26 Aprel 2024

Cümə, 14:17

BEŞƏ LAYİQ

Pandemiya Azərbaycan cüdoçularına Avropa çempionatında yüksək nəticə göstərməyə mane olmadı

Müəllif:

01.12.2020

Koronavirus pandemiyası günlərində Beynəlxalq Cüdo Federasiyası növbəti beynəlxalq yarışı keçirməyə nail olub. Bu dəfə Çexiyanın paytaxtı Praqada cüdo üzrə Avropa çempionatı təşkil olunub.

Pandemiya vaxtı təşkil edilən Avropa çempionatında Azərbaycan yığması 5 medal qazanmaqla komanda hesabında 4-cü yeri tutub. Qadınların yarışında İrina Kindzerska (+78 kq) gümüş, kişilərin mübarizəsində Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kotsoyev (-100 kq) bürünc, Orxan Səfərov (66 kq) isə qızıl medal qazanıb.

40 ölkədən 345 cüdoçunun mübarizə apardığı qitə birinciliyində ən yüksək nəticəni Orxan Səfərov əldə etdi. Müxtəlif illərdə qitə birinciliyində mükafatçılar sırasında yer alan Səfərov bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. İdmançımız ardıcıl olaraq Manuel Lombardo (İtaliya) və Matey Polyakı (Slovakiya) mübarizədən kənarlaşdırıb. 1/4 finalda Almaniya təmsilçisi Sebastian Seyidlini məğlub edib. Yarımfinalda Serbiya təmsilçisi Straxinya Bunçiçlə üz-üzə gəlib. Qarşılaşmadan ipponla qalib ayrılan Səfərov finala yüksəlib. Cüdoçumuz finalda İsrail təmsilçisi Fliker Tala heç bir şans verməyərək əla fənd işlədərək qələbəyə layiq olduğunu nümayiş etdirib. Orxan Səfərov karyerasında ilk dəfə Avropa çempionatında qazandığı qələbəni əsgər salamı ilə qeyd edib. 29 yaşlı idmançı çempionluğunu Azərbaycan Ordusu ilə bölüşüb.

73 kq çəki dərəcəsindəki təmsilçimiz Rüstəm Orucov Klaudio Nunyes Dos Santos (Lüksemburq) və Aleksandru Raykuya (Rumıniya) qalib gəlsə də, 1/4 finalda Laşa Savdatuaşviliyə (Gürcüstan) yenilib. Onun təsəlliverici görüşdəki rəqibi Tohar Butbul (İsrail) olub. Qarşılaşmadan qalib ayrılan Orucov bürünc medal uğrunda görüşdə iştirak hüququ qazanıb. İsveçrə Təmsilçisi Nils Stampı üstələyən Orucov Azərbaycan yığmasına bürünc medal qazandırıb.

Yarışın son günü cüdoçular azarkeşləri yenidən sevindirib. Erkən mərhələdə uduzan idmançılarımız Vətənə əliboş qayıtmamaq üçün təsəlliverici mərhələdə maksimum nəticə göstərib. 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev türkiyəli Mixael Zqankla, 100 kq-da Zelim Kotsoyev isə bolqarıstanlı Boris Georgiyevlə üz-üzə gəliblər. Hər iki cüdoçu rəqiblərinə qalib gələrək bürünc medala layiq görülüb.

Yeganə qadın cüdoçumuz İrina Kindzerska finala qədər məğlubiyyətsiz irəliləyib. 78 kq-dan yuxarı çəki dərəcəsində yer alan 29 yaşlı idmançı əvvəlcə serbiyalı Milika Zabiçi 89 saniyəyə, yarımfinalda isə ukraynalı Yelizaveta Kalaninanı 67 saniyəyə ipponla üstələyib. Həlledici görüşdə onun rəqibi fransalı Roman Dikko olub. Təəssüf finalda uduzan Kindzerska Azərbaycana gümüş medalla qayıdıb.

Ölkəmizə ən yüksək əyarlı medalı qazandıran Orxan Səfərov təəssüratlarını “Region plus”la bölüşüb. Yeni Avropa çempionumuz qələbəni Azərbaycan Ordusuna həsr etdiyini deyib: “Əvvəllər iki dəfə 60 kq-da çıxış edərkən finaladək yüksəlmiş, lakin hər ikisində də məğlub olaraq, gümüş medalla kifayətlənmişdim. Üçüncü cəhdimdə isə finala çıxdım. Özümə və hamıya söz vermişdim ki, bu dəfə şansımı əldən buraxmayacağam. Çox şadam ki, məndə alındı və istəyimə çatdım. Qələbəmi Azərbaycan xalqına, Ordumuza həsr edirəm. Bir sözlə, qələbəmi ölkəmizin qələbəsinə həsr edirəm. Yadınızdadırsa Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqədə bürünc medal qazanarkən də əsgər salamı verdim. Bu, qalib Ordumuza, əsgərlərimizə dəstək üçün idi. Cəbhədəki qələbə bizi çox qürurlandırdı. Bütün Azərbaycan xalqı kimi biz də çox sevindik. Şəhidlərimizə Allahdan rəhmət, sağ qalan qazilərimizə isə şəfa diləyirəm.

Ordumuzun qələbəsindən sonra biz idmançıların məsuliyyəti daha çox artıb. Çətin günlərdə qitə birinciliyində qələbə qazanmağı çox istəyirdim. Avropadan olan bütün güclü rəqiblərim burada idi. Koronavirusa rəğmən, hamısı gəlmişdi. Bizim daha güclü rəqiblərimiz olan Yaponiya və Cənubi Koreyadan olan idmançılarla qitə çempionatında qarşılaşa bilmirik. İlk görüşdən final qarşılaşmasınadək hamısı çətin idi. Məsuliyyət, həyəcan var idi. Hansısa dueli xüsusi qeyd etmək istəməzdim”.

Avropa çempionatının nəticələri Beynəlxalq Cüdo Federasiyasının reytinq cədvəlinə təsirsiz ötüşmədi. Praqada bürünc medal qazanan Rüstəm Orucov (73 kq) xal hesabını 6575-ə çatdırıb. 1 pillə irəliləyən təmsilçimiz reytinq cədvəlinin zirvəsinə yüksəlib. Avropa çempionatında gümüşə yiyələnən İrina Kindzerska (+78 kq) da bir addım irəliləyib. O, 5464 xalla dünya 4-cüsüdür.

Beləliklə, Ruslan Maşurenkonun yetirmələri koronavirus pandemiyası dönəmində 2020-ci ildəki son yarışda da ölkəmizin idman şərəfini layiqincə qorudu. Azərbaycanın ümumilikdə 14 təmsilçisindən yarısı ən azı 1/4 finaladək irəliləməyi bacarıb. Kişilərdən Nicat Şıxəlizadə 66 kq, Telman Vəliyev 73 kq, Uşangi Kokauri 100 kq-dan yuxarı, qadınlardan isə Leyla Əliyeva və Aişə Qurbanlı 48 kq, Gültac Məmmədəliyeva 52 kq və Aleksandra-Larisa Florian 57 kq çəkidə mübarizəni erkən dayandırıblar. Təəssüfləndirici məqam kimi adəti üzrə yalnız iddialıların medal qazandığını vurğulamaq olar.

Azərbaycan yığması bu nəticə ilə ümumi komanda hesabında 40 ölkə arasında Fransa (5 qızıl, 3 bürünc), Rusiya (3 qızıl, 3 gümüş, 1 bürünc) və Gürcüstandan (1 qızıl, 1 gümüş, 4 bürünc) sonra 4-cü yeri tutub. Kişilərin yarışında da 4-cü olan yığma qadınların mübarizəsində 8-ci yerlə kifayətlənib.

Qeyd edək ki, pandemiyaya görə Avropanın əksər ölkələrində karantin müddəti artırıldı. Məhz buna görə Beynəlxalq Cüdo Federasiyası dekabrdakı beynəlxalq yarışları təxirə saldı. Cüdo üzrə növbəti beynəlxalq turnir 2021-ci ilin ilk ayında baş tutacaq.



MƏSLƏHƏT GÖR:

211