2 May 2024

Cümə axşamı, 08:58

GÜRCÜ UĞURSUZLUĞU

Nikol Paşinyanın Tbilisi səfərinin protokol zənginliyi iki ölkənin siyasi kursunun tam fərqli olduğunu pərdələmək məqsədi güdürdü

Müəllif:

15.03.2020

Ermənistan ekspertləri ölkənin baş naziri Nikol Paşinyanın Gürcüstan səfərinin müzakirəsi və təhlilini davam etdirir. Əsas diqqət mərkəzində olan səfərin qeyri-formal tərəfidir: qarşılanma mərasimi, erməni dilində mahnı ifa edən gürcü xoru (baş nazir özü də xora qoşulmuşdu), nəhayət, Gürcüstanın baş naziri Georgi Qaxariyanın hədiyyəsi olan gözəl küçük…

Ciddi analitika xeyli azdır, səbəb isə sadədir: bütün qeyri-rəsmi protokol «bər-bəzəyi» fonunda, Paşinənın Gürcüstana səfərinin real yekunları haqda danışmaq çətindir. Doğrudur, Ermənistan hökumətinin başçısı səfər çərçivəsində gürcüstanlı həmkarı Georgi Qaxariya, Gürcüstan prezidenti Salome Zurabişvili, parlamentin spikeri Arçil Talakvadze, Bütün Gürcüstanın katolikos-patriarxı İkinci İlya və xarici işlər naziri David Zalkaliani ilə görüşüb. Lakin tərəflər arasında heç bir ciddi sənəd imzalanmayıb. Sadəcə, Ermənistan vətəndaşlarının Gürcüstana ID-kartla səfərinə icazə veriləcəyi vəd olunub, lakin burada da söhbət yalnız niyyət protokolundan gedir. Bunun nə vaxt və necə reallaşdırılacağı, ümumiyyətlə, reallaşıb-reallaşmayacağı ən azı açıq qalır.

Biznes-forum da olmayıb. Yüngül təskinlik kimi, yalnız səfərin ciddi qalmaqal yaşanmadan keçdiyini söyləmək olar.

N.Paşinyan səfərin gedişində davamlı olaraq nəhəng uğurlardan, «strateji tərəfdaşlıq»dan danışıb, Tbilisi İrəvan münasibətlərinin yeni səviyyəyə yüksəldiyini söyləyib. Ev sahibi isə daha təmkinli ritorika ilə yadda qalıb. Bu təmkinlilik şübhəsiz ki, Tbilisi ilə İrəvan arasında qarşılıqlı inamsızlığın getdikcə artmasından irəli gəlir.

 

Mehriban qonşuluğun pərdəarxası

Bu inamsızlığa, təbii ki, bir çox izah tapmaq mümkündür. Gürcüstan Aİ və NATO-ya üzvlük kursu seçibsə, Ermənistan Aİİ və KTMT-nin üzvüdür. Onların qonşu olmasına, Tbilisinin istər Bakı, istərsə də İrəvanla mehriban münasibətlər saxlamağa çalışmasına baxmayaraq, iki ölkənin siyasi kursu bir-birindən son dərəcə fərqlidir. Bu gün İrəvanın özündə analitiklər Gürcüstana Azərbaycan və Türkiyənin «təsiri» haqda qıcıqla danışırlar.

Reallıq isə heç də belə deyil. Qətiyyən! Bu yerdə Gürcüstan prezidenti Salome Zurabişvilinin İrəvana 2019-cu ilin yazında etdiyi səfəri xatırlamaq lazımdır. Ekspertlər Gürcüstanla Ermənistan arasında münasibətlərin «sərinləşdiyi», inamsızlığın yarandığı haqda ilk dəfə o zaman danışmağa başlamışdılar. Xanım Zurabişvili Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanla görüşdə demişdi: «Bildiyiniz kimi, Gürcüstanın iki bölgəsi işğal olunub. Əgər biz ölkənin marağından danışırıqsa, bizim üçün əsas və yeganə maraq suverenliyimizin, ərazi bütövlüyümüzün bərpasıdır. Onun yalnız sözdə deyil, faktiki də tanınmasını istəyirik. Bu mənada, Dağlıq Qarabağdan nümayəndə heyətinin Abxaziyaya, Cənubi Osetiyaya səfərlər etməsi çox acınacaqlı haldır. Səfər zamanı onlar bunların eyni tip münaqişə olduğunu deyir, hansısa simmetriya axtarırlar. Bu, bizim üçün çox ağrılı, çox acınacaqlı haldır. Hesab edirik ki, burada bizə qarşı heç bir xeyirxah niyyət yoxdur».

O vaxtdan ötən dövrdə tərəflər arasında səs-küylü səfərlər olmayıb. Əvəzində, yeni ciddi qıcıqlandırıcı amil formalaşıb. O vaxtdan Ermənistan BMT-də davamlı olaraq Gürcüstanın ərazi bütövlüyünün əleyhinə səs verir. Bu isə təbii ki, Tbilisinin hiddətinə səbəb olur.

Lakin ən vacibi bu da deyil. Ermənistan hər zaman Gürcüstan torpaqlarına iddia edib və bu iddialar bu gün də davam edir.

 

Samtsxe-Cavaxetiya başda olmaqla…

Buna ən bariz nümunə, yəqin ki, Gürcüstanın Samtsxe-Cavaxetiya regionudur. Erməni İnqilab Federasiyası, yəni, daşnak partiyasının və Amerikanın Erməni Milli Komitəsinin 1985-ci ildə Fransadakı «Qamk» erməni qəzetində dərc edilmiş Siyasi manifestində açıq şəkildə bildirilirdi ki, «birləşmiş Ermənistanın sərhədləri Sevr müqaviləsilə müəyyənləşmiş erməni ərazilərini, Naxçıvan, Axalkalaki və Qarabağı əhatə etməlidir». Ekspertlərin çoxu əmindir ki, ermənilərin Qarabağa iddialarının əsası da məhz bu sənədlə qoyulub. Odur ki, Gürcüstanın narahat olması üçün əsas var.

Doğrudur, rəsmi İrəvan burada sanki «miatsum»dan danışmır. Lakin Gürcüstanla Ermənistan arasında 2017-ci ildə baş vermiş kifayət qədər ciddi qalmaqal da hər kəsin yadındadır. O zaman İrəvan Gürcüstana səfir kimi, Cavaxetiya (ermənilər onu «Cavakx» adlandırır) ermənilərinə münasibətdə fəallığı ilə seçilən Sergey Minasyanı göndərmək qərarına gəlmişdi. Tbilisi buna açıq etiraz bildirməsə də, səfirin təyinatı üçün aqreman heç gür verilməmiş, nəticədə, erməni tərəfi namizədini dəyişmək məcburiyyətində qalmışdı. Ədalət naminə qeyd etmək lazımdır ki, bu, hələ Ermənistan prezidenti postunu Serj Sarqsyanın tutduğu dövrdə baş verib. Lakin belə qalmaqallar tez unudulmur. Bəlkə də, ümumiyyətlə unudulmur…

Üstəlik, məsələ, təəssüf ki, yalnız Cavaxetiya ilə bitmir. Ermənistan Tbilisiyə də iddia etməyə hazırdır.

Nəhayət, «mübahisəli kilsələr» problemi də davam edir. Söhbət hələ İlya Çavçavadzenin haqqında yazdığı «fəryad edən daşlar»dan gedir. Erməni Apostol Kilsəsinin gürcü yeparxiyası Tbilisidəki nə az, nə çox – düz 5 kilsəyə iddia edir. Cavaxetiyanın Qumburdo kəndində X əsrə aid kilsənin kimə məxsus olduğu ilə bağlı mübahisə rayon miqyasında iğtişaşlara belə, yol açmışdı. 2016-cı ildə kilsədə bərpa işlərinə başlanılmışdı. Onun həyətində aparılan qazıntılar zamanı yerin altından insan sümükləri tapılmış və qalıqlar elə həmin yerdə təkrar basdırılmışdı. Bu zaman yerli ermənilər dərhal aşkar olunmuş qalıqların ermənilərə məxsus olduğunu (bu, hər hansı ekspertiza aparılmadan elan olunmuşdu) bəyan etmişdilər. Bu səbəbdən onlar orada xaçqar ucaldılmasının, kilsənin isə Erməni Apostol Kilsəsinə verilməsinin vacibliyini bildirmişdilər.

Bundan başqa, sözün bütün mənalarında narahatlıq yaradan daha bir presedent var – Xucabi kilsəsi. XIII əsrə aid bu monastır Ermənistan-Gürcüstan sərhədində yerləşir. Onilliklər ərzində bu kilsənin gürcü kilsəsi olduğuna, eyni zamanda, onun Gürcüstan ərazisində yerləşdiyinə heç kəs şübhə etməyib. Lakin 1988-ci ildə Qarabağda qarşıdurmaların başlaması ilə eyni vaxtda, Ermənistan Xucabiyə və onun yerləşdiyi əraziyə də iddia irəli sürüb. 2005-ci ildə Gürcüstanın «Mze» telekanalının çəkiliş qrupu monastıra yaxınlaşan zaman erməni sərhədçilər onlara atəş belə, açıb. Nəticədə, hazırda Xucabi kilsəsi «mübahisəli» monastırdır.

Bütün bunlar haqlı olaraq Gürcüstanı Ermənistanla münasibətlərdə məsafə saxlamağa vadar edir.

 

«İnqilab həmrəyliyi» işə yaramadı

Nikol Paşinyan üçün Gürcüstan istiqamətindəki uğursuzluq iflasdan betərdir. Çünki o, bu istiqamətdə ciddi siyasi uğurlar qazanacağına ümid edirdi. İrəvanda niyəsə hesab edirdilər ki, Gürcüstan «Qızılgül inqilabı»nın qələbə çaldığı ölkə olduğundan, yenə də xalq üsyanı nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın komandası ilə Tbilisi müttəfiq olacaq. Lakin böyük ümidlər acı məyusluqla əvəzlənib. Məlum olub ki, inqilab romantikası real iqtisadi məsələləri əvəzləyə bilməz.

Azərbaycanla Gürcüstan arasında, həqiqətən də, çoxtərəfli strateji tərəfdaşlıqlar mövcuddur. Azərbaycan, Gürcüstan və Türkiyə birlikdə Bakı-Tbilisi-Ceyhan neft kəməri, «Cənub Qaz Dəhlizi», Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələri reallaşdırır. Bununla yanaşı, Azərbaycanla Türkiyə Gürcüstan iqtisadiyyatına böyük həcmdə investisiyalar yatırır. Ermənistanla isə bunların heç biri mümkün deyil. O, yoxsul, sıxışdırılmış, fantastik miqrasiya nəticəsində sürətlə boşalmaqda olan dövlətdir. Odur ki, Ermənistan Gürcüstan üçün nə siyasi, nə iqtisadi maraq kəsb edir. Hər şey İrəvandan olan alverçilərin müxtəlif növ mallar satdığı Sadaxlo bazarı və Avropadan köhnə avtomobillərin reeksportu ilə yekunlaşır, vəssalam! Bütün bunlar məlum səbəblərdən Gürcüstanı ehtiyatlı davranmağa vadar edir.

Ermənistan üçün bu vəziyyətin faciə olduğuna şübhə yoxdur. Gürcüstanla münasibətlər Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Ermənistanla Rusiya arasında quru yolu ilə sərnişin və yük daşımaları məhz Gürcüstan ərazisilə reallaşdırılır. Bu məsələdə əsas yük Yuxarı Lars nəzarət-buraxılış məntəqəsinin üzərinə düşür. Alternativ marşrut – əvvəlcə dəmir yolu, sonra isə bərə ilə (Poti və Qafqaz limanları arasında) – yenə də Gürcüstan ərazisindən keçir. Bundan başqa, Gürcüstan və onun Qara dəniz limanları Avropaya da yeganə yoldur. Üstəlik, Avropapərəst siyasi kurs götürmüş Gürcüstan Ermənistan üçün «Avropaya pəncərə» də sayılırdı. Odur ki, iki ölkə münasibətləri sürətlə pisləşirsə…

Yuxarı Lars nəzarət-buraxılış məntəqəsini ermənilərin üzünə yəqin ki, bağlamayacaqlar. Amma artıq gələn dəfə qarğıdalı daşıyan erməni furalarının Gürcüstana buraxılması, İran meyvələrini daşıyan erməni furalarının Rusiyaya keçməsinə icazə verilməsi və ya dəmir yolu daşımalarının tariflərində endirim haqda Gürcüstanla razılaşma əldə etmək, artıq, çətin olacaq. Bu, heç bir ehtiyacı olmayan Ermənistan iqtisadiyyatına ağır zərbə olacaq.

Bütün bunlar Ermənistanın başqalarına məxsus ərazilərə iddiaları ucbatından üzləşməli olduğu itkilərin yalnız kiçik bir hissəsidir.



MƏSLƏHƏT GÖR:

250