27 Aprel 2024

Şənbə, 05:46

NÖVBƏTİ STANSİYA - «MİNCİVAN»

İşğaldan azad olunmuş Zəngilan rayonu bütün region üçün strateji əhəmiyyətini geri qaytarır

Müəllif:

01.02.2021

Bu yolu son dəfə lap çoxdan – uşaq vaxtı getmişdim. Onda yola Bakıdan yox, doğulub boya-başa çatdığım Xankəndi şəhərindən çıxmışdıq. Əvvəlcə ata yurdum Laçına, oradan Qubadlı, Zəngilan və Cəbrayıl vasitəsilə Füzuliyə. Geri – Xankəndinə isə daha qısa yolla – Xocavənddən qayıtmışdıq.

Yol boyu atam bu yerlərdən Ermənistanın həmsərhəd rayonlarına qaz kəmərini neçə çəkdikləri haqqında danışırdı… Gorus, Qafan – uşaq üçün adları yad olan bu şəhərlərin erməni sakinləri Azərbaycan qazı ilə isinirlərmiş. Yolumuz Zəngilandan keçirdi. Onun Mincivan qəsəbəsində dəmir yolu stansiyası var idi. Onda öyrəndim ki, sən demə, Azərbaycandan qatarlar bu stansiyadan yola düşür, Ermənistan ərazisindən keçərək Naxçıvana və geri hərəkət edirmiş. Uşaq ağlımla Azərbaycandan Azərbaycana qatarların niyə Ermənistan vasitəsilə getdiyini anlamırdım. Yəqin ki, tarix dərsində hələ o yerə çatmamışdıq. Elə həmin vaxt ilk dəfə bildim ki, Arazın o tayında da azərbaycanlılar yaşayır və orada onların sayı bizdən çoxdur. Amma bu, artıq SSRİ yox, İran ərazisidir. Və yenə də tarix dərsini xatırlayıb rus dilində məşhur Antoşka haqda mahnını zümzümə edirəm: «Это мы не проходили, это нам не задавали...» (“biz bunu hələ keçməmişik, bunu bizə hələ tapşırmayıblar”).

O qayğısız günlərdə biz hələ bilmirdik ki, Ermənistanın başlayacağı işğalçı müharibə nəticəsində Xankəndidə etnik təmizləməyə məruz qalmış ailəmiz məcburi köçkün həyatı yaşamalı olacaq. Sonradan Laçında yaşayan qohumlarımızın da, Zəngilandakı dostlarımızın da həyatını Araz çayı boyunca uzanan bu yol xilas edəcəkdi.  O qədər zəngilanlı ailə yolda ermənilərin əlinə keçməmək üçün Araz çayından İran ərazisinə keçməli olacaqdı ki. Çünki ermənilərin artıq Horadizi ələ keçirdiyi və İran sərhədinə doğru hərəkət edərək yolu bağladığı deyilirdi...

 

Yandırılmış torpaqlar

Təxminən, 30 il sonra qayğısız uşaqlıq illərimdə getdiyim yolu təkrar gedirdim. Təhlükəsizlik səbəbindən hələ ki, Laçına getməyə icazə verilmir. Zəngilana isə olar. Yenə də beynimdə çoxlu suallar var. Amma bu artıq hər şeyi bilmək istəyən bir uşağın sualları deyildi. İndi jurnalist olaraq, Azərbaycanın bu torpaqları işğaldan azad etmək üçün hansı əziyyəti çəkdiyini öyrənmək, buradakı dağıntıların miqyasını çəkərək dünyaya göstərmək və oxuculara çatdırmaq istəyirdim.

Yolboyu maşının pəncərəsindən xarabalıqlardan başqa nəsə görmək mümkün deyil. Bir vaxtların isti, rahat kənd evləri indi yerlə-yeksan edilib, həmin kəndlərin yerində, sözün əsl mənasında xarabalıq yaranıb. Tikinti materialı kimi istifadə oluna biləcək nə vardısa, qonşu Ermənistana və ya Qarabağın ermənilər yaşayan rayonlarına daşınıb. Bəzi kənd qəbiristanlıqları amansızcasına yer üzündən silinib.  Bu mənzərəyə, həqiqətən də, ürəkağrısız baxmaq olmur… Bir vaxtlar buralarda yaşamış insanların xoşbəxt uşaqlıqlarının keçdiyi evlərin dağıntılarını foto və videogörüntülərdən niyə tapa bilmədiklərini indi anlayıram.

30 il əvvəl bu kəndlərdə toylar çalınıb, Novruz tonqalları qalanıb. Bu gün isə burada yandırılmış torpaqlardan başqa heç nə yoxdur. Halbuki, 1977-ci il Cenevrə Konvensiyası «yandırılmış torpaqlar» taktikasını qadağan edir. Amma Ermənistan bu torpaqları işğal edilən zaman hansı konvensiyaya məhəl qoyub ki? Bütün bu illərdə o, BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan torpaqlarının «dərhal, tam və qeyd-şərtsiz boşaldılması»nı tələb edən qətnamələrinə əhəmiyyət verirdimi ki? Yoxsa Ermənistan «Transsərhəd suları haqqında» konvensiyanı ratifikasiya edib? Çaylarla içərisinə partladıcı quraşdırılmış oyuncaqlar axıdan həmin ermənilər deyildimi?

Emosiyaları cilovlamaq çox çətindir. Artıq doğma torpaqlara aparan yolları hərbi blokpostların bağlamayacağını düşünəndə insanın hansı hisslər keçirdiyini sözlə ifadə etmək mümkünsüzdür. Hələlik isə ərazilər minalardan təmizlənir, azad olunmuş ərazilərin bərpası işləri aparılır.

 

Yoxdan var etmək

Füzuli rayonunun Horadiz şəhəri. 2016-cı il aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə. Bakı məhz həmin vaxt bir neçə min hektar ərazisini azad etməklə, İrəvana, həmçinin beynəlxalq vasitəçilərə mesajını vermiş, işğal altındakı torpaqlarını hərbi yolla azad etmək hüququnun və imkanının olduğunu hər kəsə göstərmişdi. O vaxt mesaj hər kəsə çatmışdı. Lakin vasitəçi ölkələr işğalçı tərəfə təzyiqləri artırıb problemin sülh yolu ilə həllini sürətləndirməkdənsə, yenə də status-kvonun qorunub saxlanmasına üstünlük vermişdilər. Amma bu, artıq keçmişdə qalıb. Ötən ilin payızında Azərbaycan cəmi 44 gün ərzində işğal altındakı ərazilərini geri qaytardı və öz sərhədlərini bərpa etdi. İndi bu torpaqlar hər bir azərbaycanlı üçün ikiqat müqəddəsdir. Çünki onun hər bir qarışı uğrunda Azərbaycanın qəhrəman oğullarının qanı axıdılıb.

İndi Horadizdə aprel şəhidləri abidəsinin yanında azad olunmuş ərazilərə səfər edən insanların yoxlandığı ilk post qurulub. Lakin yaxın vaxtlarda bu torpaqlarda müharibəni yalnız muzeylər və abidələr xatırladacaq.

«Hansı şirkətdənsiniz?» - deyə əlində siyahı tutmuş polis əməkdaşı soruşur. «Jurnalistəm» deyirəm və bununla da, adımın hansı siyahıda axtarılmalı olduğuna işarə vururam. Yanımda «Azərişıq»ın əllərində şəxsiyyət vəsiqələrini tutmuş əməkdaşları dayanıb. Onları, o cümlədən digər kommunal xidmət əməkdaşlarını çətin, bəzən hətta təhlükəli, amma eyni zamanda xoş iş gözləyir. İnsan minalardan yenicə təmizlənmiş, hələ də müharibə qoxan ərazilərdə işləməyə gedir. Amma simasında elə bir sevinc ifadəsi var ki, sanki indicə kurorta göndəriş alıb. Adamlar o yerləri görmək üçün səbirsizlənir.

Zəngilana çatanadək yol boyu yanımızdan müxtəlif şirkətlərə məxsus pikaplar, mikroavtobuslar keçir. Ətraf minalardan təmizlənir, ardınca isə ekskavatorlar yolu düzəldir, yaxud xəndəklər qazır. Amma artıq müharibə üçün yox, dinc dövr üçün infrastrukturun qurulması məqsədilə.

Kənd xarabalıqlarını on hektarlarla şumluqlar əvəzləyir. Görünür ki, bu ərazilərdə əkin-biçin işləri aparılırmış. Bəli, Ermənistan işğal illərində taxıla olan tələbatının düz yarısını məhz bu torpaqların amansızcasına istismarı ilə təmin edib. Burada məşhur “Çəkməli pişik”dəki «Markiz Karabasın təsərrüfatlarına» - erməni oliqarxlarının istixanalarına da rast gəlmək olur.

Zəngilana girişdə daha bir post var. «Xoş gəlmisiniz», - deyə gülərüz polis əməkdaşı avtomobilimizin pəncərəsindən bizi salamlayır. Mincivan qəsəbəsinə aparan ən yaxın yol düz Araz çayının sahili ilə gedir. Eyniadlı stansiyaya aparan dəmir yolu da, güman ki, buralardan keçib. Sonuncu posta çatırıq. Burada yerli polis əməkdaşları bizə böyük məmnuniyyətlə yolu izah edir. Onlardan biri məni tanıyır: «Mən Fazilin oğluyam, xatırlayırsız? Xırdalanda yarımçıq tikilidə qonşu olmuşuq». Əlbəttə, xatırlayıram. Zəngilandan məcburi köçkün düşmüş bir ailənin Bakıda doğulmuş oğlu indi doğma rayonunda xidmət edir və öz torpaqlarını azad etmiş digər həmyaşıdları kimi, bununla qürur duyur.

Bu yerdə Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş Şuşaya bu yaxınlarda etdiyi səfər zamanı dediyi sözlər yadıma düşür. «Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib», - deyə İlham Əliyev məşhur Cıdır düzündəki çıxışında bildirib. Bu, həmin Cıdır düzüdür ki, hələ Qarabağ xanlarının dövründə at yırışları, konsertlər keçirilir, yerli əhali Novruz bayramını qeyd edirdi.

 

Üç tonqal qalamağın vaxtıdır

Yeri gəlmişkən, Novruz bayramına az qalıb. İndi Şuşada, Laçında, Kəlbəcərdə, Zəngilanda və işğaldan azad olunmuş digər rayonlarımızda yenidən bayram tonqalları qalanacaq. Lap Dədə Qorqud dastanında olduğu kimi. Dağıdıcı müharibədən sonra Dədə Qorqud Qaraca çobana necə deyirdi? «Qalx dağın başına, üç tonqal qala. Bir tonqal qalayanda elimiz şənliyə toplaşır, iki tonqal qalayanda basqınlardan qorunmağa yığışır. Qoy, indi üç tonqal görəndə hamı cütlə, xışla gəlsin, bilsinlər ki, işləməyə gəlirlər».

Beynimdə bu fikirlərlə «Yeni Müsavat» qəzetindən olan həmkarımla Mincivan qəsəbəsinə necə çatdığımızı hiss etmədim. İndiki dağıntılara rəğmən, vaxtilə buraların necə gözlə olduğunu hiss etməmək mümkün deyil. Şəhər tipli qəsəbə Azərbaycan-İran sərhədində, kifayət qədər mənzərəli yerdədir. İndi burada Azərbaycan Sərhəd Xidmətinin zastavası yerləşir. Mərkəzi yolun kənarı ilə uzanan arxla tər-təmiz, buz kimi soyuq su axır. Burada düşmən əlindən sağ çıxa bilmiş məşhur Zəngilan çinarlarını hələ də görmək mümkündür. Amma vaxtilə buralarda böyük çinar meşələri olub. Onlar müharibəyədək dövlət tərəfindən qorunurdu.

Dağılmış evlərin arası ilə kol basmış ensiz yol bizi Mincivan dəmir yolu stansiyasına aparır. Daha doğrusu, stansiyanın qalıqlarının olduğu yerə. Bir vaxnlar bu stansiyadan cəmi bir neçə dəqiqə intervalla sərnişin və yük qatarları keçərdi. Onlar Bakıdan Naxçıvan üzərindən İrəvana və geri, həmçinin Ermənistanın Qafan stansiyasına hərəkət edərdilər. Bu stansiyanın region ölkələrinin iqtisadiyyatı üçün hansı əhəmiyyəti daşıdığını anlamaq çətin deyil. Azərbaycan üçün isə o, həm də ölkənin əsas hissəsini Naxçıvanla birləşdirən həyat yolu idi.

Həmin ərazidə nə vaxtsa stansiyanın yerləşdiyini bu gün yalnız onun dağıntılarından anlamaq olur. Stansiyanın binasından fotoda gördüyünüz xarabalıq qalıb. Buradan nə vaxtsa dəmir yolunun keçdiyini isə yalnız şpal izləri «xəbər verir». Şpalların özünü və relsləri daşıyıb aparıblar.

Yeri gəlmişkən, tərəflərin müharibədən sonra regional kommunikasiyaların açılmasına dair razılaşmalarında Mincivan da xüsusi yer tutur. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 44 günlük İkinci Qarabağ müharibəsindən sonra imzaladıqları hər iki üçtərəfli bəyanatda bu məsələ prioritetlər sırasındadır.

«Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar», - deyə Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirilmiş 11 yanvar görüşündən sonra mətbuata bəyanatında bildirib.

Azərbaycan lideri nəqliyyat arteriyalarının açılmasının region üçün hansı faydalar verəcəyini qısa şəkildə belə izah edib: «Bizim üçün bu, böyük əhəmiyyət kəsb edir, çünki beləliklə, 30 ildən artıq müddətdən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Biz, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcəyik, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları birləşəcək. Yəni bu Bəyanat çox böyük perspektivlər açır».

Hazırda bu məsələ Bəyanatı imzalamış tərəflərin baş nazirlərinin müavinləri səviyyəsində yaradılmış işçi qrupda müzakirə olunur. Jurnalımız çapa hazırlanan vaxt işçi qrupun iclasının yanvarın 30-da keçiriləcəyi bildirilirdi.

«Mövzular Rusiya prezidenti Vladimir Putin, Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə bəyanatında müəyyənləşdirilib. İlk növbədə, nəqliyyat infrastrukturunun bərpası və inkişafı ilə bağlı problemlərə baxacağıq», - deyə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Siyasətçilərin hansı qərarı qəbul edəcəklərindən asılı olmayaraq, bir məsələ aydındır: Azərbaycanın Qələbəsi və Ermənistanın kapitulyasiyasından sonra regionda kommunikasiyaların bərpası prosesi dönməz xarakter alıb. Demək, həm Mincivan dəmir yolu stansiyası, həm bütünlükdə Azərbaycanın Zəngilan rayonu bölgə üçün strateji əhəmiyyətini özünə qaytaracaq. Tezliklə burada yenidən qatarlar fit verəcək, Azərbaycanın işğaldan azad olunmuş bütün rayonları kimi, Mincivanda da həyat qayıdacaq.



MƏSLƏHƏT GÖR:

201