26 Aprel 2024

Cümə, 12:55

CAZ QALAKTİKASINDA

Rain SULTANOV: «Mən elə yol seçdim ki, o yolda yaradıcılığım ölkəmin mədəniyyətinin, özü də, məhz Azərbaycan cazının inkişafına xidmət etsin»

Müəllif:

16.06.2021

Bir insanın hekayəsi – doğulması, yaradıcılığı, sevgisidir. Xususi hallarda, formalaşarkən o, bütöv bir xalqın tarixinin, mədəniyyətinin, etnik kodunun və əxlaq tərbiyəsinin bir parçasına çevrilir. Azərbaycan cazının görkəmli şəxsiyyətləri kəhkəşanında saksafonçu Rain Sultanov əsas yerlərdən birini tutur. Uşaqlıqdan başlayaraq iki böyük qardaşının yolunu seçib, əfsanəvi «Weather Report»un, Maylz Devisin və Maykl Brekerin musiqiləri ilə böyüyüb, milli musiqinin klassik ənənələrini də eyni dərəcədə mənimsəyib. Bu, iki böyük musiqi ənənəsinin bütöv bir tamda birləşməsinə gətirdi. Onun musiqisi - azadlıq və duyğu partlamasıdır. Onları yalnız özünəxas üslubda ifadə edən Rain Sultanov istiqamətini dəyişdirmədən musiqisinin müstəqilliyini nümayiş etdirir və həyəcanverici mövzular barədə düşünür. Onun nə çaldığını hiss etmək üçün səslərə dalmaq və onları doğru şəkildə açmaq lazımdır.

Azərbaycanın əməkdar artisti, saksafonçu, bəstəkar, Bakı Caz Festivalının qurucusu və art-direktoru Rain Sultanovla görüş onun 2013-cü ilə aid «Voice of Karabakh» albomu ilə tanışlıqla başladı. Bu da təsadüf deyil. Azərbaycanın işğal edilmiş ərazilərinə həsr olunmuş albom Qarabağın səsli freskası oldu. Musiqiçi bəstələrində bu yerlərin bütün ahəngdarlığını və məlahətini, atmosferini və doğma yurdun kədərli tarixini çatdırıb. Axı, bu diyarın yaşadığı sarsıntılar insanın - müəllifin, musiqiçinin ürəyindən yan keçə bilməzdi. Təbiətə heyranlıq, daxili yaşantılar, yaradıcılıq coşqusu - bunların hamısı Rain SULTANOVun albomlarında öz əksini tapıb.

- Rain bəy, siz uzun bir yaradıcılıq yolu keçmisiniz. Sizdən çox şey soruşmaq istərdik. Siz nədən danışmaq istərdiniz?

- Düzü, mən elə də xüsusi hekayəçi deyiləm. Ancaq siz öyrənməkdə maraqlı olduğunuz hər şeyi mən məmnuniyyətlə sizə danışacağam.

- Dünyanın hər il hər yerindən caz həvəskarlarını toplayan «Baku Jazz Festival»dan başlasaq, o zaman inamla demək olar ki, siz onun populyarlaşması üçün çox iş görmüsünüz...

- Çox sağ olun. Mənim bu istiqamətdə aktiv fəal işim 2005-ci ildə başladı. Onda biz beş il üçün böyük bir proqram hazırladıq - onun yerinə yetirilməsi önəmli nəticələr vəd edirdi. Bura həm hər il caz festivalının keçirilməsi, gənc ifaçılar üçün müsabiqələrin təşkili, caz jurnalının nəşri, "Azərbaycan caz antologiyası" kitabının çap edilməsi və həm də Azərbaycanın Almaniyada keçirilən dünya caz sərgisində iştirakı, həm də bizim musiqiçilərin dünya leyblləri ilə albomlarının yazılması və nəşri, xaricdə çıxışlarının təşkili və daha çox şey daxil idi. Bilirsiniz, hər şey alındı, biz qarşımıza qoyulmuş tapşırıqları yerinə yetirdik.  

Bunun dividendləri sırasında Azərbaycanın Avropa Caz Assosiasiyasına daxil olması, habelə ölkəmizin Herbi Henkok caz ailəsinə qoşulması, ondan təşəkkür məktubları alması və irəli getməyimiz üçün güc verən bir çox müsbət işlər oldu. Məsələn, 2020-ci ildə festivalımızın 15-ci ildönümü ilə bağlı Markus Miller, Bob Ceyms, Devid Sanborn, Mişel Kamilo, Kendi Dalfer kimi görkəmli musiqiçilərdən çox sayda təbriklər aldıq və onlar yenidən festivalımıza gəlməklə bağlı böyük istək ifadə etdilər.

Əlbəttə ki, hələ də inkişaf etdirilməsi lazım olan çox şeylər var, musiqiçilərin, əsasən nəfəs alətlərində ifa edənlərin, bas ifaçılarının, zərb alətlərində ifa edənlərin çatışmazlığı ilə bağlı problemlər var. Biz hazırda yeni bir peşəkar caz klubunun yaradılması üzərində işləyirik ki, Bakıda bunun çatışmazlığı hiss edilir. İstəyirəm ki, ora caz həvəskarları üçün hər axşam yüksək keyfiyyətli musiqilərin səsləndiriləcəyi doğma yerə çevrilsin.

- Reklam yaradıcılıq dünyasına da sızmağı bacardı...

- Bunlar çağdaş dünyanın gerçəklikləridir. Təkcə musiqidə deyil, istənilən hər hansı başqa bir sahədə də. Yetərincə və doğru sərmayə yatırmaqla tamamilə tanınmayan və elə də xüsusi istedadı olmayan bir musiqiçidən bir ulduz yarada bilərsiniz. Və əksinə. Ancaq təbiidir ki, zövqlü kütləni dünya miqyasında aldatmaq mümkün deyil. Konsertlərə, festivallara və səs yazılarına ən yaxşı musiqiçilər dəvət alırlar. Dinləyicini də aldatmaq mümkün deyil. İfaçının necə reklam olunmasından asılı olmayaraq, əgər ürəklərə toxunmazsa, yol tapmzasa, heç bir reklam kömək etməyəcək. Bu, yaradıcılığa aid məsələdir. Bununla yanaşı, tamaşaçı cəlb etmək üçün gerçəkdən önəmli olan tədbirlərin reklamı da var və bu yaradıcılığın inkişafına kömək edir. Burada reklam yalnız müsbət rol oynayır.

- Sizin formalaşmağınızda nələr rol oynadı? Siz Rəşid Behbudov, Rafiq Babayev kimi şəxsiyyətlərin çevrəsində fəaliyyətə başlamısınız...

- Hə, mənim tərcümeyi-halım, həyatım, kimlərlə birgə çalışmağım, necə yetişməyim barədə çox sayda məqalələr var. Bu, doğrudan da, bir musiqiçinin yetişməyində keçilmiş böyük bir yoldur, bunun üçün qardaşlarıma və taleyimə sonsuz minnətdaram. Əlbəttə ki, Rəşid Behbudovla işləmək şərəfi hər kəsə nəsib olmur. Rafiq Babayevlə ünsiyyətdə olmaq, onunla birlikdə qastrolda bütün Sovet İttifaqını gəzmək, ondan öyrənmək, uğurlarına heyran qalmaq, sonra dünyaya çıxmaq və tapındığın sənətkarlarla birlikdə dünya səhnələrində çalmaq... Bu, xoşbəxtlikdir.

- Sizin fəaliyyətinizin önəmli komponentlərindən biri müəllifi olduğunuz əsərlərdir...

- Mənim bütün layihələrim müəllif layihələridir. Bu, başqa bəstəkarları sevmədiyimlə bağlı deyil, əksinə, sadəcə, bu, öz musiqimi, öz üslubumu, istiqamətimi yaratmaq arzusundan irəli gəlir. Torpaqlarımız hələ işğal olan zaman “Torpağım haqqında hekayə”, “Qarabağın səsi”, həmçinin “Caz şəhəri”. Sonra albomlarımın Almaniyanın «Ozella Music» leybli tərəfindən buraxıldığı çox önəmli bir dövr var. Bu və "Azərbaycanın yeddi səsi" layihəsi məni yüksəltdi, layihə barədə alman kinematoqrafçıları tərəfindən sənədli film çəkildi və daha sonra Berlin kinofestivalında nümayiş olundu. Bu sırada orqan və instalyasiya ilə ifa edilmiş "Dövr" layihəsi də gəlir. Mənim son albomum "Təsir" əsərləri ilə böyüdüyüm virtual müəllimlərimə, dahi musiqiçilərə həsr olunub. Bütün bunlar bu və ya digər mövzuya münasibətimi ortaya qoymağa çalışdığım müəllif layihələridir.

- Başqa vinil plastinkaları yaradarkən kompozisiyalarınızın ifasını kimə etibar etdiniz?

- Əlbəttə, ən yaxşılara. Mənim bütün albomlarımda bəstələrimi ən yaxşılar ifa edirlər, mənim fikrimcə, məni başa düşən musiqiçilər hiss edirlər. Çünki, demək olar ki, bütün layihələrim birlikdə getdiyimiz Norveçdə yazılıb. Düşünürəm ki, bu prosesə yalnız dostlar və ruhda, musiqidə yaxın olan ifaçılar qoşula bilərlər. Əlbəttə, doğru səviyyədə alınması üçün alətdə lazımi səviyyədə ifa etmək, improvizasiya ustalığına malik olmaq lazımdır.

- "Dövr" albomunda, doğrudan, kosmik musiqi alınıb...

- Çox sağ ol. Bu layihə mənim üçün əzizdir. Əvvəlcə səsyazma, sonra turlar və tamamilə heyrətamiz yerlərdə, Almaniya, Norveç, Fransa kirxalarında çıxışlar, biz bunlardan bir növ sehrli enerji dalğası aldıq. O mənim başqa layihələrimdən fərqlənir və indiki əhval-ruhiyyəmə çox uyğundur.

- Biz sosial şəbəkələrdən belə müşahidə etdik ki, konsertlərdə anşlaq olub...

- Demək olar ki, bütün konsertlər anşlaqla keçdi. Birincisi, caz festivalı çərçivəsində təşkil edilmişdi. Sonra mənə danışdılar ki, əlavə stullar da qoyublar, konsertə gəlmək istəyənlər çox olub. Sonra «İpək yolu» festivalında dinləyicilərin pulsuz giriş ilə gəldiyi konsert keçirildi və bir neçə saat ərzində adamların çoxu konserti ayaqüstə dinləyiblər. Mən özüm gördüm ki, insanlar necə sıx dayanaraq, konsertin başlamasını gözləyirdilər. Bilirsiniz, bu bir musiqiçi üçün xoşbəxtlikdir. "Dövr" layihəsinin üçüncü konserti Nəsimi festivalında keçirildi. Maraqlı o oldu ki, səhnənin düz qarşısında yerdə meditasiya edən gənclər oturmuşdular. Sonra "Dövr" turla bütün Avropanı gəzdi. Ümumiyyətlə, layihə uğurlu alındı, elə bu yaxınlarda mən yenidən Avropada onunla çıxış etmək üçün bir dəvət aldım.

- Şahin Növrəsli, İsfar Sarabski. Hər kəsin öz anlayışı olduğu və həmişə düşüncələrin üst-üstə düşmədiyi musiqidə anlaşmaq, ortaq bir dil tapmaq mümkündürmü?

- (gülür) Bu, çox vaxt belə olur. Bunlar tam olaraq birlikdə çalışa biləcəyim, "özümlə birgə kəşfiyyata götürə bələcəyim" musiqiçilərdir. Biz bir-birimizi mükəmməl başa düşürük, dostluq edirik və bir yerdə ifa etməyimiz rahatlıq verir. Düzdür, onların xarakterləri, həyata baxışları, xasiyyətləri fərqlidir. Ancaq mnim layihələrimdə onları nəsə ortaq bir şey birləşdirir, mənim layihələridə onlar bir cür, öz dayihələrində başqa cürdürlər. Yəni musiqidən çox şey asılıdır və demək istəyirəm ki, musiqiçilər mənimlə bir az fərqli ifa edirlər. Özləri də bunu etiraf edirlər. Buna görə elə ilk sözdən bir-birimizi anlayırıq. "Dövr" layihəsini bir nəfəsə azdıq. İsfar düşünürdü ki, məşqin olacaq, onun alətə alışması lazım idi, çünki o, heç vaxt orqanda heç nə ifa etməmişdi. Mən ona deyəndə ki, artıq səsi yazırıq, inanmamışdı, bunun zarafat olduğunu düşünmüşdü. Ancaq mən gördüm ki, o, tamamilə hazırdır və indi, bu gecə səsi yazacağıq. Belə də oldu. Biz səsi elə ilk dəfədən yazdıq, leybl bunu heyranlıqla qəbul etdi. Həm albom hazır oldu, həm də hazırda Avropa mağazalarında satılan plastinka buraxıldı.

- Sizin çox emosional musiqiniz var, eyni zamanda ifanız sakit və dincdir. Bu cür fərqlilikləri necə birləşdirə bilirsiz?

- Çox güman ki, bu, mənim daxili vəziyyətimlə bağlıdır. Üzdən mən sakit, melanxolik bir insan kimi görünə bilərəm, amma içimdə ehtiraslar tüğyan edir. Buna görə mənim musiqim əks duyğuları özündə cəmləşdirir. Kiçik kompozisiyalarda ekspressiv imporvizasiya mümkündür və əksinə.

- Musiqi - həyatın əksidir. Deməli, belə nəticə çıxarmaq olar ki, həyat sizin anlayışınıza görə kədərlidir.

- Həyat çox tərəfli, gözəl, heyrətamiz və gözlənilməzdir. Mənim anlayışıma görə kədər, həyatımızın ayrılmaz bir hissəsi olaraq, sevinc qədər gözəldir. Axı, biz yalnız əylənmək üçün deyil, həm də yaratmağı, düşünməyi, dinləməyi və qulaq asmağı bacarmaq üçün yaşayırıq. Bəs, caz və bütünlükdə intellektual musiqi nədir? Bu səslər dünyasıdır. Əgər sən onları eşitməyi və dinləməyi bacarırsınızsa, öncə sən hər bir aləti ayrılıqda qəbul etməyə başlayırsınız, sonra onları bütöv, gözəl bir şəkildə qavrayırsan. Hər bir alət kompozisiyaya öz çalarını, öz baxışını, öz improvizasiyasını qatır. Caz musiqisinin fərqi elə bundadır - musiqiçinin öz yerini seçdiyi sərhədsiz məkanda. Mənim musiqim gerçəkdən həyatımın əksidir, orada bütün duyğulara yer var - həm kədərə, həm də sevincə.

- Yəni sizin musiqiniz bir növ ismarıc, dinləyiciyə məlumat ötürür?

- Tamamilə düzgündür. Mənim musiqim bir ismarıcdır, amma məlumat deyil, haldır. Mənim bütün layihələrimin mövzusu var və mənim nələrəsə münasibətimi ifadə edir. Çox vaxt emosional yaradılırlar. Məsələn, torpaqlarımızın azad edilməsi zamanı, Gəncə də daxil olmaqla, baş verən hadisələr hamımıza dərindən toxundu. Həmin gecə mən həlak olan uşaqlar, ölən dinc sakinlər üçün bir rekviyem yazdım və bu şəkildə hisslərimi ifadə edə bildim. Axı, musiqi dinləyicidə ən dərin duyğular oyatmağa qadirdir, əyləncə kimi o da gərəklidir. Heç də hər şey yüngül və səthi ola bilməz, mən istəməzdim ki, dünya daşürəkli olsun və yalnız yüngül, əyləncəli musiqi dinləsin.

- Şübhəsiz, elə hallar olur ki, dinləyici sizin musiqini fərqli qəbul edir. Siz ona bir anlayış daxil edirsiniz, o da başqa bir şey qəbul edir.

- Bu da tamamilə normaldır. Hər kəs ehtiyacı olanı, daha yaxın olanı və ya almaq istədiyini tapır. Burada dinləyicinin zəkası da, onun emosional vəziyyəti də, əhval-ruhiyyəsi də, hazırlığı da və dinləmək qabiliyyəti - çox şey rol oynayır. Əgər konsert zamanı anlasam ki, ən azından qısa müddətə dinləyicinin ruhuna toxuna biləcəm, bu mənim üçün kifayətdir. Əgər hətta biri başa düşməzsə və ya cazı mürəkkəb, qarışıq bir musiqi sayarsa, istənilən halda, konsert zamanı özü üçün nələrsə götürəcək və bu da yetərlidir.

- Siz "Azərbaycanda caz antologiyası" (2004) və "Azərbaycan cazının tarixi" (2015) kitablarının müəllifisiniz. Çoxları Azərbaycan cazını Vaqif Mustafazadənin adı ilə bağlayırlar. Araşdırmanıza görə köklər haradan başlayır?

- Əslində, 20-ci əsrin əvvəllərində artıq Bakıda "qara" musiqi dinləyirdilər və hətta xarici ifaçıların qastrolları da olurdu, amma bu, hələ caz deyildi. Ancaq caz musiqisi heyrətamiz bir sürətlə Bakıya yayılıb, onu dinləməyə və ifa etməyə başlayıblar. Köklər hamıya məlumdur - musiqiçi-intellektuallar Qarayev, Quliyev, Niyazi Bakıda cazın inkişafına dəstək veriblər. Əvvəl Tofiq Quliyevin, sonra Rauf Hacıyevin, Tofiq Əhmədovun orkestrləri böyük rol oynayıblar. Mənim üçün başlanğıc Pərviz Rüstəmbəyovdur, onun kədərli taleyi o dövrün caza münasibətinin əksidir. Sonra parlaq adlar, Vaqif Mustafazadənin sintezi ortaya çıxdı və bütöv bir dövr kimi Rafiq Babayevin musiqisi, caz musiqisi olan sovet Azərbaycan filmləri, ilk festivallar gəlir. İstərdim ki, Vaqifdən başqa Azərbaycanda bu sahədə çox işlər görmüş digər musiqiçilərimizi də tanısınlar və xatırlasınlar. Axı, Bakının cazın Məkkəsi adlandırıldığı dövr əla ifaçıların sayəsində mümkün olub. Qapalı bir sosialist ölkəsində azadlıq nəfəsi kimi caz ifa etmək və dinləmək dəbdə idi. Bundan başqa, xaricdən, əsasən Amerikadan səs yazıları əldə edən, qoruyaraq bir-birinə ötürən və ifaçıları müzakirə edən bir intellektual dinləyici çevrəsi yaranmışdı. Belə çıxır ki, qadağalar əksinə inkişafa kömək edib. Axı, Vaqifin özü problemlərlə, ictimaiyyət tərəfindən tənqidlərlə qarşılaşırdı. Kitabın yazıldığı prosesdə bir çox maraqlı faktlar ortaya çıxdı. Son antologiyada mən Amerikada və ölkəmizdə cazın necə inkişaf etməsini tutuşdurmayaq və paralellər aparmağa, burada hansı istiqamətlərin ifa edildiyini və bunun Koltreyn, Devis kimi şəxsiyyətlərin meydana çıxması ilə nə dərəcədə bağlı olmasını, bu yeni istiqamətləri musiqiçilərimizin necə tez seçmələrini və ifa etməyə cəhd etmələrini göstərməyə çalışmışam. Çox şey mənə aydın oldu, çünki daha irəli getmək üçün əvvəli bilmək vacibdir.

- Əgər ifa etmək və sevmək istənirsə, amma ifa uğursuzdursa, nə etməli? Aləti və ya istiqaməti dəyişdirməli?

- Əgər aləti sevirsənsə, onu heç vaxt dəyişdirməyə ehtiyac yoxdur. Çalışmalısan ki, qarşılıq versin. Bəlkə də, özünəməxsus üslubunuzu, ifa tərzinizi tapmalısınız, ancaq bunu ifa etməyi mükəmməl öyrəndikdən sonra etməlisən. Yəni əvvəlcə akademik təhsil almaq, sonra özünüzü bir musiqiçi, bir insan kimi yaratmaq arzuolunandır. Ancaq yenə də öz üzərində çox çalışmalısan, onda hər şey mütləq nəticə verəcək.

- Pandemiya zamanı dünya sözün əsl mənasında dayandı. Biz vurnuxmadan qaçmaq və düşüncələrimizlə baş-başa qalmaq, özümüzü eşitmək üçün əla bir şans qazandıq...

- Hə, bəzən bu, faydalıdır. Çox insan pandemiya dövründə yaradıcılıqla məşğul olmağa, daha çox musiqi dinləməyə, rəsm çəkməyə, mahnı oxumağa, alətlərdə ifa etməyə, rəqs etməyə, idmanla, yoqa ilə məşğul olmağa və oxumağa başladı. Deməli, bunlar, həmin insanın, həqiqətən, etmək istədiyi, gündəlik həyatında əskik olan, həyata keçirməyə vaxtı olmadığı şeylərdir. Öz dəyərlərimizi yenidən nəzərdən keçirməyə, arxivlərdə eşələnməyə, valideynləri, dostları xatırlamağa, əhəmiyyət vermədiyimiz bütün gözəl şeyləri qiymətləndirməyə vaxt oldu. Ətraf mühit də təmizləndi və mən buna sevindim. Pandemiya gələccək həyatımız üçün bir növ yenidənbaşlama oldu, düşünürəm ki, səyahətlər, canlı konsertlər və təbiət bizi daha çox xoşbəxt edəcək.

- Yəni bu sizin üçün tanış vəziyyətdir?

- Həyatım, konsertlərin azlığı xaricində, çox dəyişmədi. Bundan başqa, xalqımız üçün, Azərbaycan üçün pandemiya ili həm də Zəfər ili oldu, ata-baba torpaqlarımız geri qaytarıldı və mənə elə gəlir ki, bu hadisələr pandemiya zamanı məhdudiyyətlərlə bağlı bütün çətinlikləri kölgədə qoyub.

- Özünüz üçün nələri kəşf etdiniz? Özünüzdən özünüzə necə bir ismarıc aldınız?

- Yəqin, anladım ki, hətta musiqi həyatda mənim üçün bşlıca şey deyil.  

- Bəs, başlıca olan nədir?

- Həyatın özü başlıca şeydir - ailə, uşaqlar, arzular, gələcək üçün planlar qurmaq və onlara can atmaq istəyi.

- Bu, yaxşı əlamətdir ki, siz dayanmayacaqsınız. Dinləyici yeni yaradıcılıq nümunələrini gözləməlidir.

- Çox sağ ol!



MƏSLƏHƏT GÖR:

181