27 Aprel 2024

Şənbə, 00:56

FİKİR AYRILIĞI TƏRƏFDAŞLIĞA MANEƏ DEYİL

Türkiyə dünya arenasında müstəqil siyasi kurs yürüdür və onun Ukrayna ilə dostluğu Rusiyaya qarşı yönəlməyib

Müəllif:

01.05.2021

Son həftələr Donbasdakı münaqişə ilə bağlı vəziyyətin ciddi şəkildə gərginləşməsi fonunda Rusiya ilə Türkiyə arasında Ukrayna ilə bağlı fikir ayrılıqlarının dərinləşməsi də ciddi müzakirə mövzusudur. Buradan belə təəssürat yaranır ki, ayrı-ayrı dünya gücləri bu münasibətlərin daha da pisləşməsi, Rusiya-Türkiyə tərəfdaşlığının pozulması ilə bağlı öz maraqları var.

 

Qıcıq yaradan dronlar

Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə bu yaxınlarda etdiyi səfərin nəticələri Moskvada ciddi qıcıq yaradıb. Səfərdən məlum olub ki, Ankara ilə Kiyev strateji sahədə əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirirlər. İnstitusional səviyyədə bu, özünü «2+2» formatında ikitərəfli məsləhətləşmələr təşəbbüsü ilə göstərib. Söhbət iki ölkənin xarici işlər və müdafiə nazirlərinin birgə görüşündən gedir. Ən böyük rezonansı isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək bəyanatı yaradıb. O, Ankaranın «Krımın ilhaqını» tanımadığını da bəyan edib.

Bununla yanaşı, Türkiyə ilə Ukrayna arasında hərbi-texniki sahədə əməkdaşlıq da sürətlə genişlənir. Ukraynaya Türkiyənin istər hərbi, istərsə də kəşfiyyat funksiyalarını həyata keçirə bilən pilotsuz uçuş aparatlarının tədarükü xüsusi diqqət çəkir. Söhbət effektivliyi bir sıra silahlı münaqişələrdə sübut olunmuş aparatlardan gedir. Buraya 44 günlük İkinci Qarabağ müharibəsi də daxildir. Həmin savaşda Türkiyənin müttəfiqi olan Azərbaycan həmin dronlardan da istifadə etməklə, Ermənistanın işğal etdiyi əraziləri geri qaytara bilib.

Kiyev isə tək Türkiyə dronları almaqla kifayətlənmir, həm də Ukraynada «Bayraktar TB2» pilotsuz uçuş aparatlarının birgə istehsalına maraq göstərir. Tərəflər arasında ikitərəfli hərbi-texniki əməkdaşlığın daha bir göstəricisi Kiyevin Türkiyə şirkətlərindən qısadalğalı diapazona malik hərbi radiostansiyalar, termoqrafik kameralar və digər hərbi texnika almasıdır. Bundan başqa, Türkiyə Ukrayna donanması üçün 4 hərbi gəmi tikməkdədir.

Ümumiyyətlə, son zamanlar Türkiyə Ukraynanın hərbi-texniki sahədə əsas tərəfdaşlarından birinə, bəlkə də, birincisinə çevrilib. Rusiyanı ən çox narahat edən də məhz budur.

Zelenskinin Ankaraya səs-küylü səfərindən dərhal sonra Rusiya hökuməti Türkiyə ilə uçuşları məhdudlaşdırıb – rəsmi səbəb pandemiyadır. Bunun təsadüf olmasına az adam inansa da, Kreml qərarın Ukrayna prezidentinin Türkiyəyə səfəri ilə əlaqəli olmadığını bildirir.

Amma Rusiya tərəfinin bəyanatları Moskvanın Ankara-Kiyev yaxınlaşmasından narazılığını açıq şəkildə ortaya qoyub. Məsələn, Rusiya baş nazirinin müavini Yuri Borisov bildirib ki, Ankara Kiyevə «Bayraktar TB2» dronlarının tədarükünü davam etdirərsə, ölkəsi Türkiyə ilə hərbi-texniki əməkdaşlıq məsələsinə yenidən baxa bilər. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov isə Türkiyəni və digər «məsuliyyətli dövlətlər»i «Kiyev rejiminin militarist əhvalını artırmaqdan çəkinməyə» çağırıb.

Bütün bunlarla yanaşı, yaşananlar fonunda Rusiyanın daxilində bəzi dairələrin ajiotaj yaratmaq cəhdləri diqqətdən yayınmır. Onların KİV vasitəsilə yaydıqları fikirləri təhlil edərkən görürsən ki, Rusiya siyasi elitasında ictimaiyyət arasında Türkiyəni düşmən kimi qələmə vermək üçün istənilən bəhanədən yararlanmağa çalışan qüvvələr var. Moskva ilə Ankara arasında münasibətlərin dinamik inkişafı, iki ölkə arasında strateji tərəfdaşlıq perspektivinə malik dialoqun güclənməsi bu qüvvələrin ürəyincə deyil. Bu mənada, bir çox Rusiya siyasətçisi və ekspertinin antitürkiyə mövqeyi ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsinə qətiyyən adekvat deyil. Heç kimə sirr deyil ki, bu gün bu münasibətlər həm Rusiya, həm də Türkiyənin ənənəvi maraq dairəsinə aid bir sıra regionlarda sabitləşdirici rol oynayır. Amma müəyyən ziddiyyətlərə baxmayaraq, yəqin ki, həm Moskva, həm də Ankara ikitərəfli tərəfdaşlığın əsl dəyərini, onun hər iki ölkənin maraqları kontekstdə perspektivini yaxşı bilir.

 

Ankaranın müstəqil kursu

Türkiyə-Rusiya əməkdaşlığına adekvat olmayan fikirlərin sürətlə yayıldığı bir vaxtda Ankara Ukrayna böhranı ilə bağlı mövqeyini tam ölçüb-biçdiyini göstərir. Prezident Ərdoğanın Ukrayna ilə müdafiə sənayesi sahəsində əməkdaşlığın hər hansı üçüncü tərəfə qarşı yönəlmədiyi haqda bəyanatı da bunun təsdiqidir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə öz növbəsində, «Ukrayna ilə Rusiya arasındakı anlaşılmazlıqda» Ankaranın heç bir tərəfi dəstəkləmədiyini bildirib. Hərbi-texniki sahədəki razılaşmalar haqda daha konkret danışan nazir deyib ki, Türkiyə pilotsuz uçuş aparatlarını «almaq istəyən hər kəsə satır». Çavuşoğlu bildirib ki, Türkiyənin hərbi məhsullarına Rusiya da maraq göstərərsə, «onlara da satılacaq məhsullarımız var».

Faktiki olaraq bu, Türkiyə ilə Rusiyanın müdafiə sahəsində əməkdaşlığının genişləndirilməsinə çağırışdır və bu istiqamətdə münasibətlərə start Ankaranın Rusiya istehsalı olan S-400 zenit-raket kompleksləri alması ilə verilib.

Çavuşoğlunun bəyanatının əsas məğzi isə bu da deyil. Nazir bildirib ki, Ankara ilə Moskva «fərqli tərəflərdə yer alsalar da», bu vəziyyəti «əməkdaşlığa çevirməyə bacarırlar». Bu mənada, iki ölkənin Moskva üçün son dərəcə ağrılı olan Ukrayna məsələsində belə, əməkdaşlıq etməsi istisna deyil. Bunun üçün əsas Ankaranın prinsipial mövqeyi ola bilər. Türkiyədə hesab edirlər ki, Rusiya ilə Ukrayna mövcud fikir ayrılıqlarını mümkün qədər tez və sülh yolu ilə aradan qaldırmalıdır. Türkiyə isə Ərdoğanın da dediyi kimi, Donbas probleminin Minsk razılaşması əsasında çözülməsinə «lazımi dəstəyi göstərməyə hazırdır».

Ankaranın bu yanaşması ilə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi arasında da heç bir ziddiyyət yoxdur. Ərazi bütövlüyü prinsipi beynəlxalq hüququn fundamental prinsipidir və hər hansı dövləti bu prinsipə sadiqliyinə görə məzəmmət etmək yumşaq desək, absurd olar. Hər halda, beynəlxalq hüquqda ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinin üstünlük təşkil etməsində Rusiya daxil olmaqla, istənilən dövlət maraqlıdır. Krıma gəlincə, onu yalnız Türkiyə deyil, praktik olaraq bütün dünya Ukraynanın ayrılmaz hissəsi sayır. Demək, Ankara-Kiyev danışıqlarında Türkiyə rəsmiləri bu faktı dilə gətirirsə, bu, heç bir halda Rusiyaya qarşı yönəlmiş mövqe sayıla bilməz.

Bu mənada, hörmətsizlik xüsusilə Rusiyanın informasiya məkanında az qala Türkiyənin Ukrayna üçün Krımı geri almağa hazır olduğuna dair saxta xəbərlərin yayılmasıdır. Üstəlik, Ankaranın Krımla bağlı mövqeyinə bir prinsipial məqamı nəzərə almaqla yanaşmaq lazımdır: Türkiyə  qardaşı saydığı Krım tatarlarının maraqlarının qorunmasına böyük önəm verir. Türkiyə ilə Ukraynanın Kiyevdə, Nikolayevdə, Xersonda Krım tatarları üçün məscidlərin, mənzillərin tikintisi ilə bağlı birgə layihələr həyata keçirməsi də buradan qaynaqlanır.

Bir sözlə, Ankaranın istər Rusiya, istərsə də Ukrayna ilə tərəfdaş münasibətləri yalnız Türkiyənin bütün regionlarda öz maraqlarını müdafiə etmək istəyinə əsaslanır. Bu mənada, Qara dənizdə əməkdaşlıq amili xüsusi əhəmiyyət daşıyır. Türkiyə bu əməkdaşlıq çərçivəsində maraqlı olan bütün regional dövlətlərlə çoxtərəfli əlaqələrin inkişafını istəyir.

Maraqlıdır ki, Türkiyə NATO üzvü olmasına rəğmən, alyansın Qara dənizdə mövcudluğunu artırmasına mane olur. Çünki o, bunun Rusiya ilə münasibətlərə mənfi təsir göstərəcəyini, gərginlik yaradacağını anlayır.

Yaxud son günlərin daha bir əlamətdar faktı: Buxarestdə Polşa-Rumıniya-Türkiyənin XİN başçıları səviyyəsində növbəti üçtərəfli görüşü keçirilib. Görüşdə qonaq qismində Ukrayna və Gürcüstanın xarici işlər nazirləri də iştirak edib və bu, sammitə əlavə siyasi çalar qatıb. Avropa KİV-i bu sammiti müzakirələrin gedişində «üçlük» və ya «beşliy»in yarana biləcəyi «fövqəladə görüş» kimi xarakterizə edib. Bu əhvalın yüksəlməsinin qarşısını isə yenə də Türkiyənin XİN başçısı Çavuşoğlu alıb. O, bildirib ki, «Buxarestdə sadəcə, məsləhətləşmələr aparılıb» və tərəflər «üçtərəfli formatda koordinasiyanı davam etdirmək haqda razılığa gəlib».

Beləliklə, Türkiyə NATO çərçivəsində ABŞ və Avropa ölkələri ilə müttəfiq olmasına baxmayaraq, dünya arenasında müstəqil siyasi kursunu davam etdirir. Bu isə Qərbdə açıq qıcıq yaradır. Ankaranın istər Vaşinqton, istərsə də aparıcı Avropa paytaxtları ilə münasibətlərində sərinliyin yaranması da bunun nəticəsidir.

Görünən odur ki, bu mənada Ukrayna Moskva ilə Ankara arasında gərginlik yaratmaq üçün ən «əlverişli» məkan kimi nəzərdən keçirilir. Lakin istər Türkiyə, istərsə də Rusiyanın strateji maraqları bu cəhdlərin uğursuz olacağını düşünməyə əsas verir. Bu, həm də Ukraynanı Avrasiyadakı qonşularının qarşıdurma meydanına çevrilməkdən xilas edəcək.



MƏSLƏHƏT GÖR:

174