27 Aprel 2024

Şənbə, 07:16

PAYIZ UCUZLAŞMASI

Neft qiymətlərindəki indiki titrəmələrə baxmayaraq, ekspertlər artıq 2021-ci ilin əvvəlində vəziyyətin sabitləşəcəyinə əmindirlər

Müəllif:

15.11.2020

Koronavirus infeksiyasının ikinci dalğasının təsirləri, o cümlədən bununla bağlı bir çox ölkələrdə evəqapanmaların geri dönməsi, həmçinin ABŞ-da prezident seçkiləri payız mövsümünün başlaması ilə dünya neft qiymətlərini bir növ "yelləncək" kimi titrətdi. OPEK+ anlaşması çərçivəsində neft hasilatının azaldılması prosesi davam etsə də, bir sıra Avropa ölkələrindəki karantin rejimləri və ABŞ-da yoluxmaların artması üzündən neftə olan tələbin perspektivləri ilə bağlı ehtiyatlanmalar artmaqdadır.

Liviyadakı döyüş əməliyyatlarının sona çatması da ölkədəki neft istehsalının artmasına kömək edərək, bazardakı qeyri-müəyyənliyi artırdı. Liviyada "qara qızıl" hasilatı gündə 1 milyon bareldən çox olub ki, bu da 2019-cu ilin dekabrından bu yana maksimumdur.

Analitiklər neftə olan tələbin pandemiya öncəsi səviyyəsinin tezliklə bərpa olacağını gözləməsələr də, qiymətlərin 2021-ci ildə bir barel üçün 50 dolların üzərində artacağına ümid edirlər.

 

Nikbinlik peyvəndi

Neft qiymətləri yanvar-aprel aylarında önəmli bir azalmadan sonra may-avqust aylarında ardıcıl olaraq bərpa olundu. Avqustun əvvəlində “Brent” markalı neftin bir barelinin qiyməti mart ayından bəri ilk dəfə 45 dolları keçdi.

Lakin payızın gəlməsi ilə neft qiymətləri düşməyə başladı: “Brent” sentyabr ayında qiymətinin, demək olar ki, 10%-ni və oktyabr ayında isə 8%-ni itirdi, Şimal dənizi neft qarışığı (WTI) isə uyğun olaraq 6% və 11% itirdi. Nəticədə, oktyabr ayında neft qiymətləri barel üçün 40 dollar olan psixoloji göstəricinin altına düşdü və üç ay ərzində baş vermiş artımın hamısı itirildi.

Oktyabr ayının son iş günündə dünya bazarında neft qiymətləri bir barel üçün təqribən 35 dollara düşərək iyun ayının ən aşağı səviyyəsinə endi. Şimal dənizi neft qarışığı üçün yanvar fyuçerslərinin qiyməti bir barel üçün 37,6 dollara, dekabr fyuçersləri üçün isə 35,8 dollara qədər endi. Ancaq 11 noyabrda “Brent” üzrə yanvar fyuçerslərinin qiyməti 2 sentyabrdan bəri ilk dəfə 45 dollar/barelə, WTI üzrə dekabr fyuçerslərinin qiyməti 42,66 dollara qədər yüksəldi.

Etalon markaların qimətləri koronavirus peyvəndi araşdırmaları ilə bağlı nikbinlik nümayiş etdirməyə davam edir, bu, neftə olan tələbin perspektivi ilə bağlı narahatlıqları üstələyir. Sərmayəçilər ümid edirlər ki, peyvənd dünya iqtisadiyyatının durumuna və xammala tələbata müsbət təsir göstərəcək. Onun yaradılması, özəlliklə ölkələrə karantin məhdudiyyətlərini və hərəkət qadağalarını ləğv etməyə imkan verəcək ki, bu, yanacağa tələbi dəstəkləyəcək.  

“Neft bazarlarına gəldikdə isə, peyvəndin meydana çıxması diqqəti qısamüddətli tələb və təklif məsələsindən neft bazarının 2021-ci ildə tələbin bərpasını necə idarə edə biləcəyinə yönəldə bilər. Bu (bir peyvəndin ortaya çıxması), hökumətlərin karantini yumşaltmasına kömək edə bilər”, - deyə «Investec»in xammal əmtəələri üzrə rəhbəri Kallum MakFerson bildirib.

Qiymətlərə ABŞ prezident seçkilərinin nəticələri ilə bağlı aydınlıq gəlməsi də dəstək verdi. Sərmayəçilər hesab edirlər ki, C.Baydenin Ağ Evə gəlişi ilə milli iqtisadiyyatın dəstəklənməsi üzrə yeni genişmiqyaslı tədbirlər paketinin qəbul edilməsi ehtimalı artır ki, bu da COVID-19 pandemiyasının nəticələrini aradan qaldırmağa kömək edəcək.

 

Hər şey nəzarət altındadır

Neft qiymətlərinin oktyabr ayındakı azalması bazar iştirakçıları arasında ciddi çaxnaşmaya səbəb olmasa da, amma gözlənildiyi kimi, OPEK+ ölkələrinin diqqətini ciddi cəlb etdi.

Doğrudur, oktyabrın ortalarında Rusiya Baş nazirinin müavini, əvvəllər Rusiyanın Enerji naziri vəzifəsində çalışmış Aleksandr Novak bildirdi ki, dünya neft bazarındakı qiymətlər cari vəziyyətə uyğundur. “Bu gün qiymətlərin kəskin artmasına və ya kəskin azalmasına təsir edəcək hansısa xüsusi amillər yoxdur. Bu gün bazar qiymətləndirməsi tələb və təklif balansı baxımından gedir”, - deyə Novak vurğulayıb.

Ancaq Səudiyyə Ərəbistanının enerji naziri, şahzadə Abduləziz bin Salman onlayn keçirilən ADIPEC neft və qaz konfransının gedişində OPEK+-un 2021-ci il üzrə planları barədə danışarkən bildirib ki, gərək olduqda anlaşmanın parametrləri dəyişdirilə bilər. Üstəlik, bu düzəliş bazarın gözlədiyindən daha güclü ola bilər. “Bu dəyişikliklər analitiklərin dediklərindən çox ola bilər. Biz vəziyyətin inkişafını diqqətlə izləyirik”, - deyə o bildirib.

Xatırladaq ki, OPEK+-un neft hasilatının azaldılması ilə bağlı yenilənmiş anlaşması bu ilin may ayından etibarən qüvvədədir. Anlaşmanın ilk mərhələsi avqust ayında başa çatıb və onda anlaşma ölkələri hasilatı 9,7 milyon barel azaldıblar. Sentyabrdan bu ilin sonuna qədər 7,7 milyon barel azaldılacaq. 1 yanvar tarixindən etibarən isə azaltma 5.8 milyon barel həcmində olmalıdır. OPEK+ anlaşması 2022-ci ilin aprel ayına qədər etibarlıdır, onun davam etdirilməsinin məqsədəuyğunluğu 2021-ci ilin dekabrında nazirlərin iclasında nəzərdən keçiriləcək.  

Yeri gəlmişkən, ekspertlər əsasən gözləyirlər ki, OPEK+ istehsalın azaldılmasının hazırkı 7,7 milyon barel/sutka səviyyəsinin vaxtını 2021-ci ilin yanvarından sonra da uzadacaq. “Avropadakı yeni sərtləşdirmələr neftə tələbi müvəqqəti olaraq məhdudlaşdırır, lakin bu, bütün dünyada, xüsusən də Asiyada artan tələblə kompensasiya olunmalıdır. Liviyadan ixracat gözləniləndən daha sürətli böyüdü, lakin neft istehsal edən ölkələr istehsal azaldılmasında nəzərdə tutulan yumşalmanı (5.8 milyon barelə qədər – “R+”), yəqin ki, təxirə salacaqar və bu da bazarda balansı pozmadan əlavə neft həcmlərinə yer açacaq", - deyə «Next Generation Julius Baer»in baş makroiqtisadçısı və perspektiv araşdırmalar istiqamətinin rəhbəri Norbert Ryuker hesab edir.

Doğrudur, OPEK+ alyansının əsas oyunçuları arasında cari şərtlərlə imzalanmış anlaşmanın 2021-ci ildə gələcək fəaliyyəti ilə bağlı bir fikir birliyi yoxdur. «İnterfaks» agentliyi bildirir ki, Rusiyada azalmaların gücləndirilməsinə getməyə hazır deyillər, uzağı anlaşmanın cari şərtlərlə yeni ilin ilk üç ayında uzatmağa razıdırlar.  

“İndi bu mövzunu müzakirə etməyə və ya mənim bir şey söyləməyimə ehtiyac yoxdur. JMMC (nazirlərin birgə monitorinq komitəsi) olacaq, müzakirə edəcəyik”,- deyə A.Novak Rusiyanın 2021-ci ilin yanvarından OPEK+ ölkələrinin neft hasilatında əlavə azalmalara dair təkliflərini dəstəkləməyə hazır olub-olmadığı sualına cavab olaraq vurğulayıb.

Vladimir Putin hələ oktyabr ayında «Valday» müzakirə klubunun plenar iclasında çıxış edərək, anlaşmanı dəyişdirməyə ehtiyac olmadığını qeyd etdi, lakin gələcəkdə azaldılmaların uzadılmasını və ya dərinləşdirilməsini istisna etmədi.

“Neftə olan tələbə və OPEK+ çərçivəsində işə gəldikdə isə, biz bütün tərəfdaşlarımızla, həm amerikalılarla, həm də səudiyyəlilərlə əlaqədəyik. Biz sanırıq ki, indi heç nəyi dəyişdirməyə ehtiyac yoxdur, amma istehsaldakı mövcud məhdudiyyətləri saxlaya biləcəyimizi, əvvəl nəzərdə tutduğumuz kimi sürətlə qaldırmayacağımızı da istisna etmirik, əgər lazım olarsa, daha da azalma ilə bağlı digər qərarlar da qəbul edə bilərik. Ancaq hələlik biz belə bir ehtiyac görmürük”, - deyə Rusiya lideri vurğulayıb.

OPEK+ nazirlərinin görüşünün 1 dekabr tarixində keçirilməsi planlaşdırılır. Bundan əvvəl, 30 noyabrda OPEK ölkələrinin konfransı olacaq, OPEK+ texniki komitəsinin iclası 16 noyabrda, nazirlər komitəsinin iclası 17 noyabrda keçiriləcək.

 

Baydenin qələbəsi və neftə tələb

Ortamüddətli perspektivdə Ağ Evin yeni rəhbərinin siyasəti dünya üzrə neft təkliflərinin artmasına səbəb ola bilər və onun nəqliyyat sektorunda istehlakına təzyiq göstərə bilər ki, bu da bütün tələbatın 60%-dən çoxunu təşkil edir.

Demokrat prezidentin dövründə ABŞ İranla nüvə problemi danışıqlarını bərpa edə bilər ki, bu da İslam Respublikası üçün neft və qaz ixracatındakı məhdudiyyətləri yüngülləşdirə bilər.

ABŞ-ın 2019-cu ilin may ayında nüvə anlaşmasından çıxmasından əvvəl İran 4,5 milyon barel/sutka neft hasil edirdi. İxracı sanksiyalarla üzləşən kimi istehsalın önəmli bir hissəsi dayandı. “Hazırda İranın istehsalı 2,5 milyon bareldir. Ehtiyat gücləri 1,8 milyon barel səviyyəsində saxlamaq mümkün olub. İran əleyhinə sanksiyalar ləğv edilərsə, bu neftin önəmli hissəsi bazarı doldura bilər. «Rystad» agentliyinin təhlili İranda istehsalın 2022-ci ilin sonunda 1,2 milyon barel artacağını göstərir. Bu ssenarini yüksək dərəcəli siyasi qeyri-müəyyənlik izləyir, lakin o, yetərincə real görünür", – deyə «Rystad»ın qiymətləndirməsi barədə «BCS Express»in analitiki öz təhlilində bildirib.

«Goldman Sachs Group Inc.», «JPMorgan Chase&Co.» və «RBC Capital Markets Llc,» də daxil olmaqla Amerika banklarının proqnozlarına görə, yüngülləşmə halında 1 milyon barel/sutka və ya daha çox İran nefti gələn il bazara çıxa bilər və bu da neft qiymətlərini "çökdürə" bilər.

«Rystad» ABŞ tərəfindən Venesuelanın «PDVSA» şirkətinə qarşı sanksiyalarla bağlı da bənzər yumşalmaları istisna etmir. C.Bayden dövründə Rusiya və Çin üçün Venesuelaya yatırımlar daha az riskli ola bilər. Agentlik Venesuelada hasilatın 2024-cü ilə qədər potensial artımını 0,7-1,2 milyon barel/sutka səviyyəsində qiymətləndirir.

ABŞ neft istehlakına daha bir zərbəni təmiz enerjinin inkişafı ilə vura bilər. C.Bayden yaxın on ildə enerji sektorunda "yaşıl" texnologiyalar üçün, təxminən, 400 milyard dollar ayıracağına söz verib. Bu vəsaitlər elektromobillərin yüklənməsi üçün infrastruktura, elektrik nəqliyyatının istehlakçıları üçün maliyyə stimullarına və sürətli dəmir yollarının inkişafına yatırıla bilər.

Bununla yanaşı, nefti əvəzetmənin çox bahalı və ya texnoloji cəhətdən çətin olduğu aviasiya kimi bəzi sektorlarda C.Baydenin təşəbbüslərindən asılı olmayaraq, 2020-ci illərin ortalarına qədər neftə tələbdə dayanıqlı artım ola bilər.

 

Qiymətdə sabitlik  

Cari vəziyyətin qiymətləndirilməsi bu ilin sonunadək neft qiymətlərinin bir barel üçün 40-50 dollar aralığında qalacağını göstərir, bu və ya digər tərəfə ciddi dəyişiklik üçün heç bir ehtimal yoxdur. OPEK+ ölkələri mövcud şərtlər altında 2021-ci ildə neft hasilatını azaltmağa davam etməyə və ya hətta dərinləşdirməyə qərar verərsə, bu, bazara əlavə təkan verəcək və qiymətin bir barel üçün 50 dollardan yuxarı keçməsinə imkan verəcək. Çox şey yanacaq tələbatına ciddi təsir göstərən koronavirusla bağlı vəziyyətin inkişafından da asılıdır. Hələ ki, mənzərə çox ürəkaçan görünmür və mütəxəssislərin fikrincə, hava nəqliyyatının tam bərpa olunması üçün yaxın iki ili gözləməyə dəyməz. Eyni zamanda, şəxsi nəqliyyatdan istifadənin və uyğun olaraq avtomobil yanacağına tələbin artması də istisna edilmir.

«JPMorgan Chase»in mütəxəssisləri isə öz növbəsində qlobal neft tələbinin gələn ilin sonuna qədər virusdan əvvəlki səviyyəyə dönməyəcəyini proqnozlaşdıraraq ehtiyatlı olmağa çağırırlar.

Moskva da oxşar fikirlərə üstünlük verir. "Düşünürəm ki, gündə 100 milyon barel neftə qayıdış təxminən iki-üç il çəkəcək və bu səviyyəyə yaxınlaşacaq ", - deyə RF Enerji nazirinin müavini Pavel Sorokin bildirib. Ayrıca, onun sözlərinə görə, OPEK+ iştirakçılarının "müsbət əməkdaşlığı" və məsuliyyətli davranışları da nəzərə alınmalıdır.

ABŞ Enerji Nazirliyi gözləyir ki, “Brent” neftinin qiyməti ilin sonuna qədər 40 dollar/barel səviyyəsində qalacaq. Nazirliyin Enerji İnformasiya İdarəsinin (EIA) proqnozlarına görə, 2021-ci ildə “Brent” markalı neftin bir barelinin orta qiyməti 47 dollar olacaq.

EIA öz noyabr ayının icmalında qeyd edir ki, oktyabr ayında “Brent” markalı neftin spot qiymətlərinin orta hesabla 40 dollar/barel təşkil edib və sentyabr ayına nisbətən 1 dollar az olub. “Brent” neftinin qiyməti oktyabr ayında azalıb, çünki

Liviyada neft hasilatı daha erkən bərpa olundu, çox sayda ölkələrdə COVID-19 yoluxmaları artmağa başladı ki, bu da yaxın aylarda neft tələbini azalda bilər.

“Bu hadisələrə baxmayaraq, EIA qlobal neft ehtiyatlarının azalmasının yaxın aylarda davam edəcəyini gözləyir. Bununla belə, EIA gözləyir ki, dünya səviyyəsində neft ehtiyatlarının yüksək olması və istehsal gücünün artması neft qiymətlərinin üzərindəki bahalaşma təzyiqlərini məhdudlaşdıracaq və 2020-ci ilin sonuna qədər “Brent” markalı xam neftin bir barelinin qiyməti 40 dollar ətrafında olacaq ”, - deyə hesabatda bildirilir.  

EIA gözləyir ki, qlobal neft tələbinin artması ilə 2021-ci ildə proqnozlaşdırılan ehtiyatlar azalacaq və bu da neft qiymətlərinin yüksəlməsi istiqamətində bəzi təzyiqlərə səbəb olacaq.

İnvestisiya şirkətlərinin və bankların analitikləri də 2021-ci ildə neft qiymətlərinin artacağına ümid edirlər. «Saxo Bank» ekspertlərinin fikrincə, neft bazarı cari qiymət aralığında qalacaq: “Brent” bir barel üçün 40-50 dollar arasında dirənəcək və yalnız 2021-ci ilin ilk yarısında 50 dollardan yuxarı qalxa biləcək.

Rusiyanın LUKOIL şirkətinin rəhbəri Vahid Ələkbərov da bu proqnozla razılaşır və neftin qiymətinin yaxın aylarda 40 dollar/barel səviyyəsində qalacağını düşünür. Onun fikrincə, 2021-ci ilin birinci rübündə «Brent» markalı neftin bir bareli 50 dollara qədər bahalaşa bilər.

«Citibank»ın araşdırma qolu olan «Citi Research» proqnozlaşdırır ki, “Brent” və WTI neftlərinin qiyməti 2021-ci ildə uyğun olaraq 54 dolar və 49 dollar təşkil edəcək.  

Ən optimist «BofA Global Research»in proqnozudur ki, o, ehtimal edir ki, «Brent»in qiyməti 2021-ci ilin birinci yarısında bazarda xammal çatışmazlığı üzündən bir barel üçün 60 dollara qədər yüksələ biləcək, bunun 2020-ci ilin dördüncü rübündə baş verəcəyini istisna etmir.

Analitiklərin fikrincə, neftin bahalaşmasına səbəb olan əsas amillər arasında investorların OPEK+ ölkələri tərəfindən mövcud anlaşma şərtlərinin yerinə yetirilməsinə inamı, ABŞ-dakı şist yataqlarından hasilatın azalması və qlobal neft tələbatının ardıcıl bərpası yer alır. «BofA Global Research»in proqnozu, dünyanın 2020-ci ilin dördüncü rübündə COVID-19 pandemiyasının ikinci bir böyük dalğasının qarşısını ala biləcəyi ehtimalına əsaslanır.

Bir sözlə, neft qiymətlərinin gələcək taleyi indi OPEK+-un və koronavirus peyvəndi istehsalçılarının əlindədir. Hər iki tərəfin doğru qərarları neft bazarı üçün yaxşı bir nəticə verə bilər - gözləmə rejimi "başlayıb".


MƏSLƏHƏT GÖR:

212