26 Aprel 2024

Cümə, 09:20

HİDROGEN BOMBASI

Avropa İttifaqının hasilat yanacağından imtina etməsi dünya energetika balansını dəyişəcək

Müəllif:

15.09.2020

Avropa Birliyi (AB), belə görünür ki, öz enerji gələcəyini müəyyən edib - 2050-ci ilə qədər yandırıldıqda atmosferə karbon qazı atılan neft, təbii qaz və kömürdən imtina etmək qərarına gəlib. Mədən yanacaqlarını əvəz etmək üçün Brüssel indi bərpa olunan hidrogendən bəhs edir ki, analitiklərin fikrincə, bu, dünya enerji balansında yeni bir mərhələ olacaq.

“AB-yə mədən yanacağı nəql edən bütün tərəfdaşlarımız, bunu istehlakdan kənarlaşdırmağa yönəlmiş bir strategiya düşünməlidirlər. Onlara başlıca mesajımız odur ki, AB-nin hədəfi 2050-ci ilə qədər iqlim baxımından neytral olmaqdır. Bu isə o deməkdir, həmin vaxta qədər biz mədən yanacaqları istifadədən çıxaracağıq. Qaz sektoruna gəldikdə isə, karbonu çıxarılmış qazdan istifadə edəcəyik”, - deyə Avropa enerji komissarı Kadri Simson bildirib.

Bu məqsədə çatmaq üçünsə AB istixana qazı tullantılarında payı 75%-ə bərabər olan enerji sistemini dəyişdirməlidir.

 

Neft-qazdan uzaqlaşma strategiyası

Brüssel AB-də təbii qaz istehlakının azalacağını proqnozlaşdırır. Lakin ilkin mərhələdə "mavi yanacaq" idxalı sabit qalacaq. Buna baxmayaraq, artıq neft və qaz təchizatçılarına xəbərdarlıq edilib, yəni geri sayım başlayıb. Önümüzdəki 30 il ərzində Avropada onları gözləyən gələcək barədə ciddi şəkildə düşünməli və bu bazarda mövqelərini qorumaq üçün imkan daxilində siyasətlərini yenidən qurmalıdırlar.

Beləliklə, Avropa Komissiyası sədrinin müavini Frans Timmermans və energetika üzrə Avropa komissarı Kadri Simson 8 iyulda Brüsseldə keçirdikləri mətbuat konfransında AB-nin "iqlim bitərəfliyi" əldə etməyi yönəlik iki strategiyasını: AB ölkələrinin enerji sistemlərinin inteqrasiyası strategiyasını və hidrogen strategiyasını təqdim etdilər.

İnteqrasiya strategiyası 38 mövqe üzrə islahatları nəzərdə tutur ki, bunlarına sırasına enerji qanunvericiliyində dəyişikliklər, yeni texnologiyaların maliyyələşdirilməsi və tətbiqi, fiskal tədbirləri, mədən yanacağına verilən subsidiyaların mərhələli şəkildə azaldılması və s. daxildir.

Bu strategiyanın əsas məqsədi çıxarılan enerji mənbələrini - kömürü, nefti və qazı elektrik enerjisi ilə əvəz etməkdir. Avropa Komissiyasının planına görə, 2050-ci ildə bütün enerji istehlakının yarısından çoxu elektrik enerjisinin payına düşməlidir - bu, indikindən ən azı iki dəfə çoxdur. Gözlənilir ki, bu öhdəliklərin həyata keçirilməsi avropalılara təkcə elektromobillərə gəzməyə deyil, həm də müəyyən qisim evləri elektrik enerjisi ilə qızdırmağa imkan verəcək, bunun 80%-i bərpa olunan mənbələrdən alınacaq, 15%-i isə nüvə stansiyalarında istehsal ediləcək.

AB-nin hidrogen strategiyası sənaye yolu ilə «yaşıl» hidrogen istehsalının təşkili və elektrikləşdirmənin mümkün olmadığı sahələrdə enerji mənbəyi kimi hidrogendən istifadə etmək məqsədi daşıyır. Bu, məsələn, polad istehsalında kömürün qismən hidrogen ilə dəyişdirilməsi, avtomobil və dəmir yolu nəqliyyatı ilə sərnişin və yük daşımalarının hidrogen yanacağına keçirilməsidir. Ənənəvi yanacaqlara baxanda hidrogen bir sıra üstünlüklərə malikdir, bunların başlıcası yanma zamanı ekoloji baxımından təmiz və zərərsiz su buxarına çevrilməsidir.

AB strategiyasının prioriteti əsasən külək və günəş enerjisindən istifadə etməklə suyu əsas komponentlərinə - oksigen və hidrogenə ayıran elektrolizatorlarda bərpa olunan hidrogen (renewable hydrogen) istehsalının layihələndirilməsidir .

2020-ci ildən 2024-cü ilədək olan mərhələdə Avropa Birliyi 1 milyon tona qədər bərpa olunan hidrogen istehsalı üçün ən az 6 GVt gücündə hidrogen elektrolizatorları quraşdırmağı planlaşdırır. 2025-2030-cu illərdə bu rəqəmlər 40 GVT elektrolizator gücəüqn və 10 milyon ton hidrogen istehsalına qədər artacaq.

Eyni zamanda digər aşağı karbohidrogenli (low-carbon hydrogen) enerji mənbələrindən , yəni buxar riforminq üsulu ilə təbii qazdan hidrogen istehsalından da Avropa hələlik imtina etməyəcək. Düzdür, bu cür "boz" hidrogenin yaradılması çox miqdarda iqlim üçün zərərli karbon qazı emissiyası yaradır, lakin qısamüddətli və ortamüddətli perspektivdə bu məhsul tullantıları sürətlə azaltmaq və paralel olaraq bərpa olunan enerji mənbələrindən əldə ediləcək hidrogenə keçidi dəstəkləmək üçün lazımdır.

Ekspert qiymətləndirmələrinə görə, bərpa oluna bilən hidrogenə qoyulacaq Avropa sərmayələrinin ümumi həcmi 180-470 milyard avro, aşağı karbonlu hidrogenə yatırımlar isə 3-18 milyard avro arasında olacaq.

Avropa Komissiyası sanır ki, planlaşdırılan sərmayələr koronavirus böhranından sonra iqtisadi dirçəlişə təkan verə bilər. Avropada iş yerləri yaradılar və AB-nin iqtisadi dayanıqlılıq üçün önəmli olan strateji sektorlarda liderlik və rəqabət şansını artırar. Beləliklə, Avropadakı hidrogen sektorunun bütün zəncirinin inkişafının, təxminən, 1 milyon iş yeri yaradacağı gözlənilir.

Bərpa olunan hidrogendən istifadə strategiyasında AB-nin potensial tərəfdaşları kimi, o cümlədən Ukrayna və Balkan dövlətləri nəzərdə tutulur.

 

Biznes üçün imkanlar

Avropada yeni yaranan bərpa olunan hidrogen sənayesini dəstəkləmək üçün Avropa Komissiyası 8 iyul 2020-ci il tarixdə «European Clean Hydrogen Alliance» (Avropa Təmiz Hidrogen İttifaqını) yaratdı. Yeni təşkilat sənaye liderlərini, milli və regional nazirləri, həmçinin vətəndaş cəmiyyətini bir araya gətirəcək.

Bu arada, Köhnə Dünya ölkələrində hidrogen enerjisinin inkişafı məsələsi bir sıra Avropa şirkətlərini öz bizneslərini bu istiqamətdə inkişaf etdirməyə ruhlandırıb. Məsələn, Almaniyanın «Thyssenkrupp» polad əritmə şirkəti giqavatt miqyasında yaşıl hidrogen istehsalı üçün öz su elektrolizi güclərini genişləndirməyi planlaşdırdığını bildirib.

“Hazırda dünyanın bir çox ölkəsi hidrogen iqtisadiyyatına girməyi planlaşdırır. Su elektrolizi getdikcə daha çox dayanıqlı, çevik bir enerji sistemi və karbonsuz sənaye qurmaq üçün əsas texnologiyaya çevrilir. Bu, bizim üçün yeni bazarlar açır”, - deyə «Thyssenkrupp»un kimya texnologiyaları üzrə biznes bölməsinin baş direktoru Sami Pelkonen bildirib.

Britaniyanın elektrolizer istehsalçısı «ITM Power» isə Danimarka energetika şirkəti «Ørsted» ilə əməkdaşlıqda öz istehsalını ciddi şəkildə genişləndirməyə hazırlaşır.

İspaniyanın neft-qaz nəhəngi «Repsol» da bəyan edib ki, karbon qazından və bərpa oluna bilən enerji mənbələrinin yardımı ilə əldə edilən yaşıl hidrogendən 

istifadə edərək, dünyanın ən böyük, sıfır tullantılı təmiz yanacaq zavodlarından birini tikməyi planlaşdırır. Layihəyə ilkin sərmayə 60 milyon avro təşkil edəcək.

Neft-qaz konserni «Shell» və Hollandiya hökumətinə məxsus qaz infrastruktur şirkəti «Gasunie» Şimal dənizində gücü 10 GVt-a qədər olan ofşor külək stansiyalarından istifadə edərək, ölkədə təmiz hidrogen istehsalı üzrə Avropanın ən böyük layihəsi barədə planlarını açıqlayıb. «NortH2» adlanan layihənin iştirakçıları 2027-ci ilə qədər ilk hidrogen axınına nail olmaq istəyir. 3-4 GVt gücündə olan ofşor külək stansiyaları bunu təmin edəcəklər. Külək turbinləri parkı 2040-cı ilə qədər 10 GVt-a qədər böyüyə bilər. O, ildə 800 min ton yaşıl hidrogen istehsal edə biləcək.

Bununla yanaşı, artıq gələcəkdə hidrogen nəqli məsələsi nəzərdən keçirilir. Hava və ya oksigenlə təmasda alovlandığı üçün daşınma üçün ən təhlükəli yüklərdən biri olduğu bilinir. Partlayış təhlükəsinə görə hidrogenin nəqliyyatla daşınması bu prosesi çox bahalı edən bir sıra texniki çətinliklərə malikdir. Alternativ olaraq, xüsusi boru kəmərlərinin inşası düşünülür ki, bu da önəmli sərmayələr tələb edir. Buna baxımdan, AB hidrogenin nəqli üçün boru kəməri sistemi inkişaf etdirmək istəyir. Ən ucuz yol qaz kəmərlərinin yenidən təchiz edilməsidir. Bu prosesin dəyəri yeni boruların çəkilməsinin dəyərinin 10-30%-i qədər qiymətləndirilir.

AB-nin doqquz ölkəsini təmsil edən 11 qaz nəqli operatorundan ibarət qrup artıq Ümumavropa qaz nəqli infrastrukturunun inkişafı üçün plan təqdim edib, onların böyük hissəsinin mövcud qaz kəmərləri əsasında inşası planlaşdırılır. Son nəticədə, mövcud qaz ötürmə şəbəkəsi iki paralel şəbəkəyə çevrilməlidir: hidrogen və metan üçün (biometan daxil olmaqla).

Planı işləyən şirkətlər sırasında «Enagas», «Energinet», «Fluxys Belgium», «Gasunie», «GRTgaz№, NET4GAS, OGE, ONTRAS, «Snam», «Swedegas» və «Terega» var, «Guidehouse» onlara dəstək verib.

Şirkətlər ümid edirlər ki, 2020-ci illərin ortalarından başlayaraq tədricən şəbəkə yaranmağa başlayacaq və 2030-cu ilə kimi H2 istehlak qruplarını - "hidrogen vadilərini" birləşdirən 6800 km-lik qaz kəmərləri sisteminə çevriləcək. Avropalı qazçılar düşünürlər ki, 2040-cı ilə qədər bu, 23 min km-ə qədər böyüyəcək, bunun da 75%-i metan borularının konversiyası hesabına təmin ediləcək və 25%-i sıfırdan tikiləcək.

Bununla yanaşı, Almaniyanın ən böyük enerji şirkəti olan RWE şirkəti BP neft şirkəti, «Evonik» kimya şirkəti və milli qaz şəbəkəsi operatorları ilə 130 kilometrlik «GET H2 Nukleus» boru kəmərinin inşası üçün bir araya gəlib. Layihə çərçivəsində «Nowega» və OGE operatorlarının mövcud qaz boru kəmərlərinin 100%-lik hidrogen nəql etmək üçün yenidən təchiz edilməsi planlaşdırılır, bundan əlavə «Evonik» yeni boru kəmərləri tikəcək.

BP bəyan edir ki, ümumi əlçatar elektrik və qaz şəbəkələri kimi hidrogen şəbəkəsinə də ilk dəfə olaraq bütün istehsalçılar, ticarətçilər və istehlakçılar buraxılacaq, ayrı-seçkilik etmədən açıq və qiymətlər şəffaf olacaq. Bu, gələcək hidrogen layihələrini sürətli və etibarlı şəkildə inteqrasiya edilməsinə imkan verəcək.

 

Təchizatçılar üçün perspektivlər

AB-nin iqlimə və ətraf mühitə mənfi təsirləri səbəb gətirərək karbohidrogen enerjisindən imtina etməsi Avropa bazarının əsas enerci təchizatçısı Rusiya üçün ciddi bir təhdiddir. Belə görünür, yeni trenddən geri qalmamağa qərar verən və enerji bazarında "qazanılan" mövqelərdən imtina etmək istəməyən Rusiya hakimiyyəti hidrogen istehsalını və ixracını təşkil etmək üzrə planların işlənməsinə başlayıblar.

Artıq Rusiyada 2020-2024-cü illər üçün hidrogen enerjisinin inkişafı üzrə "yol xəritəsi" hazırlanıb, ilk hidrogen istehsalçıları kimi «Qazprom» və «Rosatom» müəyyən olunub. Şirkətlər 2024-cü ildə pilot hidrogen stansiyalarını - atom elektrik stansiyalarında, qaz çıxarma obyektlərində və xammal emalı zavodlarında işə salacaqlar.

Hökumət artıq 2021-ci ildə Rusiyanı hidrogen təchizatçısı kimi tanıtmaq niyyətindədir. Rusiya Federasiyasının enerji strategiyası 2024-cü ilə kimi illik 200 min ton, 2035-ci ilə qədər isə 2 milyon ton hidrogen ixracını nəzərdə tutur.

Energetika Nazirliyinin planlarına görə, Rusiya dünya hidrogen bazarının 16% -ə qədərini tutmalıdır.

Uzunmüddətli perspektivdə dünya üzrə hidrogen yanacağının satış həcminin ildə 700 milyard dollar səviyyəsində gözlənildiyi nəzərə alınarsa, bu, Rusiya Federasiyasına 112 milyard dollar valyuta gəliri təmin edəcək. Bu, demək olar ki, neft ixracından gələn gəlirlərə bərabərdir – 2019-cu ilin yekunlarına görə neft gəlirləri 121,4 milyard dollar olub. Rusiya Federasiyası üçün ən perspektivli hidrogen bazarlarından biri 2050-ci ilə qədər tutumunun 150-160 milyard dollar olacağı təxmin edilən Avropadır.

Bir sıra ölkələr üçün hidrogen milli enerji siyasətinin problemlərinin həllində enerji təhlükəsizliyinə və iqtisadi inkişafa qədər həlledici elementə çevrilib. Yaponiya, Çin, Koreya Respublikası və ABŞ artıq iddialı hidrogen proqramları həyata keçirirlər.

 

Azərbaycan üçün variantlar

Bərpa oluna bilən enerji mənbələrinin inkişafının prioritet istiqamətlərdən biri olan bu prosesə gələcəkdə Azərbaycanın da qoşulacağı istisna edilmir. Öz növbəsində, Avropanın 2050-ci ildə çıxarılan enerjidən hidrogenin xeyrinə imtina etməsi bu bölgəyə enerji ixrac edən bütün təchizatçıların, o cümlədən bu ilin sonunda Avropaya təbii qaz ixracatına başlamış ölkəmizin maraqlarına təsir edəcəyini söyləməyə ehtiyac yoxdur.

Ancaq Azərbaycan qazının AB-yə ildə 10 milyard kubmetr səviyyəsində planlaşdırılan ixrac həcmləri, əlbəttə, böyük deyil və ehtiyac yarandıqda, onu başqa bazarlara yönəltməkdə problem olmayacaq. Digər məsələ isə Azərbaycan qazının satışı üçün alternativ bazarların hələ tapılmaması ilə bağlıdır. Alternativ variant olaraq, daha sonra ixrac etmək üçün yerli maye qaz istehsalını inkişaf etdirmək olar.

Başqa tərəfdən, Azərbaycan Rusiyadan nümunə götürə bilər və yaxın 30 ildə Avropa bazarında “fəth edəcəyi” mövqelərini qoruyub saxlamaq üçün hidrogen istehsalını və ixracını prioritetləri sırasına daxil edə bilər. Azərbaycandan qaz ixracı marşrutu və Cənub Qaz Dəhlizi (SGC) layihəsinin özü Avropa üçün prioritet hesab olunur. Avropanın mövcud qaz xətlərini gələcəkdə hidrogen nəqli üçün istifadə etməyi planlaşdırdığı nəzərə alınsa, SGC də bunların sırasına daxil edilə bilər.

Bütünlükdə, hidrogen enerjisinin inkişafı prosesi yeni-yeni elə də asan olmayan yoluna yeni başlayır, çünki hidrogen istehsalı, xüsusilə də «yaşıl» hidrogen, iri miqyaslı investisiyalar tələb edir. Hazırda bu gün bu proses yetərincə enerjitutumlu sayılır ki, bu da son məhsulun maya dəyərini artırır və bu cür yanacağın rəqabət qabiliyyətini şübhə altına salır.

Həm də hidrogenin saxlanması və daşınması məsələləri həll yollarının tapılmasını tələb edir. Bir sözlə, Avropa Birliyinin karbonsuzlaşdırılması yetərincə uzunmüddətli bir plandır, lakin Azərbaycanın hazırlaşması üçün yetərincə vaxtı var. Bu gün, sabah olmasa da, amma nə vaxtsa buna başlamaq lazım olacaq, "mavi yanacaq" üçün yeni satış bazarları tapmaq cəhdləri Avropa energetikasının yeni reallıqlarına "uyğunlaşma" cəhdləri ilə səsləşməlidir.


MƏSLƏHƏT GÖR:

222