26 Aprel 2024

Cümə, 09:02

YUNAN ŞOUSUNUN PƏRDƏARXASI

Yunanıstan və Türkiyə xarici işlər nazirlərinin “söz döyüşünün” arxasındakı həqiqətlər

Müəllif:

01.05.2021

Türkiyə və Yunanıstan xarici işlər nazirləri arasında Ankarada brifinq zamanı baş verən və 33 dəqiqə davam edən “atışma” təkcə iki ölkədə deyil, bütün dünyada xəbər başlığı oldu. Amma “ulduzu barışmayan” iki qonşu ölkə arasında ilk bu cür qalmaqal deyildi, yəqin ki, sonuncu da olmayacaq.

Sonuncu dəfə 2017-ci il dekabrın 7-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Afinaya ilk səfəri zamanı Yunanıstan prezidenti ilə birgə mətbuat konfransında oxşar gərginlik baş vermişdi. Ərdoğan və yunan həmkarı Prokopis Pavlopoulosun birgə konfransı zamanı Lozanna müqaviləsi mövzusu ətrafında mübahisə baş vermişdi və prezidentlər, təxminən, 40 dəqiqə ərzində bir-birini ittiham edən kinayəli açıqlamalar verdilər.

Türkiyə və Yunanıstan arasındakı ənənəvi soyuq münasibətlər səbəbindən XİN rəhbərləri arasında Ankarada yaşanmış sonuncu gərginlik də Yunanıstanda qəhrəmanlıq kimi qarşılandı. Bəzi siyasi analitiklərə görə, xarici işlər naziri Nikos Dendiasın Ankarada diplomata uyğun olmayan davranışı hazırkı Afina hökumətinin sifarişi olub. Məqsəd daxili auditoriyanı, xüsusən də millətçi dairələri sakitləşdirmək məqsədi güdüb. Çünki hər nə qədər münasibətlərdə gərginlik olsa da, iki ölkənin diplomatları, eləcə də hərbi heyətlər arasında mütəmadi bir dialoq var və bu proses heç də gərgin atmosferdə, “atışmalarla” keçmir. Məsələn, konkret olaraq Ankara səfəri zamanı həm prezident Ərdoğan, həm də XİN rəhbəri Çavuşoğlu ilə Denidas arasında müzakirələr müsbət tonda keçib və nazirlər danışıqların faydalı olması ilə bağlı açıqlama verəcəklərini razılaşdırıblar. Lakin kameralar qarşısında qəfil hər şey dəyişib...

 

Gərginliyin kök atmış səbəbləri

Təbii ki, iki ölkə arasında hələ də həllini tapmamış problemlər var. Xüsusən də son illərdə Türkiyənin Aralıq dənizi hövzəsində apardığı siyasət Yunanıstanı narahat edir. Rəsmi Afina Ankaranı ekspansiya siyasəti apardığı, Avropa üçün təhdidə çevrildiyi görüntüsü yaratmağa çalışır.

Daha əvvəl mövcud olan və hələ də tam olaraq həllini tapmayan münaqişəli mövzuları nəzərə almasaq, təkcə son bir neçə ildə Ankara və Afina arasında gərginliyə səbəb olan hadisələr baş verib. Bunların birincisi qaçqınlar məsələsi, ikincisi isə Aralıq dənizinin şərq hissəsində neft-qaz ehtiyatlarının istismarı və dəniz sərhədlərinin müəyyən edilməsi mövzusudur.

Məlum olduğu kimi, Suriya və Asiyanın digər ölkələrindən olan qaçqınların Avropaya keçidini dayandırmaq məqsədi ilə Avropa İttifaqı və Türkiyə arasında 2015-ci ildə əldə olunmuş razılığa əsasən Avropa qaçqınların Türkiyə ərazisində saxlanılması üçün Ankaraya maddi dəstək verməli və bəzi öhdəlikləri icra etməli idi. Ancaq daha sonra razılaşmanın icrası ilə bağlı tərəflər arasında fikir ayrılığı yarandı. Aİ rəsmiləri Türkiyəni razılaşmadakı öhdəlikləri yerinə yetirməməkdə ittiham etdilər. Rəsmi Ankara isə Aİ-nin razılaşmaya əsasən götürdüyü öhdəlikləri və maliyyə yardımını icra etmədiyini bəyan etdi. Daha sonra bu fikir ayrılığı siyasi gərginliyə çevrildi və Türkiyə hökuməti 2020-ci ilin fevralında sərhədləri açaraq qaçqınları buraxdı. Minlərlə qaçqın sərhədi keçərək Yunanıstana daxil olmağa çalışdı. Buna cavab olaraq, Yunanıstan hökuməti hərbi qüvvələri polisi sərhədə cəlb etməklə qaçqınların qarşısını almağa çalışdı. Nəticədə, Afina və Ankara arasında gərginlik daha da yüksəldi və Avropa İttifaqı qaçqınlara ayrılmış maliyyə yardımlarının bir qismini Yunanıstana yönəltdi.

Türkiyə və Yunanıstan arasında ikinci böhran isə Aralıq dənizinin şərq sahillərində tapılan neft-qaz ehtiyatları və bundan doğan dəniz sərhədləri mübahisələridir. Türkiyə və Yunanıstanın dəniz təsir sahəsi də daxil olmaqla Aralıq dənizinin şərq sahillərində kəşf olunan böyük həcmdə neft və qaz ehtiyatları özü ilə regional siyasi böhranı da gətirdi. Xüsusən də Kipr adası ətrafındakı mübahisəli sular iki ölkə arasında münasibətləri daha da gərdi. 2019-cu il noyabrın 28-də Türkiyə və Liviya arasında dəniz səlahiyyət sahələrini məhdudlaşdırma barədəki memorandum imzalandı. Bu memorandum Ankaranın Aralıq dənizi siyasətində ciddi uğuru idi. Çünki faktiki olaraq dənizdəki enerji ehtiyatlarının istismarı və nəqli ilə bağlı üstünlük Türkiyənin tərəfinə keçirdi.

Yunanıstan isə Türkiyənin bu həmləsinə cavab olaraq Ankara ilə münasibətlərində soyuqluq olan region ölkələrini öz tərəfinə çəkməyə çalışır. Məhz bu məqsədlə Afina Avropa ölkələrinin də dəstəyi ilə Misir, İsrail və Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrini gücləndirdi. Hazırda Yunanıstan bu ölkələrlə hərbi və enerji-iqtisadi sahədə əməkdaşlığını dərinləşdirir. Aralıq dənizində birgə təlimlər keçirilir, həmçinin Yunanıstan, Yunan Kipri və İsrail arasında elektrik şəbəkələrinin birləşdirilməsi “EuroAsia Interconnector” layihəsi çərçivəsində saziş imzalanıb. Artıq layihəyə Misir də qoşulur. Bu layihədə dənizin altı ilə çəkilən elektrik kabeli vasitəsilə ölkələrin enerji şəbəkəsinin birləşdirilməsi nəzərdə tutulur. Ancaq, əlbəttə, bu layihənin əsas məqsədi region ölkələrindən ibarət Türkiyə əleyhinə koalisiyanın yaradılmasıdır. Xüsusən də son 10 ildə Türkiyənin İsrail və Misirlə münasibətlərinin soyuqlaşması bu məsələdə Yunanıstanın maraqlarına cavab verir.

Ankara isə indi Tel-Əviv və Qahirə ilə münasibətləri qaydaya salmağa çalışır. Hətta yaxın zamanlarda Türkiyənin Misirlə münasibətləri bərpa etməsi, İsraillə soyuqluğu aradan qaldırmaq istiqamətində ciddi addımlar atması gözlənilir.

 

Avropa izi

Lakin o da faktdır ki, Yunanıstan mövzusunda əsas “açar nöqtə” Avropadır. Məsələ ondadır ki, son 200 ildə, yəni Yunanıstanın Osmanlıdan müstəqillik əldə etməsi hadisələrindən bu yana türk-yunan gərginliyində Avropa faktoru rol oynayıb. Yunanıstanın müstəqilliyi məhz Britaniya və müttəfiqlərinin Osmanlıya qarşı müharibəsindən sonra mümkün oldu. Bundan sonrakı tarixi dövrdə Yunanıstanın Türkiyəyə qarşı hərbi-siyasi müdaxilələrində əsas dayağı məhz Avropa olub. 1897-ci il 30 günlük müharibədə də Yunanıstanı xilas edən Avropa oldu. Daha sonra Birinci Dünya müharibəsindən istifadə edərək Türkiyə ərazilərini işğal edən Yunanıstanın əsas dəstəyi Avropa ölkələrindən gəlirdi. Bu gün Türkiyə-Yunanıstan gərginliyinin arxa fonunda Avropanın ifrat sağçı siyasi dairələri və onların qızışdırıcı addımları görünür.

Digər tərəfdən son illərdə ardıcıl gələn iqtisadi böhranların caynağında çapalayan Yunanıstanda ictimai rəydə qəzəbin “xarici düşmənə” yönəldilməsi və populizm siyasətçilərin işinə yarayır. Bu gün yunan mediası gündəlik xəbərlərində Türkiyədə tərəvəzin bahalaşması, yaxud da lirənin dəyərdən düşməsini yerli sosial-siyasi mövzulardan daha çox qabartması bunun nişanəsidir. Xarici işlər naziri Denidasın Ankaradakı brifinqdə gözlənilmədən Türkiyəyə hücum etməsi də əsasən ölkə daxilindəki siyasi atmosferə hesablanmış hərəkət idi. Necə ki, yunan mediası bunu “tarixi qələbə” kimi qiymətləndirdi. Son illərdə dünyada ifrat sağın yüksəlişi tendensiyası dünyada populist siyasi çağırışların yüksəlməsinə səbəb olub.

Təbii ki, daxili siyasətdən fərqli olaraq diplomatiya daha realistdir, orda populizmə yer yoxdur. İndi hər kəs anlayır ki, növbəti “travmanı” aradan qaldırmaq üçün addımlar atılmalıdır. Lakin son hadisələrdən sonra, yəqin ki, bu o qədər də asan olmayacaq.



MƏSLƏHƏT GÖR:

170