27 Aprel 2024

Şənbə, 09:14

ATOM PULLULAR ÜÇÜNDÜR

Qonşu dövlətlərdə həyata keçirilən nəhəng layihələr fonunda Ermənistandakı xırda intriqalar Moskva üçün cəlbedici deyil

Müəllif:

15.05.2021

ABŞ-ın Energetika Nazirliyinin hələ bir il əvvəl yaydığı məruzədə bildirilirdi ki, Vaşinqton atom enerjisi sahəsində liderliyi itirərək, Rusiya və Çini özündən qabağa buraxıb. Bununla yanaşı, Amerika tərəfi vəziyyəti geosiyasi çağırış kimi xarakterizə edir, ABŞ şirkətlərinin Rusiya və ÇXR-in dövlət qurumlarının hökmranlıq etdiyi bazarlara daxil olmasını nəzərdə tutan strategiya irəli sürürdü.

Amma son il ərzində vəziyyətdə köklü dəyişiklik yoxdur. Üstəlik, Rusiya sözügedən sahədə mövqelərini gücləndirmək üçün ciddi addımlar atıb. Demək, dinc xarakterli atom ixracında geosiyasi rəqabət getdikcə daha da qızışacaq.

Bütün bunların fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanı onun ölkəsində daha bir atom elektrik stansiyası (AES) tikməyə çağırması həm təəccübləndirir, həm də narahatlıq yaradır. Gəlin, prosesi ardıcıllıqla nəzərdən keçirək.

 

Dinc atom geosiyasi rəqabət aləti kimi

Son illər ərzində Rusiya, Çin, ABŞ, Fransa və bir sıra digər dövlətlər dünyanın ən perspektivli və nüfuzlu bazarlarından olan atom bazarı uğrunda fəal rəqabət aparır. Bu, heç də təəccüblü deyil. Məsələ ondadır ki, atom enerjisi qlobal enerji sahəsində dinamik inkişafdadır. Məlumdur ki, bu gün AES-də istehsal olunan elektrik enerjisinin maya dəyəri onun digər elektrik stansiyaları ilə ciddi rəqabətə girməsinə imkan verir. Hazırda dünyada elektrik enerjisinin, təxminən, 17%-i AES-lər hesabına əldə olunur. O, kömür və hidroenergetika sahələrindən sonra – üçüncü yerdədir.

Ümumdünya Nüvə Assosiasiyasının məlumatına görə, 2020-ci ilin sentyabrına dünyada 441 nüvə enerji bloku fəaliyyətdədir. Onların ümumi gücü isə 391,7 GVt təşkil edir. Hazırda ümumi gücü 59,2GVt olacaq 53 reaktor tikilməkdədir. Onlardan 12-si Çində, 7-si Hindistanda və yalnız 4-ü Rusiyadadır.

Lakin Rusiyanın «Rosatom» şirkəti bütün dünyada enerji bloklarının tikintisi ilə bağlı dəyəri 130 milyard dollara çatan ciddi sifarişlərə malikdir. Dinc atom sahəsindəki rəqabətdə Rusiyanın dünya lideri edən məhz bu amildir.

Bu sahədə aparılan tikinti işlərinin xəritəsinə nəzər saldıqda görürük ki, o, əsasən rusiyalı energetiklərə verilmiş sifarişlər əsasında formalaşır. Halbuki, bu sahədə rəqabət həddindən artıq böyükdür. Məsələn, bu gün dünyada ümumi gücü 113,8 GVt olacaq 106 nüvə reaktorunun inşası planlaşdırılır. Tikinti işlərinin əksəriyyətini rusiyalı mütəxəssislər aparır. Bu, əvvəllər AES-lərə malik olmamış Misir və Özbəkistan kimi ölkələrə də aiddir. Bununla yanaşı, «Rosatom» bu AES-lərə xidməti də öz üzərinə götürür, yanacaq tədarükünü, təmir işlərini və s. o özü aparır.

Amma rəqiblər də necə deyərlər, «mürgüləmirlər». Bu, ilk növbədə, Çinə aiddir. Pekin artıq 2026-cı ildə dünyanın ən nəhəng atom enerjiçisi olmağı hədəfləyir. Hədəf illik atom enerjisi istehsalını 100 GVt-dək artırmaqdır. Bu, hazırkı göstəricidən 3 dəfə çoxdur. Bununla yanaşı, Çin atom ixracını da aktivləşdirir. Yalnız onu qeyd etmək kifayətdir ki, Çin artıq Argentina, Rumıniya və Pakistanla bu sahədə müqavilələr imzalayıb. Bundan başqa, Çinin iki dövlət şirkəti Britaniyada «Xinkli-Poynt S» AES-in inşasına əhəmiyyətli həcmdə investisiya yatırılması ilə bağlı razılaşmanın imzalanmasına yaxındır. CGN korporasiyasının «Braduell» AES-də tikməyi təklif etdiyi «Hualong One» reaktoru ilə bağlı məsələ isə britaniyalı tənzimləyicinin müzakirəsindədir.

Cənubi Koreya da rəqiblərindən geri qalmır. Hazırda onun atom ixracında aparıcı rolu dövlətə məxsus KEPCO və KHNP, həmçinin «Doosan Heavy Industries & Construction» sənaye nəhəngi oynayırlar. Bununla yanaşı, Cənubi Koreya şirkətləri hazırda Çin, Rusiya və digər ölkələrin hədəfi olan perspektivli bazarlarda da paya sahib olmağa çalışır.

BP şirkətinin proqnozlarına görə, 2050-ci ilə AES-lərdə elektrik enerjisi istehsalının artacağı gözlənilir. Qeyd edək ki, bu işdə AES-lərin aşkar üstünlüyü onların fəaliyyəti nəticəsində atmosferə aerozolların və parnik qazlarının atılmamasıdır.

 

«Akkuyu» və «Buşəhr» Yaxın Şərqin flaqmanları kimi

Regionda ən nəhəng 2 AES-in uğurlu inşası «Rosatom» üçün əsl vizit kartına çevrilib. Söhbət Türkiyədə tikilmiş «Akkuyu» və İranda inşa edilmiş «Buşəhr» AES-lərdən gedir. Onlar Rusiya texnologiyalarının xarici bazarlara çıxmasına təkan vermiş uğurlu layihələrdir. Burada söhbət yalnız siyasi nüfuzdan getmir. Bu, həm də Rusiyanın xarici iqtisadi əlaqələrini şaxələndirməsi, ixrac potensialını gücləndirməsi baxımından vacib amildir. «Buşəhr» AES-in ikinci hissəsinin və «Akkuyu»nun ümumi dəyəri 32 milyard dollardan çox qiymətləndirilir («Buşəhr-2» 10 milyard dollardan çox, «Akkuyu» 22 milyard dollardan artıq). Amma məsələ heç də yalnız rəqəmlərdə deyil.

Söhbət ondan gedir ki, «Rosatom»un ixrac müqavilələrinin ölkə iqtisadiyyatının inkişafı baxımından böyük əhəmiyyəti var. Əhəmiyyətli ixrac gəliri və xarici əməliyyatlarda müsbət ödəmə balansının formalaşması ilə yanahı, istehsalın lokallaşdırılması da önəmli əhəmiyyətə malikdir – o, nadir hallarda 35-40%-i ötür. Çünki işlərin dörddə üçü Rusiyada, Rusiya müəssisələrində görülür. Enerji bloklarının inşası ilə yanaşı, onların gücü də Rusiya yanacağı, bu ölkəyə məxsus zənginləşdirilmiş uranla təmin edilir, AES-lərdə xidməti, izotopların tədarükünü və s. Rusiya həyata keçirir.

Rusiya üçün atom texnologiyasının ixracı xarici iqtisadi əlaqələrin inkişafı üçün əsl hərəkətverici qüvvədir. Bu, həm də Moskvanın bu və ya digər regionla bağlı strateji maraqlarının göstəricisi sayıla bilər.

Bu arada, son zamanlar Moskvanın bu siyasəti Qərb dövlətləri tərəfindən daha ciddi narazılıqla qarşılanır. Məsələn, aprelin sonlarında Avropa Parlamenti Avropa İttifaqı ölkələrini «Rosatom»la Aİ ərazisində atom elektrik stansiyalarının tikintisi ilə bağlı müqavilələri pozmağa çağırıb və belə müqavilələrin mövcudluğunu «ziddiyyət» kimi qiymətləndirib. 2020-ci ilin dekabrında və daha əvvəl – 2014-cü ildə isə ABŞ rusiyalı atomçulara qarşı birbaşa sanksiyalar tətbiq etmişdi. Məqsəd çoxsaylı maraqlı dövlətlərin Rusiyanın atom texnologiyasından istifadəsinin əngəllənməsi idi. Amma bu, maraqlı dövlətləri o qədər də narahat etmir.

Rusiya-Türkiyə və Rusiya-İran münasibətlərinin inkişafı kontekstində onların strateji tərəfdaşlığa çevrildiyini düşünmək üçün kifayət qədər əsas var. Bu, özünü həm iqtisadi, həm də siyasi sahədə göstərir. Moskva üçün İran və Türkiyəni onunla birləşdirən kommunikasiyaların vacibliyi, etibarlı, dayanıqlı rejimdə işləməsi çox vacibdir. Bu, dinamik inkişaf edən dövlətlərarası münasibətlərin doğurduğu tələbləri təmin edir.

Məlum olduğu kimi, Rusiyanı İran və Türkiyə ilə bağlayan ən optimal marşrutlar Azərbaycan ərazisindən keçir. Zəngəzur dəhlizinin kiçik bir hissəsində bu kommunikasiyalar Ermənistan ərazisindən də ötür. Məlum üçtərəfli 10 noyabr bəyanatı bu vacib nəqliyyat arteriyalarının açılmasını da nəzərdə tutur ki, bu da yalnız onu imzalamış tərəflərin deyil, həm də Türkiyə ilə İranın maraqlarına cavab verir. Məhz bu yerdə ən maraqlı məqama çatırıq…

 

Ermənistanda ikinci AES-in inşası təklifi nə deməkdir?

Məsələ ondadır ki, erməni tərəfi Zəngəzur dəhlizinin açılması qərarını heç də məmnunluqla qarşılamayıb və bu, heç kim üçün sirr deyil. İrəvan Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat marşrutunun bərpasına dair öhdəlik götürsə də, vəziyyət göstərir ki, məhz ermənilər prosesin maksimum uzanmasına çalışır.

Bununla yanaşı, aprelin 7-də işgüzar səfərlə Moskvada olan Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putin ilə danışıqlarının lap əvvəlində Moskvanı ölkəsində ikinci AES-in inşası imkanlarını nəzərdən keçirməyə çağırıb. Yeni AES Ermənistanın nəyinə gərəkdir? Bu, ayrıca bir sualdır. Daha bir məsələ Moskvanın bu təklifi qəbul edəcəyi təqdirdə ortaya çıxacaq problemlərdir. Doğrudur, Rusiya tərəfinin təklifi müsbət qarşılaması ehtimalı azdır. Amma yenə də, bu baş verərsə, Ermənistana stansiya üçün tələb olunan komponentlər necə daşınacaq? Bu da kifayət qədər maraqlı sualdır.

Belə təəssürat yaranır ki, İrəvanın təklifi heç də Ermənistan iqtisadiyyatının real tələbatlarından qaynaqlanmır. Nə qədər bayağı olsa da, Paşinyan bununla sadəcə, regionda Rusiyanın əsas iqtisadi tərəfdaşının məhz Ermənistan olduğunu göstərməyə çalışır. O, bu hədəfə yeni borclanma hesabına da olsa, nail olmaq istəyir. Məlum olduğu kimi, AES tikintisi baha, hətta həddindən artıq baha işdir. Ermənistanda isə bu xərcləri qarşılayacaq imkan yoxdur. Daha dəqiq desək, onun ümumiyyətlə pulu yoxdur.

Bu gün Ermənistanda ÜDM, təxminən, 12 milyard dollardırsa, ölkənin xarici borcu sürətlə 9 milyard dollara yaxınlaşır. Belə bir şəraitdə yeni və son dərəcə bahalı layihələr haqda necə danışmaq olar? Müqayisə üçün qeyd edək ki, İranda ÜDM 400 milyard dollardan çox, Türkiyədə isə təxminən 700 milyard dollardır. İran «Buşəhr» AES üçün komponentləri Xəzər dənizi, Türkiyə isə «Akkuyu» AES üçün Qara dəniz vasitəsi ilə daşıyır. Zəngəzur dəhlizinin tikintisini əngəlləməkdə olan Ermənistan AES üçün lazımi komponentləri necə əldə edəcək? Məlum deyil. Bəs, Ermənistanda yeni AES-in inşasına krediti kim ayıracaq? Axı, bu sərmayənin özünü doğruldacağına əminlik də yoxdur.

Odur ki, Paşinyanın təklifi boş patronla atəş açmağa bənzəyir. Səs-küy çox olsa da, nəticə yoxdur.

Məlum olduğu kimi, hazırda Ermənistanda 1969-1977-ci illərdə tikilmiş AES fəaliyyət göstərir. O, Metsamor şəhərinin yaxınlığında yerləşir. Stansiya «VVER-400» reaktorlu iki enerji blokundan ibarətdir. Amma «Metsamor» AES kifayət qədər başağrıdan obyektdir. Onun fəaliyyətinin dəstəklənməsi üçün davamlı xərc tələb olunur.

Ekoloqların fikrincə, «Metsamor» AES bütün region üçün daimi ekoloji təhlükədir. Türkiyə və Azərbaycan dəfələrlə bu stansiyanın bağlanması çağırışı ilə çıxış ediblər. İndi yeni AES tikintisi məsələsini qaldıran Ermənistan qonşularının mövqeyini nəzərə almaq fikrində olmadığını, əksinə, onlara qarşı getməyə hazır olduğunu nümayiş etdirir.

Qonşu dövlətlərdə həyata keçirilən nəhəng layihələr fonunda Ermənistandakı xırda intriqalar Moskva üçün cəlbedici deyil. İrəvan üçün isə «çəkidə yüngül, qiymətdə ağır» gerçəkliyi haqda düşünməyin vaxtıdır. Bu gün Ermənistan bahalı və qeyri-real arzularla yaşamaqdansa, diqqətini daha real və sərfəli layihələrə yönəltməlidir. Məsələn, Zəngəzur dəhlizinin perspektivinə.



MƏSLƏHƏT GÖR:

180