8 May 2024

Çərşənbə, 21:18

QAYITMAQ ÜÇÜN GETMƏK

«Uzunömürlü» Binyamin Netanyahuya qarşı birləşmiş yeni hökumət koalisiyasının ömrü nə qədər çəkəcək?

Müəllif:

16.06.2021

İsrailin baş naziri postunda müasir yəhudi dövlətinin ideoloqu və qurucusu David Ben-Quriondan da çox qalmış Binyamin Netanyahunun hakimiyyətdən gedişi, təbii ki, vacib və əlamətdar hadisədir. «Uzunömürlü» baş nazirə və onun «Likud» partiyasına qarşı qurulmuş geniş koalisiyada yer alan siyasi təşkilatların liderləri İsraildə yeni koalision hökumətin formalaşdığını bəyan ediblər.

Lakin bütün bunlar heç də İsraildə siyasi böhrana son qoyulduğu anlamına gəlmir. Xatırladaq ki, siyasi böhran üzündən bu ölkə son 2 ildə 4 seçki keçirib.

Yeni koalisiya bir-birinə o qədər zidd qüvvələrdən (solçular, sağçılar, mərkəzçilər, islam partiyasının təmsilçiləri) formalaşıb ki, ya da məşhur «Qu quşu, durnabalığı və xərçəng» təmsili düşür. Odur ki, yeni kabinet, çətin ki, dayanıqlı və uzunmüddətli olsun. Demək, Netanyahunun şansları davam etməkdədir.

 

Yeni və görünməmiş koalisiya

Xatırladaq ki, Netanyahu və rəhbərlik etdiyi «Likud» partiyası son seçkidə nisbətən çox deputat mandatı qazanıb – 30. Hər halda, ikinci yerdə gələn «Eş Atid» partiyası cəmi 17 deputata malikdir. Lakin koalisiyanın formalaşdırılması üçün ən azı 61 deputat tələb olunur ki, Binyamin Netanyahu bu vəzifənin öhdəsindən gələ bilməyib. Onun dindar və millətçi partiyalardan olan ənənəvi müttəfiqləri bu dəfə Netanyahunu dəstəkləməyiblər. İcmalçılar bunun səbəbləri arasında bir maraqlı məqamı da qeyd edirlər. Onların fikrincə, Netanyahunun ehtimal olunan müttəfiqləri arasında həm baş nazirin indiyədək işlədiyi qüvvələr olmalı idi, həm də şəxsi münasibətlərində problemlər yaranmış şəxslər.

Əslində, İsrail bu dəfə də sürətlə yeni seçkilərə doğru yuvarlanırdı. Lakin müxalifətçi «Eş Atid» partiyasının lideri Yair Lapid hökuməti formalaşdırmaq üçün əldə etdiyi mandatın müddətinin bitməsinə cəmi 1 saat qalmış yeni kabinetin tərkibini müəyyənləşdirməyi bacarıb. O, buna qızğın mübahisələrdən sonra nail olub. Beləliklə, yeni koalisiyada onun başçılıq etdiyi «Eş Atid» ilə yanaşı, Benni Hansın «Kaxol-Lavan», Naftali Bennetin «Yamina», Aviqdor Libermanın «Bizim evimiz - İsrail», Qideon Saarın «Yeni ümid» («Tikva Xadaşa»), Nitsan Xorovitsin «Merets», partiyaları, həmçinin siyasi spektrin bütün tərəflərini əhatə edən daha 7 partiya, hətta ərəblərin ideoloji baxımdan HƏMAS ilə doğma olan RAAM («Birləşmiş ərəb siyahısı») bloku yer alır.

Razılaşmaya əsasən, yeni seçkiyədək ilk iki ildə baş nazir postunu «Yamin» partiyasının lideri Naftali Bennet, ikinci iki ildə mərkəzçi «Eş Atid» partiyasının rəhbəri Yair Lapid tutmalıdır. Bununla yanaşı, bundan sonra proseslərin inkişafı dərin siyasi böhrandan olmasa belə, İsraildə siyasi landşaftın ciddi dəyişikliyə məruz qaldığının göstəricisi olacaq. Yerli KİV hesab edir ki, bu, «İsrail tarixinin ən absurd hökumətidir».

Məsələ ondadır ki, indiki reallıqda koalisiyanın ömrünün nə qədər olacağını heç kim proqnozlaşdıra bilmir. Hər halda, Netanyahuya qarşı birləşmək bir məsələdir, müxtəlif ağır daxili və xarici məsələlərin həllində əməkdaşlıq etmək başqa. Məsələn, kənarda qalmış ərəb partiyaları dərhal Bennetin rəhbərliyi ilə yaradılmış ittifaqı tənqid etməyə başlayıblar. Çünki o, Fələstin dövləti ideyasının qəti əleyhdarıdır.

 

Əsas mövzu haqda köhnə mahnılar

Qeyd etmək lazımdır ki, RAAM partiyası son bir neçə onillikdə koalisiyada ilk dəfə təmsil olunur və bu, artıq öz-özlüyündə sensasiyadır. Xüsusilə mayda yaşananlardan sonra.

«Birləşmiş ərəb siyahısı» blokunun rəhbəri Valid Taha yeni koalision hökumət haqda razılaşmanı tarixi qərar adlandırıb və onun fələstinlilərə, ümumiyyətlə ərəblərə fayda verəcəyinə əminliyini ifadə edib. Məlumata görə, hökumət yaxın 5 il üçün ərəb sektorunun sosial inkişafı üçün müxtəlif proqramların icrasına, təxminən, 10 milyard dollar ayıracaq. Ərəb sektorunda cinayətkarlıqla mübarizəyə də ciddi vəsaitin ayrılması nəzərdə tutulur. Bununla yanaşı, sadə ərəbləri əksəriyyəti yeni hökumətin onlar üçün pozitiv dəyişikliklər edəcəyinə inanmır. Məsələ ondadır ki, İsrail ordusunun «Sayeret Matkal» adlanan xüsusi bölüyündə xidmət çəkmiş, özünü ultramillətçi adlandıran Naftali Bennet israillilərlə fələstinlilər üçün «iki dövlət» formulunu qətiyyən qəbul etmir. Onun fikrincə, İordan çayının qərb sahilində, Şərqi Qüdsdə və israillilərin 1967-ci ildə işğal etdikləri Suriyanın Holan təpələrində İsrailin tarixi haqqı var.

Bütün bunların fonunda sağçılar da öz narazılıqlarını bildirirlər. Yeni koalisiya formalaşar-formalaşmız, Benni Hans ilə Qideon Saar arasında tamamilə İsrailin nəzarətində olan «S» zonasında fələstinlilərin tikinti işlərinə nəzarət mexanizmi ilə bağlı mübahisə başlayıb. Portfellərin bölgüsü və hökumət strukturunun müzakirəsi, həmçinin büdcənin qəbulu zamanı da ən azı ciddi fikir ayrılıqları meydana gələcək. Deyilənə görə, «Yamina» partiyasından olan deputatlar dövlət qurumları və şirkətlərində ərəb və müsəlmanların proporsional şəkildə yer alması ilə bağlı qanun layihəsini heç bir halda qəbul etməyəcəklər. Odur ki, Bennetin zəfərinin onun siyasi fiqur kimi sonunun başlanğıcı olacağı istisna edilmir. Bennetin tərcümeyi-halından məlum olur ki, o, həqiqətən də, ciddi şəxsiyyət, güclü siyasi liderdir. Amma o, çətin ki, Netanyahudan müdrik və hiyləgər olsun. Üstəlik, Bennetin hazırkı müttəfiqlərinin əksəriyyəti siyasətdə böyük təcrübəyə və çəkiyə malik şəxslərdir. Onları dost adlandırmaq çətindir – götürək elə Libermanı.

Netanyahu bütün bunları yaxşı anlayır və yeni koalisiyanın işinə mane olmaq üçün əlindən gələni edir. O, yeni hökuməti «solçu» və «təhlükəli» adlandırır, baş verənləri «dövlətin və hətta demokratiyanın tarixində ən ciddi seçki saxtakarlığı» kimi qiymətləndirir, hökumətdə yer almış qüvvələrin İsrail xalqı və dövləti üçün təhlükə olduqlarını deyir. Sabiq baş nazirin arqumentlərinə gəlincə, o, hesab edir ki, bu qədər fərqli qüvvələrin yer aldığı koalisiya beynəxalq arenada, xüsusilə indiki ABŞ administrasiyasının İranla nüvə razılaşmasına qayıtmaq niyyəti fonunda nizamlı və layiqli mövqe nümayiş etdirə bilməz.

 

Bəs, sonra?

İndi bir şey aydındır: siyasi mübarizədə uzun illər fenomenal bacarıq nümayiş etdirmiş Netanyahu bu dəfə də ortadan çəkilmək niyyətində deyil. Məsələn, «Maariv» qəzetinin iyunun 6-da yaydığı xəbərdə deyilir ki, Netanyahunun ətrafında onun vəzifədən getməsi, Knessetdə heç bir vəzifəsi olmayan adi deputat kimi yer alması ideyası yaranıb. Plan onun olmayacağı təqdirdə, Saar ilə Bennetin birləşəcəklərinə, nəticədə, «Likud»un sağçı hökumət formalaşdıra biləcəyinə hesablanıb. Amma məlumata nə Saar, nə də Bennet reaksiya verib.

O da bildirilirdi ki, İsrailin dindar qruplarının bayrağı altında Qüdsdəki Köhnə şəhərdə, o cümlədən Dəməşq darvazalarından keçəcək yürüş yeni koalisiyanın hakimiyyətə gəlişini ləngidəcək. Bütün bunlar sübut edir ki, Netanyahunun ideyaları və «kozır»ları hələ də kifayət qədər çoxdur. Üstəlik, ən ehtimal olunan ssenari – müxalifətə keçmək «Likud» liderinə müəyyən qədər start mövqeyi qazandıracaq. Məlum olduğu kimi, İsrail siyasi sistemində müxalifət lideri kifayət qədər böyük rola malikdir. Əslində, indi Netanyahuya lazım olan sistemin yenidən yüklənməsini və «sıfırlanmasını» gözləməkdir.

Amma bütün bunlar «odda yanmaz, suda batmaz» siyasətçi üçün hər şeyin əla olduğu anlamına gəlmir. Təxminən, 3 il əvvəl onun iştirakı ilə baş vermiş korrupsiya qalmaqalı hələ də davam edir. Baş nazir formal olaraq məhkəmə qarşısında immunitetə malik olmasa da, təcrübədə Netanyahunun müəyyən müdafiəsi var idi. Bundan başqa, bütün diqqətlərin ona yönəlmiş bu ittihamlara cəlb olunmasına hər dəfə hansısa kənar amil mane olurdu – məsələn, koronavirus epidemiyası. Hakimiyyətdən getdikdən sonra isə artıq gündəmi müəyyənləşdirmək Netanyahunun əlində olmayacaq.

Baş verən dəyişikliklər kontekstində ən ciddi narahatlıq isə bir neçə sərt «lokdaun»dan sonra iqtisadiyyatın üzləşdiyi vəziyyət, cəmiyyətdəki bölünmə, Fələstin məsələsinin yenidən kəskinləşməsidir – mayda baş vermiş 11 günlük müharibədə İsrail yüzlərlə idarə olunmayan raketin hədəfinə çevrilmişdi. İsrail ərəblərinin fəallaşması isə ənənəvi ərəb-İsrail qarşıdurmasında yeni amilə çevrilib. Ölkənin yəhudilərlə ərəblərin yanaşı yaşadıqları qarışıq şəhərlərində son dərəcə ciddi gərginlik hələ də davam edir. Bu isə son nəticədə ölkənin siyasi gündəminə ciddi təsir göstərir. Bundan başqa, İsrailin ümumi təhlükəsizlik xidmətinin (ŞABAK) rəhbəri nadir halda rast gəlinən açıq xəbərdarlıqla çıxış edib – o, ölkədə zorakılıq hallarının baş verə biləcəyini açıq şəkildə dilə gətirib. «Bu günlərdə biz xüsusilə sosial şəbəkələrdə son dərəcə aqressiv, təhrikçi fikirlərə rast gəlirik», - deyə Nadav Arqaman bildirib.

İsrailin «12» telekanalının keçirdiyi sorğu göstərib ki, israillilərin 46%-i Bennet-Lapid hökumətini dəstəkləyir, 38%-i isə yeni – təxminən, 2 ildə sayca 5-ci seçkinin keçirilməsinə tərəfdardır. Rəyi soruşulanların 15%-i mövqeyini açıqlamaqdan imtina edib.

Lakin İsrailin artıq yorulmuş sakinlərinin ümidləri doğrulmaya da bilər. Görünən odur ki, «dəyişikliklər hökuməti» çoxdan gözlənilən dəyişiklikləri edə bilməyəcək. Çünki o, sadəcə bunu etmək iqtidarında deyil. Bunu yeni hökumətin tərəfdarları da anlayır.

Beləliklə, İsraildə daxili böhran davam edir və onun nə ilə bitəcəyi hələ bəlli deyil.



MƏSLƏHƏT GÖR:

157