26 Aprel 2024

Cümə, 11:39

PREMYERADAN SONRA

Süleyman Rüstəmin əfsanəvi «Ana və poçtalyon» əsərinin teletəsviri izləyiciləri valeh edib

Müəllif:

01.05.2020

Pandemiya. Karantin. Bütün dünyanın mədəni həyatı fasilə verib. Faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş təntənəli mərasimlər də təxirə salınıb. Elə bu zaman Azərbaycanın xalq şairi Süleyman Rüstəmin məşhur "Ana və poçtalyon" şeirinə AzTV-nin çəkdiyi qısametrajlı televiziya təsviri sosial şəbəkələrin Azərbaycan seqmentində sanki «partlayış»a səbəb oldu.

Əməkdar incəsənət xadimi, Kino Proqramları və Dublyaj Baş Redaksiyanın rəhbəri Etibar Babayevin layihəsinin Azərbaycan izləyicisində sadəcə böyük maraq oyatdığını demək az olar! Əsərin tele-təsviri yaşlı nəsildə təəssürat oyatmaqla qalmadı, - ən önəmlisi! - 17+ yaş kateqoriyasına eyni təsiri bağışladı. Bu da yerinə və zamanına düşdü!

 

«Poçtalyon»

Deməyə gərək yoxdur ki, müəllifin 1942-ci ildə yaratdığı əsər, bəlkə də, hər bir ailədə baş verənləri əks etdirən məzmunun emosional təsiri sayəsində misra-misra səpələnərək xalq deyiminə çevrilib. Azərbaycanlıların arasında, demək olar ki, Süleyman Rüstəmi tanımayan və misralarını söyləməyən elə bir adam olmayıb. "Poçtalyon"dan xəbərsiz olmaq geridə qalmışlıq sayılırmış! Xalq arasında bu əsəri, sadəcə, belə adlandırırmışlar. Əsərin bədii təcəssümü isə Rus Dram Teatrının aktrisası Vera Karlovna Şirye adı ilə bağlı idi. O, 26 iyun 1941-ci ildən 1945-ci ilədək cəbhə konsert briqadalarının daimi iştirakçısı olub, bu şeiri rus və Azərbaycan dillərində elə gözəl və təsirli ifa edib ki, xalq ona «Poçtalyon» adı verib. Özü də, yalnız buna görə deyil, həm də ona görə ki, tez-tez cəbhədən üçbucaq məktublar gətirirmiş və onları şəxsən özü vətəni müdafiə edənlərin evlərinə aparırmış. O, küçədə gedərkən arxasınca "Poçtalyon" nidaları səslənirmiş! Bax, bu tele-təsvir də, babalarımızın və ulu babalarımızın, nənələrimizin və ulu nənələrimizin sağ qaldığı, dözdüyü, gələcəyimizi və azadlığımızı qoruduğumuz həmin Zamanın bir xatirəsi olaraq, bir minnətdarlıq kimi ortaya çıxdı. Sosial şəbəkə istifadəçilərinin coşğusu da bu mövzunun önəmli və gərək olduğunu göstərir.

Düzdür, Bakıda döyüşlər olmayıb, ancaq arxa cəbhə xətti buradan keçib, günün 24 saatını "Hər şey cəbhə üçün, hər şey Qələbə üçün!" prinsipi ilə yaşayan bir cəbhə. Hər şey – elə hər şey deməkdir. Elə həyatda da: həm arxa cəbhədə, həm də ön cəbhədə.

 

Yaradıcılıq axtarışları

Televiziya təsvirinin müəllifləri (ideya müəllifi Etibar Babayev, rejissor Elnur Məmmədov) Süleyman Rüstəmin əsəri ilə bizi o Zamanın həyatına aparır: sərt və xoşbəxt günlərə. Alicənablıq və igidlik dövrünə, yüksək ideallar və yüksək məqsədlər dövrünə, mənəviyyat və əxlaq qanunları zamanına. Qarşımızda Bakının beynəlmiləl həyəti açılır, sevinc və kədərin hamı üçün: qadınlar və uşaqlar üçün də bir olduğu məkana. Bu qısametrajlı təsvirdə oğullarını və ərlərini arxa cəbhədə gözləyən qəhrəman qadınlar və cəbhə xəttində döyüşən kişilər bütün sovet xalqı ilə birlikdə 1945-ci il Qələbəsini qazanmış qəhrəman Azərbaycan xalqının obrazına çevrilirlər!  

Kadr arxasından - cəbhədəki oğlundan məktub gözləyən Ana və Azərbaycanın müharibə dövrü qadınlarının bütün kədərini öz üzərinə götürən Poçtalyon haqqında məşhur süjetin cərəyan edən hadisələrinin pərdə arxasından isə xalq artisti Rasim Balayevin səsi gəlir. Məhz o, Süleyman Rüstəmin adından bizə yalnız Ananın deyil, Poçtalyonun da hekayəsini danışır. Bu personajların obrazlarını yaradan aktyorlar mətnləri tələffüz etmirlər. Onlar, sadəcə, Böyük Vətən müharibəsinin yaratdığı şəraitə qərq olmuş qəhrəmanlarının taleyini yaşayırlar. Epizoddan epizoda keçən aktyorlar bizi inandırırlar ki, mətnsiz bir rol istənilən danışıq sözündən daha çox ifadəli, maraqlı və emosional ola bilər. Əlbəttə ki, səhnədə öz sənətlərinin ustaları olmalıdırlar. Ana rolunu xalq artisti Həmidə Ömərova, Poçtalyon rolunu isə xalq artisti Məbud Məhərrəmov oynayıb. Bu cür yaradıcı eksperiment aktyorların peşə təcrübəsində olduqca nadirdir, buna görə də təbii olaraq sual ortaya çıxır:

- Qəhrəmanlarınızın mətninin olmaması rol üzərində işləməyə kömək etdi və ya mane oldu?

M.Məhərrəmov: Fəal yaradıcı axtarışlara səbəb oldu! Bu, coşğu və yaxşı məşq əhval-ruhiyyəsi yaradırdı. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, çəkiliş meydançasındakı atmosfer çox insani, müsbət və xoş idi. Buna görə mənim Poçtalyonum vəziyyətə və şərtlərə görə karmik sınaqdan keçir. O, qadınların göz yaşlarını və acısını hüznlə öz ürəyinə qəbul edir və bunu müharibə stixiyası qarşısında insani məsuliyyət yükü kimi daşıyır. O anlayır ki, Tale onun üçün tez-tez pis xəbərlər gətirən bir carçı rolu seçib. Başqasının ağrı və iztirablarını duyan, lakin bir söz söyləməyən insanın obrazını və xarakterini yaratmaq çox çətindir. Bu peşəkar təcrübə mənim üçün çox maraqlı idi: həm ifadə vasitələrini axtarmaq və özünü peşəkar ifadə etmək baxımından, həm də tərəfdaşlarla qarşılıqlı əlaqə baxmından. Həmidə Ömərovaya təşəkkür edirəm. Çox gözəl tərəfdaşdır. Səhnədə gözəl və yaradıcı atmosfer yaratmağı bacaran rejissor Elnur Məmmədova da ayrıca insani təşəkkür edirəm. Gənc rejissorlarda nadir hallarda bütün heyətlə və çəkiliş layihəsində yer almış aktyorlarla belə psixoloji uyğunluq baş verir.

H.Ömərova: Yox, mane olmadı. Kino üçün iri planda işləmək adi və alışılmış texnikadır. Son illərdə böyük kino ilə müqayisədə mən daha çox seriallara çəkilirəm. Böyük kinoda ("Adam ol" filmində) iki il əvvəl oynamışdım. "Ana və poçtalyon" qısametrajlı filmində çəkilərək peşəkar zövq aldım. Süleyman Rüstəmin uşaqlıqdan bəri çox sevdiyim əsərində ana rolunu oynamaq təklifi alanda çox sevindim. Bu şeir çox təsirlidir və heç kəsi laqeyd qoymur. Çünki onda bakılıların Böyük Vətən müharibəsi illərindəki real həyatı var. Müəllifin poetik düşüncəsinin gücü ilə ifadə olunan bu həyat Anadan oxucuya, dinləyiciyə, izləyiciyə ötürülən dərin duyğular kimi güc qazanır. Biz qısametrajlı film çəkdik, amma çəkiliş meydanındakı atmosfer və şərait böyük kinodakı kimi idi. Bütün çəkiliş qrupunun - rejissorun, operatorların, rəssamların, qrimçilərin, işıqçıların əlaqələndirilmiş işi və hazırlığı, bir sözlə, hər şey - xoş bir yaradıcı atmosferə, hər kəsin tam fədakarlıqla işləmək istəyinə səbəb olurdu! İstedadlı aktyor Məbud Məhərrəmovla yaradıcılıq tandemini məmnuniyyətlə xatırlayıram. Həm Ananı, həm də Poçtalyonu bunu belə təsəvvür etdiyini söyləyən tamaşaçıların reaksiyasına görə də mənə elə gəlir ki, tərəfdaş olaraq biz Məbudla tamamilə uyğun idik və mətni tələffüz etmədən qəhrəmanlarımızı izləyicilərimizin gördüyü və hiss etdiyi inandırıcı qüvvə ilə oynadıq.

 

Sovet klassikası və Zaman

Şeirin məzmunundan danışmayacağıq. Düşünürəm, hamısı deyilsə də, azərbaycanlıların çox onu bilir. Unudanlar üçün əhvalatı xatırlayaq. Ana dörd aydır cəbhədəki oğlundan məktub almır və bütün qəzəbini evinə məktub gətirməyən Poçtalyona yönəldir. Poçtalyon Anadan incimir. Qadının narahatlığını başa düşür. Ana isə dediklərindən təəssüflənir: niyə Poçtalyonu boş yerə incitdi? Çoxdan gözlənilən məktub gələndə isə hamı xoşbəxt olur: Ana da, Poçtalyon da, qonşular da. Axı, onların hər şeyi ortaqdır: kədərləri də, sevincləri də, ürəkdən həmdərd olmaları da.  

Elnur Məmmədovun televiziya versiyasında biz Zamanın təsvirini görürük, ölkənin ümumi tarixindən, yazıçı və şairlərimizin bədii əsərlərindən bildiyimiz zamanın. O Zaman özəl olub: bu cür total tənhalıq yox idi, ünsiyyətə mənəvi ehtiyac olduqda hər kəs bir-birinə qonaq gedirdi; həyətdə oynayan uşaqların "bizimkilər"ə və "yadlar"a bölünmədiyi, bir tikə çörəyin hamı üçün bərabər bölündüyü Zaman idi.

Ana və Poçtalyon əhvalatı ölkənin və onun xalqının tarixidir, bu, bizim atalarımızın zamanının tarixidir, yəni bu həm də bizim tariximizdir. Süleyman Rüstəmin istedadı yaşadığı Zamanın portretini həkk etməklə, gələcək törəmələr üçün önəmli və gərəkli xırdalıqları qoruyub saxlamaqla qalmayıb, o, həm də xalqının portretini çəkib. Ərdəmli və güclü, bütün çətinliklərə və uğursuzluqlara dözməyi bacaran xalqının.

Müharibə mövzusu xalqın ruh halının mövzusudur və zaman boyunca onu qorunmaq gərəkdir. Gələcək və bu gün naminə. Dirilərin və şəhid olmuşların naminə. Bəlkə də, bu gün bəşəriyyəti «ölüm, ya olum» seçimi qarşısında qoymuş bir pandemiya ilə qarşılaşdığımız zaman bu mövzu əvvəlkindən də önəmli və aktualdır. Mayın 9-da milli televiziyada yayımlanan kino-təsvir, pandemiya səbəbiylə özünütəcrid vəziyyətində olan hər birimizə bir ismarıc kimi səsləndi. Uzaq 40-cı illərdən göndərilmiş bir ismarıc: hər şey keçir və bu da keçəcək...



MƏSLƏHƏT GÖR:

327