8 May 2024

Çərşənbə, 19:46

TAM QEYRİ-ADİ SEÇKİ

Donald Tramp yalnız demokratlarla deyil, bir çox partiyadaşı ilə də qarşı-qarşıyadır

Müəllif:

01.09.2020

ABŞ-da prezident seçkisinə 2 aydan bir qədər artıq vaxt qalır. O, ölkə Konstitusiyasına əsasən, «noyabrın ilk çərşənbə axşamı», yəni noyabrın 3-də keçirilməlidir.

Çoxsaylı ictimai rəy sorğuları Demokratlar Partiyasının prezidentliyə namizədi, sabiq vitse-prezident Co Baydenin hazırkı dövlət başçısı, respublikaçı Donald Trampı nəinki ümumilikdə ölkə boyu, həm də «tərəddüd» içərisində olan əsas ştatlarda da üstələdiyini göstərir. Məsələn, ən populyar iki analitik sayt – «RealClearPolitics və» «FiveThirtyEight» bildirir ki, Bayden rəqibini müvafiq olaraq, 8 və 9 bal geridə qoyur. Müqayisə üçün qeyd edək ki, mayda fərq 3-4 bal idi. Analitiklərin fikrincə, Trampın reytinqinə mənfi təsiri onun koronavirusla mübarizədə zəif olması və iqtisadiyyatın tənəzzülü göstərib.

«Financial Times» qəzeti və Piter Peterson Fondu da sorğu keçirib. Üstəlik, onlar sorğunu daha dəqiq barometrlə apardıqlarını bildirirlər. Söhbət 1980-ci ildə Ronald Reyqanın prezident Cimmi Karterlə mübarizədə istifadə etdiyi üsuldan gedir. O, seçicilərə belə bir sual ünvanlamışdı: «Vəziyyətiniz 4 il əvvəlkindən yaxşıdırmı?». O zaman yaşanmaqda olan iqtisadi resessiya şəraitində əksəriyyət suala «yox» cavabı vermiş və sonda Reyqan qalib gəlmişdi.

Bu dəfə də vətəndaşlara eyni sual verilib. Avqustda aparılmış sorğuda potensial seçicilərin üçdə birindən çoxu maddi durumlarının Trampın prezidentliyə başladığı dövrlə müqayisədə yaxşı olmadığını deyib. Rəyi soruşulanların, təxminən, 30%-i vəziyyətinin yaxşılaşdığını, elə o qədəri də pisləşdiyini bildirib. 48% hesab edir ki, Trampın siyasəti iqtisadiyyata kömək edib. Bunun əksini düşünənlər 44%-dir. Fevralda aparılmış sorğuda iştirak etmiş insanların yalnız 13%-i epidemiyanın onları həyat tərzində dəyişikliyə məcbur etdiyini demişdisə, indi bu göstərici 71%-dir.

Lakin indi müasir ABŞ üçün tam yeni olan bir məqamı da nəzərə almaq lazımdır – ölkədə daxili senzura güclənir. Amerikalıların üçdə ikisi (62%) deyir ki, siyasi mühit onların düşüncələrini açıq söyləməsinə imkan vermir. İşləyən amerikalıların, təxminən, üçdə biri (32%) siyasi baxışlarının məlum olacağı təqdirdə, karyerasını inkişaf etdirə bilməyəcəyindən, yaxud ümumiyyətlə işini itirə biləcəyindən narahatdır. Bunu «CATO Institute» araşdırma təşkilatı bildirir.

 

İşıqla zülmət arasında

Hər iki partiyanın avqustda baş tutmuş qurultayında onların namizədləri prezidentlik uğrunda yarışa qoşulmaq üçün formal mandat qazanıb. Bununla da, seçki kampaniyası aktiv fəaliyyət mərhələsinə qədəm qoyub.

Demokratların seçki qərargahı prezident kürsüsü uğrunda yarış taktikasını işıqla zülmət arasındakı savaş kimi müəyyənləşdirib. Co Bayden qurultaydakı yekun nitqində məhz belə deyib. Bayden çıxışında Trampın adını bir dəfə də olsun, çəkməyib, əvəzində ABŞ-ın iki qüvvə arasında mübarizəyə cəlb edildiyini dəfələrlə təkrarlayıb. «Hazırkı prezident ABŞ-ı uzun müddətdir zülmətə qərq edib. Hər yanda qəzəb var. Hər yanda qorxu var. Hər tərəfdə parçalanma görürük», - deyə Bayden bildirib: «Mən sizə burada, indi söz verirəm: prezident kürsüsünü mənə etibar etsəniz, mən sizlərin arasından ən pisləri deyil, ən yaxşıları irəli çəkəcəyəm. Mən zülmətin deyil, işığın müttəfiqi olacağam».

Bayden onu da deyib ki, prezident seçiləcəyi təqdirdə formalaşdıracağı komanda «Ruzveltin dövründən bu yana ən mütərəqqi administrasiya olacaq». Onun keçid komandasının rəhbəri, senator Ted Kaufmanın sözlərinə görə, bu, heç də «gəlişi gözəl sözlər» deyil. «Düşünürəm ki, söhbət işə təcrübəli, qarşıya qoyulmuş hədəflərə nail ola biləcək həqiqi ixtisaslaşmış şəxslərin cəlbindən gedir», - deyə o, «Politico»ya açıqlamasında bildirib: «Burada söhbət ideologiyadan və ya hansısa bu kimi amildən getmir. Əksər nazirliklərin sadəcə, boş olduğu, mütəxəssislərin dağılışdığı bir vəziyyətlə üz-üzə qalacağıq».

Baydenin nazir postlarına bəzi namizədləri artıq məlumdur. Senator Elizabet Uorrenin maliyyə naziri olacağı bildirilir. Obama administrasiyasında milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi işləmiş Syuzan Rays isə dövlət müşaviri olmalıdır. Bundan başqa, sabiq mer və prezidentliyə namizəd Pit Butticiçin ya ölkənin BMT-dəki səfiri, ya da veteranlarla iş üzrə katib olacağı deyilir.

Bayden kabinetinin fərqli cəhəti ona Respublikaçılar Partiyasından da nümayəndələrin cəlbi ola bilər. Bu, yalnız Trampın məyus etdiyi respublikaçıları qarşı cəbhəyə cəlb etmək istəyindən qaynaqlanmır. Ola bilsin ki, ABŞ tarixində GOP-un («Böyük Köhnə Partiya» - Respublikaçılar Partiyasının ləqəbi) bir çox görkəmli nümayəndəsi nəinki öz namizədinə, üstəlik, hazırkı prezidentə səs verməyəcək, hətta Demokratlar Partiyasının namizədinə açıq-aşkar dəstəyini ifadə edir.

 

Pomidor bankası

4 il əvvəl 50 yüksək rütbəli respublikaçı – sabiq nazirlər, dövlət müşavirləri, həmçinin xüsusi xidmət orqanlarının rəhbərləri bir məktub yazmışdılar. Məktubda Donald Trampın prezident seçiləcəyi təqdirdə, Birləşmiş Ştatların təhlükə ilə üzləşəcəyi bildirilirdi. Müəlliflər bu səbəbdən ona səs verməyəcəklərini yazmışdılar.

Lakin o vaxt onların çağırışı sadə seçicilərə təsir etməmişdi. Əksinə, sadə amerikalılar Trampı əvvəlki hakimiyyətdən qalmış «arı yuvası»nı dağıda biləcək namizəd sayırdılar. Tramp xalqa dəyişikliklər küləyi vəd edir, insanlarsa ona inanırdılar.

«Stop Tramp» hərəkatı da hələ 2016-cı il seçkisi zamanı yaradılmışdı. Trampın 2015-ci ildə gözlənilmədən Nyu-Qempşir və Cənubi Karolinada praymerizi qazanmasından sonra respublikaçıların bir çox lideri partiyanı vahid lider ətrafında birləşməyə, bununla da, Donald Trampa mane olmağa çağırırdı. Onun 2016-cı ilin noyabrında prezident seçilməsindən sonra isə hərəkatın bəzi üzvləri gücünü Trampın 2020-ci ildə məğlub edilməsinə yönəltmişdi.

Partiyada Trampa qarşı olan fraksiyalar bu gün də var. Lakin onlar uğur qazana bilmədikləri ötən prezidentlik yarışından fərqli olaraq, bu dəfə daha yaxşı təşkilatlanıblar. Onlardan bəziləri demokratlardan olan rəqib Co Baydenə açıq dəstək belə, verir.

«Düşünürəm ki, keyfiyyətcə hər şey fərqlidir», - deyə belə qruplardan birinin həmtəsisçisi Tim Miller «The Guardian»a bildirib: «Onun (Trampın) əleyhinə çıxanların çoxu (2016-cı ildə) düşünürdülər ki, Tramp pisdirsə, Hillari də pisdir, odur ki, hər kəs vicdanının səsini dinləyərək səs verməlidir».

«Ötən 4 ildə biz sevimli partiyamızın Linkolnun, Reyqanın partiyasını xatırlatmayan şəxsiyyətə pərəstişə necə çevrildiyini ciddi narahatlıqla müşahidə etmişik», - deyə oğul Buşun administrasiyasında çalışmış, Trampa qarşı olan qrupun rəhbəri Karen Kirksinin bəyanatında bildirilir: «Biz Co Baydeni dəstəkləyirik. Onun proqramı ilə razılaşmaq vacib deyil. Biz bu xalqın ruhunun geri qaytarılmasının vacibliyini anlayırıq».

Maddi durumu yaxşı olan, son illərdə biznesi daha da genişlənmiş respublikaçılar arasında belə, Trampın əleyhinə səs vermək fikrində olanlar var. Onlar hesab edir ki, Tramp demokratiyaya, həmçinin uzaq perspektivdə Respublikaçılar Partiyasının sağlamlığına təhlükədir. Üstəlik, onlar nəinki demokratların namizədinə səs verməyə hazırdır, həm də onun fonduna milyonlarla vəsait köçürürlər. Bu şəxslər Respublikaçılar Partiyasının daxilindəki anti-Tramp qruplarının fonduna da ciddi maddi dəstək verirlər.

Belə qruplardan ən məşhuru 2019-cu ildə respublikaçı strateqlər tərəfindən yaradılmış «Lincoln Project»dir («Linkolnun layihəsi»). O, Trampı çoxdan tənqid edir. Qrupun həmtəsisçiləri arasında Trampın köməkçisi Kelliann Koveyin həyat yoldaşı Corc Konvey də var. Respublikaçıların digər anti-Tramp qruplarından fərqli olaraq, «Lincoln Project» Konqresə seçkiyə də təsir etməyə çalışır.

«Trampa qarşı respublikaçı seçicilər» qrupu isə bu ilin yazında yaradılıb. Lakin onun təsisçiləri bu işə çoxdan hazırlaşırdı. «2016-cı ildə özünü respublikaçı sayan, amma Trampla bağlı tərəddüd keçirən real insanların səsini eşitdirmək üçün kifayət qədər səy göstərilməmişdi», - deyə qrupun təsisçilərindən biri, siyasi konsultant Sara Lonqvell «The New York Times»a müsahibəsində bildirib.

Qrupun, təxminən, 3 illik fəaliyyətinin, intensiv araşdırmalarının sonunda 100 videoçarxın yer aldığı sayt yaradılıb. Oradakı görüntülərin əksəriyyəti respublikaçı seçicilər tərəfindən smartfonla çəkilib. Videoçarxlarda onlar partiyadan ayrılmaq qərarlarını əsaslandırırlar.

Məsələn, Cənubi Karolinadan olan fermer deyir: «Mən Donald Trampa səs vermişdim (2016-cı ildə). İndi DNC (Demokratlar Partiyası) ortaya pomidor bankası belə qoysa, mən o bankaya səs verəcəyəm. Çünki pomidor bankasının hazırkı prezidentdən daha az ziyan gətirəcəyini düşünürəm».

Bu videoya baxış sayı milyonu ötüb. Daha bir seçici, Bruklin sakini deyir ki, respublikaçıların «bazanı bərpa etmək, partiyanı yenidən tərbiyələndirmək, Trampın kult ləkəsini təmizləmək və geri dönmək üçün 4 il vaxtı olacaq».

«Right Side PAC» iyulda yaradılıb. Hədəfi Corc Buş administrasiyasında çalışmış şəxslərin demokrat Baydenə dəstək məqsədilə səfərbər olunmasıdır. Onlar deyir ki, bu il keçiriləcək seçkidə bir suala cavab verilməlidir: Donald Trampın tərəfindəsən, yoxsa Amerikanın?

Respublikaçıların milli təhlükəsizlik strukturlarının təmsilçilərindən ibarət qrupu da var. Orada məsələn, Buşun daxili təhlükəsizlik üzrə məsləhətçisi olmuş Ken Vaynşteyn də yer alır. Daha bir qrupun başçısı məşhur mühafizəkar, sabiq vitse-prezident Den Kueylin (1989-1993) aparatına rəhbərlik etmiş Bill Kristoldur.

«Bizim xüsusi təbliğat bacarıqlarımız var və bu, bizi Donald Tramp kimi insanlar üçün kabusa çevirir», - deyə «Global News»un məlumatına görə, «Lincoln Project»in təşkilatçılarından olan Rik Uilson bildirib. Onlar illər uzunu demokratlara qarşı istifadə etdikləri siyasi taktikadan, savaş təcrübəsindən bu dəfə öz partiyalarının liderinə qarşı istifadə edirlər. Bu şəxslər əmindirlər ki, «Böyük Köhnə Partiya» indiki rəhbərlikdən tam xilas olmalıdır. Çünki onlar layiq olmayan şəxsin Oval kabinetdə əyləşməsinə imkan yaradıblar.

«Lincoln Project» və sıravi respublikaçıların diqqətini cəlb etməyin yolunu bilən digər qruplar bu ildən silsilə anti-Tramp çarxlarının hazırlanmasına da başlayıblar. Belə çarxlarda Tramp iqtisadi problemlərə, səhiyyə sahəsindəki böhrana, irqi zəmində yaşanan gərginliyə və s. adekvat reaksiya vermədiyinə görə tənqid olunur. «Amerikada matəm» adlı bir videoda Tramp COVID-19 ilə mübarizə apara bilməməkdə günahlandırılır, digərində isə onun səhhətində problemlərin olduğu deyilir…

 

Yeni strategiya

Tramp, təbii ki, partiyadaşlarının ona hücumlarını diqqətdən qaçırmır və onları «insan tullantıları» adlandırır. Onun seçki kampaniyasının mətbuat katibi Erin Perrin isə əmindir ki, respublikaçılar arasında Trampın dəstəyi «istənilən partiyadan olan sabiq prezidentin arzulayacağı həddə»dir.

Prezident və komandası ölkənin idarə olunması ilə bağlı öz üsullarını birmənalı olaraq müdafiə edir, xüsusilə epidemiya ilə mübarizə və iqtisadi tənəzzülün aradan qaldırılması istiqamətində aparılan işlərin doğru olduğunu deyirlər. Onların iddiasına görə, ölkəyə rəhbərlik səriştəsi olmayan Tramp yox, məhz Baydendir. Bu zaman onlar 2009-cu ildə Obama administrasiyasının H1N1 qripinin öhdəsindən gələ bilmədiyini, nəticədə, 2500-6000 arasında insanın dünyasını dəyişdiyini xatırladırlar.

Respublikaçılar Partiyasının strateqləri Baydenə qarşı kampaniyanı əsasən onun zehni bacarıqlarını şübhə altına almaqla aparırlar. Bundan başqa, onlar belə bir fikir yayırlar ki, Demokratlar Partiyasının hakimiyyətə gələcəyi təqdirdə, ölkəni radikal solçular, kommunistlər bürüyəcək, vergilər artırılacaq, zavodlar, kömür mədənləri qapadılacaq, milyonlarla yoxsul miqrantın ABŞ-a yolu açılacaq və s. Respublikaçıların reklam çarxları daha çox mərkəzçi və yaşlı amerikalıların qorxudulmasına hesablanıb: «Co Baydenin Amerikasında sizin işiniz, pulunuz və gələcəyiniz təhlükəsizlikdə olmayacaq».

Demokratlar Partiyasının seçki qərargahı isə öz növbəsində, gələn həftədən məşhur şəxslərin iştirakı ilə həftəlik tədbirlərə başlayacaq. Bu tədbirlər «prezident Trampın yaratdığı xaos nəticəsində əmələ gəlmiş və ya dərinləşmiş» müxtəlif böhranlara həsr olunacaq.

Demokratlar Partiyasının strateqləri Trampa qarşı daha çox «xaos» arqumentindən istifadə edirlər. Partiyanın qurultayında çıxış edən bir sıra nümayəndələr, o cümlədən Mişel Obama, Bill Klinton və Kamala Harris çıxışlarından məhz bu ifadədən tez-tez istifadə ediblər.

Maraqlıdır ki, partiyaların heç biri özünün reklam kampaniyasında telekanallara üstünlük vermir. Halbuki, bu, ABŞ-da uzun illərdən bəri istifadə olunan əsas təcrübədir. İndi partiyalar rəqəmsal yayıma, sosial şəbəkələrə, xüsusilə «YouTube» və «Instagram», həmçinin tematik saytlara üz tuturlar.

Ötən ay Trampın komandası şəhərətrafı qəsəbələrdə yaşayan qadın seçiciləri cəlb etmək üçün «Amerikanın böyük qayıdışı» mesajını «Food Network»da reklam etməyə başlayıb.

«Bayden elə yerlərdə peyda olur ki, insanlar onu orada gözləmirlər», - deyə partiyanın rəqəmsal strategiyasını kurasiya edən Lindsi Xolst «Axios» saytına bildirib. Onun komandası amerikalılar arasında populyar olan «WebMD», «FunnyOrDie», «Patheos», «GearPatrol» və s. kimi saytlarda reklam kampaniyasına başlayıb. Bununla yanaşı, hər bir sayt üçün ayrıca şüar düşünülüb. Məsələn, «WebMD» saytındakı reklam bu başlıqla yayımlanır: «Xalqımızın sağlamlığı uğrunda!» «Patheos.com» üçün isə «Xalqın ruhu üçün» tipli dini başlıq seçilib və s.

 

Üçüncü namizəd

Lakin seçkiyə hazırlaşan yalnız Trampla Bayden deyil. Onların ümumi «rəqibi» də var və bu, rep ifaçısı Kanye Uestdir (Kim Kardaşyanın həyat yoldaşı). Bir qədər gec də olsa, o da yarışa qoşulmaq üçün müraciət edib. Uest seçkiyə «müstəqil» namizəd kimi qatılsa da, onun namizədliyini qeydə alınması üçün imza toplanması ilə Trampın seçki qərargahında təmsil olunan hüquqşünaslar və fəallar məşğul olur. Bunu repçinin özü də gizlətmir. Jurnalistlərlə söhbətində o, öz kampaniyasını Baydenə mane olmaq üçün apardığını açıq şəkildə etiraf edir.

Uest namizədliyini irəli sürdüyü iyuldan adının seçki bülleteninə salınması üçün lazım olan tələbləri hələlik cəmi 5 ştatda yerinə yetirib: Arkanzas, Kolorado, Oklahoma, Yuta və Vermont. 50 ştatdan 30-da onun yarışa qoşulmayacağı dəqiqdir (buraya Florida, Miçiqan və Viskonsi kimi «tərəddüd edən» ştatlar, həmçinin Kolumbiya dairəsi də daxildir). Səbəb bəzi ştatlarda qeydiyyat vaxtının bitməsi, digərlərində lazımi vaxtda tələb olunan sayda imzanın toplanmaması, yaxud imzaların saxta elan edilməsidir.

Uestin 270 seçicinin səsini riyazi baxımdan da qazanmaq imkanı olmasa da, bəzi sosioloqlar onun Baydenə müəyyən qədər «badalaq» vura biləcəyini düşünürlər. Elə seçicilər var ki, onları nə Tramp, nə də Bayden qane edir. Avqustun əvvəlində aparılmış sorğunun nəticəsinə görə, Uestin milli səviyyədə 2% dəstəyi var. O, qaradərili respondentlər arasında 2, Latın Amerikasından olanlar arasında isə 4% dəstək qazanıb. Repçinin əsas dəstəyisə «Z» nəslindən olan (1995-2010-cu illərdə doğulmuş) seçicilər arasındadır – 6%.

Trampla Baydenin ilk debatı sentyabrın 29-da Klivlenddə, ikincisi oktyabrın 15-də Mayamidə, üçüncü debat oktyabrın 22-də Neşvilldə keçiriləcək. Kanye Uest təbii ki, onların heç birinə qatıla bilməyəcək.

Vitse-prezident postuna namizədlər – Maykl Pens ilə Kamala Harris isə güclərini oktyabrın 7-də Yuta ştatında təşkil olunacaq teledebatda sınacayaqlar.

Noyabrın 3-də keçirilməli və ABŞ-ın 59-cu prezidentini müəyyənləşdirməli olan seçkidə namizədlər qələbə üçün hər zaman olduğu kimi, 538 mümkün səsdən 270-ni qazanmalıdır. Budəfəki seçki bir sıra digər məqamları ilə yanaşı, bir cəhətilə də tam fərqli olacaq - ABŞ tarixində ilk dəfədir ki, hazırkı prezident seçkinin nəticəsini tanımaya biləcəyini bəyan edib.



MƏSLƏHƏT GÖR:

295