27 Aprel 2024

Şənbə, 06:27

HƏM GEYİMƏ, HƏM DƏ İŞƏ GÖRƏ

Nurlan HÜSEYNOV: «Mənim sponsorum yoxdur, mənə heç kim kömək etmir» sözləri ilə kənara atılmış eskizlərlə insan heç nəyə nail ola bilməz»

Müəllif:

01.03.2020

Nurlan Hüseynov azərbaycanlı ayaqqabı dizayneridir. Azərbaycanda moda tədbirlərinin daimi iştirakçısıdır. Çılğınlıq, iş ehtirası, iddialı olmaq: bütün bunlar ona gətirdi ki, yaratdığı gənc brend artıq «Mercedes-Benz Fashion Week Azerbaijan 2018», «Azerbaijan Fashion Week 2019» moda nümayişlərinin iştirakçısı olub. Dizaynerin əsas kredosu - yol boyu qarşılaşacağı problemlərə baxmadan, işinin çiçəklənməsi naminə irəli getməkdir. Müxbirimizlə söhbəti zamanı Nurlan HÜSEYNOV uğurun sirləri, brend yaradarkən aradan qaldırılmalı olan qorxular, moda sənayesinin inkişafı və gələcəyi ilə bağlı proqnozlar barədə danışıb.

- Niyə məhz ayaqqabı yaradıcılığı?

- Bu düşüncə mənə vəyh kimi yuxuda verilməyib. Nə də uşaqlıqdan bəri bu dünyaya dizayner olmaq üçün gəldiyim barədə düşünməmişəm. Ayaqqabı yaratmaq qərarına gəlməyimin əsas səbəbi bunun yetərincə rasional bir ehtiyac olmasındadır. Tez-tez səyahətə çıxırdım və məsələn, Avropada yerli çalarlara diqqət yetirirdim. Orada istənilən bir ayaqqabı mağazasında emalatxana var və orada ayaqqabıların necə tikildiyini – əl işini özünüz görə bilərsiniz. Onların qiymətləri də heç də rəmzi deyil. Bütün bunları çox bəyəndim, üç il bundan qabaqkı söhbətdir, həm də düşündüm ki, Bakıda belə bir çalar varmı? Belə bir səfərdən qayıdaraq yerli bazarın təhlilinə başladı. Fərdi tikiş dizayner ayaqqabıları ilə məşğul olan bir sıra rəsmi sexləri və onlara rəhbərlik edən uşaqları axtarıb tapdım. Amma bunlar artıq emalatxana yox, brendlər idi. İndi bu gənc uşaqlar - İlyas və Sərdar Jozef mənim dostlarımdır. Onlar öz işlərinin peşəkarlarıdırlar və mən hər şeydə onlarla məsləhətləşməyə başladım. Nəticədə, yerli bazarda mənim də brendim yarandı. Sonra bir şourum açdım, burada 30 cüt kişi ayaqqabısından ibarət ilk kolleksiyamı təqdim etdim. Bu gün biz yalnız kişi ayaqqabıları deyil, qadın və hətta uşaq ayaqqabıları da yaradırıq.

- Əgər bu uşaqların öz brendləri varsa, siz onlarla bir-birinizə rəqib sayılmırsınızmı?

- Mən onları rəqib hesab etmirəm. Onlar yolumun başlanğıcında mənə çox kömək etmiş dostlarımdır. İndi isə aramızda deyil, məhsullarımızın arasında sağlam rəqabət var və bu müsbət hal kimi qəbul edilməlidir. Bu, yola davam etmək və modasevərləri təəccübləndirmək üçün daha bir stimuldur.

- Ayaqqabıların necə yaradıldığını çox az adam bilir. Bir az danışın?

- Hər şey müəyyən bir ölçü üçün eskiz hazırlamaqdan başlayır. Sonra eskiz əsasında dərinin yığılması gəlir. Sonra model yaradılır. Daha sonra detallar işlənilir, bundan sonra altlıq yapışdırılır. Rezin altlıqlı ayaqqabılar alıcı üçün əllə təbii dəridən hazırlanmış altlıqdan daha ucuz başa gəlir. Bir cüt ayaqqabının tikilməsi təxminən 10-14 gün çəkir, bundan sonra bizim şouruma gətirilir.

- Hansı dizaynerlərin ideyaları sizi ruhlandırır?

- Heç kim bunun yalnız öz ideyaları ilə fikirləri əsasında işlədiyini deyə bilməz. Şəksiz ki, bizə də tanınmış brendlərin son cərəyanlarına riayət etməliyik. Bu gün «Superglamourous», «Isabel Marant» kimi brendlər kovboy üslubunda olan yeni kolleksiyaları ilə heyran edirlər. İndi rahatlıq, daban, sivri burun və ayaqqabılarda qəhvəyi-süd rəngi çalarları çox populyardır. Ayrıca, ağ, tünd boz və tünd göy rənglər trend sayılır.

- Bəs, milli xətt? Sizdə o necədir?

- Bizim dizaynerlərimizin çoxu öz brendlərinə Azərbaycan naxışlarını daxil etməyə üstünlük verirlər. Bu da gözəldir. Bu, sizin işlərinizi individual edir və başqa ölkələrin dizaynerlərinin işlərindən fərqləndirir. Bizim üç ustamız ayaqqabı tikmək sənətini öz atalarından, babalarından və ulu babalarından öyrəniblər. Buna görə brendimizin ayaqqabılarında milli naxışlar və formalar da istifadə olunur.

- Siz, yəqin ki, tez-tez Bakı sakinlərinin geyindiklərinə diqqət yetirirsiniz. Geyindiyimiz ayaqqabıları bəyənirsinizmi?

- Qeyd etmək istərdim ki, zəif cinsin nümayəndələri kişilərimizdən daha yaxşı zövqə malikdirlər. Demək olar ki, kişilərin yalnız 30-40%-i xarici görünüşlərinə və geyimlərinə diqqət yetirirlər. Bu, onunla bağlıdır ki, biz kişilərdə bir xüsusiyyət var - bizim üçün ən vacib məsələ rahatlıqdır. Ancaq bu da yenə yola veriləndir. Ən xoşagəlməz hal odur ki, kişilər ayaqqabılarının təmizliyinə belə önəm vermirlər (gülür).

- Hesab edirsinizmi "geyimə görə qarşılayır, ağla görə yola salırlar "?..

- Əlbəttə. İndiki zamanda bəzən hətta geyimə görə də yola salırlar (gülür). Hər kəs gözəl geyinməyə çalışmalıdır. Fərqi yoxdur – bu, supermoda dizayner əşyası da ola bilər, kiçik qiymətə adi mağazada satın alınan geyim də ola bilər. Hərənin öz büdcəsi var, onun içində paltar üçün ayırdığı xərc hissəsi var. Əsas odur ki, paltarlar az olsa belə, onları düzgün uyğunlaşdırmaq lazımdır. İnsanlar bəzən «Isabel Marant»dan bahalı ayaqqabı alırlar, amma bunun üçün paltarı savadsız seçirlər. Məhz zövqsüz olduğuna görə, o ayaqqabılar o insanda itir.

- İndi Azərbaycanda moda sənayesinin inkişafı hansı səviyyədədir?

- Mən özüm gəncəm. 28 yaşım var. Buna görə 90-cı illərdə və ya daha əvvəl baş verənləri söyləmək mənim üçün çətindir. Ancaq son 10 il, əlbəttə ki, önəmli bir inkişaf var. Bu müddət ərzində Azərbaycanda bir çox yerli brend yaranıb və onları inkişaf etdirən dizaynerlər yetişib. Şourumlar, özəl işlər, adlar. Bütün bunlar var. 2019-cu ildə ildə ölkənin ilk genişmiqyaslı şousu «Azerbaijan Fashion Week»in onuncu ildönümü qeyd edildi, bu şou həm paytaxtın, həm də şəhər qonaqlarının moda həvəskarlarını bir araya gətirən tədbirdir. İstedadlı dizaynerlər inanılmaz əsərlər təqdim edirlər və özlərini ifadə etmək şansına sahibdirlər. Qeyd etmək istərdim ki, bu möhtəşəm tədbirdə məhsullarını təqdim edən ilk ayaqqabı brendi bizimkidir. Bu tədbirin rəhbərliyinə mənə göstərilən etimada və bir də belə tədbirləri təşkil etdiklərinə görə təşəkkür etmək istəyirəm.

- Ancaq qeyd etmək lazımdır ki, bəzən dizaynerlər peyda olurlar, sonra da yoxa çıxırlar. Uğurun sirri nədir?

- Bilirsiniz, məsələyə münasibətdən çox şey asılıdır. Çoxları uğursuzluqlarını kapital çatışmazlığı ilə bağlayırlar. Bəli, paltar tikişi ilə məşğul olanlar bu gün həddindən çoxdur. Onların bir çoxu son dərəcə istedadlıdır və həm də gözəl eskizləri yaradırlar, amma təəssüf ki, onlar heç nə etmirlər. Bu, yanlış münasibətdir və əlbəttə ki, bununla uzağa gedə bilməzlər.

Mənim alqoritmim sadədir. Birincisi, bir şey yaratmağa başlamazdan əvvəl bazarı araşdırmaq lazımdır. Əgər sən bazarda üçüncü və ya dördüncüsənsə, asanlıqla irəliləyəcəksən. Ancaq bu, o demək deyil ki, sən milyonlar qazanmağa başlayacaqsan. Hər şeydən öncə, sənin yanında yaxşı bir dərzi, ayaqqabı ustası, usta olmalıdır, çünki hər şey ondan asılı olacaq. Onu çox bahalı materiallarla, parçalarla və alətlərlə təmin etməyinizin elə də əhəmiyyəti yoxdur. Əsas odur ki, o, sənətinin ustası olsun, səni eşidə bilsin, gözləntilərini başa düşə bilsin və işini peşəkarlıqla yerinə yetirsin. Bax, onda, bu yüz faizlik işi təmiz bir vicdanla artıq müştəriyə göstərə bilərsiniz. Keyfiyyət, səliqə, peşəkarlıq həmişə uğur gətirir, bu da müştəri və pul, daha sonra isə məşhurluq gətirir.

Ancaq vurğulamaq istəyirəm ki, pul haqqında ən sonda düşünməlisiniz. İlk sizin üçün müştəri, hörmət və etibar olmalıdır. Əlbəttə, müştəri narazılığına görə ruhdan düşməməlisiniz. İnanın ki, «Dior»un da, «Gucci»nin də narazı müştəriləri olub. Buna görə, məşhur lətifədə deyildiyi kimi, öncə lotereya almalısan, sonra uduş gözləməlisən. Dolaba «mənim sponsorum yoxdur, mənə heç kim kömək etmir» sözləri ilə atılmış eskizlərlə insan heç nəyə nail ola bilməz.  

- Belə çıxır ki, brendin uğuru işçilərdən daha çox asılıdır?

- İnanın, nə qədər güclü və ideyalı dizayner olmağınızdan asılı olmayaraq, peşəkar ustalar olmasa, uğur da olmayacaq. Brendin tanıdılması bütöv bir komandanın işidir. Azərbaycanda məşhur moda brendləri var və əminəm ki, onların ilham verənlərindən heç biri hər şeyin bir nəfər tərəfindən edildiyini söyləməz.

- Bu dizaynerlər xaricdə də tanınırlar?

- Hə. Kolleksiyalarını «Paris Moda həftəsi»ndə təqdim edən də var - Cəlal Kəngərli. Sözünü Türkiyədə və ondan xaricdə, məsələn ABŞ-da söyləmiş məşhur dizaynerimiz Rüfət İsmayılovdur. Bu yaxınlarda Nyu Yorkdakı Moda həftəsində yeni kolleksiyasını təqdim etdi. Hələ bu, nədir, həmyerlimiz Rövşən Kərimov bu gün «Guccı» Moda Evində ayaqqabı mütəxəssisidir. Ailəsi ilə birlikdə Nyu Yorkda yaşayır. Səhv etmirəmsə, onun indi, təxminən, 50 yaşı olmalıdır. Onun ayaqqabı sexi vardı həyatındakı bir çox çətinliklərdən sonra «Green Card» qazandı və yaşamaq üçün ABŞ-a köçdü. Orada ayaqqabı fəaliyyəti ilə məşğul olmağa davam etdi. Və yuxarıda dediyim effekt baş verdi. Müştəri müştəri dalınca gəldi, onların biri «Guccı»nin əməkdaşı oldu və həmin əməkdaş onu brendin baş ofisinə aparmağı məsləhət gördü.

- Siz yalnız dizayner deyil, həm də hüquqşünassınız - bir-birinə zidd olan iki sahədir. Ruhən daha çox hansı peşəyə aidsiniz?

- Mən BDU-nun məzunuyam, hüquq fakültəsini bitirmişəm. Universiteti bitirdikdən sonra dövlət qulluğuna hüquqşünas kimi işə girmişəm və hələ də eyni qurumda işləyirəm. Yalnız vəzifəmi dəyişirəm. Doqquzdan altıya qədər bir işimə aidəm, altıdan sonra və istirahət günlərində - başqa işimə. Onları bir-birinə qarışdırmamağa çalışıram və birinin digərinə mane olmasına imkan vermirəm. Mənim dizayner işim, tam etibar etdiyim işçilərimin hesabına irəliləyir. Hər iki peşəmi sevirəm, onları ayıra da bilmirəm, onlardan hansısa biri olmadan özümü təsəvvür edə bilmirəm.  

- Fəaliyyət dövründə qazandığınız uğurlara necə yanaşırsınız?

- Biz cəmi il yarımdır ki, işləyirik, amma bu gün 10 nəfərdən 4-ü brendimizi tanıyır. Azərbaycanın çox sayda məşhur insanı bizim ayaqqabıları geyinir.

Yüksək uğurlarımız arasında mühüm dünya hadisəsi olan «Mercedes-Benz Fashion Week Azerbaijan 2018» Moda Həftəsində iştirakımızdır. 2018-ci ilə qədər başqa ölkələrlə yanaşı, Azərbaycanda da bu tədbir keçirilirdi. İki dəfə Azərbaycanda Moda Həftəsinin iştirakçısı olduq. Çox sayda mükafat aldıq, yerli layihələrdə iştirak etdik ki, bu da bizim uğurumuz sayılır.

- Azərbaycanda moda sahəsində təhsil səviyyəsini necə qiymətləndirirsiniz?

- Axsayır. Bu gün siz akademik universitet təhsilindən daha çox, kurs və təlimlərdən daha çox şey öyrənə bilərsiniz. Bəlkə, çoxları bu düşüncələrimə görə məni tənqid edəcək, amma bu, mənim şəxsi fikrimdir.

- Tənqiddən qorxmursunuz?

- Heç də. Bəzi ayaqqabı modellərimizlə bağlı belə tənqidlərə də rast gəldiyimiz olur: "Kişi bunu necə geyə bilər?" Ancaq bu, məni heç də narahat etmir.

- Dəbdə mentalitet anlayışı olmalıdırmı?

- Yox! Bir dəfə brendimizin fərqli bir reklam çarxı vardı, amma bizi başa düşmədilər. Ancaq yenə də bu fikirdəyəm ki, moda daha çox bir incəsənətdir və orada, yeri gəlmişkən, çılpaq qadınların görüntüləri yolveriləndir.

- Sizin ayaqqabılar çox parlaq və rəngarəngdir. Demək olarmı ki, bu rənglər sizin həyatınızı səciyyələndirir?

- Bəli, mənim həyatım çox emosional və parlaqdır. Həmişə aktiv olmağa çalışıram, istər ailəmlə olum, istərsə də dostlar. Heç vaxt özümə qapanmıram və çalışıram ki, insanların əhvalını yaxşılaşdıran bir şeylər görüm.

- «Piqmalyon» pyesində heykəltəraş düzəltdiyi qız heykəlinə aşiq olur, o da bu sevgidən canlanır. Hansısa işinizə aşiq olmusunuz?

- Dizayner kimi yeni işə başlayanda, deyə bilərəm ki, milli üslubda yaratdığımız hər cüt ayaqqabıya aşiq olurdum. Biz bu inanılmaz dərəcədə gözəl modelləri elə zövq və səbirsizliklə yaradırdıq ki, onları böyük qürurla müştərilərimizə təqdim edirdik və ya rəflərə qoyurduq. Sən monoton və adi ayaqqabı yaratmırsan. Sən əhval, atmosfer, bütöv ömrün həkk olunduğu rəng və detalları yaradırsan. Sən elementlərə aşiq olursan, bundan sonra onları daşıyan insanlara aşiq olursan. Mən, demək olar ki, çalışmıram ki, ayaqqabılarımı alsınlar, onlar aylar, illər boyu şourumda yata bilər və bu, məni heç narahat etmir.

- Bu gün incəsənətin, muğamın və ümumilikdə musiqinin inkişafına böyük diqqət yetirilir. Bəs, ölkəmizdə moda sənayesinin inkişafına nə kömək edir?

- Düşünürəm ki, xalçaçılıq, muğam, kino və s. üçün maliyyə ayıran dövlətin rolunu azaltmaq lazım deyil. Bakıda təlimlər keçirmək lazımdır, yaradıcı uşaqlar seçilməlidir, onların işlərinə baxılmalıdır və lazımi şəkildə dəstək verilməlidir. Burada hər şey maliyyədən asılı deyil, ancaq hansısa dəstək və ya istiqamət lazımdır.

- Azərbaycanın moda sənayesinin gələcəyini necə proqnozlaşdırırsınız?

- Mən onun gələcəyinə inanıram. Əgər 10 il ərzində bu gün əldə etdiyimiz hər şeyə nail olmuşuqsa, 15 ildən sonra daha çox şey əldə edəcəyik.

- Özünüz və brendiniz barədə proqnozlarınız varmı?

- Mənim heç vaxt dəqiq bir planım olmayıb və indi də yoxdur. Sabah, ümumiyyətlə, mən ordan yox ola bilərəm, amma sonra yenə zirvədə ola bilərəm. Bu gün üç usta ilə işləyirəm, amma gələcəkdə daha çox sayda peşəkar heyəti ilə işləyə bilərəm. Mən hər şeyi zamanın öhdəsinə vermişəm, amma eyni zamanda səylə çalışmağa və yaratmağa davam edirəm. Qarşıda bizi nə gözlədiyini kim bilir? Yalnız gördüyünüz işi sevmək, inanmaq və ümid etmək qalır.



MƏSLƏHƏT GÖR:

281