27 Aprel 2024

Şənbə, 05:36

XXI ƏSRİN ORDUSU

Azərbaycan Silahlı Qüvvələri 103 yaşını tarixi qələbə ilə qeyd edir

Müəllif:

01.07.2021

Silahlı Qüvvələr Günü, şübhəsiz ki, Azərbaycanın dövlət bayramları arasında xüsusi yer tutur. Bu il isə o, ikiqat əhəmiyyətlidir. Bu dəfə Azərbaycan xalqı öz ordusunun yaranmasının 103 illiyini qalib kimi qeyd edir. Qarabağ müharibəsində qazanılmış böyük qələbə Azərbaycan Ordusunun zərbə gücünü ortaya qoyub. Bu, Azərbaycan dövlətçiliyinin vacib milli institutlarından birinin formalaşdırılmasında, güclənməsində iştirak etmiş atalarımız, babalarımızın arzusu idi.

 

Şərəf yolu

Azərbaycan Ordusunun əsası uzaq 1918-ci ildə hökumətin 26 iyun qərarı ilə ilk hərbi hissənin – Əlahiddə Azərbaycan korpusunun yaradılması ilə qoyulub. O, xalqımızın fiziki mövcudluğunun və təhlükəsizliyinin təminində ciddi rol oynayıb. Bu gün hər birimiz Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimlərini və sərkərdələrini dərin minnətdarlıq hissi ilə anırıq. Onlar arasında hərbi nazirlər Xosrov bəy Sultanov və Səmədağa Mehmandarov, Azərbaycan korpusunun komandiri, sonradan hərbi nazirin köməkçisi olmuş Əliağa Şıxlinski, Həbib Səlimov və Baş qərargah rəisi olmuş Məhəmməd Sulkeviç də var. AXC Milli Ordusunun yüzlərlə əsgər və zabitinin adını sadalamaq olar. Onların çoxu Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarından keçiblər!

Azərbaycan əsgərləri İkinci Dünya müharibəsində də qəhrəmanlıq, mərdlik, fədakarlıq göstərib, Vətənin nasistlərdən qorunmasında göstərdiyi rəşadətlə yadda qalıb. Keçmiş SSRİ respublikalarından olan hərbçilərlə bir cərgədə dayanan Azərbaycan əsgərləri və zabitləri Qafqazdan Berlinədək döyüş yolu keçib, bir çox Avropa ölkəsinin azad olunmasında iştirak edib, faşizm üzərində Qələbə salnaməsinə öz adlarını yazıblar.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə 1991-ci ildə Milli Ordu quruculuğu gənc respublika üçün həyati əhəmiyyət kəsb etməyə başlayıb. Çünki 1918-1920-ci illərdə olduğu kimi, bu dəfə də o, qonşu Ermənistanın təcavüzü ilə üz-üzə idi. 1991-1994-cü illərdə baş vermiş miqyaslı müharibə nəticəsində minlərlə Azərbaycan əsgər və zabiti Vətənin azadlığı və müstəqilliyi uğrunda canını fəda edib!

Azərbaycanda nizami ordu quruculuğuna faktiki olaraq, 1993-cü ilin sonlarında, dünya miqyaslı görkəmli siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanılıb.  Onun əsasını qoyduğu Silahlı Qüvvələrin güclənməsi və modernləşməsi siyasətində əsas strateji məqsəd Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmağa vadar etmək idi. Artıq 1994-cü ilin əvvəllərində «Horadiz əməliyyatı» adlı uğurlu əks-hücum nəticəsində Füzuli rayonunun bir hissəsi işğaldan azad olunmuşdu.

Uzun illərə söykənən müdafiə siyasətinin ilk ciddi nəticəsi isə özünü 2016-cı ildə baş vermiş dörd günlük müharibədə göstərib. Həmin vaxt Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü bərpa etməyə hazır olduğunu əməldə sübut edib – Azərbaycan Silahlı Qüvvələri həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində bir sıra strateji yüksəkliklərə nəzarəti geri qaytarıb. 2018-ci ilin yayında isə ordu növbəti uğura imza atıb: Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi düşmən işğalından azad olunub. Söhbət, ilk növbədə, Şərur rayonunun Günnüt kəndindən və ətrafda yerləşən vacib strateji yüksəkliklərdən gedir.

Günnüt əməliyyatından bir neçə gün sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakıda Milli Ordunun yaranmasının 100 illiyi münasibətilə keçirilmiş təntənəli hərbi paradda demişdi: «Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir... Biz çox güclü ordu yaratmışıq. Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin…»

Dünyanın nüfuzlu hərbi ekspertlərinin, aparıcı strateji mərkəzlərinin hesablamaları hələ 3 il əvvəl Azərbaycan Ordusunun Cənubi Qafqazın ən güclü ordusu, dünyanın ən güclü ordularından biri olduğunu təsdiqləyirdi. Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətinin yüksək döyüş hazırlığı, ölkənin uğurla inkişaf etdirilmiş hərbi sənayesi, həmçinin xaricdən öncül texnologiyalara əsaslanan hərbi texnikanın alınması və s. strateji əhəmiyyətli amillər ölkənin güclü müdafiə potensialının təsdiqi idi. Nəhayət, Azərbaycan Ordusunun ölkənin ərazi bütövlüyünü təmin etməyə hazır olması 2020-ci il sentyabrın sonlarında başlamış və Azərbaycanın qələbəsi ilə bitmiş 44 günlük müharibənin gedişində bir daha təsdiqlənib.

 

XXI əsrin müharibə qəhrəmanları

Müharibənin ilk günlərində əksər dünya ekspertləri Azərbaycan Ordusunun qısa müddətdə ciddi nailiyyət qazanacağına şübhə ilə yanaşırdılar. Güman edilirdi ki, hərbi əməliyyatların aparıldığı ərazilərin çətin relyefi, Ermənistan ordusunun eşelon-eşelon yerləşdirilmiş müdafiə xətti Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprelində olduğu kimi, bir neçə strateji yüksəkliyi azad etməklə kifayətlənməsinə səbəb olacaq.

Lakin müharibənin gedişi bu fikirlərin əsassız olduğunu ortaya qoyub. Azərbaycan Ordusu düşmənə ardıcıl sarsıdıcı zərbələr endirərək onun, təxminən, 30 il ərzində qurduğu tərifli müdafiə xəttini darmadağın edib, onu Qarabağın bir sıra rayonlarından çıxarıb və sonda Şuşanı işğaldan azad edib. Nəticədə, «məğlubedilməz ordu»ya malik Ermənistan kapitulyasiya aktını imzalamağa, hələ də nəzarətində qalan Azərbaycan ərazilərini döyüşsüz geri qaytarmağa məcbur olub.

Azərbaycan Silahlı Qüvvələrinin bu cür parlaq qələbəsi, təbii ki, dəqiq hazırlıq və strateji planlaşdırmanın nəticəsidir. Azərabaycanın əks-hücumunun «üç balinası» kəşfiyyat, uzaqmənzilli atəş və dronlar olub – məhz bunların sayəsində Azərbaycan Ordusu triumf yaşadı. Azərbaycanın həyata keçirdiyi və «Dəmir yumruq» adlandırılan bu əməliyyat dünyanın müxtəlif ölkələrinin aparıcı hərbi akademiyalarının tədris proqramına təsadüfən salınmayıb.

Qəhrəman Azərbaycan Ordusu XXI əsrin yüksək texnologiyalı müharibəsinə imza atıb. Bu savaşın əsas xüsusiyyəti müasir silahlardan indiyədək görünməmiş miqyasda istifadə olunmasıdır. Pilotsuz uçuş aparatlarının aparıcı rolu, ümumilikdə hədəflərin yüksək dəqiqliklə məhvinə imkan verən vasitələrdən istifadə dünyanı zirehli texnikaların əhəmiyyətinə yenidən baxmaq məcburiyyətində qoyub. Üstəlik, Azərbaycan Ordusunun düşmənə məxsus HHM sistemləri və canlı qüvvənin məhvi taktikası da ciddi diqqətə səbəb olub.

Amma Azərbaycanın qələbəsində əsas amil, əlbəttə ki, onun döyüşçüləridir. Azərbaycan xalqının işinin haqq işi, Vətənin azad olunması kimi müqəddəs missiya olduğunu bilən əsgərlər və zabitlər döyüş meydanlarında misilsiz qərhəmanlıq nümayiş etdiriblər. Bütün şəhidlərimizin parlaq ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı bu böyük qələbəni onların fədakarlığı sayəsində qazanıb. Xalq öz ləyaqətini onların canı hesabına geri qaytarıb.

 

Gücləndirmə prosesi davam edir

Qələbənin qazanılmasında, əlbəttə ki, ölkə başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin şəxsi rolu da son dərəcə böyükdür. Ordu quruculuğu məhz onun rəhbərliyi ilə uğurla inkişaf etdirilib, ölkənin Silahlı qüvvələri müasir və effektiv silahlarla təmin olunub, kadr potensialı artırılıb, yalnız hərbi deyil, iqtisadi, siyasi, diplomatik, informasiya-təbliğat işlərində də ciddi nəticələr əldə edilib. Bütün bunlar isə sonda böyük qələbənin əsasına çevrilib. Bunlar İlham Əliyevin strategiyasının nəticəsidir. O strategiyanın ki, son hədəf düşmən işğalında olan Azərbaycan torpaqlarının azad edilməsi idi…

Bu gün dünyada Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusu olduğuna heç kimin şübhəsi yoxdur. Dünya miqyasında döyüş qabiliyyəti ən yüksək ordulardan birinin məhz Azərbaycan Ordusu olduğu da artıq hamı tərəfindən qəbul edilir. Lakin Qarabağ savaşındakı qələbə Azərbaycanın Silahlı Qüvvələrini daha da gücləndirməsi üçün stimul rolunu da oynayır. Bu prosesin tərkib hissəsi kimi, əlbəttə ki, yaxın müttəfiqlər və tərəfdaşlarla strateji əməkdaşlıq davam etdiriləcək, o cümlədən birgə hərbi təlimlər intensivləşdiriləcək, hərbi-texniki əlaqələr dərinləşdiriləcək. Bütün bunlar isə Azərbaycanın müdafiə qabiliyyətinin daha da güclənməsinə, onun regional fövqəldövlət statusunun möhkəmlənməsinə imkan verəcək, hələ də regional sülhə nail olunması istiqamətində əhəmiyyətli addımlar atmaqdan boyun qaçıran Ermənistan üzərində əbədi strateji üstünlüyünü təmin edəcək. Söhbət, ilk növbədə, Azərbaycana qarşı ərazi iddialarından imtinadan gedir.

Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü münasibəti ordu rəhbərliyində təmsil olunmuş hərbçilərlə görüşündə əbəs yerə deməyib ki, biz müharibədən sonra da güclənəcəyik və Ermənistanı bunu dərk etməlidir. «Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlandı. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur», - deyə İ.Əliyev bildirib.



MƏSLƏHƏT GÖR:

169