27 Aprel 2024

Şənbə, 01:35

SAĞLAMLIQ UĞURUN RƏHNİDİR

Fərid MANSUROV: “Sağlamlığımızı qoruya bilsək, idmançılarımız yenidən böyük qələbələr qazanacaq”

Müəllif:

01.09.2020

Bütün dünyanı cənginə alan koronavirus pandemiyasının idmana vurduğu zərbə uzun müddət təhlil ediləcək. COVİD19 səbəbindən planetin əksər yarışları təxirə salındı, digərləri ləğv edildi. Pandemiya bütün idmançıların planlarını pozdu. Məhz pandemiya səbəbindən futbol üzrə Avropa Çempionatı, Formula -1, Tokio Yay Olimpiya və Paralimpiya Oyunları növbəti ilə keçirildi.

Azərbaycan idmanı pandemiyaya görə təqvimdə dəyişiklik etməyə məcbur oldu. COVİD19 ölkəmizdə keçirilməli olan bütün yarışları təxirə saldı. Tokio Olimpiadasına hazırlaşan idmançılarımız təlim-məşqlərini başqa vaxta keçirdi. Sözsüz, pandemiya bəzi idmançıların geriləməsinə, digərlərinin karyerasını bitirməsinin səbəbkarına çevrildi.  

Karantin dövründə idman ictimaiyyətini diqqətdə saxlayan Gənclər və İdman Nazirliyi onlayn rejimdə yarışlar, eləcə də digər layihələr reallaşdırdı. Nazirlər Kabineti yanında Operativ Qərargah açıq havada məşqlərə icazə verəndən sonra idmançılar üçün hazırlıq planı yaradıldı. “R+” karantinin ölkə idmanına təsiri barədə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəhbəri, yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovla müsahibəni təqdim edir.

- Fərid müəllim karantin Azərbaycan idmanına necə təsir etdi?

- İdmançı daim hərəkətdə olmalıdır. Özüm keçmiş idmançı olduğum üçün mütəmadi məşqlər, yoxlama görüşlərində olan insanın bir müddət bunlardan uzaq qalmasının fəsadını yaxşı bilirəm. 2020-ci il təkcə Azərbaycanda deyil, dünyadakı yarışlara da təsir etdi. Amma bilirik ki, bütün bunlar sağlamlıq üçün edildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, insanlarımızın sağlamlığı hər şeydən vacibdir. Dövlətimiz bizləri qorumaq üçün vaxtında lazımi addımlar atdı. Məhz dövlət başçısının səyləri nəticəsində Azərbaycan hazırda koronavirusdan mümkün qədər az itkilərlə çıxmağa çalışır. İspaniya, İtaliya, Almaniya, Portuqaliya kimi ölkələrdə baş verənləri izlədik. Azərbaycanı və azərbaycanlıları acınacaqlı vəziyyətdən qorumaq üçün bir müddət qapanma yəni evdə qalmaq vacib idi.

COVİD 19-a görə Azərbaycanda keçirilməli olan gimnastika üzrə çempionatlar, karate üzrə Avropa çempionatı, Formula 1, şahmat üzrə Vüqar Həşimov Memorialı və digər yarışlar təxirə salındı. İdmançılar bir neçə ay karantin şərtlərinə əməl edərək evdə qalmalı oldu. Bu vəziyyətdə idman ictimaiyyəti yumruq kimi birləşərək Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etdi. Əsas sağlamlıqdır. Sağlamlığımızı qoruya bilsək, idmançılarımız yenidən böyük qələbələr qazanacaq.

- Karantində Gənclər və İdman Nazirliyinin fəaliyyəti necə davam etdi?

- Gənclər və İdman Nazirliyi onlayn rejimdə fəaliyyətə keçdi. Yəni internet üzərindən layihələr reallaşdırdıq. Gənclər və İdman naziri Azad Rəhimovun tapşırığına əsasən internetdə yarışlar təşkil olundu, sosial çarxlar hazırlandı. Nazirlik və Azərbaycan Televiziyasının birgə təşkilatçılığıyla “Evdə qal, idmansız qalma” telelayihəsi reallaşdırıldı. Azərbaycan Olimpiya Odisseyası layihəsi çərçivəsində məşhur idmançıların gənclərlə onlayn görüşü təşkil edildi. İdman Ensiklopediyası çərçivəsində idmançılarımız barədə qısametrajlı videoçarxlar çəkildi. Azərbaycan İdman Könüllüləri İctimai Birliyi ilə birgə “Maskadan istifadə et” və “Sosial məsafə gözlə” şüarıyla sosial maarifləndirmə aksiyaları keçirildi. “Sözümüz gənclərə”, “Həyatını idmanla yaşa” videoçarxları hazırlandı.  

Bunlardan başqa kapoeyra, karate-do, futbol üzrə internet üzərində yarışlara dəstək olduq. Pandemiya internetdə şahmat turnirlərinin artmasına təsir etdi. Bəlkə, yeganə şahmat yarışları pandemiya dövründə dayanmadı. Təqvimlə nəzərdə tutulan turnirlər təxirə salınsa belə şahmatçılar onlayn yarışlarda mübarizə apardı. Azərbaycan Şahmat Federasiyasıyla birgə şahmat üzrə Azərbaycan Kuboku, “İpək Yolu Kuboku” keçirildi. Qadın şahmatçılar Ukrayna yığmasıyla, kişi qrossmeysterlərimiz isə Türkiyə yığmasıyla yoxlama görüşündə qarşılaşdı. Yeri gəlmişkən, hazırda şahmatçılarımız ilk dəfə keçirilən Onlayn Şahmat Olimpiadasında çıxış edir.

- Bütün yarışlar internetdə keçirildi. Karantindən öncə internetə bu qədər vaxt ayırırdınız?

- Əlbəttə, yox. İnternet müasir həyatımızda mühüm yer tutur. Məlumat mübadiləsi zamanı elektron poçtdan istifadə edirik. Eyni zamanda xarici ölkədəki həmkarlarımızla məhz internet vasitəsilə əlaqə qururuq. Pandemiya dövründə internetdə yarışlar, görüşlər, iclaslar keçirməyə məcbur olduq.

- Nazirlər Kabineti yanında Operativ Qərargah avqustun 10-dan etibarən açıq havada idman yarışlarına və məşqlərə icazə verdi. Bundan sonra nazirlik hansı qərarlar qəbul etdi?

- İdman növləri üzrə yığma komandalarımız üçün məşq etməyə şərait yaratdıq. İlk növbədə, güləş, cüdo, karate – yəni yaxın gələcəkdə böyük yarışlarda iştirakı gözlənilən komandalarımızın hazırlığını bərpa etdik. Gimnastika üzrə müxtəlif yığma komandaların açıq havada məşqi bərpa edildi. Futbol klublarının məşqinə şərait yaradıldı. Bilirsiniz ki, 4 klub ölkəmizi avrokuboklarda təmsil edir. Onların məşqi mütləq bərpa olunmalıydı. Bütün məşqlər Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun keçirilir. Bəzi komandalarımız isə karantin olmayan bölgələrə ezam olunub. Karateçilər Bakıda ASK Arena və Göygöldəki Olimpiya İdman Kompleksi, üzgüçülük üzrə komandamız Kür Olimpiya Tədris İdman Mərkəzi, taekvandoçular Abşeron Olimpiya İdman Kompleksi, boksçular Qəbələ Olimpiya İdman Kompleksi, badminton və qılıncoynatma üzrə yığma Şəki Olimpiya İdman Kompleksi, stolüstü tennis üzrə millimiz Qax Olimpiya İdman Kompleksinə ezam olunmaqla hazırlıqla bağlı şəraitlə təmin olunub.  

Karantində idman sahəsində ən böyük çətinlik fərdi olaraq məşqçi fəaliyyətiylə məşğul olanların üzərinə düşdü. Avqustun 10-dan etibarən Gənclər və İdman Nazirliyinin balansında olan komplekslərin ərazisində həmin məşqçilərə açıq havada məşq keçməyə şərait yaradıldı.

Qeyd etməliyəm ki, karantin dövründə bəzi ölkələrdə idmançılar çox böyük problemlə üzləşdi. Dünyanın əksər ölkələrində hava sərhədi bağlıdır. Ölkə yumşalmaya getdikdə belə idmançılar məşq etməyə zal tapmır. Yəni idman infrastrukturu yoxdur. Yollar bağlı olduğu üçün başqa ölkələrə təlim-məşqə getmək olmur. Amma Azərbaycan bu baxımdan idmançılarına hər cür şərait yaratdı. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin idmana göstərdiyi qayğı nəticəsində hər regionumuzda müasir kompleks – idman qurğuları inşa edilib. Komplekslər təkcə Bakıda cəmləşməyib. Ona görə Gənclər və İdman Nazirliyi idmançılara şərait yaratmaqda çətinlik çəkmədi.

- İdmançılar etiraf edir ki, onlayn məşqlər o qədər effektli olmur...

- Karantin dövründə əsas milli komandalarımız onlayn məşqlərə müraciət etdi. Məşqçilər internet üzərindən lazımi tapşırıqları verir və idmançıların yerinə yetirməsini izləyir. Amma bu məşqlər adi hazırlığı əvəz etmir. İdmançı üçün saatlarla zalda məşq etmək evdə fiziki hazırlıq keçməklə eyni deyil. Evdə hamıda şərait olmur. Üstəlik, ev şəraitində zədələnmək mümkündür. Ən böyük problem, fikrimcə, çəkiylə bağlıdır. Uzun müddət zalda olmayan idmançıların çəkiylə problemi olmaya bilməz.

- 2020-ci ildə Azərbaycanda idman yarışlarının keçirilməsi planlaşdırılırmı?

- Mövcud vəziyyətlə əlaqədar təqvimdə dəyişiklik edilib. İndi dəqiq qərar vermək mümkün deyil. Cari ildə ölkəmizdə hər hansı bir yarışın baş tutması sual altındadır. İlk növbədə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə riayət etməliyik. Hazırda kütləvi tədbirlərin keçirilməsinə icazə verilmir. Digər tərəfdən ölkələr sərhədləri açmalıdır. Beynəlxalq uçuşlar bərpa olunandan sonra beynəlxalq yarışlar barədə düşünmək olar.  

- İdmançılarımızın iştirak edəcəyi Tokio Olimpiadası mövcud vəziyyətə görə 2021-ci ilə keçirildi. Əgər gələn il baş tutmasa, planetin ən böyük yarışı ləğv oluna bilər. Sizcə, Tokio Olimpiadası baş tutacaq?

- İdmançı üçün ən böyük hədəf olimpiadada iştirak etməkdir. Olimpiada zəngin tarixə malik dünyanın ən böyük yarışıdır. Tokio Olimpiadasının baş tutacağına inanıram. Adətən, olimpiada insanları – dünya əhalisini birləşdirir. Pandemiyadan sonra belə mötəbər yarışın təşkili həm də insanların gələcəklə bağlı ümidlərini artıracaq. Fikrimcə, Yaponiya yarışın baş tutması üçün bütün lazımi tədbirləri həyata keçirəcək. Sadəcə, pandemiya bitəndən sonra bəzi qaydalar vacibliyini itirməyəcək. Məsələn, kütləvi tədbirlərdə maska taxmaq mütləq olacaq.

- Müsahibəyə görə təşəkkür edirik. Ümid edirik pandemiya başa çatacaq və idmançılarımız yenə bizi qələbələrlə sevindirəcək.

- Təşəkkür edirəm. İdmançılarımıza səbirli olmağı məsləhət görərdim. Bütün dünyada yarışlar dayandırılıb. Pandemiyadan sonra turnirlərin bərpa olunması üçün idmançılar məşqləri dayandırmamalıdırlar.



MƏSLƏHƏT GÖR:

277