8 May 2024

Çərşənbə, 04:06

TƏK İMZALI «SAZİŞ»

ABŞ-ın Fələstin-İsrail münaqişəsinin həllilə bağlı planı «ölü doğulub»

Müəllif:

15.02.2020

Fələstin-İsrail münaqişəsinin həlli üzrə tədbirlərin reallaşdırılmasını nəzərdə tutan və çoxdan gözlənilən «əsrin sazişi»nin məğzi yanvarın 28-də Ağ Evin Şərq zalında təşkil olunmuş mətbuat konfransında açıqlanıb. ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu və ərəb dövlətlərinin 12 dövlət rəsmisinin də iştirak etdiyi mətbuat konfransında Yaxın Şərq münaqişəsinin sülh yolu ilə həllini nəzərdə tutan və uzun illərdir gözlənilən planı bəyan edib. Lakin bu planın ayrı-ayrı maddələrinin reallaşdırılmasına, əslində, çoxdan başlanıldığı aydın olub…

 

Faktiki plan

Söhbət faktiki olaraq, ABŞ tərəfindən Qüdsün İsrailin vahid və bölünməz paytaxtı kimi tanınması kimi birtərəfli addımlarından, İsrailin İordan çayının qərb sahilində yaşayış məntəqələri tikmək haqqının tanınmasından və s. gedir. Bu planın əsas lobbiçisi isə Amerika prezidentinin böyük məsləhətçisi, eyni zamanda kürəkəni olan Cared Kuşner sayılır.

Bu, Vaşinqtonun Fələstin-İsrail münaqişəsinin həllilə bağlı təşəbbüsü kimi təqdim olunsa da, əslində, söhbət Amerika-İsrail planından gedir. Planda, ilk növbədə, Fələstinlə İsrail arasında əldə olunmuş razılaşmalara önəm verilmir. Məsələn, tərəflərin hələ 1993-cü ildə Osloda əldə etdiyi bir çox razılaşma bu sənəddə yer almır. Beləliklə, ABŞ Fələstin probleminə münasibətdə Ronald Reyqan administrasiyasının dövründəki vəziyyətə qayıdır. O zaman İsrail əsas benefisiar sayılırdı. Bu isə öz növbəsində, Fələstinlə, həmçinin sülh dialoqundakı tərəfdaşlarla yeni problemlərə yol açır.

Bununla yanaşı, İsrailin İordan çayının qərb sahilində yəhudilər üçün 2300-dən artıq evin tikintisilə bağlı hələ 2019-cu ilin payızında qəbul etdiyi qərar da vəziyyəti qəlizləşdirir. Çünki bu qərar Fələstin-İsrail münaqişəsinə dair əvvəllər qəbul olunmuş sənədlərə ziddir. İsrail göstərir ki, o, İordan çayının qərb sahilindəki əhalinin etnik tərkibini dəyişmək planından imtina etməyi düşünmür. Bu isə bu bölgənin yəhudi dövləti tərəfindən tam absorbasiyası üçün zəminin yaradılması deməkdir.

Hələ İsraildə keçiriləcək növbədənkənar parlament seçkisi ərəfəsində – 2019-cu ilin payızında məlum olmuşdu ki, baş nazir Binyamin Netanyahu İordan çayı vadisində İsrail dövlətinin suverenliyinin tətbiqi haqda qanun layihəsini (İordan çayı vadisinin qəsb olunması haqqında qanunu) «Likud» partiyasının nümayəndəsi Şarri Xaskel ilə də razılaşdırıb. Amerikanın Fələstin ərazilərində «Yeni Fələstin» adlı kvazidövlətin yaradılmasını nəzərdə tutan planının əsas hissəsindən biri də budur. Bütün bunların fonunda İsrail hökuməti atdığı addımlarla istər Fələstin muxtariyyətini, istərsə də bütünlükdə beynəlxalq ictimaiyyəti fakt qarşısında qoyur. Baş nazir Netanyahu isə eyni zamanda, həm də yeni Nazirlər Kabinetinin formalaşdırılması məsələsini çözməyə çalışır.

 

İsrailə hədiyyə

Birləşmiş Ştatlar planın reallaşması üçün əlindən gələni edir. Çünki o, Livan, Suriya və İraqda İranın neytrallaşdırılması işində Təl-Əvivə arxalanmağa imkan verəcək. Əslində, Vaşinqtonun anti-İran strategiyasını, demək olar ki, İsraildən başqa açıq dəstəkləyən dövlət qalmayıb. İranpərəst qüvvələrin Suriya ərazisindəki mövqelərini məhz İsrail bombalayır, Suriya və İraqda kürdlərə hərtərəfli dəstəyi məhz İsrail verir.

İraqda anti-İran əhvalının yüksəldiyi bir vaxtda Amerika ilə İsrailin birgə fəaliyyəti İranın regionda nüfuzunu artırmasına qarşı mübarizə baxımından vacib amildir. Bu, eyni zamanda İranda vəziyyətin daha da qəlizləşəcəyi halda bu ölkə ilə bağlı birgə addımların atılması nöqteyi-nəzərindən də vacibdir.

Beləliklə, Vaşinqton İsrail dövlətinə Fələstinlə bağlı planlarını həyata keçirməsi üçün dəhliz açmaqla, həm də regionda öz mövqeyini gücləndirməyə çalışır. Regional siyasətin iştirakçılarının addımları göstərir ki, onların sözügedən iki dövlətə sinə gərmək imkanı o qədər də geniş deyil.

Gözlənildiyi kimi, ABŞ-ın təklifi istər Fələstin, istərsə də ərəb dövlətləri, bir sıra islam ölkəsi tərəfindən sərt tənqidlə qarşılanıb. Ərəb liderləri, xüsusilə Fələstin muxtariyyətinin rəhbərliyi ABŞ-ın yeni siyasətini öz maraqlarına birbaşa təhdid kimi qiymətləndirib. Onlar Amerika administrasiyasının addımlarına Fələstin probleminin həllilə bağlı bütün beynəlxalq hüquqi bazanın təftişi sayır.

Açığı, belə düşünmək üçün əsas kifayət qədərdir. Məsələn, Trampın planına əsasən, İordan çayının qərb sahilinin, təxminən, 70%-i fələstinlilərə verilməlidir. Halbuki Amerikanın Bill Klinton və Barak Obamanın rəhbərlik etdiyi demokrat administrasiyaları belə, bundan daha çox ərazinin fələstinlilərə verilməli olduğunu deyirdi. Onların yanaşmasında Fələstin birbaşa İordaniya ilə sərhəd olmalı idi. «Əsrin sazişi»nə əsasən isə Fələstin ərazisi hər tərəfdən İsrailin əhatə etdiyi anklavdan başqa bir şey deyil. Çünki o, hər hansı başqa dövlətlə yalnız İordan çayı vadisində həmsərhəd ola bilər. Tramp isə hesab edir ki, bu vadi yəhudi dövlətinin təhlükəsizliyi baxımından «xüsusi əhəmiyyət» daşıdığı üçün İsrailə məxsus olmalıdır.

 

Qeyri-bərabər mübadilə

Bundan başqa, planda Fələstin paytaxtının Qüdsətrafı bir qəsəbənin olması təklif edilir. Söhbət şəhərin şərq hissəsinə bitişik qəsəbədən gedir. Plan müəllifləri onun əl-Qüds adlandırılmasını təklif edir. Müsəlmanlara məxsus bütün müqəddəs məkanların məhz Şərqi Qüds ərazisində olması onları qətiyyən düşündürmür. Bunun qarşılığında onlara müqəddəs məkanlara sərbəst giriş-çıxış vədi, təbii ki, qaneedici deyil.

Fələstinin Qəzza sektoruna aid digər hissəsi isə tam şəkildə fələstinlilərin nəzarətində qalmalıdır. Onun İordan çayının qərb sahililə tunel və ya İsrail ərazisindən keçəcək estakada ilə birləşməsi təklif olunur. Qəzzaya nəzarət isə Fələstinə dənizə çıxış imkanı verir. Lakin plana əsasən, orada liman, hətta aeroport tikintisinə yalnız sülh müqaviləsinin imzalanmasından 5 il sonra başlana bilər. O vaxtadək isə Fələstinə İsrailin Aşdod və Hayfa şəhərlərindəki limanlarından istifadə təklif olunur.

Fələstinlilərin İordan çayının qərb sahilindəki ərazi itkisinin İsrailin cənubunda yerləşən Negev səhrasındakı bir sıra zonalarla kompensasiya olunması təklif edilir. Həmin zonalarda yüksək texnologiyalı sənaye zonalarının, yeni yaşayış məntəqələrinin tikintisi, həmçinin kənd təsərrüfatının inkişaf etdirilməsi nəzərdə tutulur. Bu kompensasiya da yumşaq desək, qaneedici görünmür.

Qeyri-real görünən daha bir şərt var – yeni yaradılacaq Fələstin dövlətinin öz ordusu olmamalı, onun hərbi müdafiəsini İsrail öz üzərinə götürməlidir. Fələstinlilər bunu «qoyunun qurda tapşırılması» kimi qiymətləndirirlər. Tramp deyir ki, bu, əslində fələstinlilərin özü üçün yaxşıdır, çünki onlar orduya və silah-sursata vəsait xərcləməli olmayacaqlar. Lakin onun bu öyüd-nəsihəti sadəcə, gülməlidir.

İsrailin Fələstinə dənizlə silah tədarükünü əngəlləmək, özü üçün təhlükə sayacağı beynəlxalq razılaşmaya veto qoymaq hüquqlarını Fələstində kiminsə qəbul edəcəyini təsəvvür etmək çətindir.

 

«Bizə belə suverenlik lazım deyil»

Bütün bunların fonunda Fələstin administrasiyasının rəhbəri Mahmud Abbasın bəyanatı qətiyyən təəccüblü deyil. O, təklif edilən plana cavab olaraq, İsrail və ABŞ ilə bütün əlaqələri kəsdiklərini bildirib. Abbas bildirib ki, planda yeri almış «Qüds İsrailin paytaxtıdır» maddəsi kifayətdir ki, fələstinlilər Trampın təklifini heç zaman qəbul etməsin.

Planın iqtisadi tərəfinə gəlincə (5 il ərzində Fələstinə nə az, nə çox – düz 50 milyard dollarlıq yardım təklif olunur), bu, fələstinlilər tərəfindən «pulla ələ almaq cəhdi» kimi qiymətləndirilir. «Mən adımın tarixə Qüdsü satmış şəxs kimi yazılmasına imkan vermərəm. Odur ki, planı birmənalı şəkildə rədd edirəm», - deyə M.Abbas bildirib.

Əgər «mötədil», yaxud başqa sözlə, İsrailin «əlini sıxmağa hazır» şəxs sayılan Mahmud Abbas da belə sərt, barışmaz mövqe tutubsa, başqaları haqda danışmağa dəyməz. Məsələn, HƏMAS. Maraqlıdır ki, «əsrin sazişi»ndə HƏMAS-la bağlı ortaya kifayət qədər birmənalı mövqe qoyulub – o, tərk-silah olunmalı və faktiki olaraq, buraxılmalıdır. HƏMAS-ın könüllü şəkildə buna gedəcəyini də təsəvvür etmək yumşaq desək, çətindir.

Bütün bunların fonunda ortaya sual çıxır: plan müəllifləri doğrudanmı fələstinlilərin hansı reaksiyanı göstərəcəyini bilmirdi? Yoxsa onlar 50 milyard dollar qarşılığında fələstinlilərin tamhüquqlu dövlət yaratmaq arzusundan imtina edəcəyini düşünüblər?

Yəqin ki, onlar ərəb-İsrail münaqişəsi zonasında, həmçinin bütünlükdə Yaxın Şərqdəki vəziyyətin Fələstin Azadlıq Təşkilatı rəhbərliyini məsələyə «realist» baxmağa məcbur edəcəyini fikirləşiblər. Düşünüblər ki, mövcud durum onları dərhal olmasa da, tədricən əvvəlki mövqedən imtinaya sövq edəcək.

Görünür, plan müəllifləri Fələstindən kənarda yaşayan, daha radikal nüfuzlu siyasi lobbi olan milyonlarla fələstinlinin mövqeyini nəzərə almayıblar. Hər halda, bu işdə islam dünyasının aparıcı mərkəzlərinin Fələstin rəhbərliyinin qərarlarına təsir imkanları da nəzərə alınmayıb. Onlar isə aydın şəkildə deyirlər ki, yanaşmanın, beynəlxalq normativ-hüquqi bazanın dəyişməsinə imkan verməyəcəklər. Məsələn, İslam Əməkdaşlıq Təşkilatı Trampın planına qəti etirazını bildirib. Üstəlik, Fələstinin irəli sürdüyü qətnamə layihəsi təşkilatda yer alan dövlətlərin Xarici İşlər nazirlikləri tərəfindən yekdilliklə qəbul olunur. Qətnamə isə Amerika prezidentinin təkliflərini rədd edir. Yeri gəlmişkən, bu dövlətlər arasında yanvarın 28-də Vaşinqtonda planın elan olunduğu toplantıda iştirak etmiş ərəb ölkələri də var.

Kimsə deyə bilər ki, «Şərq həssas məsələdir!». Lakin lirikadan uzaq olsaq, hər şey çox sadədir. Münaqişənin əsas iştirakçıları ilə onun arxasında dayananların mövqeyi hər zaman olduğu kimi, tam ziddiyyət təşkil edir. Belə şəraitdə istənilən «əsrin sazişi» ya konkret daxili siyasi dividendlərin qazanılmasına hesablanmış birtərəfli fəaliyyət planı olacaq, ya da sülh prosesini irəli aparmaq gücündə olmayan növbəti arxiv materialı.



MƏSLƏHƏT GÖR:

299