26 Aprel 2024

Cümə, 22:48

KİMDİR GÜNAHKAR?

Azərbaycan güləşçilərinin lisenziya xarakterli turnirlərdə zəif çıxış etməsi nə ilə bağlıdır?

Müəllif:

15.05.2021

Ölkəmizi mötəbər idman yarışlarında layiqincə təmsil edən, müstəqillik dönəmində bütün olimpiadalardan medalla qayıdan güləşçilərimiz uğursuzluq dönəmini yaşayır. Tokio Olimpiadasına lisenziya xarakteri daşıyan son yarış - Bolqarıstanın Sofiya şəhərindəki turnirdən sonra böhran faktı təsdiqləndi. Təəssüf hazırda Azərbaycan güləşi sanki noqdaundadır.

Bolqarıstana 13 pəhləvanla yollanan Azərbaycan milli komandası cəmi 2 lisenziyaya sevinməli oldu. Yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq), qadınların yarışında isə Elis Manolova (68 kq) Tokio Olimpiadasına lisenziya qazandı. Beləliklə, güləşdə lisenziya yarışları başa çatdı və təmsilçilərimiz ümumilikdə mümkün 18 lisenziyadan cəmi 7-ni əldə edə bildi.

Yadınızdadırsa, böhran 2019-cu ildə başladı. İki il öncə Qazaxıstanda keçirilən dünya çempionatında cəmi 2 lisenziya qazanan pəhləvanlarımızın çıxışı sərt tənqid hədəfinə çevrildi. Mötəbər yarışa komandayla getməyən sərbəst güləş üzrə baş məşqçi Saypulla Absaidovun müəmmalı şəkildə Vətəninə yollanması problemlərin olduğunu üzə çıxardı. 2019-cu ildə “Region Plus”da nəşr olunan yazıda güləşdə ciddi islahatlara ehtiyacın olması, əks halda olimpiadada uğur qazana bilməyəcəyimiz qeyd olunmuşdu. O vaxt Azərbaycan Güləş Federasiyası qarşıdan gələn lisenziya turnirlərində uğursuzluğu unutduracağını bildirdi. İndi lisenziya turnirləri başa çatdı və uğursuzluğun davam etdiyini görmək çətin deyil.

Martda Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı keçirildi. Dünya Olimpiya Təsnifat turnirinə az vaxt qaldığı üçün məşqçilər korpusu qitə birinciliyinə bir çox çəkilərdə ehtiyat heyət üzvlərinə şans verdi. Bəzi çəkilərdə isə ümumiyyətlə, təmsil olunmadıq. Sərbəst güləşdə 9, yunan-Roma güləşində 8, qadın güləşində isə cəmi 5 idmançı ölkəmizin adından yarışdı. Sərbəst güləşçilərdən 4-ü fəxri kürsüyə qalxdı. Debütant Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazandı. 95 xal toplayan millimiz komanda hesabında Avropa 4-cüsü oldu. Yığmamız 3-cü yeri tutan Gürcüstandan cəmi 1 xal geri qaldı. Qadınlardan ibarət yığmamızın heyətində isə komandanın lideri Mariya Stadnik (50 kq) ona bəslənən ümidləri tam doğrultdu. Püşk onu ən çətin rəqiblərlə üz-üzə qoysa da, ilyarımdan artıq heç bir yarışda iştirak etməyən titullu güləşçimiz qayıdışını növbəti qələbəylə qeyd etdi. Bütün rəqiblərinə böyük fərqlə qalib gələn Mariya 8-ci dəfə Avropa çempionu oldu.

Yunan-Roma güləşi üzrə millimizin qazancı isə 3 medal ibarətdir. Gümüş medal qazanan Taleh Məmmədov (63 kq) 31 yaşında karyerasının ən böyük uğuruna imza atdı. Eldəniz Əzizli (55 kq) ardıcıl 4-cü, ümumilikdə isə 5-ci dəfə Avropa medalçısı oldu. Bununla da Avropa çempionatlarında ən çox medal qazanan yunan-Roma güləşçimiz olan Həsən Əliyevin rekorduna şərik oldu. Eldənizlə yanaşı, ötən il Avropa çempionu olmuş Sənan Süleymanov (77 kq) bürünc medalı boynundan asdı. Beləliklə, güləşçilərimiz ümumilikdə Avropa Çempionatında 8 (1 qızıl, 2 gümüş, 5 bürünc) medal qazandı. Bu nəticəylə ölkələrin sıralamasında 8-ci yeri tutduq.

Diqqət edin: lisenziya xarakteri daşımayan Avropa Çempionatında yeganə qızıl medalı xanım idmançımız Mariya Stadnik qazandı. Digər komandalarda vəziyyətin yaxşı olmadığı növbəti dəfə özünü göstərdi. Əslində qadın güləşində də komandamız güclülər sırasında deyil. Sadəcə xanımların heyətində qadın güləşinin fenomeni Mariya Stadnik uğur qazanmaqla problemləri unutdurur. Amma sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarda hazırda bu səviyyədə lider yoxdur.

Tokio Yay Olimpiya Oyunlarına Azərbaycanın 7 güləşçiylə yollanacağı dəqiqdir. Sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Şərif Şərifov (97 kq), qadın yığmasında Mariya Stadnik (50 kq), Elis Manolova (68 kq), yunan-Roma güləşində isə Rafiq Hüseynov (77 kq) və İslam Abbasov (87 kq) döşək üzərinə çıxacaq.

Müqayisə edək: son olimpiadada – Rio da Janeyroda 14 pəhləvan çıxış edib. Braziliyada sərbəst güləşçilərimiz tam heyətlə mübarizə aparıb. Rioda Azərbaycan güləşçiləri 9 (!) medal qazanıb. Tokioda necə olacağını zaman göstərəcək. Amma son nəticələr güləşçilərimizin Yaponiyada parlayacağını düşünməyə əsas vermir.

Atlanta Olimpiadasından başlayaraq indiyə qədər Azərbaycnan idmançıları olimpiadalarda ümumilikdə 42 medal qazanıb. Bu mükafatlardan 22-si güləşin aktivindədir. Olimpiadalardakı yeddi qızıldan dördü pəhləvanlarımızın hesabındadır.

Güləşdəki vəziyyətin dərinləşməsində bir sıra vacib məqamları qeyd etmək lazımdır. İlk növbə Azərbaycan güləşinə deyil, idmanına ən böyük zərbəni koronavirusun vurduğunu unutmamalıyıq. Ötən il tətbiq olunan karantin güləşçiləri uzun müddət yarış və məşqə möhtac etdi. Pəhləvanlar yarışlarda iştirak etməməklə məşqçilərə real vəziyyəti görməyə imkan vermədi. Digər tərəfdən 2020-ci ildə güləş üzrə ölkə çempionatları baş tutmadı (Əcnəbi ölkələrdə yerli çempionatlar keçirilib-red). Milli üzvləri heç daxili yarışlarda da iştirak etmədi.

Pandemiyaya görə Tokio Olimpiadasının təxirə salınması bəzi titullu idmançıların karyerasını başa vurmasına səbəb oldu. London Olimpiadasının qalibi Toğrul Əsgərov, təcrübəli Cəbrayıl Həsənov idmançı karyeralarını bitirməklə yığmanın gücünü azaltdı.

Milli komandalarda mütəmadi məşqçi dəyişikliyi sadalanan problemlər siyahısındadır. Nəticə olmayanda məşqçi dəyişməlidi. Amma olimpiadaya az müddət qaldığı zaman məşqçidən ayrılmaq riskli qərardı. Yunan-Roma güləşində Şaban Donatın əvəzinə Aleksandr Tarakanov dəvət edildi. Sərbəst güləşdə isə ən çətin dönəmdə olimpiya və Avropa çempionu Namiq Abdullayev baş məşqçi oldu. Müstəqillik dövrünün ən uğurlu güləşçilərindən biri Namiq Abdullayev təyinatdan sonra bir dəfə belə problemlərdən danışmadı. Onları həll etməyə çalışdı, təəssüf bacarmadı. Bununla belə hazırda Namiq Abdullayevin işinə qiymət verməyi düzgün hesab etmirik. İndi məşqçi dəyişikliyi ümumiyyətlə komandanı məhv edə bilər. Namiq Abdullayevin işinə real qiyməti Tokio Olimpiadasından sonra vermək mümkündü.

Sərbəst güləşçilərdən olimpiadaya yollanacaq hər üç idmançı medal ümidini doğrulda bilər. Namiq Abdullayevin məşqçi kimi taleyi üçqat dünya çempionu Hacı Əliyev, Hacımurad Hacıyev və olimpiya çempionu Şərif Şərifovdan asılıdır. Hadisələri qabaqlayaraq söyləyə bilərik ki, bu komanda 1 qızıl medal qazansa (çətin olduğu məlumdu) nəticə müsbət qəbul olunacaq.

Yunan-Roma güləşində 7 ildən sonra olimpiya çəkisinə qayıtmaq üçün 12 kq arıqlayan Rafiq Hüseynov və İslam Abbasov komandanı xilas etməlidi. Onların nəticəsi federasiyanı tənqidlərdən qoruyacaq. Qadın güləşində təmsilçilərimiz Elis Manolova və Mariya Stadnik olacaq. Zəriflərimizdən bir medal proqnozlaşdırmaq olar.

Azərbaycan güləşçiləri həmişə adlı-sanlı rəqiblərin kürəyini yerə vurub. İndi güləşimizin kürəyinin yerə vurulmasına imkan verilməməlidi. Tokio Olimpiadasından sonra hər üç komandada köklü islahatlar qaçılmaz olacaq. Heyətin yenilənəcəyi artıq dəqiqdiq. Məşqçilərin və federasiyanın taleyinə isə zaman qiymət verəcək.



MƏSLƏHƏT GÖR:

170