26 Aprel 2024

Cümə, 23:27

TƏMƏNNASIZ

Azərbaycan özü COVID-19 ilə mübarizə aparsa da, başqalarına da yardımları davam etdirir

Müəllif:

15.06.2020

Koronavirus pandemiyası insanların, cəmiyyətlərin və dövlətlərin həm bir sıra qüsurlarını, həm də comərdliyini üzə çıxarıb: ağılsızlıqdan, detallaradək düşünmək qabiliyyətinə, amansızlıqdan, altruizmə, biganəlikdən, başqasının dərdinə şərik olmağa, terror hədəsindən, humanitar yardımadək.

Bir fikir bayağı təsir bağışlasa da, aktuallığını qoruyub saxlayır: şər deməsən, xeyir gəlməz. Yeni qlobal böhran insanlara, cəmiyyətlərə və dövlətlərə bir-birini və düşmənləri daha yaxşı tanımaq, tarixə baş vurmaq və gələcəklə bağlı planlar qurmaq imkanı yaradıb.

Bu gün yaşanmaqda olan hadisələr başlanğıcını 1847-ci ildən götürüb. Həmin dövrdə Şimali Amerikanın hindi tayfaları İrlandiyada yaşanan Böyük aclıqla əlaqədar (1845-1849) irlandlara humanitar yardım göstərirdi. Hindilər aclıqdan əziyyət çəkənlərə 710 dollar göndərmişdi. İrlandlar isə minnətdarlıq jesti olaraq, özlərinin Kork qraflığında 9 nəhəng lələk formasında abidə ucaltmışdılar.

İndi, düz 173 il sonra irlandlar vaxtilə aldıqları yardımın əvəzini qaytarmaq qərarına gəliblər. COVID-19 pandemiyasının ən qızğın vaxtında onlar xeyriyyə aksiyası çərçivəsində Şimali Amerikanın navaho və hopi xalqları üçün, təxminən, 2 milyon dollar toplayıblar.

Gəlin, başqa, bizə daha yaxın nümunəyə nəzər salaq. Sosial şəbəkələrdə bir tikə çörəyə möhtac qalaraq Moskvaya üz tutmuş ukraynalı qadının çəkdiyi video yayılıb və kifayət qədər populyarlıq qazanıb. Onun köməyinə azərbaycanlılar çatıb. Qadının «azərbaycanlı uşaqlar»ı minnətdarlıq hissilə qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik etməsini hər birimiz qürurla izləyirik.

Heç kəs və heç nə unudulmur. Xüsusilə yaxşılıq. Xüsusilə taun və ya aclıq dövründə edilmiş yaxşılıq. Bəlkə də, daha 173 il sonra bu qadının nəticələri insanların milli və dini mənsubiyyətinə görə bölmədən insansevərlik göstərmiş azərbaycanlılar haqqında danışacaqlar.

Bir insanın digərinə yardım etməsi onu və bəlkə də, mənsub olduğu cəmiyyəti başqalarının gözündə ucaldır. Cəmiyyətlər tərəfindən göstərilmiş yardım isə tarixə düşür. Bu, şübhəsiz ki, heç zaman qarşı tərəfin üzərinə öhdəlik qoymur. Odur ki, edilmiş yaxşılığa görə cavab gözləmək düzgün deyil. Lakin o, özündən sonra müsbət iz qoyaraq, tam başqa əməllərə yol açır.

Azərbaycan torpaqlarının işğalı nəticəsində cəmiyyətimiz, dövlətimiz humanitar fəlakətlə üzləşib. 90-cı illərdə 1 milyon qaçqın və məcburi köçkünün yaranması müharibənin aktiv mərhələsindən böyük itkilərlə çıxmış gənc dövlət üçün həqiqətən son dərəcə ağır yük idi. O zaman bir çox beynəlxalq təşkilat, həmçinin Azərbaycana dost olan ölkələr onun üzləşdiyi fəlakətə şərik çıxır, bizə humanitar yardım göstərirdi.

Lakin zaman keçdikcə Azərbaycan yardım alan dövlətdən donor ölkəyə çevrilib. O, sülhməramlı missiyalarda iştirak etməyə başlayıb, mütəxəssislərimiz təbii fəlakət yerlərində insanlara yardım edib və edir. Bu gün Azərbaycan ondan çox uzaqlarda dünya mədəni irsinə dəstək olur, ağır durumda olan cəmiyyətlərə ərzaq yardımı, tibbi preparatlar göndərir, milyonlarla maddi yardım edir. Bununla da, Azərbaycan dünyaya hər şeyi xatırladığını və o vaxt edilənlərə görə minnətdar olduğunu göstərir.

Əksər sivil dövlət kimi, Azərbaycan da humanitar diplomatiya həyata keçirir. COVID-19 pandemiyası dövründə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) xəstəliklə qlobal mübarizəyə xərclənməsi üçün 10 milyon dollar ayırmış Azərbaycan, bununla yanaşı, coğrafi və geosiyasi baxımdan yaxın olduğu bir sıra ölkələrə (İran, Gürcüstan, Ukrayna, Özbəkistan, Bosniya və Herseqovina, İtaliya, Macarıstan, Pakistan, Tacikistan, Qırğızıstan və s.) birbaşa yardım da göstərib. Üstəlik, Azərbaycan bunu özünün də virusla mübarizə apardığı bir dövrdə edir. Başqa sözlə, özü böhranla üz-üzə qalmış Azərbaycan bu şəraitdə başqalarına da yardım göstərir.

2011-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyi yanında Beynəlxalq İnkişafa Yardım Agentliyi yaradılıb. Prinsipcə hesab etmək olar ki, bu istiqamətdə sistemli yanaşmanın tətbiqinə də o vaxtdan başlanılıb. Agentlik iki əsas istiqamət üzrə fəaliyyət göstərir: humanitar yardımların göstərilməsi və inkişafa dəstək.

Bu strukturun fəaliyyətdə olduğu 9 ildə Azərbaycan dünyanın ehtiyac içərisində olan bir çox dövlətinə yardım göstərib: Asiya, Afrika, Latın Amerikası, hətta Avropa dövlətlərinə. Azərbaycanın humanitar yardım coğrafiyası Serbiyadan Albaniyaya, Yəməndən Brundiyədək yayılıb. O, belə yardımları istər daşqınların fəsadlarının aradan qaldırılmasına göstərir, istər korluqla mübarizəyə, istər Ebola ilə savaşa, istərsə də diplomatlara təlimlərin keçilməsinə.

Bütün bunlar, yəqin ki, heç zaman unudulmayacaq. Amma bu işlər qazanc məqsədilə görülmür. Buna rəğmən bu yardımların 173 saat, 173 gün və ya 173 ildən sonra geri qaytarılacağı istisna deyil.



MƏSLƏHƏT GÖR:

273