26 Aprel 2024

Cümə, 19:14

MƏNTİQLİ «YAŞILLAŞMA»

«Karbon neytrallığı»na keçid ənənəvi enerji mənbələrinin qiymətində sıçrayışa gətirməməlidir

Müəllif:

16.06.2021

Dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan “Şahdəniz”in işlənməsinə dair müqavilə iyunun 4-də öz 25 illik yubileyini qeyd edib. Məhz həmii müqavilə ilə Azərbaycanın dünya bazarında ciddi qaz istehsalçısı və ixracatçısına çevrilməsinə yönəlmiş milli qaz strategiyasının gerçəkləşdirilməsinə başlandı. Artıq 25 ildən sonra qürurla deyə bilərik ki, layihə uğurla başa çatıb. Azərbaycan 3500 km-lik nəhəng qaz ixracatı sistemi yaratmaqla, ölkəni Avropa ilə birləşdirən etibarlı enerji körpüsünə çevrildi.  

Bu il «Şahdəniz»in yubileyi qonşu Rusiyada Peterburq Beynəlxalq İqtisadi Forumunun (PMEF-2021) keçirilməsi ilə üst-üstə düşdü ki, forumda da qaz məsələsi əsas müzakirə mövzularından biri olmuşdu.

 

Ən məhsuldar quyular

25 il ərzində Azərbaycan 3500 km uzunluqlu nəhəng qaz ixrac sistemi yaradıb, onu bölgə ölkələri ilə Avropanı birləşdirən etibarlı enerji körpüsünə və Avropa birliyinin əsas qaz təchizatçılarından birinə çevirib.

«Made in Azerbaijan» markalı "mavi yanacaq" almaq istəyənlərin sayı mütəmadi olaraq artır. «Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı sürətlənir və artıq layihənin üçüncü mərhələsinin gerçəkləşdirilməsi imkanları araşdırılır. Bununla yanaşı, ölkə "mavi yanacaq" ixracının həcmlərini artırmaq və coğrafiyasını genişləndirmək üzrə ciddi planlar qurmağa davam edir, hətta ixrac üçün hidrogen istehsalının mümkünlüyü də müzakirə edilir.

Bununla yanaşı, «BP-Azerbaijan» bu il «Şahdəniz» yatağında istismar olunan 19 quyudan əlavə, daha 5 hasilat quyusu istismara verməyi planlaşdırır.

«Şahdəniz»də qazılmış hasilat quyuları «BP»nin dünya üzrə ən məhsuldar quyuları sırasına daxildir. Yatağın ən məhsuldar quyusunun sutkalıq debiti 36 min bareldir.

“Yatağın mövcud hasilat sisteminin mövcud gücü gündə 58 milyon kubmetr və ya ildə 21 milyard kubmetr qazdır. «Mərhələ-2» çərçivəsində maksimal sabit hasilat səviyyəsində «Şahdəniz» yatağından ildə 16 milyard kubmetr qaz çıxarılacaq”, - deyə BP-dən bildiriblər.

Uyğun olaraq, qonşu ölkələrə və Köhnə Qitəyə göndərilən qaz həcmləri də planlı şəkildə artacaq. Məlumdur ki, Azərbaycan Gürcüstan əsas qaz təchizatçısıdır; məhz bizim “mavi yanacağımız” qonşularımıza ərazilərinin 82%-dən çoxunun qazlaşdırılmasına kömək edib.  

Avropa Birliyinə gəlincə, SOCAR prezidenti Rövnəq Abdullayev PMEF-2021-dəki çıxışında bildirib ki, hazırda Avropanın idxal etdiyi neftin 4%-i ölkəmizin payına düşür. Xatırladaq ki, 31 dekabr 2020-ci il tarixdən etibarən Azərbaycan qazının TAP qaz kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara göndərilməsinə başlanıb. İxracat həcmi artıq 2,3 milyard kubmetrə çatıb, ilin sonuna qədər 5 milyard kubmetrə, sonra tədricən 10 milyard kubmetrə, gələcəkdə isə 20 milyard kubmetrə çatdırılacaq.

 

Ekologiya, yoxsa siyasət?

Eyni zamanda bu gün dünyada karbonsuz iqtisadiyyata keçidin qaçılmazlığı nəzərə alınaraq, "mavi yanacağ"ın gələcəyinin nə qədər uzunmüddətli olacağı ilə bağlı şiddətli müzakirələr aparılır. Bir sıra ölkələrin hökumətləri artıq önümüzdəki onilliklərdə "karbon neytrallığı"na və ya "sıfır tullantı"ya çatmaq niyyətində olduqlarını açıqlayıblar. Bu, iqlim dəyişikliyi prosesini yavaşıtmaq, planeti və onun sakinlərini məhv olmaqdan qurtarmaq üçün önəmlidir.

Bununla yanaşı, Vladimir Putinin «PMEF-2021»dəki çıxışından belə aydın oldu ki, Moskva dünya güclərinin karbon neytrallığına keçmək niyyətində bir növ hiylə görür, bunu haqsız rəqabət alətinə çevirməməyə çağır.  

“Siyasi və başqa fikir ayrılıqlarını kənara qoymaq, karbon neytrallığına keçidi haqsız rəqabət alətinə çevirməmək lazımdır, karbon izi bəhanəsi ilə kimlərinsə xüsusi maraqları naminə sərmayə və ticarət axınlarının istiqamətini dəyişdirməyə çalışırlar”,- deyə Vladimir Putin vurğulayıb.

Rusiya prezidenti "Şimal axını-2" qaz kəmərinin birinci qolunun tikintisinin başa çatması və Rusiya Federasiyasının qaz üçün ödənişlərin ABŞ dolları ilə deyil, avro ilə və milli valyutalar ilə aparılması imkanlarını nəzərdən keçirməyə hazır olması barədə verdiyi açıqlamalarla layihənin düşmənlərinə bir növ meydan oxuyub.

“Bizim operatorlarımız hələ də dollarla əməliyyatlara üstünlük verirlər, baxmayaraq ki, dollara daha çox neft bağlıdır, çünki neft birja əmtəəsidir. Qaz birja əmtəəsi deyil, buna görə biz, bütünlükdə, milli valyutalarda hesablaşma imkanlarını nəzərdən keçirməyə hazırıq - bunu biz indi bir çox ölkə ilə - tərəfdaşlarımızla edirik, avro ilə hesablaşmalardan danışmağa hazırıq”, - deyə V.Putin bildirib .

Rusiya lideri fikrini tamamlayaraq, inamla bildirib ki, qaz karbohidrogenlər arasında ekoloji cəhətdən ən təmiz olandır və «yaşıl» enerjiyə keçid üçün optimal məhsuldur.

 

Qıtlıq təhlükəsi

Bununla yanaşı, iri neft şirkətlərinin analitikləri və top menecerləri bir fikirdə yekdildirlər ki, neft yataqlarının işlənməsinə, neft və qaz nəqlinə xroniki sərmayə çatışmazlığı gələcəkdə təkliflərin azalmasına və neft qiymətlərinin yüksəlməsinə səbəb olacaq.

May ayında Beynəlxalq Enerji Agentliyi (BEA) 2050-ci ilədək dünya miqyasında karbon neytrallığına nail olmaq üçün plan təqdim edib. Bu hədəfə çatmaq, həmçinin həmin dövrdə planetdə orta illik istilik artımını 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq üçün BEA hasilat yanacaqlarının çıxarılması üçün yeni layihələrə sərmayələrin həcminin sıfıra (!) endirilməsini təklif edib. Agentlikdə hesab edirlər ki, dünya enerji şirkətləri yeni neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsindən, yeni kömür mədənlərinin açılmasından və mövcud olanların genişləndirilməsindən dərhal imtina etməlidirlər.

Rusiyada bu təklifə şübhə ilə yanaşdılar. «Rosneft»in baş direktoru İqor Seçin xəbərdarlıq edib ki, artıq bu ilin ikinci yarısında dünya neft və qaz çatışmazlığı ilə üzləşmə riski altına düşə bilər. “Dünya ciddi bir neft və qaz çatışmazlığı ilə üz-üzədir”, - deyə o bildirib ki, “dünya nefti istehlak edir, ancaq buna sərmayə yatırmağa hazır deyil. Əldə olan qiymətləndirmələrə görə, 2040-cı ilədək mövcud istehsal səviyyəsini qorumaq üçün qlobal neft və qaz sənayesinə, təxminən, 17 trilyon dollar sərmayə qoymaq lazımdır, bu da enerjiyə yönəldilən bütün dünya sərmayələrinin üçdə birini təşkil edəcək."  

"Neft hasilatına qoyulan sərmayələr o səviyyəyə düşüb ki, mövcud ehtiyatlar nəinki əvəzlənmir, həm də tükənir", - deyə «Trafigura» şirkətinin direktorlar şurasının sədri Ceremi Veyr bildirir. O əmindir ki, mümkün enerji qaynaqları çatışmazlığı iqtisadi bərpa yolunda maneəyə çevrilə bilər.

«Chevron»un biznesin inkişafı üzrə vitse-prezidenti Cey Prayor isə deyib ki, neft və qaz qlobal enerji keçidinin istənilən ssenarisində öz mühüm rolunu qoruyacaq.

Onun mövqeyini «Baker Hughes»in baş icraçı direktoru Lorenso Simonelli də dəstəkləyib və bildirib ki, "karbohidrogenlər hələ çox onilliklər istifadə ediləcək və iqtisadiyyatda əhəmiyyətli bir rol oynayacaq".

 

Transformasiyaya hazırlıq

İri enerji şirkətlərinin rəhbərləri və bazarın aparıcı ekspertləri ənənəvi yanacaq-enerji kompleksinin (YEK) "yaşıl" hala gələ biləcəyinə və dünyanın artan enerji ehtiyaclarını qarşılaya biləcəyinə əmindir.

“Bu gün cəmiyyət daha təmiz enerji qaynaqları istəyir, bu, normaldır. Və bu dəyişikliklərə ciddi yanaşmalıyıq”, - deyə neft-qaz iqlim təşəbbüsü OGCI-nin sədri və BP-nin keçmiş rəhbəri Robert Dadli bildirib.

Bununla belə, bazar nəhəngləri balanslı yanaşmanın vacibliyi barədə məsələ qaldırırlar. "Neft- qaz sənayesi çoxdan istixana qazı tullantılarını azaltmaq üzərində işləyir və sahə indi «yaşıl» texnologiyalara milyardlarla dollar sərmayə qoyaraq, aşağı karbonlu energetikaya keçiddə liderlik edir",- deyə «Exxon Mobile»in baş vitse-prezidenti Nil Çapman bildirib.

Onun fikrincə, keçid dövründə neft şirkətlərinin ikili rolu var: bir tərəfdən dünyanın Paris Sazişində göstərilən problemləri həll etmək şansı qazanması üçün karbon izini azaltmaq lazımdır, digər tərəfdən yaxın onilliklərdə inkişaf etməkdə olan ölkələrin həyat səviyyəsini yüksəldə bilməsi üçün etibarlı enerji qaynaqları ilə təchizatı təmin etmək lazımdır.

Yaxın gələcəkdə çıxarılan yanacağa yatırımlardan imtina etməyi planlaşdırmayan Azərbaycan, böyük ehtimalla, neft və qazın ehtiyatlarının artırılması ilə bağlı işləri karbon neytrallığına keçidin yeni reallıqlarına uyğunlaşma ilə birləşdirməyə qərar verib.

“Bu gün qaz təmiz enerjili iqtisadiyyata keçid dövrü üçün, demək olar ki, alternativsiz enerji qaynağıdır. Vaxt keçdikcə ənənəvi hasilat yanacaqlarının istehlakı azalacaq, bu dövrdə karbohidrogen yanacaqlarının istifadəsinin ekoloji cəhətdən təmizliyinin yaxşılaşdırılması, o cümlədən bütün zəncir boyunca enerji səmərəliliyinin artırılması vacibdir, həmçinin istixana qazlarının udulmasını təmin edən layihələr gerçəkləşdirilməlidir”,- deyə öz çıxışında R.Abdullayev bildirib.

Onun sözlərinə görə, rəsmi Bakı iqlim dəyişikliyi problemindən ciddi şəkildə narahatdır, çünki nəticələrinin nə olacağı aydındır. Bu səbəbdən, 2016-cı ilin aprel ayında Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilədək istixana qazı tullantılarını 35% azaltmağı vəd edərək Paris Sazişini imzalayıb. Bu günə qədər azalma 30% olub.

 

Hidrogen istehsalı

“Karbon izinin azaldılması təkcə neft və qaz şirkətlərinin deyil, bütövlükdə bütün dünya iqtisadiyyatı üçün qaçınılmazdır. SOCAR şirkətlər qrupu artıq bu istiqamətdə bir sıra layihələr həyata keçirir. İlk öncə, bu, Avropa istehlakçıları üçün Abşeronda hidrogen istehsalı və daha sonra Cənub Qaz Dəhlizi vasitəsi ilə daşınmasıdır”, - deyə «Sokar Rus»un baş direktoru Fərid Cəfərov bildirib.

Hidrogenlə yanaşı, şirkət rəhbərliyi ənənəvi və innovativ texnologiyaların kəsişməsində digər layihələri də nəzərdən keçirir. Bunlardan biri birbaşa yataqda neftin səmt qazından ammoniumun istehsalıdır kı, bu zaman karbon tullantıları tutularaq, təzyiqin qorunması üçün yenidən lay qatına vurulur. Eyni zamanda bu ammoniumun Avropaya nəqli və daha sonra hidrogen istehsalı üçün xammal kimi qəbul edilməsi nəzərdə tutulur.

Bundan əlavə, Azərbaycan Dövlət Neft Şirkətində işlənilən yataqlardan atmosferə səmt qazı tullantılarının azaldılması üzrə sistemli işlər aparılır. İndi 2% səviyyəsində olan bu göstəricinin 2022-ci ilə qədər sıfıra endirilməsi qarşıya vəzifə kimi qoyulub.

Yəni Azərbaycan bir daha vurğulayıb ki, yanacaq-enerji bazarının çağdaş çağırışları ilə ayaqlaşacaq və öz inkişaf proqramını yanacaq-enerji kompleksinin qlobal öhdəlikləri çərçivəsində quracaq.



MƏSLƏHƏT GÖR:

151