3 May 2024

Cümə, 08:21

«ƏSRİN İNŞAATI»

Gəmiçilik üçün yaradılacaq süni İstanbul kanalı regionda həm geoiqtisadi, həm də geosiyasi vəziyyətə ciddi təsir göstərəcək

Müəllif:

15.07.2021

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun son günlərində İstanbul kanalının təntənəli təməlqoyma mərasimində iştirak edib. Layihənin reallaşdırılmasına gələcək kanalın üzərindən keçəcək 6 körpüdən birinin təməlinin qoyulması ilə başlanılıb. «Biz sadəcə kanal tikmirik. Bu, limanlar, çox insana iş verəcək digər infrastruktur obyektləri olacaq. Kanal İstanbula yeni nəfəs verəcək. Tezliklə kanalın çəkilməsinə başlayacağıq və o, 6 ildən sonra hazır olacaq», - deyə Ərdoğan əslində «əsrin inşaatı»nın konturlarını cızıb. Türkiyə mətbuatı tikiləcək yeni kanalı məhz bu cür adlandırır. Nəzərə alsaq ki, bu nəhəng tikilinin istismara verilməsi Qara dəniz regionu və onu əhatə edən coğrafiyada yalnız geoiqtisadi deyil, həm də geosiyasi vəziyyətə ciddi təsir göstərəcək, bu, heç də şişirtmə deyil.

 

İstanbul kanalının siyasi iqtisadı

Ekspertlər əmindirlər ki, bu layihənin reallaşdırılması nəinki Bosfor vasitəsi ilə mövcud marşrutun yükünü azaldacaq, həm də ümumilikdə Qara dənizlə əlaqəli yük daşımalarının artmasına stimul verəcək. Təxmini hesablamalara görə, İstanbul kanalında gəmiçilik Bosforla müqayisədə 13 dəfə daha təhlükəsiz olacaq.

Güman ki, layihə regionda nəqliyyat əlaqələrini də stimullaşdıracaq, xüsusilə Volqa-Don kanalı vasitəsi ilə Xəzər dənizi-Qara dəniz marşrutunun cəlbediciliyini artıracaq. Türkiyənin Azərbaycan, həmçinin Xəzər regionunda yerləşən və Dünya okeanına çıxışı olmayan digər türk dövlətləri ilə xüsusi əlaqələrini nəzərə alsaq, İstanbul kanalı Aktau, Kurık və Türkmənbaşı dəniz limanlarının istifadəsi üçün əlavə imkanlar açacaq. Odur ki, bu kanaldan istifadə məsələsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) formatında müzakirə mövzularından birinə çevrilə bilər.

Məlumdur ki, Ələt limanı, həmçinin Xəzər dənizinin Mərkəzi Asiyadakı limanları əsasən «Şərq-Qərb» və ya «Orta dəhliz» marşrutları üzrə yük daşımalarında istifadə olunur. Onlar TDƏŞ-nin məsuliyyət zonasında nəqliyyat əlaqələrində də müstəsna rol oynayırlar. Hələ apreldə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu bildirirdi ki, «Şimal-Cənub» və «Orta dəhliz» marşrutlarının kəsişməsində yerləşən İstanbul beynəlxalq ticarət habına çevriləcək və boğazlar vasitəsi ilə yük daşımaları ildən-ilə artacaq». O, hesab edir ki, Qara dəniz və Xəzər dənizindəki enerji fəallığı, Qara dəniz və Egey dənizi sahillərindəki limanlara yatırılan investisiyalar bu iddia ilə çıxış etməyə əsas verir.

Beləliklə, İstanbul kanalının istismara verilməsi istər TDƏŞ, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlar, istərsə də digər regional platformalar çərçivəsində siyasi dialoqu da fəallaşdıracaq. Türkiyənin siyasi hegemonluğu, yaratdığı geosiyasi risklər haqda mənasız fikirləri kənara atıb bu üstünlüklərdən yararlanacaq dövlətlər layihənin reallaşdırılmasından ciddi fayda qazanacaqlar.

 

Alternativ və yeni imkanlar

Ekspertlərin hesablamalarına görə, 2050-ci ilə Bosfor boğazından ildə 78 min gəmi keçəcək (hazırda bu rəqəm 50 mindir). Boğazın təhlükəsiz ötürmə qabiliyyəti isə 25 min gəmidir. Bu gün buradan keçid üçün orta gözləmə müddəti 14,5 saatdır. Qarşıdakı illərdə yük daşımalarının artması ilə bu müddət 36-48 saata çata bilər. Bu, təbii ki, beynəlxalq ticarət axınına mənfi təsir göstərəcək.

45 kilometrlik yeni kanal İstanbulun düz mərkəzindən keçən 30 kilometrlik kanala əlavə arteriya olmalıdır. Plana görə, əsasən iri, üstəlik, təhlükəli yükləri daşıyan gəmilər İstanbul kanalından keçəcək. Yeni kanaldan gündə 180-dən artıq gəmi keçə biləcək.

İstanbul kanalının tikintisinə çəkiləcək xərc 10 il ərzində geri qayıtmalıdır. Bu, onu xarici investorlar üçün də cəlbedici layihəyə çevirir. Yeni kanal ilə hərəkət ucuz olmayacaq. Hazırda Bosfor vasitəsi ilə keçidə görə hər gəmi, təxminən, 1000 dollar ödəyir. Gündəlik ondan 50 min gəmi keçərsə, Türkiyə hökuməti, təxminən, 50 milyon dollar qazanır. Yeni kanalla tranzitdən isə hökumət ildə, təxminən,1 milyard dollar qazanmağı planlaşdırır. Layihənin dəyəri, təxminən, 10 milyard dollar qiymətləndirilir.

Yeni kanalın inşası Azərbaycanın dəniz ilə tanker daşımalarının artacağına ümid etməsi üçün əsasdır. Xəzər Dəniz Gəmiçiliyinin neft və neft məhsullarının ixracı üçün yeni tankerlər aldığı bir vaxtda yeni imkanların açılması ümumilikdə dəniz daşımalarının rentabelliyini artıracaq. 2019-cu ilin dekabrında Azərbaycanın «Baku Shipyard» gəmiqayırma zavodu «Laçın» adlı yeni nəsil neft tankerini istismara verib. Daha 3 tanker tikilməkdədir. Maraqlıdır ki, Azərbaycan tankerləri Aralıq dənizindən (Ceyhan limanı) Qara dənizə, o cümlədən Bosfor boğazı vasitəsi ilə neft daşıyır. İndi onların İstanbul kanalından keçmək imkanı yaranacaq.

 

«Montrö» kanala mane olmur

İstanbul kanalının inşası Qara dəniz boğazlarının fəaliyyət rejiminə dair Montrö Bəyannaməsinin müddəalarına yenidən baxıla biləcəyinə dair qızğın müzakirələrə yol açıb. Əsas müzakirələr isə Türkiyənin Qara dənizdəki boğazlara nəzarət edən ölkə kimi, siyasi statusuna yenidən baxmaq istəyi ətrafında gedir. Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan mayda Ankarada keçirdiyi müşavirənin yekununda xalqa telemüraciət edərək bildirmişdi ki, Ankara Montrö Bəyannaməsinə sadiqdir və onun üstünlüklərini dərk edir. Başqa sözlə, Türkiyə bu gün bəyannamənin müddəalarının dəyişdirilməsində maraqlı deyil, çünki onun ciddi geosiyasi riskləri ola bilər.

Montrö Bəyannaməsi Türkiyə və Rusiya prezidentlərinin iyunun 30-da Antalyada keçirdikləri görüşdə də müzakirə mövzusu olub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov ilə birgə keçirdiyi mətbuat konfransında sənədin İstanbul kanalının istismara verilməsindən sonra da qüvvədə qalacağını bildirib. «Montrö Bəyannaməsinin İstanbul kanalı ilə əlaqəsi yoxdur və əksinə, kanal bu sənədə bağlı deyil. Montrö Bəyannaməsini heç bir dəyişikliyə getmədən, əvvəlkitək tətbiq edəcəyik», - deyə nazir qeyd edib.

Lavrov isə öz növbəsində, ölkəsinin Türkiyə ilə Montrö Bəyannaməsi üzrə əməkdaşlıqdan razı olduğunu deyib. Onun sözlərinə görə, aparılan müzakirələr zamanı İstanbul kanalının inşasının Qara dənizdə xarici dövlətlərə məxsus hərbi donanmaların mövcudluq parametrlərinə heç bir təsirinin olmayacağı aydınlaşıb.

Məlum olduğu kimi, Qara dənizdəki boğazların fəaliyyət rejiminə dair Montrö Bəyannaməsi 1936-cı ildə qəbul olunub. O, bir yandan Türkiyənin Bosfor və Dardanel boğazları üzərində suverenliyini bərpa edib, digər tərəfdən bütün ölkələrə məxsus ticarət gəmilərinin boğazlardan keçid azadlığını qoruyub saxlayır.

Beləliklə, İstanbul kanalının inşası formal olaraq, Bəyannamədən imtina anlamına gəlmir. Çünki o, Dardanel boğazına da tətbiq olunur. Qara dənizə keçid iki boğazdan ardıcıl keçidlə təmin edilir. Dardanel boğazına paralel kanalın çəkilişindən söhbət getmir. Hər halda, əksər ekspertlər deyir ki, ən azı hələlik söhbət bundan getmir. Çünki Gelibolu yarımadasının dar hissəsi ilə kanal çəkilməsi texniki baxımdan çətin iş deyil. Onun uzunluğu cəmi 5 kilometr ola bilər. Amma bunlar da hələ ki, yalnız nəzəriyyədir.

Praktik müstəvidə isə daha çox Qara dənizdə hərbi balansın saxlanılması mövzusu müzakirə olunur. Məlum olduğu kimi, Montrö Bəyannaməsi qeyri-region dövlətlərinin Qara dəniz hövzəsində hərbi gəmilər saxlaması məsələsini də tənzimləyir. Ukraynanın şərqində davam edən münaqişə, Krım ətrafında baş verənlər, Qara dəniz hövzəsinin bölgüsü ilə bağlı siyasi-hüquqi məsələlərin həll olunmamış qalması, Gürcüstan-Rusiya münasibətlərindəki gərginlik NATO-nun Qara dənizdəki fəallığı ilə birlikdə bu mövzu ətrafında da gərginliyə səbəb olur.

İyunun 23-də Qara dənizdə baş vermiş insident NATO və Rusiyanın tərəflərin dənizdə hərbi mövcudluğuna yanaşmalarını sərtləşdirməsinə yol açıb. Məlum olduğu kimi, Britaniyaya məxsus «Defender» esmines Qara dənizdə Rusiya və Ukraynanın özününkü saydıqları əraziyə keçib və Krımın Fiolent burnuna aid ərazi sularının 3 kilometr dərinliyinədək irəliləyib. Nəticədə, Rusiyanın sərhəd mühafizəsi gəmisi iki dəfə xəbərdarlıq atəşi açıb, bombardmançı isə esminesin hərəkət istiqamətində bombalar atıb. Britaniya esminesi yalnız bundan sonra hərəkət istiqamətini dəyişib.

Bunun ardından rəsmi Kiyev britaniyalıların əməlinə etiraz etmədiyini bildirib, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələr üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay isə alyansın Qara dənizdəki nümayəndəliyini geri çağırmayacağını, əksinə, regiondakı tərəfdaşları ilə əməkdaşlığı daha da gücləndirəcəyini bəyan edib.

Amma İstanbul kanalının inşası ilə Montrö Bəyannaməsinin müddəalarının aradan qalxacağı, NATO-ya aid qeyri-region güclərinin Qara dənizdə mövcudluğunu artıracağı haqda düşüncələrin ciddi əsası yoxdur. Əlavə su arteriyasının olub-olmaması Bəyannamənin Qara dənizlə bağlı yaratdığı beynəlxalq hüquqi rejimi dəyişmir. Bunu Türkiyə rəhbərliyi də təsdiqləyir. Onlar ən azı orta perspektiv üçün belə dəyişikliyin gözlənilmədiyini bildirirlər.

Amma Bəyannamənin qəbulundan bu yana Bosfor və Dardanel boğazlarından çox sular axıb. Odur ki, uzaq perspektivdə dənizin hüquqi rejiminin necə olacağını ən uzaqgörən siyasətçilər belə, bilə bilməz.



MƏSLƏHƏT GÖR:

162