26 Aprel 2024

Cümə, 13:23

KARANTİNDƏN SONRA SAĞ QALMAQ ÜÇÜN

Azərbaycan biznesi bank kreditlərinə alternativ kimi qiymətli kağızlar bazarının inkişafına ehtiyac duyur

Müəllif:

15.09.2020

Sosial-iqtisadi böhrandan çıxmağın zərurəti çox ölkələrin hökumətlərini işgüzar fəallığı bir qədər canlandırmaq naminə COVID-19 pandemiyasına qarşı mübarizədə yumşalmalara getməyə məcbur edir. Lakin biznesin inanılmaz dərəcədə uzun və dərin bir "yuxudan" oyanma prosesi elə də asan və sadə getmir. Əsas problem isə yeni maliyyə axınlarının çatışmamasıdır.

Sosial proqramların maliyyələşdirilməsinə ehtiyac yarandığı üçün çox ölkələrdə dövlət dəstəyi mənbələrinin tükəndiyi nəzərə alınarsa, borc bazarı biznes üçün xüsusi aktuallıq qazanır – bura həm ucuz kreditlər, həm də qiymətli kağızların buraxılışı daxildir.

Azərbaycanda sahibkarlar karantindən sonra işlərini bərpa etmək üçün bu vasitələrə ümid edə bilərlərmi?

 

Böhrandan sağ çıxmaq  

Pandemiyanın sınağına tab gətirə bilməyən bəzi böyük dünya brendlərinin iflas etdiyi məlumdur. Böyük biznesin uğurlu nümayəndələri belə, ayaqda qalmaq üçün böyük borclar alıblar, mal və xidmət pərakəndə satışı sektorunun, yəni riteyl-sektorun bütün nöqtələrində tələb praktik olaraq azalıb. Çox şirkətlər onsuz da ilin minusla bitəcəyini, iş həcmini əvvəlki səviyyəyə qaytarmaq üçün çox vaxt və təbii ki, pul tələb edildiyini bəyan edirlər.

Bəs, bu pulu haradan əldə etmək olar? Əlbəttə, Azərbaycan da daxil olmaqla, demək olar ki, bütün ölkələrdə hökumətlər karantin dövründə sahibkarlığı dəstəkləmək üçün müəyyən proqramlar gerçəkləşdirirlər. Ancaq bunların böyük əksəriyyəti şirkətlərin işçilərinə əməkhaqqının hamısını və ya bir hissəsini ödəyə bilməsinə yönəlib. Buna əlavə olaraq, fiskal sahə, bank kreditlərinin ödənişi və s. üzrə də güzəştlər verilir.

Xüsusən də paralel olaraq səhiyyə sektorunda artan tələbi subsidiyalaşdırmanın vacibliyi, dövlət büdcəsindən maliyyələşən strukturların işçilərinə eyni maaşların ödənməsi və s. nəzərə alındıqda, bütün bunlar bir yerdə,dövlət xəzinəsini nəzərəçarpacaq dərəcədə “silkələmək” gücündədir.

Qonşu Rusiyada iş adamları dövlət dəstəyi əvəzinə səyləri ölkənin borc bazarının inkişafına yönəltməyi təklif edirlər. Belə ki, iş adamı Oleq Deripaskanın sözlərinə görə, ucuz xarici kreditlərin geniş yayıldığı 2008-ci ilə qədər biznes dövlətin dəstəyinə ehtiyac duymurdu.  

“Heç kimə heç nə bağışlamağa ehtiyac yoxdur, heç nə. Şirkətlərə, banklara, hətta əhaliyə daha aşağı faizlərlə kredit cəlb etmək imkanı verin”, - deyə O.Deripaska bildirib. O, həmçinin xarici bazarlarla müqayisədə ölkədəki borc alətləri seçiminin dar olmasına diqqət çəkdi: “Bizim faktiki olaraq, yalnız bir alətimiz qalıb - bu da kreditdir. Bizdə istiqraz yox, IPO yoxdur, bütün digər alətlər də yoxa çıxıb”, - deyə rusiyalı iş adamı vurğulayıb.

Deyək ki, bu məsələdə Azərbaycandakı vəziyyətlə müəyyən bir oxşarlıq var: uzun illər davam edən səylərə baxmayaraq, borc bazarını "inkişaf etmiş" səviyyəyə gətirə bilmədik: karantindən əvvəl də nə qiymətli kağızlar bazarı, nə də biznes kreditləri real sektorun maliyyə mənbələrinə olan ehtiyacları ödəyə bilmirdi.

Keçən il Azərbaycanda bankların real sektorda iştirakının yetərsizliyi məsələsi ən yüksək səviyyədə qaldırıldı. Elə banklar bundan sonra tərpənərək, biznes-krediti portfelinin inkişafı üçün yeni strategiyalar qurmağa başlayırdılar ki, pandemiya başladı və artıq başqa məsələ - müştərilərə böhrandan xilas olmağa kömək etmək və bu zaman özlərinin batmaması məsələsi aktual oldu.

 

Kreditlər problemi

Burada qeyd edək ki, dövlət dərhal problemin həllinə müdaxilə etdi. Azərbaycan Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi Qaydaları təsdiq edildi, həmçinin qurumun nizamnaməsinə dəyişikliklər edildi. Yeniliklər çərçivəsində yeni kreditlərə dövlət zəmanətinin verilməsi və bu kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmlərinin tətbiqinə, cari kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsinə başlanılıb. İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan sahibkarlar üçün elektron kredit platforması (e-edf.gov.az) artıq fəaliyyət göstərir və pandemiyadan təsirlənmiş iş adamları onun vasitəsi ilə ən qısa müddətdə 12 aylıq güzəşt müddəti olan 3 milyon manata qədər kredit rəsmiləşdirə bilərlər. Ehtimal edilir ki, pandemiyadan təsirlənən sahibkarlara bank krediti ilə bağlı dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması problemli kreditlərin yaranmasının qarşısını alacaq.

Bununla yanaşı, «S&P Global Ratings» reytinq agentliyinin analitiklərinin fikrincə, hətta bu vəziyyətdə belə, COVID-19-un təsiri ilə əlaqədar olaraq, 2020-ci ildə Azərbaycan banklarının balansındakı problemli kreditlərin həcminin artmasının qarşısını almaq mümkün olmayacaq. “Maliyyə sistemi nisbətən zəif olaraq qalır və hələ də korreksiya mərhələsindədir ki, bu da bank sektoruna güclü təsir göstərir. Biz 2020-ci ildə Azərbaycan banklarının balansında rezervlərin formalaşması üçün xərclərin və problemli kreditlərin həcminin artacağını gözləyirik. Yüksək qeyri-müəyyənlik səviyyəsini nəzərə almaqla, biz ən azı 2020-ci ilin sonuna qədər kreditləşdirmə artımı üzrə aşağı templəri proqnozlaşdırırıq”,- deyə agentliyin son hesabatında bildirilir.

Lakin rəsmi statistikaya görə, hələ ki, vaxtı keçmiş kreditlərin payı ümumi kredit portfelinin 8%-ində saxlamaq mümkün olur və hətta bu ilin 7 ayının nəticələrinə görə, bu seqmentdə 0,2% azalma var. Qeyd edilir ki, dövlət biznes kreditləşdirilməsi üçün 100 milyon manat ayırıb – bu da 1 milyard manatlıq kredit portfelini əhatə etməyə imkan verib.

Maraqlıdır ki, bu ilin 7 ayının nəticələrinə görə, bankların kredit portfeli 14,2 milyard manat qiymətləndirilir ki, bu da 2019-cu ilin sonu ilə müqayisədə 4,7% azalma deməkdir. Bu il biznes kreditləri portfeli də təxminən eyni miqdarda (4,5%) azalıb - 8,6 milyard manata və ya bankların bütün kredit portfelinin 60,7%-nə düşüb. Lakin iyul ayında, yəni kreditlərin subsidiyalaşdırılmasına başlanıldıqdan sonra bankların biznes kreditləri portfeli 4,2 milyon manat artıb.

Yerli bankirlər öz müsahibələrində qeyd edirlər ki, onlar iş adamlarının indiki vəziyyətini anlayırlar, onlara doğru addım atıb yumşaltmalara hazırdırlar. Əsas odur ki, sahibkarlar kredit departamenti mütəxəssislərinin zənglərindən gizlənməsinlər, banka gəlib problemlərini desinlər və ondan çıxış yollarını arasınlar.  

“Bizim restoran və ya turizm biznesi ilə məşğul olan çox sayda müştərimiz var. Onların karantindən çox zərər çəkdikləri aydındır. Bu, heç bir biznes-planda nəzərdə tutulmayan gözlənilməz fövqəladə hadisədir. Biz bunu nəzərə almağa və müştərimizi dəstəkləməyə, kredit ödənişlərinə möhlət verməyə, restrukturlaşdırmaya getməyə hazırıq, bir şərtlə ki, müştəri də öz növbəsində, biznesi qaydaya düşən kimi bank qarşısındakı öhdəliklərini yerinə yetirməyə hazır olsun”, - deyə bankirlərdən biri bildirib.

Qeyd edək ki, bu günlərdə Azərbaycan Sahibkarlar Birliyi turizm sənayesi nümayəndələrinin problemli kreditlərinin həlli yollarını müzakirə etmək üçün onlayn rejimdə iclas keçirib. İclasda Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bununla bağlı təkliflərin yer aldığı məktubun artıq Azərbaycan Mərkəzi Bankına göndərildiyini söyləyib.

Hələ ki, gördüyünüz kimi, banklar daha çox dövlət dəstəyini gözləyirlər, çünki istənilən bank nə qədər böyük və sabit olsa da, inkişaf strategiyasını yeni şərtlərə uyğunlaşdırmaq üçün zamana ehtiyac duyur. Karantin məhdudiyyətlərinin hələ də davam etdiyini və yaxın gələcəklə bağlı qeyri-müəyyənlik yaratdığını nəzərə alsaq, banklar biznes layihələri üçün kredit resursları ayıraraq risk etmək istəmirlər. Buna görə də, kredit dərəcələrində hiss ediləcək azalma gözləməyə dəyməz - bunun üçün bank öz biznesinə və aktivlərin dayanıqlılığına əmin olmalıdır. Həm də özünün ucuz borc resursları cəlb edə biləcəyinə inanmalıdır.

 

Alternativ variant

Təəssüf ki, Azərbaycanda nə bankların, nə də biznesin hələ ki, kreditlərdən başqa bir borc aləti inkişaf etməyib. Ölkə də qiymətli kağızlar bazarı hələ də, əsasən, nominal olaraq qalır - bütün lazımi infrastruktur və qanunvericilik bazası yaradılsa da, əslində bu, ölkədəki iqtisadi münasibətlərin bir hissəsinə çevrilməyib.

Belə ki, elə istiqrazlar kreditləri uğurla əvəz edə bilər, ancaq bunun üçün nəinki iri, həm də orta müəssisələr də onların buraxılışında maraqlı olmalıdırlar. İstiqrazlar hətta daha "əlverişli" vasitədir - bu halda borc əməliyyatı zamanı tərəflər arasında heç bir vasitəçi olmur, daha sərfəli şərtlərlə kredit almaq mümkündür və s. Əsas şərt "təmiz", "ağ" mühasibatlığın olması, kənar auditorun rəyi və korporativ idarəetmədir. Lazımi rəsmiyyətləri yerinə yetirdikdən sonra şirkət fond birjasının listinqində qeyd olunur və gəlirli borc mənbələrinə çıxış əldə edir.

Bu sözlər səhmlərə də aiddir, onları satmaqla müəssisə böhran vəziyyətlərindən rahatlıqla çıxa bilər və yeni investorlar qazana bilər. Ancaq yenə də, ötən illər ərzində bu alətlər Azərbaycanın maliyyə sistemində özlərinə uyğun yer tuta bilmədilər, halbuki inkişaf etmiş iqtisadiyyatlarda iqtisadi gündəmi onlar müəyyən edirlər. Üstəlik, pandemiya qiymətli kağızlar bazarını tamamilə iflic edib. Dərc olunmuş statistikaya görə, bu ilin yanvar-avqust aylarında «Bakı Fond Birjası» (BFB) QSC-də bütün maliyyə alətləri üzrə əməliyyatların toplam dəyəri öncəki ilin eyni dövrü ilə müqayisədə 28,6% azalıb.

Özü də, BFB-nin dövriyyəsinin 65,2% -i dövlət qiymətli kağızlarının payına düşüb. Eyni zamanda pandemiya dövründə Azərbaycanda qiymətli kağızlar bazarına dəstək proqramı işə salınıb ki, bu da dövlətin inkişafına olan marağından xəbər verir. Xüsusilə, Azərbaycan Mərkəzi Bankının uyğun fəaliyyət planında bazar iştirakçılarına requlyativ tətil verilməsi göstərilir. Həmçinin, kapital tələblərini pozmuş investisiya şirkətləri ilə bağlı tədbirlərin təxirə salınması, illik maliyyə hesabatlarının dərc olunması üçün müddətlərin uzadılması, investisiya şirkətlərinin və fond birjasının fəaliyyətində yoxlamaların təxirə salınması və s. də nəzərə tutulub.  

Bir sözlə, qiymətli kağızlar bazarını aktivləşdirmək üçün müəyyən düşüncələrin olması ümid yaradır ki, nəhayət, Azərbaycanın borc bazarında bankların inhisarçı vəziyyəti sona çatacaq və pandemiya fonunda yaranmış problemlər üzündən əlavə maliyyəyə kəskin ehtiyac duyan şirkətlər bu alətlər vasitəsi ilə resurs cəlbinin üstünlüklərini qiymətləndirə biləcəklər.


MƏSLƏHƏT GÖR:

230