15 Avqust 2020

Şənbə, 03:13

VALYUTA

YENİ OYUN QAYDALARI

Türkiyənin ölkə xaricində hərbi fəallığını bərpa etməsi dünya güclərini regional məsələlərdə Ankara ilə hesablaşmağa məcbur edib

Müəllif:

01.08.2020

Türkiyə Cümhuriyyəti yarandıqdan sonra uzun müddət ölkə xaricinə hərbi qüvvə çıxarmayıb. Quruluş dövründə xarici işğala qarşı qurtuluş müharibəsi aparan Cümhuriyyət Türkiyəsi sonrakı illərdə həm coğrafi, həm də siyasi səbəblərdən xarici siyasətdə ehtiyatlı olub.

Bu səbəbdən də, 1974-cü il Kipr əməliyyatına qədər Cümhuriyyət Türkiyəsi yalnız bir dəfə 1950-ci ildə Koreya müharibəsinə ordu göndərib. Kipr problemi hələ də siyasi həllini tapmadığı üçün Türkiyə ordusunun böyük bir kontingenti (təxminən, 40 min nəfərlik – K.R.) hələ də Kiprdə yerləşir.

1970-ci illərin sonu 80-ci illərin əvvəllərində Türkiyə, Suriya və İraq ərazisində separatçı kürd terror qrupları meydana çıxır. Bu qruplara qarşı mübarizə üçün Türkiyə ordusu 1983-cü ildən bu günə qədər onlarla sərhədaşırı əməliyyat keçirib.

Ancaq istər 1974-cü il Kipr əməliyyatı (Kıbrıs Barış Harekatı), istərsə də 1980-ci ildən bu günə qədər davam edən sərhədaşırı PKK əməliyyatları bir regional dövlətin maraqlar mübarizə deyil, bilavasitə ölkənin təhlükəsizliyini təhdid edən terrora qarşı zəruri əməliyyat və yaxud da yenə sərhədlərin yaxınlığında türk azlığın soyqırımına məruz qalmasından qorumaq üçün həyata keçirilən əməliyyatlar idi.

 

XXI əsrin çağırışları

Bu gün isə Türkiyə artıq 20-ci əsrin Türkiyəsi deyil. Rəsmi Ankara son illərdə regional siyasi-hərbi proseslərdə aktiv şəkildə iştirak edir, Yaxın Şərq, Afrika regionunda aktiv oyunçu kimi çıxış edir.

Dörd il əvvəl, 2016-cı il avqustun 24-də, 15 iyul qiyamından cəmisi 40 gün sonra Türkiyə ordusu sürətli hazırlıqdan sonra Suriya ərazisinə daxil olaraq İŞİD və Suriyadakı kürd silahlılarına qarşı sərhədaşırı əməliyyatlara başladı. 5 ay davam edən “Fırat kalkanı” əməliyyatı Türkiyənin sərhəddən kənarda ilk dəfə geniş miqyaslı əməliyyatı idi. Bundan sonra Türkiyə 3 il ərzində Suriyada daha iki əməliyyat – “Zeytin dalı” və “Barış pınarı” – keçirdi.

Əslində, Türkiyənin Suriya ərazisinə hərbi müdaxilə təklifləri 2012-ci ildən mövcud idi. Ancaq həmin vaxt Ankara buna getmədi. Çünki mövcud müttəfiqlərin təzyiqi, daxili və xarici siyasətində şərtlər imkan vermirdi. 2016-cı ildə Suriyada İŞİD və PKK-ya qarşı geniş miqyaslı sərhədaşırı əməliyyata qərar verəndə adları çəkilən terror qruplaşmaları paytaxt Ankara da daxil olmaqla ölkənin bütün regionlarında ardıcıl terror aktları törətmiş, FETÖ qruplaşması siyasi hakimiyyəti devirməyə cəhd etmişdi. Belə bir həssas və mürəkkəb bir vaxtda Ankara xarici əməliyyatlara start verdi.

Yəni artıq hücum taktikasına keçmək bir mənada zərurətə çevrilmişdi. AKP strateqləri düşünürdü ki, uzun illər davam edən müdafiə taktikası Türkiyəni özünə qapanan dövlətə çevrilib. Artıq bu siyasətdən imtina edib hücum siyasəti aparmağın vaxtı gəlib. Sürətlə böyüyən Türkiyə rəqibləri ilə ölkə daxilində deyil, xaricdə, geniş və qarışıq Yaxın Şərqin fərqli nöqtələrində qarşılaşarsa daha şanslı ola bilərdi. Bunun ən parlaq nümunəsi İran idi. Bu hesab tutdu və FETÖ-nün uğursuz 15 iyul qiyamından dərhal sonra Türkiyə “oyunu” sərhədlərindən kənara çıxarmağa qərar verdi.

Əlbəttə, Türkiyə Koreya, Kipr və İraq əməliyyatları ilə yanaşı beynəlxalq koalisiyanın tərkibində Balkan münaqişəsində, 11 sentyabrdan sonra Əfqanıstanda, eləcə də 2006-cı il Konqoda seçkilər, 2007-ci ildə isə Livanda BMT sülhməramlıları tərkibində hərbi qüvvə göndərib. Lakin bütün bunlar məhdud və beynəlxalq koalisiyalar tərkibində olan əməliyyatlar idi. Amma indi situasiya fərqlidir və Türkiyə hərbi-siyasi prosesin tərəfi, masadakı əsas oyunçu kimi çıxış edir. Məhz hücum taktikası nəticəsində 2016-cı ilə qədər Suriyada sadəcə beynəlxalq koalisiyanın “arxa cəbhəsi” kimi çıxış edən Türkiyə, hazırda masa arxasındakı əsas hərbi-siyasi oyunçulardan biridir. Hər kəs bunu qəbul edir.

Türkiyənin Suriya ərazisində həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 216 gün davam edib və 2017-ci il martın 29-da başa çatıb. Bu əməliyyat nəticəsində Suriyanın şimalında Azez-Cerablus arasında 100 km uzunluğunda və Əl-Bab şəhərinə qədər dərinlikdə, təxminən, 5 min kv.km ərazi azad edilib. Əməliyyat dövründə 67 Türkiyə hərbçisi və 600 Azad Suriya Ordusu döyüşçüsü həlak olub. Eyni zamanda 3 terrorçu öldürülüb. Həmin ilin payızından etibarən Türkiyə ordusu və Suriya müxalif qüvvələri azad edilən ərazilərdə nəzarət həyata keçirməyə başlayıb.

Türkiyənin Suriyadakı ikinci əməliyyatı olan “Zeytin dalı” 2018-ci il yanvarın 20-də başlayıb. Suriyanın kürdlərin nəzarətində olan Afrin rayonunda həyata keçirilən bu əməliyyat nəticəsində Afrin martın 18-də kürdlərdən alınaraq ASO-nun nəzarətinə verilib. Bu əməliyyatda 46 Türkiyə hərbçisi öldürülüb, 3603 terrorçu məhv edilib.

Ankaranın Suriyada üçüncü hərbi kampaniyası kürdlərin nəzarətində olan şimal-şərq rayonlarında həyata keçirilib. 2019-cu il oktyabrıən 9-da başlayan bu əməliyyat “Barış pınarı” adı alıb və Suriya-Türkiyə sərhədinin böyük bir hissəsinin kürdlərdən azad edilməsi ilə başa çatıb.

Həmçinin bu ilin fevralında keçirilən İdlib əməliyyatı Türkiyənin Suriyada hazırda, xüsusən də şimal rayonlarında faktiki olaraq hərbi-siyasi müxalifət üzərində təsirə malik, quru ərazilərə nəzarət edən aktiv oyunçuya çevrilib. Məhz bu səbəbdən də həm ABŞ, həm də Rusiya və İran indi Ankara ilə hesablaşmağa, masada razılaşmağa məhkumdur.

 

Liviya kampaniyası

Türkiyənin hazırda ən aktiv rol aldığı Yaxın Şərq münaqişələrindən biri də Liviyadır. 2019-cu il noyabrın 28-də Liviyanın Milli Saziş Hökuməti ilə imzalanan hərbi əməkdaşlıq sazişi Türkiyənin Liviyaya məhdud sayda hərbi təlimatçılar göndərməsinə imkan verirdi. 2020-ci il yanvarın 2-də Türkiyə parlamenti Liviyaya hərbi qüvvə (təlimatçılar) göndərilməsi ilə bağlı qərar layihəsini səsə qoyaraq qəbul etdi. Tezliklə bu qanuna əsasən Türkiyə Liviyaya hərbi təlimatçılar və MSH qüvvələrinə silah və texnika yardımı etməyə başladı. Türkiyənin dəstəyi cəbhədə tezliklə öz sözünü dedi və faktiki olaraq Tripoli ətrafında olan general Xəlifə Həftərin qüvvələri mayın sonunda artıq Tripoli ətrafını itirmişdi. Hazırda isə MSH qüvvələrin ölkənin mərkəzində yerləşən liman şəhəri Sirtə və hərbi hava bazasının yerləşdiyi Cufra şəhərini mühasirəyə alıb.

Liviyada hərbi-siyasi kampaniyanın necə başa çatacağını demək çətindir. Amma fakt odur ki, hazırda Ankara Liviyada iki əsas tərəflərdən birinin himayəçisi rolunda çıxış edir və dünyanın lider dövlətləri Ankara ilə masada hesablaşmağa məcburdur. Əgər Liviya kampaniyası uğurla başa çatsa, o zaman Türkiyə Liviya vasitəsilə Aralıq dənizinin şərqində əsas güc mərkəzi olacaq.

Hazırda Türkiyənin 3 qitədə 10-dan çox ölkədə hərbi bazaları mövcuddur. Bu bazaların ən böyüyü Şimali Kiprdə yerləşir. 1974-cü il iyulun 20-də Kiprə hərbi qüvvə göndərən Türkiyə təhlükəsizlik səbəbindən hələ də ada 40 minə yaxın silahlı birləşmə saxlayır. Bu, Türkiyənin ölkə sərhədlərindən kənarda ən böyük hərbi bazası hesab olunur.

Türkiyənin sərhədlərindən kənarda daha bir hərbi bazası Afrikada – Somalidə yerləşir. Somalidə 2 min nəfərə yaxın Türkiyə ordusu hərbi qulluqçusu xidmət edir. Bundan başqa Moqadişuda yerləşən hərbi məktəb və gizir hazırlayan kurslar da Türkiyə ordusu təlimatçılarının nəzarəti altında fəaliyyət göstərir.

Suriyanın İdlib vilayətində 12 atəşkəsə nəzarət məntəqəsində Türkiyə ordusu qüvvələri yerləşdirilib. Ümumilikdə, bu məntəqələrdə 5 min Türkiyə ordusu hərbçisinin olduğu güman edilir.

Digər bir qonşu ölkə İraqda isə Türkiyənin dayanıqlı olaraq 2500 hərbçisinin olduğu güman edilir. Təxminən, 10 hərbi bazada yerləşən Türkiyə hərbçiləri əsasən İŞİD-ə qarşı mübarizədə tayfa qüvvələrinə təlim keçib. Ən böyük təlim düşərgəsi Başika düşərgəsi ilə bağlı Bağdad və Ankara arasında münaqişə çıxsa da, Türkiyə ordusu varlığını hələ də qoruyur.

Albaniyada Türkiyə ordusunun 24 hərbçisinin olduğu güman edilir. Bu qüvvələr Adriatik dənizi sahilində yerləşən Paşalimanı hərbi dəniz bazasında yerləşib. Bundan başqa, NATO əməliyyat donanması tərkibində Adriatik dənizində xidmət edən Türkiyəyə məxsus TCG “Sokullu Mehmet Paşa” və TCG “Akçakoca” adlı hərbi gəmilər də Albaniya sahillərində lövbər atıb.

Livanda isə BMT sülhyaratma missiyası tərkibində 100 Türkiyə ordusu hərbçisi xidmət edir.

Türkiyənin hazırda ərəb ölkələri arasında ən yaxın müttəfiqi hesab olunan Qətərdə 300 hərbçisi var. Türkiyə ilə Qətər arasında hərbi əməkdaşlıq sazişi daha əvəl bağlansa da, 2017-ci ildə körfəz ölkələrinin Qətəri blokadaya almasından sonra Türkiyə bu ölkəyə hərbi qüvvə göndərib. Bununla da, Qətərdə hərbi çevriliş olacağı ilə bağlı iddialar ciddi ölçüdə zəifləyib. Hazırda Qətərdə Türkiyə ordusunun istifadəsində olan “ər-Rayyan” hərbi bazasının tutumu 4 min nəfərə qədərdir.

Bosnya-Herseqovinada isə Türkiyə ordusunun hələ də 250 hərbi qulluqçusu qalır. Kosovoda isə 400 Türkiyə hərbçisinin olduğu bilinir. Əfqanıstanda isə NATO missiyası tərkibində 2 min Türkiyə ordusu hərbçisi var. Konqoda isə hələ də 17 türkiyəli hərbçi qalır. Bundan başqa, Sudan, Gürcüstan və Azərbaycanda da Türkiyə ordusu personalının olduğu haqda mənbələrdə məlumatlar gedir. Həmçinin beynəlxalq missiyanın tərkibində Mali və Mərkəzi Afrika Respublikasında Türkiyə ordusu hərbçiləri mövcuddur.

Türkiyənin ən sonuncu hərbi iştirak qərarı verdiyi Liviyadakı hərbi personalın sayı haqda heç bir mənbədə dəqiq bilgi yoxdur. Hazırda faiz nisbəti ilə Türkiyə ordusu ABŞ-dan sonra ən çox hərbçisi xarici ölkələrdə xidmət edən ordudur. 2016-cı ilin hesablamalarına görə Türkiyə ordusunun aktiv qüvvələrinin 13,2 faizi ölkə sərhədlərindən kənardadır.

Məhz bu siyasətin nəticəsində faktiki olaraq ölkə daxilində xarici dövlətlərin təsiri altında olan terror qruplaşmaları ciddi şəkildə zəifləyib. Vaxtaşırı əməliyyatlar keçirən Türkiyə hökuməti qüvvələri terror yuvalarını sıradan çıxarır. İndi 5 il əvvələ qədər olduğu kimi, Türkiyənin daxilindəki vəziyyət deyil, onun regionda iştirak etdiyi kampaniyalar müzakirə olunur. Vaxtaşırı Ankaraya gələn ABŞ, Aİ, Rusiya və digər ölkələrin hərbi və siyasi xadimləri Ankara ilə regional məsələləri müzakirə edir. Bu, təkcə 5 il əvvəlki vəziyyətlə müqayisədə ciddi dəyişiklikdir.

Lakin təbii ki, böyük siyasət həm də böyük düşmənlər deməkdir. İndi Ankaranın həm Yaxın Şərq regionunda, həm də kənarda ciddi rəqibləri var. Son dövrün hadisələri göstərir ki, artıq Ankara əvvəlkindən fərqli olaraq xarici əməliyyatlarda daha təcrübəlidir. Lakin istənilən halda böyük siyasət həm də ciddi risk deməkdir.



MƏSLƏHƏT GÖR:

14