27 Aprel 2024

Şənbə, 02:14

BİRMƏNALI OLMAYAN QƏLƏBƏ

Görünən odur ki, ABŞ-da prezident seçkisini qazanan demokratlar qalan hər şeyi uduzublar

Müəllif:

15.11.2020

ABŞ-da keçirilmiş növbəti prezident seçkisinin Co Baydenin qələbəsilə bitməsinin səbəbi, bəlkə də, onun seçiciləri Donald Trampın Amerika demokratiyasına təhdid saydığı ideya ətrafında birləşdirməsidir. Görünür, strategiya həqiqətən uğurlu olub ki, demokratların keçmiş istehkamları, 2016-cı ildə Trampın tərəfinə keçmiş Pensilvaniya, Miçiqan və Viksonsidə bu dəfə yenidən Demokratlar Partiyasının namizədi qalib gəlib.

Budəfəki seçkidə səsvermə hüququna malik amerikalıların üçdə ikisindən çoxu – təxminən 160 milyon insan səs verib. 1900-cü ildə 73,3% seçici fəallığı ilə keçmiş prezident seçkisi rekordunun yenilənməsinə çox az qalmışdı. Baydenə Trampa səs verənlərdən, təxminən, 5 milyon nəfər çox seçici dəstək olub.

Açığı, bütün proqnozlar Baydenin qalib olacağını göstərsə də, bu dərəcədə üstünlük gözlənilən deyildi. Ekspertlərin proqnozlaşdırdığı «mavi dalğa» da baş tutmayıb. Konqresin aşağı palatasında demokratların sayı xeyli azalıb, Senatda isə çoxluq əldə olunmayıb. Amma Corciya ştatında yanvarın 6-da iki mandat uğrunda təkrar seçki olacaq. Çünki orada namizədlərdən heç biri 50%-dən çox səs qazana bilməyib. Bu iki mandatı demokratların əldə edəcəyinə zəmanət yoxdur. Seçkinin keçirildiyi qalan ştatlarda isə (hər iki ildən bir Senatın üçdə biri dəyişməlidir) respublikaçılar cəmi bir yer uduzublar. Beləliklə, hazırda qüvvələr nisbəti belədir: respublikaçılar 50 yer (mümkün 100 yerdən), demokratlar 46 və hər zaman demokratlara səs verən müstəqil namizədlər 2.

Demokratlar ştatların qanunverici orqanlarında da mövqelərini ciddi şəkildə yaxşılaşdıra bilməyiblər. Bu isə uzunmüddətli perspektivdə onlar üçün pisdir. ABŞ-da hər 10 ildən bir əhali yenidən siyahıya alınır, Konqresə və yerli qanunverici orqanlara seçki üzrə dairələr onun nəticəsinə əsasən müəyyənləşdirilir. Bu, cerrimenderinq («Gerrymandering») adlanır. Növbəti siyahıyaalma bu il olacaq və demək, ştatların yeni seçilmiş hökumətləri 2021-ci ildə növbəti 10 il üçün yeni seçki dairələri əsasında müəyyənləşəcək.

Artıq baş tutmuş seçkinin nəticələrinə görə, respublikaçılar 181 dairə üzrə xəritənin müəyyənləşdirilməsinə tam nəzarət edir. Demokratlarda bu, 76-dır. Ötən onillikdə respublikaçıların üstünlüyü daha ciddi idi – onlar 213 dairəyə nəzarət edirdilər. Beləliklə, respublikaçılar bu üstünlüklərini hələ uzun müddət davam etdirəcəklər.

 

Siyasi autsayder

Donald Tramp son 100 ildə ilk prezidentlik müddətinin sonunda məğlub olmuş beşinci ABŞ lideridir (onadək Quver, Ford, Karter və oğul Buş eyni aqibəti yaşayıblar). Daha iki prezident – Trumen və Conson məğlub olacaqlarını bildikləri üçün yarışdan daha ilkin mərhələdə geri çəkilmişdilər.

BBC xəbər verir ki, Donald Tramp 2016-cı il seçkisini əsasən heç bir normaya məhəl qoymayan, əvvəllər dilə gətirilməsi mümkün olmayan məsələlərdən danışan siyasi autsayder olduğu üçün qazanmışdı. 2020-ci ildə isə o, eyni səbəblərə görə məğlub olub.

Tramp partiya daxilində məharətli siyasətçi kimi tanınaraq respublikaçıların, demək olar ki, yekdil dəstəyini qazansa da, partiyalararası siyasətdə özünü zəif göstərib. Başqa sözlə, o, sanki öz bazasından kənardan tərəfinə seçici cəlbi üçün heç bir cəhd etməyib. Trampın məğlubiyyətinə səbəb olmuş əsas amillərdən biri də məhz budur.

Prezident seçkilərində tez-tez bir sual aktuallıq qazanır: ölkədə vəziyyət indi yaxşıdır, yoxsa 4 il əvvəl yaxşı idi? Seçkiyədək 230 min insanın həyatına son qoymuş koronavirus pandemiyasından, eyni zamanda onun ortaya çıxardığı iqtisadi böhrandan sonra indi vəziyyətin daha yaxşı olduğunu sübut etmək mümkünsüz idi.

 

İdeal olmayan sistem

Çoxları hesab edir ki, ABŞ-ın seçki sisteminin çatışmazlıqları ildən-ilə daha çox üzə çıxır. Məsələn, cerrimenderinq vətəndaşların seçki bərabərliyini pozur. Çünki seçki dairələrinin sərbəst şəkildə demarkasiyasında məqsəd orada siyasi qüvvələrin qüvvələr nisbətinin süni yolla dəyişdirilməsidir.

2013-cü ildə Ali Məhkəmə seçki hüquqları haqqında qanunu yumşaldıb. Bu, ştatlara seçicilərdən şəxsiyyəti təsdiq edən sənədin tələbini sərtləşdirmək, səsvermə müddətini qısaltmaq, qeydiyyatı çətinləşdirmək və məhdudlaşdırmaq, səsvermə hüququ olan vətəndaşların böyük bir hissəsinin seçkiyə qatılmasını əngəlləyən başqa qaydalar tətbiq etmək imkanını artırıb. Söhbət xüsusilə irqi azlıqların nümayəndələrindən, yoxsullardan, gənclərdən və yaşlı nəsildən gedir.

Bütün bunlar azmış kimi, bu seçkidə Tramp poçt xidmətinin də fəaliyyətini ləngitməyə çalışıb, rəqibinə problem yaratmaq məqsədilə bir sıra çirkin addımlar atıb. Məsələn, 2019-cu ildə seçki qanunvericiliyinə Pensilvaniya, Viskonsi və Miçiqanın qanunverici orqanlarındakı respublikaçı çoxluq tərəfindən edilmiş dəyişikliyə görə, seçki komissiyası seçki gününədək postla gəlmiş çox sayda bülleteni hesablaya bilməyib. Bu isə komissiyanın işini çətinləşdirib və Trampın hüquqşünaslarına məhkəməyə müraciət etmək üçün əsas verib.

 

Gələcək administrasiya

Baydenin prezident olaraq uğur açarı Demokratlar Partiyasının solçu, mötədil və sağçı qanadlarının nümayəndələri və Trampın idarəçiliyindən narazı olan respublikaçılardan qurulacaq koalisiyadır. Bunu anlayan Bayden bir fikri durmadan təkrarlayır: qarşıya qoyulmuş hədəflərə çatılması üçün partiya mənsubiyyətindən asılı olmayaraq, bütün vətənpərvərlərin fəal köməyinə ehtiyac var.

Səlahiyyətlərinin icrasına 2021-ci il yanvarın 20-də başlamalı olan yeni administrasiya, əlbəttə ki, çoxsaylı problemlərlə üzləşəcək - COVID-19 virusuna yoluxma hallarının artımından, iqtisadi inkişafın zəifləməsindən tutmuş, qeyri-bərabərliyin artmasına, dərin siyasi və sosial fikir ayrılıqlarınadək.

Odur ki, Co Bayden qələbə qazandığı məlum olduqdan sonra etdiyi ilk çıxışındaca vaxt itirmək niyyətində olmadığını bildirib. O, deyib ki, artıq sabah COVID-19 ilə mübarizə siyasətini hazırlayacaq ekspertlər qrupunu təsdiqləyəcək. Bayden prezident kimi and içdikdən dərhal sonra koronavirusla mübarizəyə start verəcəyini söyləyib.

Lakin bu, yeni administrasiyanın üz-üzə qalacağı çoxsaylı problemlərdən yalnız biridir.

2008-ci ilin noyabrında, yəni beynəlxalq maliyyə böhranının ən kəskin vaxtında prezident seçilən Barak Obama səlahiyyətlərinin icrasına başlar-başlamaz, dərhal Buşun administrasiyası ilə intensiv fikir mübadiləsinə başlamışdı. Əks halda Obamanın komandası daxili və xarici siyasətdə atılmalı olan ilk addımların müəyyənləşdirilməsində çətinliklə üzləşəcəkdi. O zaman Obama Buş administrasiyasının xüsusi dəyərli əməkdaşlarını öz komandasında saxlamışdı. Lakin 2016-cı ildə Tramp bunun tam əksini etdi. O, keçmiş administrasiya ilə heç bir ünsiyyət qurmadı. Əminliklə demək olar ki, indi də belə olacaq.

Baydenin xarici siyasətlə bağlı proqram sənədlərindən bəlli olur ki, onun rəhbərlik etdiyi ABŞ-ın əsas hədəfi dünyanın aparıcı fövqəldövləti statusunun qaytarılması olacaq. O, Trampı xaotik siyasət yürütməkdə ittiham etsə belə, hazırkı tendensiyaların bir çoxunun qorunub saxlanacağını da söyləmək mümkündür. Fərq yalnız onların üslubunda və xarakteristikasında ola bilər.

Məsələn, Baydenin çıxışlarından belə məlum olur ki, o, Çinə qarşı son dərəcə sərt mövqe tutmaq niyyətindədir. Yeni administrasiya ticarət və tariflərdə disbalans, intellektual mülkiyyət oğurluğu, kibertəhlükəsizlik sahəsində münaqişə, Pekinin Cənubi Çin dənizini hərbçiləşdirməsi və s. kimi sahələrdə Vaşinqtonun mübarizəsini davam etdirəcək.

Şərqi Afrikada müxtəlif terror təşkilatlarına, o cümlədən «Əl-Qaidə», «İslam Dövləti» və «Əl-Şabaab» kimi qruplaşmalara təzyiqlər də davam etdiriləcək. Venesuelanın Nikolas Maduro hökumətinə iqtisadi və diplomatik təzyiqlər də dayanmayacaq. Ümumilikdə «qaynar nöqtə»lərdən qoşunların çıxarılması ideyası qorunub saxlansa da, yerlərdəki şəraitdən asılı olaraq, prosesin tempi dəyişəcək.

Lakin Tramp administrasiyasının siyasətilə fərqliliklər özünü daha aşkar göstərəcək. Məsələn, ABŞ «G7» və «G20»dən olan ənənəvi tərəfdaşları ilə tərəfdaşlıq münasibətlərini bərpa edəcək, NATO-ya dəstəyi artıracaq, ətraf mühitin mühafizəsinə yönəlmiş qlobal kollektiv səyləri gücləndirəcək, bu isə BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı və digər strukturları ilə əməkdaşlığın bərpa ediləcəyi deməkdir.

Bayden administrasiyasının Rusiya ilə strateji silahlanmanın məhdudlaşdırılmasına dair yeni razılaşma üzrə danışıqları bərpa edəcəyi, orta mənzilli nüvə güclərinə dair müqaviləyə yenidən baxa biləcəyi gözlənilir. Məlum olduğu kimi, Tramp administrasiyası bunlardan imtina etmişdi.

Vaşinqtonun İranla nüvə silahı istehsalına nəzarət üzrə razılaşmaya qayıdacağı da aydındır.

Ümumiyyətlə, nüvə sazişinin qeyd-şərtsiz bərpa edilməli olduğu düşünən bir sıra demokratlarla müqayisədə, Baydenin mövqeyi daha yumşaqdır. O, hesab edir ki, 2015-ci il razılaşmasının daha təkmil vəziyyətə gətirilməsi vacibdir. Yəni, razılaşmada İran üçün daha sərt şərtlər yer almalıdır.

Məhz bu məsələdə Tramp administrasiyasından xələfinə yaxşı «miras» qalır. Tramp İrana yalnız nüvə fəaliyyətinə görə deyil, terrorçuluğu dəstəklədiyinə görə də sanksiyalar tətbiq edib.

Yeri gəlmişkən, gələn il İranda da prezident seçkisi keçiriləcək. Odur ki, prezident Həsən Ruhaninin qarşısında ağır iqtisadi vəziyyətdən çıxış yolunun tapılması vəzifəsi durur. Bu ağır vəziyyətin yaranmasında isə ABŞ-ın 2018-ci ildə tətbiq etdiyi sanksiyaların da ciddi rolu var.

Bayden bildirir ki, Tehran az zənginləşdirilmiş uran ehtiyatından 2015-ci il razılaşmasına uyğun imtina edərsə, ABŞ yeni nüvə sazişi imzalamağa, İrana qarşsı tətbiq olunmuş sanksiyaları yumşaltmağa hazırdır. Beləliklə, Bayden İrana nüvə sahəsilə bağlı tətbiq olunmuş sanksiyaları aradan qaldıra bilər. Lakin iranlılar davamlı güzəştlərə razılaşmazlarsa, terrorçuluqla bağlı tətbiq edilmiş sanksiyalar yəqin ki, qüvvədə qalacaq.

 

Respublikaçıların xəyalı

Bütün bunlarla yanaşı, Respublikaçılar Partiyası Senatda çoxluğu əldə edərsə, Bayden administrasiyası ciddi problemlərlə üzləşə bilər. Məsələ ondadır ki, Senatın təsdiqləmədiyi hes bir razılaşma qanuni qüvvə qazanmır və növbəti prezident onu geri çağırmaq hüququ qazanır. Respublikaçıların 4 il sonra prezident kürsüsünü geri qaytarmaq şansı isə təbii ki, qalır.

Bundan başqa, respublikaçıların cəmi 2 il sonra Nümayəndələr palatasını tam nəzarətə götürmək şansı da yüksəkdir. Seçki dairələrində aparılacaq dəyişikliklər də buna yol açacaq.

Odur ki, 2020-ci il seçkisinin nəticəsini birmənalı qiymətləndirmək olmaz. Görünən odur ki, ABŞ-da prezident seçkisini qazanan demokratlar qalan hər şeyi uduzublar.



MƏSLƏHƏT GÖR:

235