27 Aprel 2024

Şənbə, 07:47

QALİBLƏRİN YARASI TEZ SAĞALIR

Teymur RƏCƏBOV: «Böyük ruh yüksəkliyi və ölkəm üçün faydalı olmaq arzusu hiss edirdim»

Müəllif:

01.02.2021

Azərbaycan idmanı 2021-ci ildə ilk qələbəsini şahmatda qazandı. Məlum olduğu kimi, «Airthing Masters» onlayn turnirini tanınmış azərbaycanlı qrossmeyster, Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbov qazanıb. Yarış dünya tacının sahibi Maqnus Karlsenin təşəbbüsü olan Şahmat Çempionları Turu çərçivəsində keçirilirdi. Rəcəbov dörddə bir finalda Yan Nepomnyaşşiyə (Rusiya), yarımfinalda isə Danil Dubova (Rusiya) qalib gəlmişdi. Finalda qrossmeysterimiz Levon Aronyan ilə (Ermənistan) qarşılaşacaqdı.

Teymur Rəcəbov finalın ilk qarşılaşmasını ümumi hesabda 2,5:1,5 qazanıb. O, cavab oyununda da üstün olub - 2:1. Final 2 gün ərzində oynanmalı olan 2 matçdan ibarət idi. Hər qarşılaşma 4 rapid partiyadan ibarət idi.

Beləliklə, Teymur RƏCƏBOVUN «Region+» jurnalına eksklüziv müsahibəsini təqdim edirik.

- Zəhmət olmasa, «Airthings Masters» turnirindəki qələbəniz haqda danışın. Finalın çətin keçdiyini söyləmək olarmı?

- Əlbəttə. Adətən, finala turnirə ən yaxşı formada qatılmış, güclü oyun və nəticə göstərən idmançılar yüksəlir.

- Onlayn yarışlara hazırlıq klassik turnirlərə hazırlıqdan fərqlənirmi?

- Məhz hazırlıqda ciddi fərqin olduğunu düşünmürəm. Adi yarışlarda olduğu kimi, burada da şahmatçılar tətbiq etməyə hazırlaşdıqları debüt sxemlər üzərində çalışır. Növbəti tur öncəsi təhlillər təkrarlanır, turnir boyu debütlərdə dəyişikliklər korrektə olunur. Hər zaman olduğu kimi.

- Bu turnirdə bir qədər emosional təsir bağışlayırdınız. Teymuru belə görməyə vərdiş etməmişik…

- Yaş özünü göstərir (gülümsəyir). Həqiqətən də, son dərəcə ciddi fiziki və emosional ağırlıq hiss edirdim. 9 gündə ümumilikdə 35 partiya oynamışdım. Bu, qısaldılmış nəzarət vaxtilə olsa da, inanın ki, gündə bir klassik partiya oynamaqla müqayisədə, bu, daha ağır idi. Burada tay-breklər və armageddonları (armageddonda heç-heçə olmur) saymasaq, gündə 4 partiya oynanılırdı. Belə bir vəziyyətdə finalda qələbə qazanırsan. Sevinc göz yaşları axır, üzərində bir neçə gündür yığılıb qalmış ağırlıq, gərginlik bir anda yox olur. Bəli, əvvəllər emosiyalarıma nəzarət edirdim. Bu dəfə alınmadı…

- Qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sizi təbrik etdilər…

- Özünüz də bilirsiniz, insanın çıxışını Vətəninin birinci şəxsləri qiymətləndirirsə, bu, inanılmaz dərəcədə xoşdur, şərəfdir. Bu, ikinci dəfədir (bunadək dövlətin ilk şəxsləri Rəcəbovu 2019-cu ildə Dünya Kubokunun qalibi olması münasibətilə təbrik etmişdilər – red.). O anda, əlbəttə ki, böyük ruh yüksəkliyi və ölkəm üçün faydalı olmaq arzusu hiss edirdim.

- Yaxın aylarda sizi daha hansı yarışlarda görə biləcəyik?

- Fevral, mart və mayda dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun növbəti mərhələlərinə qatılacağam. Ondan sonra da yarışlar var – ilin sonunadək. Bundan başqa, düşünürəm ki, Avropa və dünyadakı epidemioloji vəziyyətə uyğun olaraq, yeni turnirlər keçirilə və ya hansılarsa təxirə salına bilər.

- Yarışlar şahmatçıları çox yorur. Maraqlıdır, bərpa üçün nə qədər vaxt lazımdır?

- Qədim bir kəlamda deyildiyi kimi, qaliblərin yarası tez sağalır… Düşünürəm ki, 10-12 gün kifayətdir.

- 2019-cu ildə Dünya Kubokunda qazandığınız parlaq qələbədən sonra, deyəsən, Teymur Rəcəbovun karyerasında ikinci parlaq mərhələ başlayır. Razısınız?

- Tam da belə deyil. Dünya çempionluğuna iddiaçıların seçimi üzrə əvvəlki mərhələdə turnirə düşməyim üçün cəmi yarım xal çatmadı. 2017-ci ildə FİDE-nin Moskva Qran Prisində yaxşı çıxış etmişdim. Onun ardından FİDE-nin kifayət qədər güclü turniri olan Cenevrə Qran Prisini qazanmışdım. Bundan başqa, FİDE-nin Palme-de Malyorka Qran Prisinin mükafatçısı, Azərbaycan millisinin heyətində Avropa çempionu olmuş, Ümumdünya Şahmat Olimpiadasında qızıl medal qazanmışam. Daha sonra isə yenə də çox nüfuzlu turnir olan Dünya Kubokunun qalibi olmuş, son iddiaçılar turnirinin iştirakçıları sırasına düşmüşəm.

- Pandemiya insanlara fərqli təsir göstərir. Onun sizə təsiri necə olub?

- Dünyada şahmat yarışlarının əksəriyyəti təxirə salınıb. Əvvəllər onların çoxluğundan, bitmək bilməyən səfərlərdən yorulurdumsa, bütün bunların olmadığı son dövrdə onun həyatımın vacib hissəsi olduğunu anladım. Sanki bir nostalji yaşayır, əvvəlki həyat ritmi üçün darıxırsan.

- Pandemiya üzündən 2020-ci ildə Yekaterinburqa təşkil olunmuş iddiaçılar turnirinə qatılmaqdan imtina etdiniz. Zaman haqlı olduğunuzu sübut etdi. Turnirin bərpa olunmasından sonra orada iştirak etmək şansınız varmı? Bu, necə həll olunacaq?

- Məsələ ondadır ki, mən iddiaçılar turnirinə qatılmaqdan imtina etməmişdim. Sadəcə, FİDE-yə məktubla müraciət edərək, onun təxirə salınmasını istəmişdim. Hesab edirdim ki, pandemiya şəraitində müxtəlif məhdudiyyətlər idmançıların tam gücünü ortaya qoymasına imkan verməyəcək – oyunlardan əvvəl test verilməsi, hərarətin ölçülməsi, hoteli tərk etməyə qoyulmuş qadağa və s… İdmançılardan hansısa xəstələnərdisə, nə baş verəcəkdi? Bu və digər məsələlər aydın deyildi. İddiaçılar turniri reqlamentə əsasən 22 gün davam etməli idi və bu, pandemiyanın getdikcə gücləndiyi vaxta təsadüf edirdi. Düşündüm ki, praktik olaraq xəstəxana şəraitində, üstəlik, maska ilə oynamaq psixoloji baxımdan çətin olacaq.

Yeri gəlmişkən, turnirə martın 15-də start verilsə də, o, sona çatdırılmadı – ilk dövrədən sonra oyunları saxladılar. Ümid edirəm ki, FİDE mənimlə bağlı uyğun qərar verəcək və mən dünya çempionu adını qazanmaq uğrunda yarışın bu mərhələsindən kənarda qalmayacağam.

- Sizin hər qələbəniz Azərbaycanda böyük bayrama çevrilir. Necə düşünürsünüz, səbəb ölkədə şahmatın populyar olmasıdır, yoxsa Rəcəbovun pərəstişkarları çoxdur?

- Şahmat Azərbaycanda hər zaman populyar olub və indi də belədir. Xüsusilə 90-cı illərdə müstəqilliyin qazanılmasından sonra uşaq şahmatının populyarlığı artmağa başlayıb. Bununla da, müxtəlif uşaq və yeniyetmə yarışlarına qatılan, mübarizə aparan yeni şahmatçılar nəsli yetişib. Sonradan kişilərdən ibarət Azərbaycan yığmasının özəyini məhz həmin nəsil təşkil edib. Söhbət mənimlə yanaşı, əlbəttə ki, həm də Şəhriyar Məmmədyarovdan, Vüqar Həşimovdan, Rauf Məmmədovdan, Qadir Hüseynovdan, Eltac Səfərlidən və digərlərindən gedir. Bütün bunlar yerli və beynəlxalq KİV-də geniş işıqlandırılıb və təbii olaraq, Azərbaycanda şahmatın təbliğinə təsir edib.

- Finalın son günündən əvvəl qızınız sizə təbrik ünvanlamışdı. Bu, sizə əlavə güc verdimi?

- Əlbəttə verdi! Yaxın adamların arzuları hər zaman səmimidir. Onlardan insana bir enerji, bir güc gəlir. Şəxsən mən bunu çox yaxşı hiss edirəm.

- Övladınız şahmatla maraqlanırmı? Evdə şahmat oynayırsınızmı?

- Fiqurları və elementar gedişləri bilir. Lakin hələlik yalnız sadiq azarkeşlər cərgəsindədir. Özü də şahmatçı olmağı, yarışlara qatılmağı arzulamır. Deyir ki, dizayner olmaq istəyir. Olsun, bu da yaxşıdır.

- Şahmatda hər fiqurun öz rolu və öz gücü var. Teymur Rəcəbov daha çox hansı fiqura arxalanır?

- Mənim sevimli fiqurum g7 xanasındakı qara fildir. Qaralarla qədim hind müdafiəsi oynayan şahmatçılar məni anlayacaqlar.

- Teymur Rəcəbov çoxlarının kumirinə çevrilib. Gələcəkdə şahmat məktəbi açmağı düşünürsünüzmü?

- Bəli, belə fikrim var. İndi o, keçmişdəki kimi şahmat məktəbi yox, şahmat akademiyası adlanır. Akademiyamız praktik olaraq, fəaliyyətə başlamağa hazırdır.

- Boş vaxtınızı necə keçirirsiniz?

- Hazırda boş vaxtlarımı da əsasən şahmatla keçirirəm. «YouTube» kanalında strimlər keçirirəm, partiyaları götür-qoy edir, debüt variantlar üçün yeni ideyalar axtarıram. Hər zaman olduğu kimi. Şahmatdan kənar isə dostlarla söhbətləşirik. Xoşbəxtlikdən, internet pandemiya dövründə təmassız ünsiyyətə də imkan verir. Bəzən üz-üzə də söhbətləşməyə imkan tapırıq. Bundan başqa, kitab oxuyuram, film izləyirəm.

- Şahmat həvəskarlarına kitab məsləhət görə bilərsinizmi?

- Əlimə nə keçirsə oxumuşam və oxuyuram. Hər kitabda özün üçün faydalı nəsə tapa bilərsən. Şahmat biliklərini artıracaq ədəbiyyatdan danışırıqsa, qrossmeysterlərin əla şərhlərinin yer aldığı bir neçə məşhur şahmat jurnalı var. Məsələn, Rusiyanın «64» və Hollandiyanın «New in Chess» jurnalları.

- Üzərində məşhur şahmatçıların da çalışdığı, böyük rezonans yaratmış populyar «Kraliçanın gedişi»» serialını izləmisinizmi? İzləmisinizsə, təəssüratlarınızı bilmək maraqlı olardı.

- Ümumilikdə serial xoşuma gəldi. Şahmat atmosferi, partiyalar çox peşəkarlıqla təqdim olunur. Amma hər zaman olduğu kimi, bir çox mübahisəli məqamlar da var və bu, təbiidir. Çünki bu, sənədli yox, bədii serialdır.

- Bəzi idmançıların özünəməxsus əlamətləri olur. Sizdə belə əlamətlər varmı?

- Var. Amma onları danışmaq çox vaxt aparar.

- Sonda azarkeşlərinizə və şahmat həvəskarlarınıza nə demək istərdiniz?

- İlk növbədə, hər kəsə cansağlığı arzulayıram. Çətin dövrdən keçirik. Arzu edirəm ki, Azərbaycan torpağına axır ki, sülh gəlsin, hər ailədə, hər evdə sülh və əmin-amanlıq olsun.



MƏSLƏHƏT GÖR:

290