27 Aprel 2024

Şənbə, 02:58

QARABAĞ XALÇASININ YENİ SALNAMƏSİ

Eldar MİKAYILZADƏ: «Azad edilmiş Şuşada çağdaş Qarabağ xalçaçılıq məktəbi yaratmağı arzu edirəm»

Müəllif:

01.12.2020

O, Bakıda anadan olub və böyüyüb. Burada Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. Sonra onun həyatı həm İncəsənət İnstitutu, həm də Elmlər Akademiyası ilə bağlı olub. O, bir rəssam, Rəssamlıq Akademiyasının müəllimi, xalça üzrə mütəxəssis kimi milli mədəniyyətə xidmət edib... Bu gün Eldar müəllim xalq rəssamıdır, xalçaçılıq incəsənətinin aparıcı, nüfuzlu və hörmətli mütəxəssislərindən biridir. Bəli, məhz incəsənəti üzrə, çünki Azərbaycan xalçası beynəlxalq aləmdə dünyaya Zamanla axan həyatın ani olmasına dair ismarıc ötürən tətbiqi milli incəsənət növlərindən biri kimi tanınır. 

- Luvrda bir Azərbaycan xalçası var - iki yerə - qırmızı və qara hissələrə bölünüb. Qırmızı yarısı bu xalçanı toxumuş qadının adi xoşbəxt həyatıdır. Gözlənilmədən əri ölür və həyat qara rəngə boyanır. Bu, qadının həyat şərtləri ilə interaktiv qarşılıqlı əlaqəsinə bir nümunədir və o, daha sonra sənət əsəri və onun müəllifi ilə emosional dialoqa girən izləyicinin sərvətinə çevrilir. Yəni xalçaya baxan qadın, sanki bir güzgü qarşısındadır və orada bütün ömrünü görür. Daha sonra tamaşaçı onun gözləri ilə onun həyatına baxır...

Rəssam Azərbaycan xalçasının bənzərsiz özəlliklərindən böyük bir sevgi və həvəslə danışırdı, aydın olurdu ki, bu, sadəcə, mütəxəssis söhbəti deyil, bu, onun bir insan kimi və bir peşə sahibi kimi bütün həyatının mahiyyəti və mənasıdır.

- Necə oldu ki, milli xalçaçılıq incəsənəti sizin bütün həyatınızın işinə çevrildi?

- Təsadüfən. Sadəcə, bəxtim gətirdi.

- Yəni?

- 1974-cü ildə müttəfiq respublikalardan olan gənclərin Rusiya ali məktəblərində mütəxəssis kimi hazırlanması üzrə dövlət proqramı hesabına mən Repin adına Leninqrad Rəssamlıq Akademiyasında imtahan verdim və müsabiqədən kənar qəbul olundum. Evə qayıtdıqdan sonra aydın oldu ki, anam ciddi xəstədir. Mən atamı 12 yaşımda itirmişəm. O, cəbhədə aldığı yaralardan dünyasını dəyişdi. Anamı itirə biləcəyimlə bağlı düşüncələr, sadəcə, dözülməz idi. Mən İçərişəhərdə gəzməyə getdim. O vaxt ləzgi məscidində saxlanılan Xalça Muzeyinə getdim. Romanlarda deyildiyi kimi, Lətif Kərimovla taleyüklü görüşüm məhz orada oldu. Söhbət etdik. Məni evdə oxuya biləcəyimə inandırdı və ertəsi gün mən öz eskizlərimi qəbul komissiyasına gətirdim, çox keçmədən instituta qəbul olundum və “Azərxalça” birliyində işə götürüldüm. O zaman insanlar elə idilər! Ehtiyacı olan hər kəsə kömək əlini uzadırdılar. Lətif Kərimov belə adam idi.

- O, sizin himayəçi-müəlliminiz oldu?

- O, mənim gələcək yolumu, mənim peşə taleyimi müəyyən etdi. Mənim üçün Səttar Bəhlulzadə incəsənətdə və peşədə etalon idi, Lətif Kərimovun sayəsində isə xalçanın gündəlik həyatın bir detalı deyil, həqiqi əsl incəsənətin obyekti olduğunu başa düşdüm.

O, öz müəllimləri haqqında elə bir sevgi və səmimiyyətlə, elə bir ehtiyat, həyəcan və minnətdarlıqla danışırdı ki, bu səviyyədə uğur və populyarlıq qazanmış insanlar arasında belə şeyə nadir hallarda rast gəlinir. Dinləyərkən düşünürdüm ki, bəlkə də, onun taleyi düşündüyündən çox öncədən təyin olunubmuş. Atası dünyasını dəyişməzdən bir il qabaq 11 yaşlı oğlunu bir sufi şeyxin yanına göndərib ki, üç ay ərzində hər gün 19 saat ondan «Quran» dərsi alsın. Ancaq sufi bildirib ki, «Tövrat» və «İncil»i bilmədən «Quran»ı öyrənmək mümkün deyil. Beləliklə, Eldar Hidayət oğlu Mikayılzadə hər kəsin istədiyi, lakin çoxunun əldə edə bilmədiyi, dünyanı ahəngdar tarazlıqda görməyə həmişə kömək etmiş və kömək edən mənəvi biliklərə yiyələndi. Bu mənəvi özəllik onun bütün əsərlərinə aşılanıb. 

Beləcə, bu gün üçün çox həssas olan bir mövzuya toxunduq: Azərbaycanın Qarabağ etnoqrafik zonası üçün xarakterik olan xalçalara. Usta xalçaların naxış kompozisiyaları vibrasiyasını musiqi ahəngi ilə müqayisə etdi. Belə məlum oldu ki, muğam peşəkar rəssamların yaratdığı şəhər xalçasının bədii təcəssümüdür, aşıq musiqisi isə kənd sakinlərinə xas olan xalq yaradıcılığını təcəssüm edir. Xalqın musiqisində, eləcə də əsrlər boyu yaratdıqları xalçalarda bu sənətin hər zaman canlı və maraqlı qalmasına imkan verən yaradıcılıq müstəqilliyi var. Bu həm də üslubun daim yenilənmə ənənəsidir.

Bilirsiniz, Azərbaycanın xalça incəsənəti özəldir. Bunu özüm azərbaycanlı olduğum üçün deyil, yaxud belə demək qəbul olunduğu üçün demirəm. Özəlliklə, ötən 30 il üçün. Mən, sadəcə, artıq bütün dünyanın dediyini və bildiyini təkrar edirəm, ölkəmizin xalça incəsənəti dünyaya həqiqi İncəsənət hissi bəxş edib. Bu, dünya bazarında xalçaları ilə tanınan ölkələrin heç birinin vermədiyi hissdir.

- Bəs yalnız Qarabağ xalçalarından danışsaq?

- Digər bölgələrlə müqayisədə Qarabağ və Şuşa xalça məktəbləri toplumun təsirinə ən həssasdır. Siyasət, iqtisadiyyat, ticarət həmişə bu incəsənətdə öz əksini tapıb. Tarixi fakt: 19-cu əsrin birinci yarısında Rusiya ilə ticarət əlaqələri intensiv inkişaf etməyə başladığı zaman xalçaların naxış üslubunda Xoxloma motivləri və Pavloposad şalı motivləri - qara sahə və çiçək şəklində meydana çıxdı. Qarabağ xalçasında ruslardan alınmış bu böyük çiçəklər belə peyda oldu. Sovet dövründə üzərində Lenin və Stalinin portretləri olan (bacardıqları kimi!) xalçalar məhz bu zonada yaradılıb. Bu zamana və siyasi dəyişikliklərə bir reaksiya idi. İndi buna tam əminəm ki, Prezidentimiz və Ali Baş Komandanımız cənab İlham Əliyevin də portretlərini yaradacaqlar. Bu, gələcək nəsillərə bir ismarıc kimi milli xalça incəsənətində əbədiləşdiriləcək gerçəklik olacaq. Bir sözlə, ölkəmizin bu bölgəsinin xalçaları mənalı və bənzərsiz çalarları və ahəngi ilə seçilir. Siz dünyada öz düşüncələrini, hisslərini və yaşantılarını sizinlə bölüşən, sizinlə bu qədər etibarlı və bu qədər intim şəkildə “danışa biləcək” başqa bir xalça tapa bilməzsiniz.

- Yəqin bu metaforadır?

- Yox. Xalçalarımızın çoxəsrlik istehsal təcrübəsi ilə təsdiqlənmiş mübahisəsiz bir həqiqətdir. Qarabağ da daxil olmaqla. Həqiqət budur ki, bir qadın ay yarım müddətə bir xalça toxuyursa, ənənəvi bəzək detallarından istifadə edərək növbəti xalçasını toxuyanda, əlbəttə ki, ona yeni detallar əlavə edəcək. Mütləq ona nə özündə, nə də başqa heç kimdə olmayan, yeni özünəməxsus bir şey gətirəcək.

- Bir örnək verə bilərsinizmi?

- Təsəvvür edək ki, 19-cu əsrdə bir qadın xalça üzərində işləyən zaman ərindən çoxdan arzuladığı bir samovar hədiyyə alıb! O, kompozisiyada mütləq bir yer tapacaq ki, bu samovarın rəsmini toxusun və bu hədiyyənin onun üçün nə qədər önəmli olduğunu bütün dünyaya anlatsın.

- Çağdaş qadınlar da klassik ənənəni, belə deyək, öz müəllif elementləri ilə "qarışdırırlar"?

- Əlbəttə! Bu, ənənə içində ənənədir. Xalça incəsənəti buna görə inkişaf edir, buna görə həmişə maraqlı və tələb olunandır.

- Mən Çingiz Qacarın “Köhnə Şuşa” kitabında oxumuşam ki, qədim zamanlardan Azərbaycan xalçalarının alqı-satqısı ilə məşğul olan ermənilər onların erməni mənşəli olduqlarını iddia edirlərmiş. Sirr deyil ki, bu erməni ənənəsi bu gün də davam edir. Buna qarşı necə mübarizə aparmaq olar?

- Təəssüf ki, bu, ortaq tariximizin kədərli həqiqətidir. Ancaq tarix göstərir ki, buna müqavimət göstərmək mümkün deyil. Ən azından bu günə qədər mümkün olmayıb. Mən Üzeyir Hacıbəyovun bu barədə dediklərini və Peyğəmbərin hədislərindən birində deyilənləri xatırlayıram. O fikirləri çox sadə bir dilə çevirib bunu söyləyəcəm: əgər evinə oğru girib bir şey oğurlayırsa, deməli, evin dolu bir qabdır. Boş bir evdən oğurluq etmirlər, çünki oğurlayacaq bir şey yoxdur. Zəngin bir evdən oğurlayırlar, çünki həmişə oğurlamaq üçün bir şey var. Yəni, gəlin, vəziyyətə başqa tərəfdən baxaq.

- Gəlin baxaq!

- Bizim ölkəmiz istedadları, incəsənəti, ənənələri və mədəniyyəti baxımından zəngindir. Bu gün dünyaya bir vaxtlar Qədim Yunanıstan və Misirin verdiyi dəyərləri bəxş edə bilərik. Bu mübahisə edilə bilməz bir həqiqətdir. Çünki belədir. Əgər onlar əldə etdiyimiz nailiyyətləri özləri üçün yol verilən üslubda və özünəməxsus şəkildə reklam etməyimizə kömək edirlərsə, qoy reklam etsinlər. Axı, həqiqəti əbədi gizlətmək mümkün deyil.

Sonra ustad uşaqlıq xatirələrindən, atasının əslən olduğu Naxçıvandan və anasının əslən olduğu Şuşadan onun yetkin həyatına iz buraxmış çox maraqlı anları danışdı. Mən heç yerdə oxumamışdım ki, xalça hanaları kişilər tərəfindən evdən-evə daşınır və bu təntənəli anı izləyən qadınlar kənardan işə qiymət verirlər. Həm də deyirlər ki, hana əvvəlcə bunlara, sonra onlara qonaq gedir (məhz belə: qonaq gedir!). Hana evdən-evə gəzirdi və bu, evə sevinc gətirməklə yanaşı, həm də enerjili bir yeniləmə gətirən bir sakral, mənəvi ritual olub. Kim bilir, bəlkə də, gördükləri balaca Eldarın ürəyində bu yaradıcılıq prosesi üçün sevgi yaratmaqda yardımçı olub? Bütün həyatının mənası və mahiyyəti olan bir sevgi. Elə bir həyatın ki, burada yaradıcılıq elə həyatın özüdür. Xoşbəxt və fərqlidir. O, bir çox maraqlı yaradıcılıq layihələri həyata keçirib. Özəlliklə, Heydər Əliyev Fondunun dəstəyi və Fondun prezidenti Mehriban Əliyevanın şəxsən iştirakı ilə Şəki Xalça Məktəbini yaradıb. Bu məktəbdə 2020-ci ilin əvvəlində toxunan xalçalar Parisdə UNESCO-nun mənzil-qərargahında sərgilənib.

Onun yaradıcılıq bioqrafiyasında az adamın bildiyi başqa bir maraqlı fakt da var. Dünya liderlərinin - Fransua Mitterran, Kraliça II Yelizaveta, Marqaret Tetçer və başqalarının portretləri onun tərəfindən xalça təcəssümündə çəkilib. Onun daha dörd müəllif əsəri Moskvada Xilaskar İsa Məsihin Məbədinin muzeyindədir! Ancaq bu, tamamilə fərqli bir maraqlı əhvalatdır, daha ətraflı təqdimat tələb edir. Hələliksə, ustad Azərbaycan xalçalarının ənənəvi naxış üslubunun yenilənməsi ilə bağlı yeni yaradıcılıq ideyalarının təcəssümü üzərində işləyir. Qarabağ zonası da daxil olmaqla. Onun bariz və parlaq bir arzusu var:

- Bu diyar üçün nəsə yaxşı və faydalı bir iş görməyi arzulayıram. İnanıram ki, bizim hər birimiz azad edilmiş torpaqlarımızın bərpasına kömək etmək üçün əlimizdən gələni etməliyik. Arzum azad edilmiş Şuşada müasir Qarabağ xalça incəsənəti məktəbi yaratmaqdır.

- Niyə məhz müasir? Siz ənənəvi milli üsluba yeni bir cizgi gətirmək ənənəsindən danışırsınız?

- Elədir ki, var. Mən arzu edirəm ki, rəng müxtəlifliyi ilə bu qədər zəngin olan azad edilmiş Qarabağda yeni bir ənənə meydana çıxsın. O, yeni azadlıq, sevinc və xoşbəxtlik hissi ilə bağlı olacaq. Çünki həyat artıq kədərli olmayacaq. Ümumi fonda qara çalarlar deyil, işıqlı və şən çalarlar olacaq. Mən arzu edirəm ki, gələcək məktəbin şagirdləri ilə birlikdə əsas fonu mavi, yaşıl, qırmızı çalarla işləyim. Bir sözlə, bu məktəbin ənənəsində hələ istifadə olunmayan hər şey. Bu bölgədə parlaq çalarlar və rənglər müxtəlifliyi əldə etmək üçün yetərincə təbii material var.

Mən rəssamın gözlərinin hansı ümid və inamla alovlandığını gördüm, birbaşa ürəyindən gələn həyəcanlı səsinə qulaq asdım və düşündüm ki, belə bir arzunun çin olması lazımdır. Mütləq. Çünki onda öz torpağına və xalqına sevginin ən yüksək təzahürü təcəssüm olunub.



MƏSLƏHƏT GÖR:

239