkətindən günahı üzündən qəza baş vermiş sığorta müştərisinin özünün maşınını təmir etdirmək tələbi ilə gəlirdilər. Əslində, yalnız üçüncü şəxs qarşısında məsuliyyətlərinə görə sığorta rüsumu ödədikləri barədə çoxsaylı izahlardan sonra indi bu cür iddialar demək olar ki, yoxdur. Ancaq yenə də bizdən, məsələn, maşında ilk başdan köhnə olmuş hissəni yenisi ilə əvəz etməyi tələb edirlər. Lakin sığortaçı vətəndaşı sığorta hadisəsi baş verməmişdən əvvəl olduğu maddi vəziyyətə qaytarmağa borcludur, onu yaxşılaşdırmağa yox. Bir daha təkrar edirəm: sığorta zənginləşmə üsulu deyil, dəyən zərərin bir hissəsinin ödənilməsi vasitəsidir.

Mən heç də sığortaçıları bu cür nümunələrlə tam təmizə çıxarmaq və işimizdəki çatışmazlıqları inkar etməyə çalışmıram - fəaliyyətləri idealdan uzaq olan şirkətlər və ya onların ayrı-ayrı işçiləri var. Ancaq yalnız onlara görə bu gün Azərbaycanda sığorta işləmədiyini və inkişaf etmədiyini söyləmək ədalətsizlik olar.

Vəziyyəti bütün açıqlamalardan daha açıq şəkildə göstərən statistika var. Xüsusilə də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə: 2018-19-cu illərdə bu növ üzrə 100 milyon manatdan çox rüsum toplanıb və zərərçəkənlərə sığorta halı üzrə 75 milyon manata yaxın kompensasiya ödənilib. Bu vəsait işin aparılması xərcləri, endirimlər və müştərilərə verilən (heç də həmişə özünü doğrultmayan) bonuslar nəzərə alınmadan ödənib. Yəni mən artıq dediyim kimi, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sığorta şirkətləri üçün 110-120% zərərli olmasına baxmayaraq, onlar müştərilər qarşısında öhdəliklərini yerinə yetirirlər.

- Daşınmaz əmlakın sığortası ilə bağlı problemlərdən danışarkən siz yetərincə böyük əhatə dairəsi sadaladınız. İnsanlar əmin ola bilərmi ki, sığorta şirkətlərinin, həqiqətən, onlara pul ödəyə biləcək, bu prosesdə bürokratiyaya və gecikmələrlə üzləşməyəcəklər ki?

- Qəti şəkildə, bəli. Əgər sığorta prosesi kütləvi yayılarsa, daşınmaz əmlakın sığortası üzrə yığımlar bütünlüklə zərəri tam ödəyə biləcək. Əlbəttə ki, burda söhbət qlobal kataklizmlərdən getmir – elə məsələlərdə, bütün dünyada olduğu kimi, dövlətin köməyi olmadan keçinmək mümkün deyil. Lakin hətta belə vəziyyətdə də sığorta şirkətləri zərərin müəyyən hissəsini öz üzərlərinə götürürlər.

Bürokratiyaya, süründürməçiliyə gəlincə, bu, başqa məsələdir - burada sığorta şirkətinin peşəkarlığından və iş keyfiyyətindən çox şey asılıdır. Bu gün bazarda rəqabət var, hər bir şirkət müxtəlif yollarla və "qarmaq"larla müştəri əldə etməyə çalışır və bu, normaldır.

Müştəri düzgün seçimi necə etməlidir? Burada, ən azından, bir az maliyyə savadına sahib olmaq yetərlidir: şirkətlərin göstəriciləri mütəmadi olaraq mətbuatda dərc olunur, onların hər biri haqqında internetdə kifayət qədər məlumat və rəy var. Oxuyun, müqayisə edin və nəticə çıxarın.

- Elə isə, mənzili yuxarıdakı qonşular su ilə islatsalar, hara zəng etmək lazımdır?

- Sığorta etdirmisinizsə, sığorta şirkətinə zəng edin. Günün istənilən vaxtında. Ekspertlər gələcək, zərəri qiymətləndirəcək və kompensasiya prosesi başlayacaq. Əgər bütün sənədlər qaydasında olarsa, maksimum bir həftəyə məbləğ sizin bank hesabınıza oturacaq.

- Necə düşünürsüz, sizcə, 2020-ci il Azərbaycanın sığorta sektoru üçün yaddaqalan olacaq?

- Yuxarıda qeyd edildiyi kimi, qanunvericilik dəyişiklikləri lazımdır və onlar mütləq olacaq. Azərbaycanda sığorta sektorunun potensialı böyükdür, bizim hesablamalarımıza görə, bu, 1 milyard manatdan az deyil. Axı, sığorta təkcə əhalinin sosial və maliyyə təhlükəsizliyini təmin etmək üçün çox vacib bir vasitə olaraq qalmır, eyni zamanda ölkə iqtisadiyyatı üçün ucuz pul mənbələrindən biridir. Toplanmış vəsaitləri müxtəlif investisiya fondları və banklar vasitəsilə yenidən sərmayə kimi yatırmaq olar və bununla da, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı təmin edilər.

Əminəm ki, 2020-ci ilin çağırışları, nəzarət funksiyalarının ölkənin Mərkəzi Bankına verilməsi sığorta sektorunun inkişafında yeni mərhələ başladacaq və bu, həm də icbari sığorta növlərinə təsir edəcək.


MƏSLƏHƏT GÖR:

310