27 Aprel 2024

Şənbə, 02:42

İNTİHARIN 10 ƏLAMƏTİ

Ermənistanın məğlubiyyətinin konturları və yaxud qisasçılıq əhvalı nələrə aparıb çıxara bilər?

Müəllif:

15.01.2021

«Qələbənin minlərlə atası olur, məğlubiyyət isə hər zaman yetimdir». Bu fikir ABŞ-ın 35-ci prezidenti Con Kennediyə məxsusdur. Ermənistanın Qarabağda sarsıdıcı məğlubiyyətə uğramasından sonra üzləşdiyi daxili-siyasi proseslər bu fikrin nə qədər doğru olduğunu bir daha sübut edir. Məğlubiyyətə görə Ermənistanın siyasi qüvvələrindən heç biri məsuliyyəti üzərinə götürmək istəmir. «Qarabağ klanı»nın təmsilçiləri gözlənildiyi kimi, bütün günahların Nikol Paşinyanda olduğunu deyirlər. Baş nazirin özü isə geniş məqaləsində məğlubiyyətə görə məsuliyyətin heç də yalnız onun üzərinə düşmədiyini sübut etməyə çalışır…

«Özünsən!» üslubunda aparılan diskussiyalar fonunda əsas məqam kölgədə qalır. Söhbət Ermənistanın üzləşdiyi vəziyyətlə bağlı real, soyuq başla aparılmalı olan təhlildən gedir. Bu, İrəvanda revanşist əhvalın getdikcə yüksəlməkdə olduğu indiki şəraitdə xüsusilə təhlükəlidir. Revanşist əhval isə o həddə çatıb ki, artıq Azərbaycanın işğaldan azad etdiyi ərazilərin «qaytarılacağını» artıq Ermənistanın xarici işlər naziri Ara Ayvazyan belə, vəd edir.

Üçüncü ölkələri təmsil edən əksər ekspertin fikrincə, erməni ictimaiyyətində revanşist əhvalı yaradan və gücləndirən əsas səbəblərdən biri də Ermənistanın yalan üzərində qurulmuş rəsmi təbliğatıdır. Əslində, «rəşadətli erməni ordusunun artıq sabah Bakıya çatacağı»na dair qələbə bəyanatlarının ardından noyabrın 10-da imzalanmış sənəd satqınlıq kimi qiymətləndirilir. Belə bir vəziyyətdə erməni ictimaiyyətini, həqiqətən, «satqınlığın» olduğuna inandırmağa çalışırlar, bildirirlər ki, guya əks təqdirdə Qarabağda məğlubiyyətdən, artıq Zəngəzurda belə, ərazilərin boşaldılmasından qaçmaq olardı. Belə vəziyyətdə revanşist əhvalın getdikcə yüksəlməsi tamamilə anlaşılandır.

Erməni revanşizmi artıq o həddə çatıb ki, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş Qubadlı rayonuna ötən ilin son günlərində etdiyi səfər zamanı xəbərdarlığa belə, ehtiyac duyub: «Biz Ermənistan faşist dövlətinin, terror dövlətinin belini qırdıq və bu gün məcbur olub, bizim qabağımızda diz çöküb və düzgün nəticə çıxarmalıdır. Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır. Revanş hissi ilə yaşayacaqlarsa, onların axırı pis olacaq. Əgər o tərəfdən buraya bir güllə atılsa, - 5 kilometrdir buradan Ermənistan sərhədinə, - onları elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar».

Deyəsən, Ermənistanın revanşist planlarının müəllifləri real qüvvələr nisbətini və ölkələrinin üzləşdiyi məğlubiyyətin miqyasını unudurlar.

 

Zərbədən özünə gəlmək

Azərbaycan Dövlət İqtisad Universitetinin hesablamasına görə, erməni tərəfinin silah-sursat və texnika itkisi baxımından üzləşdiyi maddi zərər 4,8 milyard dollardır.

Ekspertlər Ermənistanın 2021-ci il üçün dövlət büdcəsinin 218 milyard dram, yəni, təxminən, 430 milyon dollar olduğunu xatırladır. Belə vəziyyətdə «itirilmişlər»in bərpası haqda düşünməyə belə, dəymir. Üstəlik, erməni hərbçilərinin geri çəkilərək yerləşdiyi yeni sərhədlərdə mühəndis istehkamları da qurulmalıdır. Siyahını uzatmaq da olar.

Ermənistanın sabiq baş naziri Qrant Baqratyan da eyni fikirdədir: «Ordu yoxdur! Bu, sadəcə, məğlubiyyət yox, darmadağın olmaqdır!» Onun sözlərinə görə, Ermənistan ordusunun 80%-i darmadağın edilib.

Ermənistan, əlbəttə ki, xarici dost və himayədarlarından yenidən silah hədiyyə almağa bel bağlaya bilər. Lakin birincisi, kimsə onlara silah-sursat üçün birdən-birə 5 milyard dollar verən deyil. İkincisi, səxavətli bəxşiş verənlər, yəqin ki, hədiyyə olunmuş texnikanın Bakı küçələrində hərbi qənimət kimi nümayiş etdirilməsi riskini də nəzərə almalı olacaqlar – bu, həm də onların imicinə zərbə olacaq. Üçüncüsü, sadəcə silah alınması kifayət deyil. Alınacaq yeni silahlar öyrənilməli, Azərbaycan dronları və artilleriyasının zərbələri nəticəsində sayı xeyli azalmış hərbi kadrların yerinə yeniləri hazırlanmalı, təlimlər keçilməlidir və s…

Bundan başqa, İrəvan bir məqamı da nəzərə almalıdır. Söhbət onun hərbi-texniki sahədə geri qalmasından gedir. Hərbi ekspertlər hələ hərbi əməliyyatların qızğın vaxtında bildirirdilər ki, «Qarabağda XX əsrə aid Ermənistan ordusu XXI əsrə aid Azərbaycan Silahlı Qüvvələrilə qarşı-qarşıya qalıb». Başqa sözlə, Ermənistan XX əsrə aid silahlarla döyüşür, elə həmin dövrün döyüş taktikalarından istifadə edirdi. Azərbaycan isə ən müasir hərbi texnologiyalardan son dərəcə effektiv istifadə etməkdə idi – müxtəlif modifikasiyalı pilotsuz uçuş aparatlarından tutmuş, yüksək dəqiqlikli raketlərədək.

 

Diplomatik iflas

Bütün bunlarla yanaşı, Ermənistanın bütün istiqamətlər üzrə xarici siyasətdəki iflası da öz yerində. İrəvanın gözləntilərinin əksinə olaraq, «kabab inqilabı» onunla Qərb arasında etibarlı körpünün qurulmasına səbəb olmayıb. Qərb sərhədlərinin Rusiya hərbçiləri tərəfindən qorunduğu, ərazisində Rusiya hərbi bazasının yerləşdiyi, bütün infrastrukturunun Rusiyanın mülkiyyətində olduğu ölkəyə ciddi siyasi investisiyalar qoymağa tələsməyib. «Rəngli inqilab»ın xarici görüntü effekti siyasi oriyentasiyanı Qərbə doğru dəyişmək üçün kifayət etməsə də, Moskva ilə münasibətlərin korlanması üçün  artıqlaması ilə bəs edib. Doğrudur, Rusiya Ermənistanla münasibətlərdə müttəfiqlik öhdəliklərinə ciddi şəkildə əməl edib və edir. Amma İrəvanın xətrinə ciddi riskə getmək…

İndisə vəziyyət daha da pisdir. Azərbaycan sadəcə işğalçını öz ərazisindən çıxarmayıb. O, dövlətçilik baxımından əsl kamillik imtahanı verib və bu, artıq ayrı-ayrı dövlətləri Bakının maraqlarına daha ciddi yanaşmağa məcbur edir. Üstəlik, Türkiyə də regionda mövqeyini dəfələrlə gücləndirib və o, Rusiya ilə münaqişə yox, razılaşma ssenarisi üzrə hərəkət edir. Bütün bunlar Ermənistan üçün, sözün əsl mənasında, siyasi kabusdur.

 

«Yağ əvəzinə revanşizm»

Hərbi əməliyyatlar Ermənistan ərazisinə keçməyib. Odur ki, onun dağıntıları təmizləmək, kommunikasiyaları bərpa etmək və s. kimi işi yoxdur. Amma ekspertlərin də dediyi kimi, müharibə nəticəsində Ermənistan iqtisadiyyatı darmadağın olub. Müasir dünyada hərbi əməliyyatlar bahalı işdir. Üstəlik, indi Ermənistan həlak olmuş və əlilə çevrilmiş əsgərlərinin ailələri üçün sosial öhdəliklərə əməl etməli, vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülmüş, indisə oradan qaçmış vətəndaşlarını «yerbəyer» etməlidir…

Ermənistanda iqtisadi problemlər çoxdan, hələ Nikol Paşinyanın hakimiyyətə gəlişindən əvvəl baş qaldırmışdı. Üstəlik, ölkə öz təcavüzkar siyasəti nəticəsində özünü təcrid vəziyyətə salıb – bölgədəki neft-qaz boruları Ermənistan ərazisindən yan keçir, onun ərazisindən keçən dəmir yolu istifadəsiz qalıb və s. İndi Azərbaycan, Ruciya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyannamə, əlbəttə ki, kommunikasiyaların açılmasına imkan verir. Lakin revanşizm istəyi bu şansın da üzərindən xətt çəkə bilər. Qatarlar sərhədləri aşan dəmir yolu ilə hərəkət edir. Bu dəmir yollarının işləməsi üçün isə həmin sərhədlər tanınmalıdır. Ermənistan buna hazır olmazsa, iqtisadi dirçəliş şansını itirəcək…

Ermənistanda hələ Nikol Paşinyanın «kabab inqilabı» ərəfəsində kifayət qədər ciddi təlaşla bildirirdilər ki, ölkənin iqtisadi «təhlükəsizlik yastığı» yoxdur. Ölkənin qızıl ehtiyatını satıb bitiriblər və yalnız bunun özü son dərəcə ciddi problemdir. Amma bu da son deyil.

 

«Çörək, qızıl, müharibə»

Samvel Qasparovun Rusiyadakı vətəndaş müharibəsinə həsr olunmuh, efirlərə 1980-ci illərdə çıxmış filmi «Çörək, qızıl, naqan» adlanır. Filmin adını bir qədər dəyişərək «Çörək, qızıl, müharibə» qoysaq, Ermənistanın Azərbaycanla son savaşdan sonra üzləşdiyi iqtisadi itkiləri tam xarakterizə etmiş olarıq.

Hələ dekabrın əvvəlində Qarabağdakı qanunsuz rejimin rəhbərliyinə istinadən bir sıra rəqəmlər açıqlanmışdı. Məsələn, Qarabağda ermənilər illər boyu 7 min hektar ərazidə əkin-biçin aparırmış, bağçılıqla məşğul olurmuş. İndi bölgənin erməni əhalinin yaşadığı hissəsində bunun təxminən 2 min hektarı qalıb. Bu, əvvəlki ərazinin uzağı 30%-i deməkdir. Demək, daha onlar gözlədikləri qədər nar, xurma, üzüm əldə edə bilməyəcəklər… Eyni sözləri taxıl və paxla sahələri haqda da söyləmək mümkündür. İşğal olunmuş Azərbaycan ərazilərinin 100 min hektarlıq hissəsində payız və yaz əkini aparılırmış – o cümlədən dənli, paxlalı və yağlı bitkilər. İndisə həmin ərazilərin 70%-i ermənilərin nəzarətindən çıxıb. Əgər əvvəllər Ermənistana taxıl Qarabağdan daşınırdısa, indi Rusiya sülhməramlılarının nəzarətində olan «bir tikə» ərazi heç öz-özünü dolandırmaq iqtidarında deyil.

Bütün bunların fonunda Ermənistanın sabiq baş naziri Qrant Baratyan qorxducu proqnozlarla yadda qalır: «Martda, apreldə, mayda biz aclıqla üzləşə bilərik. Mən hələ ki, yaxşı heç nə görmürəm. Minlərlə hektar şumluq ərazilərə, otlaqları, buğda zəmilərini itirmişik».

Ermənistan xüsusilə faydalı qazıntı yataqlarının, o cümlədən qızıl yataqlarının itirilməsini hiss edəcək. Onların vəhşi talançılığı Ermənistan büdcəsinə ciddi vəsait gətirirdi. İndisə bu «qızıl çayı» quruyur. Nəzərə alsaq ki, Ermənistanda hələ 2013-cü ildə hər onuncu şagird dərsə ac yollanırdı, Qrant Baqratyanı vəziyyəti dramatikləşdirməkdə günahlandırmaq mümkün deyil.

 

«Erməni defisiti»

Nəhayət, Ermənistanın köhnə problemlərindən olan demoqrafik vəziyyət. Bu yerdə «qara yumor»a aid məşhur lətifə yada düşür: «Saxara səhrasında sosializm qurmağa  başlayarlarsa, nə olacaq? Qum defisiti. Ermənistanda hakimiyyətə populistlər gələrsə, nə baş verəcək? Erməni defisiti». Bu gün Ermənistan əhalisinin sayı 1978-ci ildə olduğu qədərdir. Üstəlik o, davamlı olaraq azalmaqdadır.

Tanınmış azərbaycanlı politoloq İlqar Vəlizadə öz hesablamalarında xatırladır ki, Azərbaycan əhalisinin 2020-ci il oktyabrın 1-nə olan sayı 10 116 292 nəfərdir. Yəni ilin əvvəlindən ölkə əhalisinin sayı 49 184 nəfər və ya 0,5% artıb. Politoloq fikrini belə davam etdirir: «Məlum olduğu kimi, demoqrafik göstəricilər ölkənin öz regionunun xəritəsindəki rolunu və yerini müəyyənləşdirən ciddi faktordur. O, ölkənin iqtisadi, hərbi potensialını, yaxın və orta perspektiv üçün onun nüfuz dərəcəsini də göstərir». Vəlizadə onu da xatırladır ki, ermənilər demoqrafik mənada faktiki olaraq, azərbaycanlı əhalinin mühasirəsindədir. Ermənistan Respublikasının xarici sərhədinin üçdə ikisi Azərbaycan Respublikası ilədirsə, demoqrafik baxımdan bu, 80%-dən çoxdur. Buraya etnik türkləri də əlavə etsək, söhbət sərhədin 90%-dən çoxundan gedəcək.

Müharibə, iqtisadi qarışıqlıq və siyasi qeyri-sabitlik, yəqin ki, Ermənistandan kütləvi axını daha da gücləndirəcək. Ermənistan rəhbərliyinin revanş planları quracağı təqdirdə bu, xüsusilə qaçılmaz olacaq.



MƏSLƏHƏT GÖR:

194