27 Aprel 2024

Şənbə, 05:33

«MƏN DÜNYANIN ADAMIYAM»

Fəridə RÜSTƏMOVA: «Land of Fire Orchestra Azərbaycan bəstəkarlarının əsərlərinin populyarlaşmasında gərəkli rol oynayır»

Müəllif:

01.08.2020

Almaniya. Karlsrue. Gənc azərbaycanlı skripkaçı Fəridə Rüstəmova öz daxili aləmini kəşf etmək və dünya klassik musiqisinin ucu-bucağı görünməyən okeanında gizlənən sirləri anlamaq üçün 15 yaşında məhz bu şəhərə gəlib. Niyə Almaniya? Cavab sadədir. Axı, dünyaya Bax, Bethoven, Şubert, Şuman kimi böyük musiqiçilər bəxş edən bu ölkə bütün ölkələrdən və qitələrdən minlərlə istedadı özünə toplayaraq musiqi və önəmli hadisələr mərkəzi hesab olunur.

Hədəf aydındır: not, musiqi savadı və səs xəzinəsinə dərin töhfə vermək, öz izini qoymaq. Beləliklə, Fəridə Almaniyanın Karlsrue şəhərindəki Konservatoriyaya, professor N.Erlixin sinfinə daxil olub və bir neçə il sonra uğurlu karyerasına və beynəlxalq miqyasda tanınmasına görə «Parlayan (yeni) ulduz» dövlət proqramının qalibi olub. Beynəlxalq müsabiqələr laureatı, nüfuzlu musiqi mükafatlarının sahibi, «Land of Fire Orchestra» gənclər kamera orkestrinin konsertmeysteri, Haydelberq şəhərinin opera teatrının musiqiçisi Fəridə Rüstəmova əldə etdikləri ilə kifayətlənmir, əksinə çağdaş pop musiqi koverləri yaradaraq yeni ürəkləri fəth etməkdə davam edir. Çoxtərəflilik! Bu, gənc skripkaçının həyatını öncədən müəyyənləşdirir, maraqlı və dinamik edir. Onun gözlərində parlayan alov və tarixi Vətəninə, ətrafındakı hər şeyə sonsuz sevgi musiqinin və bütün bəşəriyyətin gələcəyinə dərin inam və ümiddən bəhs edir. Fəridə ilə söhbətimiz o qədər dolğun və maraqlı oldu ki, sanki bir anda keçdi...

- Musiqi ilə ilk tanışlığınız necə baş verdi?

- Musiqiyə olan sevgimə görə valideynlərimə borcluyam. Musiqi sahəsində peşəkar olan atam, eyni zamanda filologiya üzrə fəlsəfə doktoru olan anam incə musiqi zövqünə sahib idilər. Bütünlüklə musiqiyə dərindən bağlıyam.  

- 1999-cu ildə siz artıq Bakıda Mstislav Rostropoviçin qarşısında ilk konsertdə çıxış etdiniz. O anda nə hiss etdiniz?

- Çox sevindirici və həm də təəccüblüdür ki, heç bir həyəcanım yox idi. Gözəl anlayırdım ki, dahi bir musiqiçinin önündə ifa edirəm. Bu hadisənin ciddiliyini adam illər sonra anlamağa başlayır. Atdığınız hər addım üçün məsuliyyət daşımağa və qorxularınızla mübarizə aparmağa başlayırsınız.

- Həyat yolunuz sizi Almaniyaya aparıb. Şəxsi və yaradıcı inkişafınızda hansı çətinlikləri aşmalı oldunuz?

- Çətinliklər çox idi: dil bilikləri ilə, əhvalla, maliyyə ilə bağlı. Prinsipcə, yaşayış üçün yeni ünvana köçən bütün insanlar kimi. Başqa bir ölkədə qiymət almaq, dəvət almaq və fəxri mükafatlara layiq görülmək asan başa gəlmir. Musiqi ilə yanaşı, sosial və mədəni töhfələrə görə aldığım mükafatlarla da fəxr edə bilərəm. Qazandığım uğurlar sırasına onu da əlavə edərdim ki, gənc olmağıma baxmayaraq, insanlar məsləhət üçün mənə müraciət edirlər, bu və ya digər mövzularda fikirlərimlə maraqlanırlar. Bütün bunlar mənim daha da güclənməyimə və irəliləməyimə kömək edir!

- Doğrudur ki, Avropaya köçməyinizin səbəblərindən biri məxsus olduğunuz məşhur musiqiçi ailəsinin - Rüstəmovların adından istifadə etməmək istəyiniz olub? Peşəkar uğuru özünüz qazanmaq istəmisiniz?

- Yalnız bu deyil. Əsas istəyim çoxyönlü təhsil almaq, dil öyrənmək idi. Almaniya bütün Avropa ölkələri içində ali musiqi təhsili və klassik musiqi sahələri üzrə ən çox tələbatın olduğu ölkədir. Buraya sözün birbaşa mənasında dünyanın hər yerindən tələbələr gəlir. Burada yaradıcılıq inkişafı, zəngin təcrübə qazanmaq üçün böyük imkanlar var ki, bu da hərtərəfli zənginləşmək üçün çox vacibdir.

- Alman nəşrlərinin birində haqqınızda bəhs edən məqalədə siz Karlsrue, Freyburq və Ştutqart konservatoriyalarının "yüksələn ulduzu" adlandırılırsınız. Sizi bu şəhərlərə nə bağlayır?

- «Rising Star» - Baden-Vürtemberq əyalətinin dövlət proqramıdır və ən istedadlı tələbələri dəstəkləyir. "Parlayan (yeni) ulduz" adı burdandır. Karlsrue, Freyburq və Ştutqart konservatoriyalarının və şuranın (sponsorlar, mətbuat, televiziya, menecerlər, siyasətçilər) professorlarından ibarət olan komissiya üzvləri konservatoriyanın bir nümayəndəsini seçirlər. Bu, uğurlu karyerası olan və beynəlxalq səviyyədə tanınan bir magistratura və ya doktorantura tələbəsi olmalıdır. Proqramın şərtlərinə görə, seçilmiş tələbə üçün üç konsert: solo, kamera və simfonik orkestrin iştirakı ilə təşkil olunur, sonuncusu radioda yayımlanır. Məhz mənim "parlayan ulduz" olmağa şansım oldu. Mənimlə birlikdə təşkil olunan konsertlərdə Freyburqdan bir pianoçu və Ştutqartdan olan bir akkordeonçu iştirak edirdi. Belə bir layiqli səviyyədə çıxış etmək böyük şərəf və böyük məsuliyyət idi. Qeyd edək ki, konsert SWR2 alman radiosunda yayımlanıb.

- Filarmoniya Orkestri və maestro Ziqfridlə əməkdaşlığınız yaddaqalan oldu...

- 2017-ci ildə dirijor Ziqfrid Vestfal məni Almaniyanın önəmli səhnələrində Jan Sibeliusun konserti ilə üç dəfə çıxış etməyə dəvət etdi. Məni gənclər simfonik orkestri müşayiət edirdi. Bu, bəlkə də, orkestrlə işimin ən yaddaqalan və parlaq mərhələsidir. Onlarla birgə çıxış etmək mənim üçün çox maraqlı və xoş oldu.

- İcazə verin sizi təbrik edək. 2019-cu ildən bu yana Almaniyada yaşayan azərbaycanlı musiqiçilərin daxil olduğu «Land of Fire Orchestra» kamera orkestrinə rəhbərlik edirsiniz. Orkestrin yaradılmasında əsas ideya nədir?

- 2018-ci ildə Ştutqartda çıxış edirdim, alman toplumunun məşhur nümayəndələrinin, siyasətçilərinin, ictimai xadimlərinin, idmançıların və s. dəvət olunduğu bir konsert idi. Qonaqlar arasında Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer də vardı və mənim çıxışımdan heyran oldu. Konsertdən sonra onunla tanış olduq və onda bir orkestr yaratmaq ideyası yarandı. Məndən soruşdu ki, heyət yığıb konsertmeysterlik edə bilərəmmi. Mən Almaniyada yaşayan və ya burada oxuyan bütün soydaşlarımıza zəng etdim, uşaqları bir yerə yığdım, notları toplayıb bir proqram hazırladım və 2019-cu ildən bizim kamera orkestri «Land of Fire Orchestra»nın varlığı başladı. Bu təşəbbüs Heydər Əliyev Fondu tərəfindən də bəyənildi.  

- Orkestr qazandığı hansı uğurlarla öyünə bilər?  

- 2019-cu ilin dekabr ayında ilk konsertimiz Ştutqart şəhərində Raythallda baş tutdu. Bizim musiqi gecəmizdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Fridlind Qurr-Hirş landtaqının üzvü, Almaniya Azərbaycanlılar Alyansının sədri Yaşar Musayev, Ştutqartdakı «Toto-Lotto GmbH» nümayəndəliyinin direktoru Georg Vaker, Almaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin nümayəndələri və digər hörmətli qonaqlar iştirak etdilər. Qeyd etmək istərdim ki, bizim orkestrin repertuarı yetərincə genişdir - Vivaldidən tutmuş bütün Azərbaycan bəstəkarlarına qədər. Bu konsertin proqramını tərtib edərkən həm Azərbaycan müəlliflərinin, həm də dünya klassiklərinin əsərlərini ifa edə biləcəyimizi göstərmək istədik. Bundan əlavə, belə konsertlər mədəniyyət ünsiyyət və xalqlar arasında dostluq körpülərinin möhkəmləndirilməsi üçün fürsət yaradır.  

Debüt konsertində Üzeyir Hacıbəyov, Qara Qarayev, Səid Rüstəmov və Aqşin Əlizadə kimi Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Sonra ilk dəfə babam Səid Rüstəmovun mahnılarını skripka ilə orkestrdə ifa etdim. Solo kimi skripkanın ifası səslənirdi. Avropa bəstəkarlarına gəldikdə isə, Motsartın və Bethovenin əsərləri ifa edildi. Orkestr Bethovenin "Sevincə" odasını çalmağa başlayanda bütün tamaşaçılar ayağa qalxdılar və əsəri bütünlüklə ayaq üstə dinlədilər. Alman ictimaiyyətinin belə bir isti münasibətini görməkdən inanılmaz dərəcədə məmnun olduq.

Debüt uğurlu alındı. Orkestrin səfirliyin və fəxri konsulluğun rəsmi tədbirlərində iştirak etməsi planlaşdırılır. Bu təşəbbüs, şübhəsiz ki, dünya klassik musiqisinin və Azərbaycan bəstəkarlarının əsərlərinin qlobal miqyasda populyarlaşmasında mühüm rol oynayacaq. Alman ictimaiyyətinin hörmətli konsulumuz Otto Hauzerin konsertdəki nitqinə necə isti reaksiya verdiyini xatırlayıram, o, öz soydaşlarını zəngin Azərbaycan mədəniyyəti ilə tanış etdi, Azərbaycan haqqında danışdı.

- Babanız - görkəmli bəstəkar, Azərbaycanın xalq artisti Səid Rüstəmov sağ olsaydı uğurlarınızla fəxr edərdi! Onun yolunu davam etdirərək öz əsərlərinizi bəstələmək istəyiniz varmı?

- Digər bəstəkarların arasında babamın əsərlərini ifa etmək mənim üçün xüsusi bir şərəfdir. Tanınmış motivlər əsasında improvizasiya işlərinə xüsusi diqqət yetirirəm, onların üzərində işləyəndə və onlara yeni nəfəs verəndə inanılmaz zövq alıram, Ancaq hələ ki, öz əsərlərimi bəstələməyə elə də istəyim yoxdur. Başqa bəstəkarlarla tərəfdaşlıq, zəhmət, birgə işdən yeni duyğular - bunlar məni ruhlandırır və müsbət əhval bəxş edir.

- Müəlliminiz Zəhra Quliyeva ilə yanaşı bizim yerli musiqiçilərimizlə də əməkdaşlıq edirsinizmi?

- Həmvətənlərimə və istedadlı musiqiçilərə hörmət edirəm, onlarla birgə işləməyi sevirəm. Bülbül adına musiqi məktəbindən sinif yoldaşlarımla və müəllimlərimlə əlaqə saxlayıram. Gələcəkdə bizim musiqiçilərimizdən çox adamı qonaq, ya da solist kimi konsertlərə və ya hansısa bir layihəyə dəvət etməyi planlaşdırıram. Məsələn, Mustafa Mehmandarovu, Fuad İbrahimovu. Fərhad Bədəlbəylinin, Murad Adıgözəlzadənin adlarını qeyd etməyə bilmərəm, onlara böyük sevgim var və yaradıcılıqlarına heyranam. Böyük ürəyi olan bu zəhmətkeş musiqiçilər çox cəhətdən və böyük hərflə yazılan şəxsiyyətləri ilə mənim üçün bir örnəkdir.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, təhsilinizi başa çatdırdıqdan sonra biliklərinizi gələcək nəsillərə ötürmək üçün Bakıya köçməyi planlaşdırırsınız. Bu mövzuda planlarınız dəyişməyib ki?

- Mən gerçəkdən müəllim peşəsini çox sevirəm. Diplomum artıq professor adını qazanmağa imkan verir. Mən hər il Ştutqart, Karlsrue konservatoriyalarından qonaq cunior-professor kimi dəvət alıram. Bu çərçivədə Daşkənd konservatoriyasında verdiyim master-klassları qeyd etmək önəmlidir. Çox uğurlu keçdi və mənim yaradıcılığıma öz töhfəsini verdi. Yaşamağım üçün hansı ölkənin seçilməsinə gəlincə, bu sual hələ də açıqdır. Mən dünyanın adamıyam. Seçəcəyim ölkəni orada olduğum zaman planların, layihələrin sayına, həmçinin iş yükünə görə seçəcəm.

- Daşkənd səfəri sizin yalnız master-klassla deyil, həm də «Qlobal Musiqi Partnerşip-2019»da Qran Pri mükafatını qazanmağınızla yaddaqalan oldu...

- Mən 2019-cu ilin dekabr ayında Özbəkistana böyük məmnuniyyətlə səfər etdim, orada müsabiqə laureatlarının konserti baş tutdu. Dövlət Simfonik Orkestri ilə birlikdə "Türkistan Holl"nda çıxış etdim, bundan sonra fəxri mükafat verildi. Qeyd etdiyiniz kimi, mən Qran Pri mükafatına layiq görüldüm. Çox isti ölkə və qonaqpərvər xalqdır. Özbəkistanda insanlar çox mehribandırlar və bizim xalqımız barədə böyük sevgi ilə danışmaları sevindiricidir.

- Yaradıcı fəaliyyətinizi təhlil edəndə görürük ki, bir tərəfdən siz klassik məktəbə hörmət bəsləyən bir ifaçısınız, digər tərəfdən Dua Lipa və ya Tones and I kimi musiqi koverlərinin çağdaş cəsarətli ifaçısısınız. Hər iki "mən"inizə uyğun olmağı necə bacarırsınız?

- Haqlısız. Həm klassik, həm də pop musiqini sevirəm. Mən çağdaş gənc nəsilə aidəm. Buna görə də zamanla ayaqlaşmağa, həzz aldığım yüksək keyfiyyətli pop musiqi dinləməyə çalışıram. Klassik musiqiçilərdə, təəssüf ki, daha çox mühafizəkarlıq, düz xətlilik və subyektiv düşüncə, çoxlu (çox vaxt yerinə düşməyən) tənqid var. İnsan havaya ehtiyacı olduğu kimi, mənim də pop musiqinin yüngüllüyünə və avanqardlığına ehtiyacım var. Yeri gəlmişkən, bugünkü gənclərlə ünsiyyət qurmaq, pop musiqinin klassik ifası və ya klassik musiqinin çağdaş musiqi ilə birləşməsinin yardımı ilə onlarla yaxın olmaq daha asandır. Etiraf edirəm ki, çox sayda gəncin diqqətini pop musiqi ilə qazanmağı bacarıram, artıq məni daha yaxşı tanıdıqdan sonra maraq naminə klassik konsertlərimə gəlirlər. İnanmazsız, sonra bu janra rəğbət göstərməyə başlayırlar. Bu çox əladır (gülür).

- Musiqi düşüncələrin əksidir. Sizin musiqiniz hansı fikirləri özündə təcəssüm edir?

- Mənim üçün əsas olan bəstəkarın əsaslandığı ideyadır. Axı, başlıca məsələ yaradıcılığımızla nəyi çatdırmaq istədiyimizdir. Orkestr ilə ifamı izah edən doktor Yötker Halle yazırdı ki, mənim çıxışımda heç vaxt özünə vurğunluq və ya özünü təqdimat eşitməyib. Hər şey, ilk növbədə, müəllifin fikirlərini tamaşaçıya çatdırmaq məqsədi daşımalıdır.

- Alman mediasının sizə olan marağını fəaliyyətinizlə bağlı alman telekanalının reportajından da izləmək olar. Səhv etmiriksə, bu yerli kanalların ekranlarında ilk görüntünüz deyil ...

- Haqlısınız, Avropa proqramlarına və telekanallarına tez-tez dəvət alıram. Televiziyada görünməyi və insanlarla ünsiyyət qurmağı çox xoşlayıram.

- Həmişə pozitivdə və daim əla əhvalda olmağınıza, parlaq enerji saçmağınıza nə kömək edir?

- Sadə həyat qanununu anlamaq: düşüncələrimiz bizi və taleyimizi idarə edir, bugünkü reallığı yaradır. Bizim çox az zamanımız var, sevgi qazanmaq və insanlara bəxş etmək istəyirəm. Ətrafa pozitiv bağışlayanda dəfələrlə artığını geri alıram. Həyatdan və xırda şeylərdən zövq alıram. Sirr deyil ki, hər bir insan başa düşülməsini və sevilməsini istəyir. Hər kəsə hörmətlə yanaşıram, çünki başa düşürəm ki, hər kəsin öz təcrübəsi, öz çətinlikləri var və onlar ilə sonsuz mübarizə aparır. Mən hətta qəddar və ziyankar insanlara anlayışla yanaşıram, çünki onlar üçün də asan deyil. Ancaq heç kimə məni incitməyə icazə vermirəm.

- Fransız yazıçısı Jan Kokto deyib: “Virtuozlar musiqiyə xidmət etmir. Onlar musiqini özlərinə xədmət etdirirlər”. Siz musiqini özünüzə xidmət etdirə bildinizmi?

- Nə gözəl sözdür! Gözəl məktəbimin və müəllimlərim İlham Ağayevin, mərhum Bayandur Mehdiyevin, sevimli Zəhra xanım Quliyevanın və Almaniyadakı müəllimlərimin, özəlliklə hörmətli İosif Rissinin sayəsində bu gün rahatlıqla deyə bilərəm ki, mənim üçün heç bir texniki və virtuoz çətinlik yoxdur. Mən alət və texnikadan tam rahat bəhrələnirəm, istədiyim hər şeyi çalarkən özümü əmin hiss edirəm. Bu, mənim üçün bütün imkanları açan böyük bir uğurdur.

- Durğunluqla qarşılaşdıqda sizin musiqi bunu necə keçirir?! Məsələn, pandemiya ilə!?

- Susmur... (gülümsəyir). "Durğunluq" zamanı bir neçə video çəkmişəm, yeni layihələrin hazırlanması və gerçəkləşdirilməsi ilə məşğulam. Almaniyada musiqi dünyası tədricən böhrandan uzaqlaşır. Konsertlər açıq havada kiçik heyətlə və az sayda qonaqla keçirilir. Xoşbəxtlikdən, hər şey uğurlu bir bərpaya doğru gedir.

- Pandemiya başa çatdıqdan sonra Bakıda sizi nə ilə gözləyək?

- Konsertlərlə. Hamını görmək və gözəl musiqi ilə sevindirmək istəyirəm. Oxucularınıza cansağlığı arzulayıram, özünüzü qoruyun! Biz bacaracağıq! Virtual olsa da, xoş söhbət üçün çox sağ olun.



MƏSLƏHƏT GÖR:

272