26 Aprel 2024

Cümə, 07:29

BİR QƏSDİN KÖLGƏSİNDƏ

İranın baş nüvə mühəndisinin müəmmalı qəsdinin arxasında nələr və kimlər var?

Müəllif:

15.12.2020

Noyabrın 27-də İranda sui-qəsd nəticəsində daha bir nüvə alimi Möhsin Fəxrizadə qətlə yetirildi. İslam Respublikasının nüvə sənayesinin əsas fiqurlarından olan Fəxrizadə belə demək olarsa, İranın nüvə araşdırmalarına rəhbərlik edən şəxs idi. Yeganə şəxs idi ki, onun adı İranın nüvə proqramı ilə bağlı 2011-ci ildə hazırlanmış BMT hesabatında qeyd olunub. 2018-ci ildə isə İsrail baş naziri dünyaya təqdim etdiyi hesabatda (əsasən kəşfiyyat məlumatlarından ibarət sənədlər – K.R.) yenə Fəxrizadənin adı keçirdi. Qərbdə M. Fəxrizadənin məhz İranın nüvə bombası hazırlanması fəaliyyətinə rəhbərlik etdiyi iddiaları vardı.

 

Gizli mühəndis

1957-ci ildə İranın dini mərkəzi Qum şəhərində dünyaya gəlmiş Möhsin Fəxrizadə Mahabadinin etnik azərbaycanlı olduğu bildirilir. Fəxrizadə 1979-cu il İslam inqilabından qısa müddət sonra yaradılmış İslam İnqilabı Keşikçiləri Korpusuna (Sepah) üzv olub. Fizik olan Fəxrizadə İranın nüvə və raket proqramının əsas adamlarından biri olub, bir sıra ballistik raketlərin sxemini hazırlayıb. Eyni zamanda onun İranda texnoloji sahədə bir sıra kəşflərin müəllifi olduğu, koronavirusu uzaqdan müəyyən edən cihazı yaratdığı bildirilir.

Öülümünə qədər İran Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatına rəhbərlik edib. Eyni zamanda İmam Hüseyn Universitetində fizika professoru olaraq dərs deyib. 1989-cu ildən etibarən isə nüvə sahəsində araşdırmalar aparmaq üçün qurulan “Amad” layihəsinə rəhbərlik edib. Bu proqramın 2003-cü ildə dayandırıldığı bildirilir. Fəxrizadə “Foreign Policy” jurnalının hazırladığı dünyanın ən güclü 500 şəxsiyyəti arasında yer alıb. İşlədiyi proqramlar səbəbi ilə Fəxrizadə, demək olar ki, gizlədilib. Qərb mediasının israrlarına rəğmən müsahibə verməyib, eyni zamanda onun Beynəlxalq Atom Enerjisi Təşkilatı müfəttişləri ilə görüşlərinə də izacə verilməyib. Son illərdə həyata keçirilən sui-qəsdlər səbəbindən hökumət Fəxrizadəni yüksək səviyyədə qoruyub. Öldürüldüyü gün də alimin avtomobili mühafizə altında olub, lakin yaxşı hazırlanmış sui-qəsddən qurtula bilməyib.

 

Film kimi qəsd

Möhsin Fəxrizadəyə qarşı sui-qəsd haqqında məlumatlar isə filmləri xatırladır. İran mediasına görə, Tehran yaxınlığında Absərd qəsəbəsində magistraldan keçdiyi zaman döngədə yerləşdirilmiş avtomobil partladılıb, daha sonra isə ətrafda gözləyən avtomobil və motosikletlərdə olan silahlılar (iddialara görə onlar 12 nəfər olub – K.R.) Fəxrizadənin olduğu avtomobili atəşə tutub. Bu zaman alimi müşayiət edən mühafizə avtomobilindən düşən şəxslər onu qorumağa çalışır. Atışma baş verir və daha sonra terrorçular qaçıb uzaqlaşır. Bundan sonra Fəxrizadəni xəstəxanaya çatdırırlar, lakin artıq gec olur. Fəxrizadə xəstəxanada keçinir.

 

Tehran qisas deyir

Sui-qəsdin icraçıları hələlik həbs olunmayıb. Ancaq İran Kəşfiyyat Nazirliyi və hökumət sözçüsü icraçıların müəyyən olunduğunu və yaxın zamanda həbs olunacaqlarını bildiriblər.

Rəsmi Tehran bu hadisəyə görə qisas alınacağını bəyan edib. İnqilab Keşikçiləri Korpusunun rəhbəri Hüseyn Salami “Twitter”də yaydığı açıqlamada hücumu qınayıb və bu hadisənin intiqamının alınacağını yazıb. İsraili günahlandıran Salami “bu günə qədər heç bir hücumu cavabsız qoymadığımızı göstərdik”, - deyə qeyd edib.

İranın ali dini lideri Seyid Əli Xameneyi Fəxrizadə sui-qəsdinin qatillərinin cəzalandırılması çağırışı edib.

Məsələ ondadır ki, İranın nüvə sahəsində mütəxəssisləri son illərdə bir neçə dəfə sui-qəsdə qurban gedib. İlk dəfə 2007-ci ildə Şiraz Universitetinin professoru Ərdəşir Həsənpur mənşəyi bilinməyən qazla zəhərlənərək dünyasını dəyişib.

2010-cu ildə isə Tehran Universitetinin professoru, nüvə fiziki Məsud Əli Məhəmməd evinin qarşısında qoyulmuş motosikletin partladılması nəticəsində dünyasını dəyişib.

Yenə 2010-cu ildə Şəhid Behişti Universitetinin nüvə fizikası kafedrasının müdiri Məcid Şəhriyari avtomobilində gedərkən maşına yerləşdirilmiş bombanın partladılması nəticəsində dünyasını dəyişib.

Yenə 2010-cu ildə Daryuş Rzanejad adlı nüvə fiziki avtomobilində atəşə tutularaq öldürülüb.

2010-cu ildə sui-qəsdə məruz qalan nüvə fizikası fakültəsinin dekanı Firidun Abbasi Davani də terrora məruz qalsa da, partlayışdan sağ qurtula bilib.

2012-ci ilin yanvarında isə Natanz şəhərində nüvə mərkəzində çalışan Mustafa Əhmədi Roşən Əllamə Təbatəbai Universitetinin yaxınlığında avtomobilinə yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində dünyasını dəyişib.

Bu “halqada” son qurban Fəxrizadə oldu.

 

Fərziyyə və iddialar

Fəxrizadəyə qədər öldürülən 5 iranlı nüvə aliminə görə Tehran İsraili ittiham edib. Hətta bu hadisələrin birində terrorçu İsrail kəşfiyyatının tapşırığı ilə çalışdığını istintaqa etiraf edib. İsrail hökuməti isə ittihamları qəbul etmir.

Sonradan yayılan məlumata görə, iranlı alimin qətlində Şimali Atlantika Alyansı tərəfindən istifadə olunan silahdan istifadə edilib. Bunu İranın Siyasi Məqsədəuyğunluq Şurasının katibi Mohsen Rezai bəyan edib.

Lakin bir çox mütəxəssislər Fəxrizadə və onun kimi mütəxəssislərin öldürülməsinin İranın nüvə fəaliyyətini dayandırmayacağı qənaətindədir. London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun İranın nüvə fəaliyyətləri üzrə mütəxəssisi Mark Fitzpatrik BBC-yə açıqlamasında “İranın nüvə proqramı artıq çoxdan bir dəfə bağlı olma mərhələsini adladığını” deyib.

 

Daha çox ehtimal

Fəxrizadə sui-qəsdi ilə bağlı dünyanın mühüm strateji araşdırma mərkəzlərinin cavab tapmağa çalışdığı əsas sual belədir: Niyə indi?

Sonuncu dəfə İranda nüvə alimi 8 il əvvəl qətlə yetirilib və indi hər kəsə aydındır ki, İranın nüvə sənayesi yalnız bir şəxsdən asılı deyil. O zaman bu cür səs-küylü sui-qəsd təşkil edib ortalığı daha da qızışdırmaq nəyə və kimə lazım idi?

Məsələ ondadır ki, noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkilərinin qalibi artıq məlumdur. Yanvarın 20-dən etibarən Ağ Evə demokrat Bayden rəhbərlik edəcək. Barak Obama zamanında vitse-prezident postunu tutmuş Cozef Bayden İran mövzusunda, ümumiyyətlə, xarici siyasət mövzusunda hazırkı siyasi kursu dəyişəcəyini artıq çoxdan bəyan edib. Bayden ABŞ-ın etibarını geri qaytaracağını bildirib və bu sırada atacağı addımların başında İranla nüvə sazişini bərpa etməkdir. Yəni Bayden dövründə ABŞ ya İranla 2015-ci il nüvə sazişini bərpa edəcək, ya da yeni saziş imzalayacaq.

Bir sıra müşahidəçilərə görə, Fəxrizadə sui-qəsdi Bayden hökumətinin İranla yaxınlaşması qarşısında ciddi maneə olması üçün həyata keçirilib. Bunu qismən də olsa İran prezidenti Həsən Ruhani də etiraf edib. Sui-qəsddən dərhal sonra Ruhani verdiyi açıqlamada “düşmənlərimiz stresli dövr yaşayır, beynəlxalq vəziyyətin dəyişdiyini hiss edirlər və buna görə də regionda qarmaqarışıqlıq yaratmaq istəyirlər”, - deyib.

Mütəxəssislərə görə isə Həsən Ruhaninin qəsd etdiyi isə İsraillə yanaşı, Donald Tramp administrasiyası və Səudiyyə Ərəbistanıdır. Çünki Ruhani də yaxşı bilir ki, bir sıra ölkələr, o cümlədən Tramp administrasiyası Baydenin İran siyasətindən narazıdır və yeni dövrdə Vaşinqton-Tehran yaxınlaşması ehtimalını narazılıqla qarşılayırlar. Tramp və komandası İranın yenidən güclənməsini regionda ABŞ-ın müttəfiqləri üçün zərərli hesab edirlər. Üstəlik, Bayden faktiki olaraq Trampın və onun şəxsində respublikaçı Yaxın Şərq siyasət kursunu məhv edəcək.

İsrail isə İranın ABŞ-la münasibətləri yumşaltması nəticəsində daha da güclənməsi, nüvə silahı əldə edəcəyi və Yaxın Şərqdə İsrailə qaşrı qüvvələrə daha ciddi dəstək verəcəyini düşünür. Eyni şəkildə Səuidyyə Ərəbistanı da Bayden dövründə (Obama zamanında olduğu kimi – K.R.) İranın mövqelərinin güclənəcəyi, körfəz ərəb hakimiyyətlərinin daha da zəifləyəcəyindən narahatdır.

Yeri gəlmişkən, noyabrın 22-də ABŞ dövlət katibi Mayk Pompeo gözlənilmədən regiona səfər edib və Səudiyyə Ərəbistanının vəliəhd-şahzadə Məhəmməd bin Salmanla görüşüb. İsrail mediası isə bir neçə gün sonra krallığın şimalında, İordaniya sərhədi yaxınlığında inşa olunmaqda olan NEOM şəhərində keçirilən görüşdə İsrail baş naziri Benyamin Netanyahu və kəşfiyyat xidmətinin rəhbəri Yassi Koheninin iştirak etdiyi ilə bağlı xəbər yayıb. Medianın iddiasına görə bu görüşdə Pompeo Səudiyyə Ərəbistanı vəliəhdini İsraillə normallaşma müqaviləsi imzalaması üçün dilə tutsa da, sonuncu buna razılıq verməyib.

Lakin maraqlıdır ki, bu görüşün səhəri günü Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanı Ciddə şəhərindəki ARAMCO neft şirkətinə məxsus terminalı raket atəşinə tutması xəbərləri yayıldı. İranın bəzi agentlikləri bu hücumu Səudiyyə Ərəbistanı rəhbərliyinə xəbərdarlıq kimi təqdim etdiyi bu hadisənin ardınca Bağdadda ABŞ səfirliyinin raket atəşinə tutulması baş verdi. Eyni zamanda ABŞ mediası isə seçkilərdən sonra Trampın Ağ Evdə müdafiə naziri, baş qərargah rəisi və dövlət katibinin iştirakı ilə keçirdiyi iclasda İranın nüvə obyektlərinin vurulması təklifini irəli sürdüyü, ancaq digər iştirakçıların razılaşmadığı haqda xəbərlər yayıldı. Medianın iddiasına görə, Tramp bu addımı ilə səlahiyyət müddətinin başa çatmasına bir neçə gün qalmış həm İranın nüvə fəaliyyətini sıradan çıxarmaq, həm də Baydenin İranla münasibətləri düzəltmək xəttini birdəfəlik məhv etmək, bununla da, müttəfiqlərinə böyük bir yaxşılıq etmək istəyib. Lakin komandası zərbələrin uzunmüddətli müharibəyə çevrilməsi riskinin yüksək olduğuna inandıraraq onu bu fikirdən daşındıra bildikləri qeyd olunur. Bilindiyi kimi, Tramp bundan əvvəl İran İKK-nu “terror təşkilatı” elan edib və daha sonra isə bu təşkilatın Yaxın Şərqdə əməliyyatlara cavabdeh olan generalına qarşı sui-qəsd əmri verib.

 

Fəsadlar

Heç şübhəsiz ki, Fəxrizadə sui-qəsdi Bayden və Ruhani hökuməti üçün çox ciddi çətinliklər yaradacaq. Üstəlik, əgər yaxın günlərdə Tehran bu qəsdə görə qisas addımı atarsa, yaranacaq vəziyyəti düzəltmək çox çətin olacaq. Bu səbəbdən də, Ruhani hökumətinin qisas aksiyasını yubatmağa çalışacağı gözlənilir. Lakin qarşı tərəf, yəni “mühafizəkar” komanda bu məsələdə Ruhani hökuməti ilə çətin ki, razılaşsın.

Bütün bu və digər faktları yanaşı düzəndə belə görünür ki, Fəxrizadə sui-qəsdinin “faili” siyahısı genişlənir. Bu işin arxasında yalnız İsrail deyil, eyni zamanda başqa ölkələr də ola bilər. Və yaxud da bu ölkələrin birlikdə həyata keçirdiyi əməliyyat ola bilər.

İran isə qisas alınacağını bildirir. Eyni zamanda indi Tehranda həm də təhlükəsizlik boşluğu ciddi şəkildə müzakirə olunur. İnsanlar ölkənin baş nüvə fiziki xüsusi mühafizə altında paytaxtın kənarında gündüz çağı 12 nəfərlik dəstənin sui-qəsdinə məruz qalmasını tənqid edirlər.



MƏSLƏHƏT GÖR:

195