27 Aprel 2024

Şənbə, 02:57

AMERİKA MUXTAR ŞTATLARI?

ABŞ-da irqi ayrı-seçkiliyə qarşı keçirilən etirazların əsl səbəbi başqa şey də ola bilər

Müəllif:

01.07.2020

ABŞ tarixində ilk qaradərili prezidentin – Barak Obamanın Ağ Evə rəhbərlik etməsindən sonra (2009-2017) hər kəs düşünürdü ki, Amerika, nəhayət, irqçilik probleminə birdəfəlik son qoya bilib. Odur ki, 2020-ci ilin yazında pandemiya ilə mübarizə aparan Amerika bir anda koronavirusu, nəhəng şəhərlərdə bu xəstəlikdən ölən onlarla vətəndaşı unudaraq yenidən afroamerikalı əhaliyə qarşı ayrı-seçkiliklə mübarizəyə başladıqda, çoxu bunu təəccüblə qarşılayıb. Üstəlik, bu, ABŞ-da irqçilik əleyhinə çıxışların ən pik həddə olduğu dövrə təsadüf edir.

 

Ənənəvi Amerikanın xilası, yoxsa ayrı-seçkilik?

Amerikada 1968-ci il aprelin 4-də amerikalı hüquq müdafiəçisi və qaradərililərin hüquqları uğrunda mübarizənin önündə gedən Martin Lüter Kinqin güllələnməsindən sonra nələrin yaşandığını xatırlamaq kifayətdir. Yaxud 1991-ci ilin martı. O zaman keçmiş məhbus, polisə tabe olmaqdan boyun qaçıran sərxoş Rodni Kinqin asayiş keşikçiləri tərəfindən döyülməsi Los-Ancelesi bir anda, sözün əsl mənasında, qarışdırmışdı. Həmin qarışıqlıq zamanı 63 nəfər həlak olmuş, təxminən, 5,5 min bina dağıdılmış, ümumi zərərin məbləği 1 milyard dollara çatmışdı. Bu da son deyil. 2001-ci ildə Sinsinnati rəhbərliyi komendant saatı elan etmək məcburiyyətində qalmışdı. Səbəb 19 yaşlı qaradərili qanun pozucusu Timoti Consun polis tərəfindən güllələnməsi nəticəsində baş qaldırmış iğtişaşlar idi. Bu siyahını nə qədər saysız-hesabsız belə faktlarla uzatmaq olar.

Amma 2020-ci il mayın 25-də Minneapolisdə polis əməkdaşı Derek Şovinin ayağı ilə təxminən 8 dəqiqə boğduğu Corc Floydun sonradan xəstəxanada keçinməsinin ardınca baş qaldırmış etirazlar əvvəlkilərdən fərqlənir. Birincisi, bu dəfə etiraz dalğası ABŞ sərhədlərini aşıb və Qərbin digər ölkələrinə, hətta Qərbə aid olmayan dövətlərə də yayılıb. İkincisi, onlar əsasən gülməli və absurd şəkil alıb. Üçüncüsü, bu etirazlar getdikcə daha çox seçki kampaniyasının tərkib hissəsinə çevirilir. Onlar Ağ Evə rəhbərlik uğrunda yarışın əsas mövzularından birinə, yəni əsl siyasi silaha çevrilir.

Bütün bunların fonunda Amerikanın qaralarla ağlara, yaxud irqçiliyi dəstəkləyənlərlə onun əleyhinə olanlara parçalandığını söyləmək kökündən səhv olardı. İlk növbədə, ona görə ki, indi quldarlıq dövrünün vəhşi düzənini səmimi olaraq dəstəkləyənlər çox deyil. Hər halda, o, milli miqyasda problemdən danışmağa səbəb olacaq dərəcədə heç deyil. Bu gün ABŞ-ın hansı prinsiplərlə bölündüyü aydındır: Trampın tərəfdarları və əleyhdarları. Burada hədəf auditoriya isə heç də afroamerikalılar deyil. Bu vəziyyətdə açar söz «ayrı-seçkilik»dir. Burada afroamerikalının yerində asanlıqla məişət zorakılığına məruz qalmış qadın da ola bilər, LGBT nümayəndəsi də, hindi (yaxud köklü amerikalı – yeri gəlmişkən, onlar bəlkə də afroamerikalılardan daha çox zərər çəkiblər) də, meksikalı da, qaçqın da və s. Əsas odur ki, ayrı-seçkiliyə məruz qalan qrup azlıq olsun və ona qarşı, həqiqətən, sıxışdırma halı baş versin. Lakin söhbət yenə də sıxışdırılma faktından getmir – hətta qaradərili prezident Obama belə, afroamerikalıların durumunun yaxşılaşdırılması üçün xüsusi bir iş görməyib. Problem ondadır ki, cəmiyyətdə hər an gizli etirazçı əhvalı var və maraqlı qüvvə istənilən an onu partlada və sonda öz maraqlarına uyğun istifadə edə bilir.

 

Ağlar, yoxsa qaralar?

Bütün bunların fonunda bir məqam xüsusilə maraqlı görünür. Amerika KİV-nin məlumatına görə, etirazçılar arasında ağdərililər çoxluq təşkil edir. Üstəlik, nümayişlərə çıxanlar arasında maddi durumu yaxşı olan ailələrin övladlarına da çox rast gəlinir. Amerikalı siyasi şərhçi Yin Ma «Washington Examiner»də yazır ki, ABŞ-da əvvəl orta məktəbdə, daha sonra isə universitetdə irqçiliyin və ümumilikdə qeyri-tolerantlığın ən pis iş olduğunu öyrənən yeni nəsil formalaşıb. Bu, Trampın prezidentlik iddiasını ortaya qoyduğu andan ittiham olunduğu cəhətlərdir. Beləliklə, ortaya maraqlı mənzərə çıxır – ABŞ-ın hazırkı prezidenti sanki avtomatik olaraq, bütün Amerikanın lideri olmaq imkanını itirir. Lakin o, özünü ənənəvi dəyərlərə malik «ağ, mühafizəkar və sabit» Amerikanın xilaskarı kimi təqdim etməyə məcburdur.

Bu nöqteyi-nəzəri təsdiqləyən daha bir amil hazırkı etirazların qəribə ifadə forması ilə fərqlənməsidir. Bu ifadə forması təbii sosial etirazlardan çox ciddi düşünülmüş marketinq gedişinə bənzəyir. Məsələn, ağdərili amerikalılar köləliyə etiraz olaraq, qaradərili amerikalılar qarşısında diz çökür, onların ayaqlarını yuyur. Yaxud «HBO Max» «Küləklə sovrulanlar» filmində irqçiliklə bağlı mübahisəli məqamlar olduğunu əsas gətirərək, onu platformadan yığışdırır (sonradan filmi konteksti izah etməklə geri qaytarsa belə). Bu da son deyil. 300-dən artıq incəsənət xadimi Hollivudu polisə mədhiyyə deməkdə, ağdərililərin üstünlüyü kimi mədəni irsi qoruyub saxlamaqda günahlandırır, «PepsiCo»nun sahibi olan «Quaker Oats» şirkəti «Djemayma xala» adlı siropun adını və xarici görünüşünü dəyişmək qərarına gəlir, çünki o, «irqçilik stereotipi»ni xatırladır. Bundan başqa, bütün ölkə boyu Xristofor Kolumb, Konfederasiya Ordusunun generalı, ABŞ-ın ilk prezidenti Corc Vaşinqton, sabiq prezidentlər Endryu Cekson, Avraam Linkoln və Teodor Ruzvelt kimi xadimlərin heykəlləri dağıdılır və vandalizm aktlarına məruz qalır.

Yeri gəlmişkən, qəzəblənmiş kütlənin məntiqini anlamaq çox vaxt çətin olur. Əgər Konfederasiya Ordusunun generalları ilə bağlı məsələ aydındırsa, Kolumbun, xüsusilə ABŞ tarixinin ən məşhur və hörmətli prezidentlərindən olmuş Ruzveltin məsələyə aidiyyətini anlamaq mümkün deyil. İş o yerə çatıb ki, keçmiş pastor, hazırda «Black Lives Matter» hərəkatının fəalı olan Şon Kinq İsa Peyğəmbərin heykəllərində belə, irqçilik əlaməti görür – onlar «ağdərili» olduqları üçün.

KİV və sosial şəbəkələrdə insanların «Black Lives Matter» hərəkatını dəstəkləmədikləri üçün dostlarını necə itirdiklərinə, qohumlarının onlardan necə imtina etdiyinə dair fikirlərə də rast gəlinir. Məsələn, «The Daily Mail» yazır ki, İngiltərənin «Börnli» futbol klubunun tərəfdarı Ceyk Xeppl «Mançester Siti» ilə qarşılaşmada üzərində «Ağların həyatı vacibdir» yazılmış banner qaldırdığından, işini itirib.

Nəhayət, kampaniyaya nəhəng sosial şəbəkələr də kütləvi şəkildə qoşulmağa başlayıb. «Facebook» qaradərililərə məxsus biznes və təşkilatlara 200 milyon dollar yardım etmək niyyətini açıqlayıb. «Facebook» rəhbərliyi sosial şəbəkədə «Lift Black Voices» adlı yeni bölmə də yaratmağı düşünür.

«Microsoft» da bənzər mövqedədir. Şirkət qarşıdakı 5 ildə rəhbərlikdə qaradərililərin sayını 2 dəfə artırmağı planlaşdırır. Lakin belə nüfuzlu şirkət işə qəbulu insanların təhsilinə və təcrübəsinə deyil, dərisinin rənginə görə aparacağını deyirsə, ortaya məntiqli sual çıxır: bu özü ayrı-seçkilik deyilmi? Lap elə «Qara həyat vacibdir» şüarı kimi. Onu «Bütün həyatlar vacibdir» kimi daha məqsədəuyğun, daha insansevər şüarla əvəz etmək daha yaxşı olmazmı? Yaxud qaradərili milyarder Robert Consonun dəri rənginin həlledici prinsip olacağı siyasi partiyanın yaradılmasına çağırışı irqçilik deyilmi? Conson «Black Lives Matter» hərəkatını «bir partiyanın appendiksi olmaqdan və ya digər partiyanın diqqətindən kənarda qalmaqdansa», afroamerikalıların müstəqil partiyasına çevrilməyə çağırır. Bununla yanaşı, o, hesab edir ki, ABŞ hökuməti ölkənin qaradərili əhalisinə 200 illik quldarlıq dövrünün əvəzinə təzminət ödəməlidir, üstəlik, bu təzminat siyasət və ya proqram şəklində yox, nağd pul formasında olmalıdır.

 

Demokratiyadan özbaşınalığa və anarxiyaya

Lakin Amerikada irqi ayrı-seçkiliyə etiraz şəklində keçirilən aksiyaların altında əslində başqa məqsədlərin yatdığını düşünməyə əsas verən başlıca amil polis əleyhinə çağırışlar, bəzi hallarda isə polisin konkret olaraq fəaliyyətsizliyə təşviqidir. Nəticədə, «Black Lives Matter» hərəkatı çox həssas xəttə çatıb – bir tərəfdə hüquq mühafizə orqanlarının qeyri-adekvat güc tətbiqinə etiraz, digər yanda dövlət təhlükəsizliyinə təhdidə çevrilə biləcək vəziyyət. Məsələn, Sietldə etirazçıların bir neçə məhəlləni ələ keçirdiyi və oranı «Kapitoli muxtar zonası» adlandırdığına dair məlumatlar var. Şəhərin «muxtar zona»sının lideri Devid Lüis bildirib ki, onlar Sietlin «muxtar zonası» ABŞ-dan ayırmağı düşünmür. Bununla yanaşı, polis zabitlərinə gərginliyin azaldılması üçün ərazini tərk etmələri əmr olunub. Bu halda «muxtariyyət» ərazisində təhlükəsizliyi, qanunun aliliyini kimin təmin edəcəyi, ümumiyyətlə, orada hansı qanunların işləyəcəyi haqda heç nə deyilmir.

Bu arada, Tramp polisin Konfederasiya Ordusunun generalı Albert Paykın heykəlinin dağıdılmasına imkan verməsini biabırçılıq adlandırıb. O, ABŞ-da abidələrin dağıdılmasına görə 10 ilədək azadlıqdan məhrumetmə cəzasının kəsiləcəyini də bildirib. Bundan başqa, D.Tramp «Twitter» sosial şəbəkəsindəki səhifəsində «daxili terrorçuların Sietli ələ keçirdiyini» yazıb, Vaşinqton ştatının qubernatoru Cey İnsli ilə şəhər meri Cenni Dyurkanı iğtişaşçılarla mübarizə aparmamaqda təqsirləndirib.

Bir qədər sonra prezident Vaşinqtonda Sietldəki kimi «muxtar zona»ların heç zaman olmayacağını, buna istənilən cəhdin qarşısının «ciddi güclə» alınacağını bəyan edib. Dyurkan buna cavab olaraq Trampa «bunkerə qayıtmağı» məsləhət görüb. «Twitter» isə ABŞ prezidentinin «muxtar zonalar»la bağlı tvitinin qarşısına etiraz xəbərdarlığı atıb. Yəni bu tvitin məzmunu insanlar üçün təhlükə yaradır.

Bütün bunları iki cür izah etmək olar: ya demokratiyanın ən yüksək səviyyəli ifadəsi, ya da Amerika şəhər merinin faktiki olaraq, ölkə prezidentinin fikrilə hesablaşmağa ehtiyacın olmadığı bəyanı. Sosial şəbəkələr isə artıq özlərinin də oyun qaydaları müəyyənləşdirə biləcəklərini nümayiş etdirir.

Yeri gəlmişkən, sosial şəbəkələrin oyun qaydalarını dəyişə bildiyini göstərən daha bir fakt: iyunun 20-də Donald Tramp karantinin aradan qaldırılmasının ardından seçkiqabağı kampaniyası çərçivəsində ilk kütləvi görüşünü keçirib. Görüş Oklahoma ştatının Talsa şəhərində baş tutub. O, 2016-cı ildə Hillari Klinton üzərində inamlı qələbəsini məhz bu şəhərdə qazanmışdı. Lakin bu dəfə 19 min nəfərlik «BOK Center» stadionunun tribunalarına cəmi 6,2 min insan toplaşıb. KİV görüşdən sonra yazıb ki, Trampın Talsa şəhərindəki görüşünə bu qədər az adam gəlməsinin səbəbi… yeniyetmələrin və «K-pop» musiqi janrı həvəskarlarının «TikTok» sosial şəbəkəsindəki aksiyası olub. Onlar görüşə getmək fikrində olmasalar da, qəsdən əvvəlcədən stadiondakı yerlərin çoxunu alıblarmış.

Baş verənlərin müxtəlif cür şərh etmək olar. Yaşananların presedentinin olmadığına isə şübhə yoxdur. Versiyalardan birinə görə, polisin fəaliyyətsizliyə çağırılması, ictimai asayişin pozulmasına açıq təşviqi hansı xoş niyyətlə edilirsə edilsin, hədəf noyabrdır. «Reuters/Ipsos» tərəfindən aparılmış sorğu göstərir ki, hazırda demokratların prezidentliyə namizədi Co Bayden Trampı düz 13% üstələyir. Səbəb Trampın koronavirus nəticəsində itirdiyi iqtisadi kozırlardan istifadə edə bilməməsidir. Bundan başqa, demokratlar onu hörmətdən salmaq üçün son dərəcə ciddi kampaniya aparır. Məsələn, prezidentin milli təhlükəsizlik üzrə sabiq məsləhətçisi Con Bolton yazdığı kitabda keçmiş şefi haqda «beynəlxalq siyasət haqda heç nə bilməyən şəxs» kimi danışır. Çinlə ticarət savaşı açmış Tramp Pekinlə əlaqələrdə ittiham olunur. Məsələn, deyilənə görə, Çin hökumətilə əlaqəli şəxslər ABŞ prezidenti Donald Trampa və Respublikaçılar Partiyasının üzvlərinə təsir etmək üçün siyasi ödəmələr edib. Bu da son deyil. İyulun 28-də Trampın qardaşı qızı Meri Trampın «Mənim ailəm dünyanın ən təhlükəli adamını necə yaradıb?» adlı kitabı işıq üzü görməlidir. Vaxtilə Bill Klintona az qala prezidentlik kürsüsü bahasına başa gəlmiş faktlarla müqayisədə, bütün bu ittihamlar daha ciddi təsir bağışlayır və sanki Trampın artıq heç bir şansı qalmayıb. Lakin Amerikada prezident seçkisi sistemi çox qarışılıq olduğundan, o, şansını hələ də qoruyub saxlayır.

 

Qanun-qayda

CNN telekanalı hesab edir ki, Bayden 538 nümayəndədən 400-nün səsini qazana bilər. Bu, milli rekord olardı. Amma bu, hələ Trampın seçkini uduzacağı anlamına gəlmir. ABŞ tarixində namizədlərin bu qədər səs defisitilə qalib gəldiyi seçkilər olub. Bu yerdə ortaya sual çıxır: Tramp seçkini, həqiqətən, qazanarsa, lakin bu, etirazlarla qarşılanarsa, o, necə davranacaq? «Project Syndicate» yazır ki, Tramp administrasiyası ABŞ-da tam antiliberal rejim qurmağa çalışır, ordunu siyasiləşdirir və bunu «qanun-qayda»nın qorunub saxlanılmasının vacibliyinə əsaslandırır. Yazıda bildirilir ki, prezident «quldur» adlandırdığı nümayişçiləri «əzmək» üçün Vaşinqton küçələrinə Amerika Ordusunun 10 min əsgərinin çıxarılmasına çalışıb. Odur ki, etirazların yaşanacağı təqdirdə, Trampın seçiminin o qədər də böyük olmayacağı artıq indidən bəllidir. Ya etirazçıların tələblərinə əməl etmək və təslim olmaq, ya da asayişi məhz güc tətbiqilə qorumaq. Bu zaman o, Amerika liderlərinə heç də xas olmayan avtoritar lider imici qazanacaq, bu isə opponentlərin əlində əlavə kozır olacaq.

Bu siyasi mübarizədə etirazları dəstəkləyən, polisi isə hörmətdən salan zaman unutmaq olmaz ki, ABŞ-da əhalinin əksəriyyətinin odlu silah gəzdirmək hüququ var. Bu, son dərəcə təhlükəli məqamdır. Lap tolerantlıq və ayrı-seçkilik məsələlərindəki gərginlik kimi. Dövlət Departamentində 24 il iş təcrübəsi olan Peter van Buren «The American Conservative»dəki yazısında irqçiliklə bağlı tədqiqatçı İbram Kendinin sözlərini yada salır: «İndi ya irqçi ola bilərsən, ya anti-irqçi. «Qeyri-irqçi» olmaq isə mümkün deyil». Həqiqətən də, ABŞ-ın əksər sakinlərinin ağlına da gələ bilməz ki, «zənci» sözü dünyada kiminçünsə mənfi məna daşımaya bilər, kimsə bu sözə adi, neytral yanaşmağı bacarar. Söhbət, məsələn, hələ Sovet İttifaqı dövründə dəbdə olan «çürüməkdə olan Birləşmiş Ştatlara və kapitalizmə» qarşı təbliğat zamanı Amerikada vaxtilə quldarlığın mövcudluğu faktından istifadədən gedir. Söhbət məşhur «Tom dayının daxması» və «Heklberri Finnin macəraları» kitablarını masaüstü kitab kimi istifadə etmiş şəxslərdən gedir. Onlar üçün annotasiyalarda yazıldığı kimi, gənci Cim və Tom kimi «mehriban, mülayim personajlar» Turgenyevin «Mumu» əsərindəki Gerasimdən fərqlənmirlər və burada dərinin rəngi ümumiyyətlə fərq etmir.

Bəs, ABŞ-da baş verənlər niyə hər birimizə bu qədər toxunur, hər birimizi səbəb və nəticə axtarmağa vadar edir? Çünki Amerika prezidentinin qərarları seçki məntəqələrinə gedərək «lehinə» və ya «əleyhinə» səs verə bilməyən milyardlarla insanın həyatını müəyyən edir. ABŞ o qədər əhəmiyyətli dövlətdir ki, orada yaşananlara fikir verməmək mümkün deyil. Bu üzdən də, insanın ürəyindən amerikalı siyasətçilərə bir məqamı mütləq xatırlatmaq keçir: sosial proseslərin nəzarətdən çıxmaq kimi xüsusiyyəti var.



MƏSLƏHƏT GÖR:

304