26 Aprel 2024

Cümə, 10:58

«YENİ ŞİMAL SİYASƏTİ»

Koreya Respublikasının Azərbaycandakı Səfiri cənab Kim Tong Opun “Region Plus” jurnalına müsahibəsi

Müəllif:

01.04.2020

- Cənab səfir, söhbətimizə neqativdən başlamaq istəməzdik. Ancaq təəssüf ki, biz sizinlə dünyanın çətin günlərində görüşürük. Dünyanı Covid-19 adlı koronavirus pandemiyası bürüyüb. Çindən sonra Koreya Respublikası da bu virusdan əziyyət çəkən ilk ölkələr sırasına daxil oldu və görünən odur ki, sizin ölkənizdə artıq yoluxma səviyyəsi aşağı düşməkdədir. Azərbaycan da daxil olmaqla, digər yoluxmuş ölkələrə hansı məsləhətləri verə bilərsiniz? Görülən tədbirlər yetərlidirmi?

- Əsas odur ki, hökumətlər bu yükü öz üzərinə götürsün və mütəxəssislərin tövsiyələri əsasında bütün imkanlar və çağırışlar üzərində fəal işləsinlər. Vətəndaşları real vəziyyət, mümkün fəsadlar barədə xəbərdar etmək lazımdır, onlara virusa yoluxmamağın və təşvişə düşməməyin, özlərini hadisələrin inkişafına hazırlamağın yolları öyrədilməlidir.

Həkimlər maskalardan istifadə etməyi, hətta ailə üzvləri arasında 2 metrlik sosial məsafə saxlamağı tövsiyə edirlər. Ən azından, hökumətlər bu barədə insanları xəbərdar etməlidir. Bundan başqa, bütün kütləvi tədbirlər təxirə salınmalıdır. Bu mənada Azərbaycan hökumətinin gördüyü bütün tədbirləri dəstəkləyirəm.

Atılan addımların yetərli olub-olmamasından isə danışmağa dəyməz. Hökumət insanları məlumatlandıra və lazım olan tədbirləri görə bilər, lakin hər şey vətəndaşların özlərindən asılıdır. Əgər vətəndaşlar hökumətin tövsiyələrinə əməl etməsələr, çətin olacaq. Onlar adi həyat tərzindən bir müddət uzaq durmağın və sosial təcridlə bağlı tövsiyələrə əməl etməyin vacibliyini anlamalıdırlar.

- Pandemiyanın yayılması ölkələrimiz arasında əlaqələrə nə dərəcədə təsir edib?

- Bu, təkcə Azərbaycan-Koreya münasibətlərinə aid məsələ deyil. İndi bütün ölkələr əlaqələri məhdudlaşdırmağa, pandemiyanın qarşısını almaq üçün sərhədləri bağlamağa məcburdur. Düşünürəm ki, virusun yayılmasının müvəqqəti olaraq vətəndaş mübadiləsinə və iki ölkə arasında bəzi tədbirlər planlarına təsirindən yayına bilməyəcəyik. İndi sadəcə virusun nəzarətə götürülə biləcəyini gözləmək lazımdır.

Hələ fevral ayının ortasında bizim ölkədə pandemiya ilə bağlı vəziyyət çox pis idi. Ancaq artıq biz vəziyyəti nəzarətə götürə bilmişik. Avropada və digər ölkələrdə vəziyyət pisləşdiyi halda, bizim statistika yaxşılaşır. Çox paradoksal səslənə bilər, amma indi biz başqa dövlətlərin neqativ təsirindən yayınmağa çalışırıq. Beləliklə, qlobal böhranın bitməsinə qədər, ən azından mütəxəssislər əmin etdiyi kimi yaya qədər gözləmək lazımdır. Eyni zamanda çalışmalıyıq ki, bu vəziyyət ikitərəfli münasibətlərə mümkün qədər az təsir etsin. Zənnimcə, müvəqqəti təsirlərdən tam yayınmaq mümkün deyil, lakin əməkdaşlığı yaxşılaşdırmaq lazımdır.

- Yenə də ümid edək ki, mənfi təsir çox da böyük olmayacaq. Ümumiyyətlə, iki ölkə arasında siyasi əməkdaşlığın səviyyəsindən razısınızmı?

- Koreya və Azərbaycan arasında əlaqələr 1992-ci ildən bəri müxtəlif sahələrdə inkişaf etmişdir. Siyasi sahədə xüsusilə dövlət başçılarının, Milli Assambleya sədrləri və s. kimi yüksək rütbəli dövlət rəsmilərinin qarşılıqlı səfərləri ölkələrimiz arasında qarşılıqlı anlaşma və xalqlar arasında mübadilənin artırılması üçün güclü zəmin olmuşdur. Dövlətlər arasında siyasi əməkdaşlıq beynəlxalq səhnələrdə aktiv şəkildə həyata keçirilir. Ümid edirəm ki, gələcəkdə də davamlı olaraq ölkələrimiz arasındakı əməkdaşlıqlar daha da genişlənəcəkdir.

- Son illər Azərbaycanla Koreya arasında ticarət dövriyyəsinin dinamikasında müəyyən azalma var. Ticarət-iqtisadi münasibətlərin səviyyəsini artırmaq üçün hansı işlər görülür? 2020-ci il üçün planlar və proqnozlar nədən ibarət idi?

- Fikrimcə, tərəflər arasındakı əməkdaşlıq potensialı ilə müqayisədə ticarət dövriyyəsi hələ ki, razı qala biləcəyimiz səviyyədə deyil. Azərbaycan neft, qaz və s. kimi yeraltı təbii sərvətlərlə zəngin olub, Qafqazın tranzit mərkəzi kimi çıxış edir, cənubla şimalı qərblə şərqi birləşdirir və Azərbaycanın regionda vacib mövqeyi günbəgün artır. Koreya isə dünya səviyyəsində tanınan və qəbul edilən yüksək ixtisaslı insan kapitalı ilə zəngindir, informasiya-kommunikasiya texnologiyası, maşın və əsas sənaye sahələrində yüksək rəqabətlilik gücünə malikdir. Ümid edirəm ki, bu tipli bir-birini tamamlayan cəhətlər birləşdiyi zaman dövlətlər arasında ticarət dövriyyəsi daha yüksək səviyyəyə doğru inkişaf edəcək.

- Azərbaycan və Koreya investorlarının qarşılıqlı sərmayə yatırımları üçün hansı potensialı görürsünüz?

- Azərbaycanın neft və qaz layihələri eləcə də bununla əlaqəli olan infrasturktur sahəsində həyata keçirilən layihələrə qarşı Koreya şirkətlərinin maraqları çoxdur. Cənab Prezident İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi islahatlar siyasəti Azərbaycanda cəmiyyətin şəffaflığını daha da artırdığından, ümid edirəm ki, Koreya şirkətlərinin Azərbaycana olan maraqları bununla bərabər davamlı olaraq artacaqdır. Eləcə də Koreyada xarici investisyanın ölkəyə cəlb edilməsi üçün həm mərkəzi hökumət həm də yerli idarəetmə orqanları aktiv şəkildə açıq qapı siyasəti həyata keçirir və bu sahədə öz əməkdaşlığını eləcə də dəstəyini əsirgəmir. Koreya Böyük 20-lərin üzvü olub iqtisadiyyatının miqyası eləcə də əhatə etdiyi sahələrə görə dünya səviyyəsində tanınır və qəbul edilir, Koreyaya qoyulan sərmaye daha böyük gəlir gətirə biləcək çox yaxşı şansdır.

- Koreya Azərbaycandakı neft-qaz layihələrində iştirakda nə dərəcədə maraqlıdır? Yoxsa əsas üstünlük alternativ enerji sahəsində əməkdaşlığa verilə bilər?

- Koreya əvvəllər keçirilmiş Xəzər dənizində qaz yataqlarının birgə texniki-iqtisadi əsaslandırmasında iştirak etmişdir ki, bu da onun Azərbaycanın təbii sərvət və enerji sahələrinin inkişafında necə maraqlı olduğunu göstərir. Lakin indiki zamanda neft və qaz çıxarılmasında birbaşa iştirak etməkdənsə onunla bağlı olan zavod tikintisi və infrastruktur inşası və s. layihələrdə iştirak etməsi ilə bu sahədə uğurlu perspektivlər gözlənilir. Koreya dünyanın ən yaxşı fotovoltaik modul istehsal texnologiyası, duzsuzlaşdırma texnologiyası, külək turbinləri istehsalı texnikasına sahibdir. Bu kimi texnologiyaların xüsusi ilə alternativ enerji sahələrində istifadə edilməsi əməkdaşlığımızda yüksək nəticələr əmələ gətirə bilər.

- Azərbaycanla Koreya arasında əməkdaşlığın səmərəliliyini artırmaq məqsədilə 2016-2020-ci illər üçün Ölkə ilə Tərəfdaşlıq Strategiyası həyata keçirilir. Bu proqramın üstünlükləri nədən ibarətdir? Bəs, 2020-ci ildən sonra iki ölkə arasında beynəlxalq və iqtisadi əməkdaşlıq proqramları necə inkişaf etdiriləcək?

- Koreya dövləti Yeni Şimal Siyasəti həyata keçirir ki, bu siyasətə daxil olan ölkələrdən biri də Azərbaycandır. Doğrudur, Koreya və Azərbaycan coğrafi cəhətdən bir-birindən uzaqda yerləşir, lakin Avropa ilə Yaxın Şərq və Asiyanı birləşdirən, tranzit və nəqliyyat mərkəzi olan Azərbaycan Koreya tərəfindən çox böyük maraqla qarşılanır. Xüsusilə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi qeyri-neft sahəsinin inkişafı siyasətinin Koreyanın iqtisadi inkişaf təcrübəsi və yüksək təhsil səviyyəsi, dünya səviyyəli informasiya texnologiyası, infrastruktur və zavod inşası təcrübəsi ilə yaxşı uyğunlaşdırılsa bu kimi sahələrdə əməkdaşlıq perspektivləri daha böyük olar. Qeyd etmək istərdim ki, Koreya şirkətləri Azərbaycan tərəfindən həyata keçirilən böyük miqyaslı layihələrdə iştirakı həmişə arzulayır. Koreya həmçinin informasiya texnologiyaları, kənd təsərrüfatı, tibb sahəsində də yüksək göstəricilərə malikdir və Azərbaycanla bu sahələrdə əməkdaşlığın potensialı da yüksəkdir.

- Son illər koreyalı turistlərin Azərbaycana marağının artması müşahidə olunur. Sizcə, Azərbaycan onları daha çox nə ilə cəlb etməlidir? Turizm sahəsində Azərbaycan nələri təkmilləşdirməkdə davam etməlidir?

- Elədir. Koreyalılar arasında son zamanlar Azərbaycana turistik səyahətə qarşı maraq artmışdır. Koreyalıları isə ən çox Qafqaz regionunun gözəl təbiəti və Azərbaycana məxsus mədəniyyət və adət-ənənələr çox cəzb edir. Lakin dövlətlər arasında birbaşa hava reyslərinin olmaması və s. turizm sahəsində tərəflər arasında həll edilməsi lazım olan məsələlərin olduğundan xəbər verir. Fikirləşirəm ki, Azərbaycan tərəfi də ölkənin gözəl mənzərə və cazibəsini konseptləşdirib daha da inkişaf etdirməlidirlər. Həmçinin Qəbələ, Şəki, Xınalıq, Qusar, Gəncə və s. kimi həm tarixi həm də təbii cəhətdən dünyada tayı-bərabəri olmayan regionlar arasında gediş-gəliş yolları daha asanlaşdırılmalı və rahat şəklə salınmalıdır. Bunun vasitəsilə çoxlu sayda turist uzun müddət ərzində Azərbaycanda öz səyahətlərini həyata keçirə bilərlər.

- Azərbaycanla Koreya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın bu yaxınlarda keçirilmiş iclasında hansı razılıqlar əldə edilib? Əvvəlki görüşlərdə əldə olunan razılaşmalar necə həyata keçirilir?

- Azərbaycan və Koreya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası bu ilin fevralında Bakıda həyata keçirildi. 2016-cı ildə Komissiyanın ilk iclası Seulda baş tutmuşdu və 4 ildən sonra həyata keçirilən ikinci iclasda bu müddət ərzində iqtisadi əlaqələrdə əldə edilmiş nailiyyətlər qiymətləndirildi və bu kimi nailiyyətlərin qarşılıqlı əməkdaşlıq çərçivəsində davam etdirilməsi qərara alındı. Hər iki tərəf iqtisadi, ticarət, sərmayə və s. müxtəlif iqtisadi sahələrdə əməkdaşlığın davam etdirilməsinin hər iki dövlətə böyük xeyri olduğunu düşünür. Tərəflər həmçinin özəl sektorda mübadilə əməkdaşlığı üçün dövlət səviyyəsində aktiv şəkildə dəstək verəcəkləri qərarına gəldilər.

- Ölkəniz innovasiya və texnologiyalar sahəsində böyük təcrübəyə malikdir. Koreya bu sahədə Azərbaycanda hansı layihələri reallaşdırır və gələcəkdə həyata keçirməyi düşünür?

- Koreya informasiya texnologiyaları və innovativ səyləri ilə artıq dünyada qəbul edilmişdir. Ən yaxşı cəhət isə Azərbaycan hökumətinin Koreyanın texnologiya səviyyəsini və innovativ səylərini lazımi şəkildə qiymətləndirməsi və bu sahələrdə əməkdaşlığın həyata keçirilməsini arzulamasıdır. Bununla əlaqədar olaraq, bizim hökumətimiz Azərbaycan İnnovasiya Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və bu sahədən məsul digər dövlət orqanları ilə aktiv şəkildə əlaqədədir və əməkdaşlıq aparır. KOICA vasitəsilə Azərbaycana dəstək layihələri həyata keçirilir ki, bunlar əsasən informasiya texnologiyaları daxil olmaqla texniki səviyyə və mütəxəssislərin potensialının gücləndirilməsi sahələrində cəmlənir.

- İki ölkə arasında təhsil, elm, mədəniyyət sahələrində çoxsaylı humanitar əməkdaşlıq layihələri reallaşdırılıb. Hansı istiqamətdə əməkdaşlığın xüsusi perspektivləri var?

- Koreya Hökuməti Azərbaycan ilə eləcə də Beynəlxalq Mübadilə Fondu (KF) vasitəsilə təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlıq həyata keçirir. Bakı Dövlət Universitetində Koreyaşünaslıq ixtisası, Azərbaycan Dillər Universitetində isə Koreya dili tərcümə ixtisası fəaliyyət göstərir. Xəzər Universiteti eləcə də Naxçıvan Dövlət Universitetində Koreya dili dərsləri keçirilir. Bütün bu ixtisaslara və dərslərin keçirilməsinə də öz növbəsində dəstəklər edilir. Bununla yanaşı, Koreya dövləti həmçinin Koreyada təhsil almaq istəyən xarici tələbələr eləcə də azərbaycanlılar üçün hər il tam təqaüdlü təhsil imkanı verən dövlət proqramı elan edir. Azərbaycanlı gənclərin son dövrdə Koreyaya olan marağının kəskin şəkildə artdığını düşünürəm. Gənclərin bu marağının dövlətlər arasında münasibətlərin gələcəyini işıqlandıracaq güclü və ümid dolu yaşıl işıq olduğuna inanıram.

- Müsahibəyə görə təşəkkür edirik!


MƏSLƏHƏT GÖR:

361