1 May 2024

Çərşənbə, 01:28

QİSASI ALINDI, AMMA UNUDULMADI!

Azərbaycanın Vətən müharibəsindəki qələbəsi Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımına layiqli cavabdır

Müəllif:

01.03.2021

Xocalı soyqırımından 29 il ötür. Erməni işğalçıları Azərbaycan torpaqlarının işğal altında olduğu, təxminən, 30 ildə ən böyük vəhşiliyi 1992-ci ilin fevralında ediblər. Lakin bu gün torpaqlarımızda tarixi ədalət bərpa olunub. Azərbaycanın qələbəsi ilə bitmiş 44 günlük Vətən müharibəsi nəticəsində xocalılar da mütləq öz torpaqlarına qayıdacaqlar.

 

Nə uşaqlara, nə qadınlara, nə qocalara rəhm edilib

Xocalı soyqırımı yalnız Azərbaycanın deyil, bütün dünyanın tarixində ən faciəvi hadisələrdən biridir. 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus 366-cı motoatıcı alayın ağır texnikası və şəxsi heyətinin dəstəyi ilə Qarabağın Xocalı şəhərini yer üzündən siliblər. Bu zaman nə uşaqlara, nə qadınlara, nə qocalara rəhm edilib… Nəticədə, 106-sı qadın, 63-ü azyaşlı uşaq, 70-i qoca olmaqla, ən azı 613 nəfər vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275-dən çox insan əsir götürülüb və onlardan 150-nin taleyi hələ də məlum deyil.

Xocalı faciəsi Qarabağ münaqişəsi tarixində erməni silahlı qüvvələrinin ən dəhşətli cinayətidir. O, bir yaşayış məntəqəsinin bütün əhalisinin, yaxud bir qrup insanın sırf etnik mənsubiyyətinə görə məhv edildiyi hadisələr sırasındadır. Üstəlik, Xocalıda qətlə yetirilmiş insanların cəsədləri də təhqir olunub.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının miqyaslı işğalı prosesinin əsası məhz bu faciə ilə qoyulub. Erməni təcavüzkarları strateji hədəflərinə nail olmaq – Xocalı aeroportunu və Əsgəranla Xankəndini birləşdirən dəhlizi nəzarətə götürmək üçün yüzlərlə xocalılını yalnız milli mənsubiyyətinə görə məhv edib.

Erməni işğalçılarının xainliyini göstərən daha bir məqam Xocalı soyqırımının İranın vasitəçiliyi ilə sülh danışıqlarının aparıldığı vaxtda törədilməsidir. Fevralın 25-də İranın xarici işlər naziri Əli Əkbər Vilayəti Bakıda Azərbaycan rəhbərliyi ilə görüşmüşdü. Ayın 27-də o, Qarabağa, daha sonra Ermənistana yollanmağa hazırlaşırdı. Münaqişə tərəfləri danışıqlara başlanılması üçün fevralın 27-dən martın 1-dək atəşi dayandırmaqla bağlı razılığa da gəlmişdi. Lakin Bakının sayıqlığı itirdiyi qənaətinə gələn erməni tərəfi üç günlük barışıq razılaşmasından istifadə edərək, Azərbaycan şəhərinin dinc əhalisini qırmaq qərarına gəldi…

Parça-parça edilmiş xocalıların ətrafa səpələndiyi mənzərə yalnız Azərbaycanı sarsıtmamışdı. «Ermənilər Xocalıya hücum edib. Meyitlərin necə eybəcər hala salındığını bütün dünya gördü», - deyə o zaman Fransanın «L'Eveneman» jurnalı yazırdı. Parisdə nəşr olunan nüfuzlu «Le Mond» qəzeti də Xocalı faciəsindən bəhs edirdi: «Xarici jurnalistlər qətlə yetirilmiş insanlar arasında qadınlar və baş dərisi soyulmuş və mismarlanmış üç uşaq da görüblər. Bu, «Azərbaycanın təbliğatı» yox, fakt və həqiqətdir!»

Londonun «Sunday Times» nəşri yazırdı: «Erməni əsgərləri yüzlərlə ailəni məhv edib». «Times» qəzeti isə dəhşət içərisində bu fikirlərə yer verirdi: «Çox sayda insan şikəst edilib, bir balaca qızcığazın isə yalnız başı qalmışdı».

Bir müddət sonra Rusiyanın «Memorial» hüquq müdafiəsi mərkəzi bildirirdi ki, Xocalıya hücum zamanı erməni silahlı birləşmələrinin dinc sakinlərlə davranışı Cenevrə Konvensiyasının, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Fövqəladə hallarda və silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında Bəyannamənin kobud şəkildə pozulmasıdır. «Azad dəhliz zonasında və ona bitişik ərazilərdə dinc insanların kütləvi qətliamına heç bir halda haqq qazandırmaq mümkün deyil», - deyə mərkəzin məruzəsində bildirilirdi.

Xocalı soyqırımına görə məsuliyyət, ilk növbədə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Britaniyalı jurnalist Tomas de Vaalın «Qara bağ» kitabında Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın etirafları yer alır. O, T. de Vaala müsahibəsində Xocalının dinc əhalisinin erməni silahlı qüvvələri tərəfindən məqsədli şəkildə məhv edildiyini bildirir.

Bu mənada, qeyd etmək lazımdır ki, Ermənistan Respublikasının başında uzun illər Xocalıda və Azərbaycanın digər yaşayış məntəqələrində dinc azərbaycanlılara qarşı qətliamlara görə birbaşa məsuliyyət daşıyan hərbi cinayətkarlar dayanıb. Təxminən, 30 il ərzində Azərbaycan ərazisinin beşdə birini məhz onlar işğal altında saxlayıb, həmin ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləməni məhz onlar aparıb.

1992-ci ilin fevralında yaxşı silahlanmış, kənardan da ciddi hərbi dəstək alan Ermənistanda düşünürdülər ki, miqyaslı müharibə aparmağa hazır olmayan, daxildəki siyasi mübarizə ilə də zəifləmiş Azərbaycan Xocalı qətliamının təşkilatçılarına qeyd-şərtsiz təslim olacaq, Qarabağ itkisi ilə barışacaq. Lakin nəinki zorla cəlb olunduğu müharibəyə tab gətirdi, həm də zamanla Cənubi Qafqazın ən güclü dövlətinə çevrildi. Azərbaycanın işğal olunmuş ərazilərini könüllü boşaltmaqdan imtina edən Ermənistan isə sonda sarsıdıcı məğlubiyyətlə üzləşməli oldu.

Azərbaycanın səbrinin, əlbəttə ki, həddi var idi. Sonda onun səbri tükəndi və 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri işğal altındakı torpaqları azad etmək üçün əks-hücuma keçdi. Noyabrın 9-dək davam etmiş müharibə nəticəsində işğala son qoyuldu, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olundu. Azərbaycan Ordusunun «Dəmir yumruğu» işğalçı erməni ordusunun belini qırdı, eyni zamanda Xocalı soyqırımının həyata keçirilməsində iştirak etmiş bir sıra hərbi cinayətkarı da məhv etdi.

Azərbaycanın 44 günlük mühariədə qazandığı Böyük Qələbə tezliklə Xocalının da bərpa olunacağına, qətliamdan sağ çıxa bilmiş xocalılıların və onların övladlarının tezliklə öz torpaqlarına qayıdacaqlarına əminlik yaradır.

 

Dünya azərbaycanlılara qarşı törədilmiş soyqırımını tanımalıdır

Lakin tarixi ədalətin bərpası Xocalı soyqırımının dünya tərəfindən tanınması məsələsinin aktuallığını aradan qaldırmır. Bu hərbi cinayətin bütün günahkarları məsuliyyətə cəlb olunmalıdır.

Azərbaycan səviyyəsində Xocalı faciəsinə siyasi-hüquqi qiymət 1994-cü ilin fevralında, Milli Məclisdə «Xocalı soyqırımı günü haqqında» xüsusi qətnamənin qəbulu ilə verilib. Sənəddə hadisənin səbəbləri və günahkarları aydın şəkildə göstərilir. Sonradan Azərbaycan Prezidenti İlham Əliyev Xocalı faciəsini «xalqımızın sağalmaz dərdi, xalqımıza qarşı törədilmiş soyqırımı, ötən əsrin ən böyük cinayəti» kimi qiymətləndirib.

Lakin Ermənistanın Azərbaycan xalqına qarşı cinayəti hələ də dünya birliyi tərəfindən layiqli qiymətini almayıb. Bununla yanaşı, dünyada erməni cəlladlarının Xocalıda törətdikləri haqda bilgi alan insanların sayı durmadan artır. İllər keçdikcə dünyanın ən müxtəlif ölkələrində Xocalı soyqırımının XX əsrdə bəşəriyyətin üzləşdiyi ən dəhşətli faciələrdən biri kimi tanınması, onun günahkarlarının layiqli cəzasını alması tələbləri artır.

Artıq bir sıra ölkələrin parlamentlərində Xocalı faciəsinin azərbaycanlılara qarşı soyqırımı kimi tanınmasına dair sənədlər qəbul edilib. Son zamanlar ABŞ-ın Xocalı soyqırımına dair qətnamələr qəbul edən ştatlarının da sayı artır.

Xocalı soyqırımının dünyada tanıdılması prosesində ən vacib hadisə, şübhəsiz ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament Assambleyasının qəbul etdiyi xüsusi qətnamədir. Həmin sənəddə Xocalıda baş verənlər «insanlığa qarşı cinayət», «erməni silahlı birləşmələrinin dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı» adlandırılır. Qətnamə İƏT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüskarı olduğu «Xocalıya ədalət!» («Justice for Khojaly») kampaniyası çərçivəsində irəli sürülmüşdü. Qeyd edək ki, sənədi qəbul etmiş İƏT Parlament Assambleyasında dünya parlamentlərinin dörddə biri cəmləşib. O, ən nəhəng parlamentlərarası strukturdur.

Nəhayət, Avropa İnsan Haqları Məhkəməsi haqda ayrıca danışmaq lazımdır. O, 2010-cu il aprelin 22-də Xocalı cinayəti ilə bağlı vacib qərar qəbul edib. Məhkəmə Xocalıya hücum edənlərin əməlini «xüsusilə ağır hərəkət» kimi qiymətləndirib, bunun «hərbi cinayət və ya insanlıq əleyhinə cinayətə bərabər olduğunu» bəyan edib.

Azərbaycan xalqı Xocalı soyqırımını heç zaman unutmayacaq. Erməni işğalçılarının 1992-ci ilin fevralında törətdikləri bu hərbi cinayətin qurbanı olmuş şəxslərin xatirəsi yalnız baş vermiş faciəni xatırladacaq amil deyil. O, həm də dünyamızda belə vəhşiliyin təkrarlanmamasına israrlı çağırış və xəbərdarlıqdır. Belə halların təkrarlanmamasının rəhni isə güclü müstəqil dövlətimiz və rəşadətli Silahlı Qüvvələrimizdir.



MƏSLƏHƏT GÖR:

184