27 Aprel 2024

Şənbə, 04:08

İSVEÇ CİNAHI

İqor PONOMARYOV: «Azərbaycan torpaqlarının geri qaytarılması ölkə üçün böyük hadisədir»

Müəllif:

01.01.2021

2020-ci il Azərbaycan Ordusunun Vətən müharibəsindəki böyük, tarixi Qələbəsilə, xalqın birliyilə yadda qaldı. Biz son 30 ili Azərbaycanın ərazi bütövlüyünün bərpası arzusu ilə yaşamışıq. 2020-ci il 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə 44 gün yol getdik. İndi hər bir azərbaycanlı, hər bir həmvətənimiz Azərbaycan xalqına, polietnik ölkə olan Azərbaycana məxsusluğu ilə qürur duya bilər.

Vətəni tərk etməli olan həmvətənlərimiz də onunla əlaqəsini kəsmir. Həmsöhbətimiz futbolçu karyerasını başa vurduqdan sonra İsveçdə yaşayan sovet futbolçusu və məşqçisi, Azərbaycanın futbol üzrə yeganə olimpiya çempionu İqor PONOMARYOVDUR.

- İqor Anatolyeviç, Azərbaycan Ordusunun Vətən müharibəsindəki qələbəsini necə qarşıladınız?

- Bu, şübhəsiz ki, Azərbaycan üçün böyük hadisədir. Azərbaycanla əlaqəsi olan elə insan ola bilməz ki, bu böyük hadisəyə – Azərbaycan torpaqlarının geri qaytarılmasına sevinməsin. Hər kəsi Vətən müharibəsində qazanılmış Böyük Qələbə münasibətilə təbrik edirəm! Qalib prezidentə, doğma torpaqlar uğrunda canını vermiş bütün qəhrəmanlara eşq olsun!

- Qarabağın azad olunması ilə bağlı xəbərlər İsveçdə necə yayılırdı?

- Əlbəttə ki, KİV vasitəsilə. Üstəlik, bu işə bizim diaspor təşkilatlarımız – Emil Mirzəyevin rəhbərlik etdiyi İsveç Azərbaycanlıları Konqresi də kömək edirdi. Mən bu təşkilatın sədr müaviniyəm. İctimaiyyətin münaqişənin məğzini bilməsi üçün fəal iş aparır, Ermənistanın təcavüzkar olduğunu insanlara çatdırırdıq. Çalışırdıq ki, Azərbaycanın öz torpaqlarında döyüşdüyünü, Ermənistan tərəfindən, təxminən, 30 il əvvəl qanunsuz şəkildə işğal olunmuş ərazilərini geri qaytardığını hər kəs bilsin. Nəhayət, həmin torpaqlar azaddır.

- Sizə Azərbaycan haqda, onun ordusunun uğurları haqda suallar verirdilərmi?

- Əlbəttə. İsveçli dostlarım, tanışlar, həm İspaniya, həm İsveçdəki qonşularım Ermənistanla Azərbaycan arasındakı problemin məğzini bilmədiklərindən, çoxsaylı suallar verirdilər. Onlara izah edirdim ki, Azərbaycan 30 il ərzində öz torpaqlarını işğaldan sülh, diplomatiya yolu ilə qaytarmağa çalışıb. Lakin erməni tərəfi danışıqlarda boş vədlər verməkdən, bizi aldatmaqdan başqa heç nə etməyib. Odur ki, Bakı hərbi yola əl atmaq məcburiyyətində qalıb.

- Azərbaycanda Vətən müharibəsinin getdiyi günlərdə, demək olar ki, hər evin eyvanından dövlət bayrağı asılmışdı. İnsanlar maşınlarını bayraqlarla bəzəmişdilər. İsveçdə belə halla rastlaşdınızmı?

- Burada Azərbaycana, ordumuza dəstək olaraq nəinki bayraqlar asırdılar, mitinqlər, yürüşlər də keçirirdilər. İsveç Azərbaycanlıları Konqresi yerli hakimiyyət orqanının icazəsilə Azərbaycana dəstək aksiyası təşkil etmişdi. Tədbir bütün qaydalara uyğun keçirildi və bu zaman hər hansı ictimai asayiş qaydasının pozulmasına yol verilmədi.

- İsveç ictimaiyyətində Azərbaycanla bağlı rəy nədən ibarətdir?

- Burada hər kəs Azərbaycanı inkişaf etmiş neft ölkəsi kimi tanıyır. Bu gün ona bir çoxları maraq göstərir, Azərbaycana səyahət etməyi, onun təbiətilə tanış olmağı, görməli yerlərini gəzməyi arzulayır.

- Azərbaycan Ordusunun qazandığı Qələbə ilə ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyacağına şübhə yoxdur. Fikrinizcə, ölkədə nələr dəyişə bilər?

- Mənə elə gəlir ki, bu torpaqlarda miqyaslı gəncləşdirmə prosesi başlayacaq – yeni infrastruktur yaradılacaq, gənclər axışacaq. Düşünürəm ki, bu rayonlar çox cəlbedici olacaq və müasir Azərbaycanın həyatına qoşulacaqlar.

- Bəs, işğaldan azad olunmuş rayonlarda idman tədbirlərinin keçirilməsi, həmin rayonların futbol klublarının yaradılması ideyası necədir?

- Əla! Həmin rayonlarda idman qurğularının, stadionların tikiləcəyinə, gənclərin inkişaf edəcəyinə şübhəm yoxdur. Orada Azərbaycan çempionatında iştirak edə biləcək futbol klubları yaradılacaq.

- Bəs, «Qarabağ» futbol klubundan gözləntiləriniz nədir?

- Bu klub bizi artıq 6 ildir avrokuboklarda iştiraka, çempionatın qalibi olmağa öyrəşdirib. İndi Azərbaycanın bütün klubları «Qarabağ»a çatmağa çalışır. Futbol üzrə milli komandanın özəyini də bu klubun üzvləri təşkil edir. Bu gün «Qarabağ» brenddir. Ölkədə futbolun inkişafını istəyiriksə, premyer-liqada Azərbaycanın mümkün qədər çox regionundan komandanın iştirakına çalışmaq lazımdır. Onların bazası isə mütləq öz rayonlarında, öz şəhərlərində olmalıdır.

Hər birimiz bilirik ki, bu gün hörmətli cənab Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkədə infrastrukturun, həmçinin idmanın inkişafına böyük diqqət göstərirlər. Azərbaycanda futbolun təbliği üçün «Qarabağ»ın Ağdamın bərpa olunacaq «İmarət» stadionunda oynaması çox vacibdir. Ümid edək ki, tezliklə bu, belə də olacaq.

- Ümumilikdə 2020-ci ili Azərbaycan idman və futbolu üçün necə qiymətləndirmək olar?

- Koronavirus bütün kartları qarışdırdı. Gah hər kəs karantin rejimində qaldı, gac liqa ümumiyyətlə dayandırıldı və sair. Xəstə sayı da çoxdur. Bu da qiymət – ağır, qeyri-adi il oldu.

- Bizi nə milli komanda, nə də gənclərdən ibarət yığma sevindirə bildi. Bu komandaların baş məşqçiləri Canni de Byazi ilə Milan Obradoviç gələcəkdə nələrisə dəyişə biləcəklərmi?

- Bu, yalnız ötən il belə olmayıb ki. Təəssüf ki, bizdə vəziyyət uzun illərdir belədir. Ümid sonda ölür. Yəqin ki, nə vaxtsa düzələcək. Mən nikbinəm və De Byazi ilə Obradoviçə millinin açarını tapmalarını, uğur qazanmalarını arzulayıram.

- 2021-ci ildən gözləntiləriniz və bu illə bağlı arzularınız nədir?

- İlk növbədə, virusdan, maskadan xilas olmaq. Qoy , hər kəs sağlam yaşasın! Qoy, hər şey əvvəlki vəziyyətinə qayıtsın! Hər kəsi Yeni il münasibətilə təbrik edirəm! Qoy, yeni il hər birimizə xoşbəxtlik gətirsin!


MƏSLƏHƏT GÖR:

239