26 Aprel 2024

Cümə, 10:43

HƏQİQƏT ANI

Azərbaycan Ermənistanın işğalı altındakı əraziləri azad etməklə, BMT TŞ-nin qətnamələrini yerinə yetirir

Müəllif:

15.10.2020

Qarabağ cəbhəsində hadisələr son dərəcə sürətlə inkişaf edir – münaqişə zonasında partlamaqda olan raketlərdən də sürətli. İndi həm diplomatlar danışır, həm də toplar. Lakin diplomatlar, hələ ki, lazımi nəticəni əldə edə bilmirlərsə, mərmilər, raketlər əsasən hədəflərə dəyir. Yalnız bir fərq var – Azərbaycan düşmənin legitim hərbi obyektlərinə zərbə endirirsə, Ermənistan Azərbaycanın cəbhə xəttindən çox uzaqda yaşayan mülki əhalisini hədəfə alır.

Tərəflər arasında oktyabrın 10-da Rusiyanın vasitəçiliyilə əldə edilmiş humanitar atəşkəs razılaşması belə, kağız üzərində qalıb. İrəvan Azərbaycan Silahlı Qüvvələrinin atəşi dayandırmasından istifadə edərək, ön cəbhədə itirdiyi mövqeləri qaytarmağa çalışıb. Nəticədə, Azərbaycan Ordusundan ciddi cavab alıb və erməni terrorunun ənənələrinə sadiq qalaraq, Azərbaycanın dinc şəhərlərinə ballistik raketlər atmağa başlayıb.

Moskva razılaşmasından cəmi 2 gün sonra Ermənistan «Toçka-U» operativ-taktiki raket kompleksindən Gəncə şəhərinə zərbə endirib. Raketin çoxmənzilli binaya düşməsi nəticəsində 10 dinc sakin həlak olub, 34 nəfər yaralanıb. Bu, bir neçə körpənin yetim qalmasına da səbəb olub.

Azərbaycan Gəncədəki yaşayış binasına zərbəni hərbi cinayət və soyqırımı aktı kimi qiymətləndirib. Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib. O, dünya birliyini yaşananlara adekvat qiymət verməyə, cinayəti cəzasız qoymamağa çağırıb.

Lakin Azərbaycan bundan sonra da son dərəcə təmkinli davranaraq, humanitar atəşkəs haqda razılığa əməl etməyə çalışıb. Bunu Rusiyanın «Dojd» telekanalının Xankəndidən razılaşmadan 2 gün sonra reportaj hazırlayan əməkdaşı da təsdiqləyib. O, razılaşmanın qüvvəyə minməsindən sonra Azərbaycanın şəhərə intensiv raket zərbələrini dayandırdığını bildirib.

Lakin Bakı düşmənin atəş nöqtələrinin susdurulması üçün təxribatlara cavab vermək məcburiyyətində qaldığını da gizlətmir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 14-nə keçən gecə erməni tərəfinin Azərbaycanın işğal altındakı Kəlbəcər rayonu ilə sərhədə bir neçə operativ-taktiki raket kompleksləri cəmlədiyi müəyyən edilib. Söhbət ballistik raketlərin atıldığı komplekslərdən gedir. Üstəlik, raketlər Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərinin mülki infrastrukturuna tuşlanıbmış.

«Oktyabrın 11-də Ermənistan tərəfindən Gəncə şəhərində törədilmiş hərbi cinayətə bənzər növbəti hadisənin təkrarlanmaması və raket hücumunun qarşısının alınması məqsədilə Azərbaycan Ordusu tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Nəticədə, atəş üçün hazırlıq vəziyyətinə gətirilən əməliyyat-taktiki raket kompleksləri legitim hərbi hədəf kimi tərəfimizdən zərərsizləşdirilib», - deyə nazirliyin açıqlamasında bildirilir. Qurum yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşdüyünü də əlavə edib.

Əlbəttə, İrəvan cavabında Azərbaycanın hərbi obyektlərinə zərbələrin endiriləcəyinə dair hədələr səsləndirib və son hadisəyə görə məsuliyyətin Bakının üzərinə düşdüyünü bildirib.

Lakin Ermənistan ərazisindən Azərbaycanın təmas xəttindən xeyli uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərinə, Xızı və Abşeron rayonlarına dəfələrlə raket atıldığına dair foto və videofaktları heç bir bəyanatlar ört-basdır etmək mümkün deyil. Üstəlik, İrəvan ortaya Azərbaycanın Ermənistandakı hər hansı mülki infrastruktura zərbə endirdiyinə dair bir dənə də olsun, fakt qoya bilmir. Necə ki, Azərbaycan tərəfdən Suriyadan gətirilmiş yaraqlıların döyüşdüyü, Türkiyənin Bakıya hərbi dəstəyilə bağlı iddiaların sübutu yoxdur. Bunlar Ermənistanın spekulyasiya etdiyi mövzulardır. İrəvan bununla lokal münaqişəyə miqyaslı xarakter qazandırmağa, nəticədə, dünya siyasətinin nəhəng oyunçularını qarşıdurmaya cəlb etməyə çalışır.

Lakin əksər hərbi ekspert (erməni təbliğatına işləyənlər istisna olmaqla) Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalçıları ilə mübarizədə əcnəbi muzdlulara və ya müttəfiqlərinin hərbi dəstəyinə ehtiyac duymadığını bildirir. Əksinə, onların sözlərinə görə, Suriya və Livandan olan yaraqlıların ermənilərin tərəfindən vuruşduğunu düşünmək üçün kifayət qədər əsas var. Bundan başqa, Azərbaycanın xüsusi xidmət orqanları PKK terror təşkilatının Ermənistan tərəfdən döyüşən kürd yaraqlılarının danışıqlarının audioyazısını da yayıb.

Amma Ermənistanın terror üsullarına ənənəvi meyilliyi dünya üçün sirr deyil. Bu mənada, Qarabağ müharibəsi də istisna sayılmır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ermənilər tərəfdən döyüşən ərəb yaraqlılarının cəsədlərilə dolu səngərlərin görüntüləri hələ də yaddaşlardadır. ASALA, «Yerkrapa» könüllülər ittifaqı, «Sasna Srer» kimi erməni terror təşkilatları isə bu günümüzdə də mövcudluqlarını tez-tez yada salırlar.

Qarabağ döyüşlərinin budəfəki mərhələsində Ermənistanın bütün humanitar konvensiyaların tələblərini pozduğuna dair saysız-hesabsız fakt da üzə çıxıb. Onlardan ən çox yayılanı ermənilərin atəş nöqtələrini yaşayış məntəqələrinin içərisində, mülki infrastrukturun ortasında qurmasıdır.

İrəvanın bu cür yumşaq desək, çirkli mübarizəsi diplomatik və informasiya müstəvisində də özünü göstərir. Hər gün Azərbaycan Ordusunun az qala darmadağın edildiyinə dair saxta xəbərlər, uydurmalar və s. Halbuki Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsindən böyükdür. Bununla yanaşı, hərbi əməliyyatlar lokal regional xarakter daşıyırsa, Qarabağ ətrafında informasiya savaşı çoxdan beynəlxalq xarakter qazanıb. Azərbaycanın erməni təxribatına cavab olaraq əks-hücuma başladığı ilk günlərdən Ermənistan-Azərbaycan münaqişəsi dünya KİV-nin əsas mövzusuna çevrilib. Nüfuzlu erməni lobbisinin, həmçinin Ermənistanın bəzi himayədarlarının hesabına Rusiya və Qərbin bir sıra mətbuat orqanları hələ də dünyanı yanılda bilirsə, Bakının artıq informasiya blokadasını yardığı da faktdır. Hər halda, cəmi 2 həftə ərzində Azərbaycan Prezidenti İlham Əliyevin «Əl-Cəzirə», «Ər-Ərəbiyyə», «TRT Haber», «Pervıy kanal», «Euronews», CNN, «Sky News», «RBK», «Haber Global», «France 24», «Haber Türk» kimi telekanallara müsahibələri diqqəti cəlb edir.

Demək olar ki, bütün ekspertlər bu gün Azərbaycanın uzaq 90-cı illərdəki ölkə olmadığı qənaətindədir. Ermənistanın Azərbaycan ərazilərini işğalda saxlamaq üçün əlindən gələni etdiyi vaxtda Bakı onu güclü, müstəqil dövlətə, beynəlxalq münasibətlərin etibarlı iştirakçısına çevirən siyasət yürüdüb. Bu gün Azərbaycan qlobal enerji və nəqliyyat marşrutlarının mənbəyidir, Bakı dünyanın ən böyük ikinci təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir, məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT-nin COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyası keçirilib və s.

Azərbaycandan fərqli olaraq, bugünkü Ermənistanın beynəlxalq münasibətlər sistemindəki əhəmiyyəti yalnız onun yerləşdiyi geosiyasi məkan və güclü lobbisinin ayrı-ayrı ölkələrə təsiri kontekstində önəm daşıyır.

Bundan başqa, Ermənistan Azərbaycanı əks-hücuma təhrik etməmiş iqtisadi və hərbi imkanlarını yaxşı götür-qoy etməli, üstəlik, Nikol Paşinyanın hakimiyyəti tam şəkildə əlində cəmləmək cəhdləri nəticəsində yaranmış daxili siyasi böhranı da unutmamalı idi.

Hər halda, Azərbaycan Ordusu artıq düşmənin bütün mühəndis infrastrukturunu dağıdıb, işğalçılara məxsus saysız-hesabsız hərbi texnikanı ələ keçirib, canlı qüvvəsini məhv edib. Hələ də status-kvodan yapışıb qalmış Paşinyan isə dünya liderlərinin mərhəmətinə nail olmaq, onları yalançı Türkiyə təhlükəsinə inandırmaq üçün çalışır. Lakin hər dəfə ona Azərbaycanın hərbi əməliyyatları öz ərazisində apardığını xatırladırlar.

Qarabağ separatçılarının rəhbəri Araik Harutunyan isə qorxu içərisində gəncləri və qocaları silaha sarılmağa çağırır, işğalçı erməni qüvvələrinin son dərəcə ağır vəziyyətlə üz-üzə qaldığını etiraf edir.

İndi atəşin dərhal dayandırılması halında belə, Ermənistan, çətin ki, aldığı zərbədən yaxın illərdə özünə gəlsin.

Bütün bunların fonunda Nikol Paşinyanın nizamlama prosesinin illər ərzində hazırlanmış əsas prinsiplərindən imtina etmək, Qarabağ separatçılarını danışıqlara tərəf kimi qoşmaq cəhdləri də iflasa uğrayıb. Hər halda, Moskvada imzalanmış humanitar atəşkəs sənədindəki 4 maddədən 2-də nizamlanma prosesinin prinsipləri və formatının dəyişməzliyi qeyd olunur.

Oktyabrın 14-nə olan məlumata görə, Azərbaycan Cəbrayıl şəhərini, Hadrut qəsəbəsini, Cəbrayıl, Füzuli, Tərtər, Xocavənd rayonlarının 40-dan çox kəndini Ermənistan silahlı qüvvələrinin işğalından azad edib. Azərbaycan Murovdağ zirvəsi, Suqovuşan kəndi və digər istiqamətlərdəki strateji əhəmiyyətli mövqeləri də nəzarətə götürüb.

Hadisələrin gedişi göstərir ki, jurnalımız çapa gedənədək Bakı bir sıra digər əraziləri də erməni işğalından qurtaracaq. Hər halda, Azərbaycanın işğal altındakı ərazilərini geri qaytarması prosesi dönməz xarakter alıb. Prezident İlham Əliyevin də dediyi kimi, artıq nə Ermənistanın qoruyub saxlamağa çalışdığı status-kvo, nə də təmas xətti var.



MƏSLƏHƏT GÖR:

235