27 Aprel 2024

Şənbə, 06:01

KARTLAR AÇILIB

Ermənistan artıq üçtərəfli razılaşmanın həyata keçirilməsini uzada bilməyəcək

Müəllif:

15.07.2021

Məlum olduğu kimi, iyulun 3-də postmünaqişə dövrü üçün son dərəcə vacib sayıla biləcək hadisə baş verib – İrəvan Azərbaycanın Füzuli və Zəngilan rayonlarının minalı ərazilərinin xəritələrini Bakıya təqdim edib. Proses Rusiya tərəfinin vasitəçiliyi ilə baş tutub. Xəritələrin qarşılığında Azərbaycan hərbçilərinin 2020-ci il noyabrın 10-dan sonra ələ keçirdikləri 15 erməni diversant Ermənistana qaytarılıb.

İnformasiya həddindən artıq az olduğundan, erməni tərəfinin bu addımı niyə atdığını və yaxın gələcəkdə postmüharibə prosesinin necə cərəyan edəcəyini söyləmək çətindir. Nələrin baş verdiyini anlamaq üçün, yəqin ki, hadisələrin xronologiyasına nəzər salmaq lazımdır.

 

Seçki və qarışıqlıq

Ermənistanda keçirilmiş seçki ərəfəsində onun Azərbaycanla sərhədində baş verənlər daha çox münaqişə dövrünün cəbhə xəttini xatırladırdı. Elə təəssürat yaranırdı ki, erməni tərəfinin əl atdığı diversiya aktlarında məqsəd Azərbaycan tərəfinin sərhəd infrastrukturunu qurmaq prosesini ləngitmək, gərginlik yaratmaq, bununla da 20 noyabr 2020-ci il razılaşmasının həyata keçirilməsini ləngitməkdir.

Vəziyyətin təhlili göstərirdi ki, diversiya aktları həm Ermənistanın hərbi-siyasi rəhbərliyinin iradəsi ilə, həm də hərbi hissə komandirlərinin erməni müxalifətinə yaxın komandirlərinin şəxsi təşəbbüsləri ilə baş verir – sanki onlar müxalifət liderlərinin tapşırığını yerinə yetirirdilər. Tamamilə aydın idi ki, bu gərginlikdən seçki ərəfəsində daxili siyasi və regional vəziyyətə təsir vasitəsi kimi istifadə olunur.

Beləliklə, regiondakı hərbi-siyasi gərginlik Azərbaycan-Ermənistan sərhədinə daşınmışdı. Bu, məsələnin «Dağlıq Qarabağ ətrafında münaqişə» məcrasından çıxarılaraq, iki ölkə arasında sərhəd münaqişəsinə istiqamətləndirməyə imkan verirdi. Bu məsələdə spekulyasiya edən İrəvan münaqişəyə üçüncü tərəfi cəlb etməyə çalışır, Azərbaycana davalı hərbi-siyasi təzyiqə nail olmaq üçün əlindən gələni edirdi.

Sərhəd gərginliyindən istifadə ilə ictimai rəyi manipulyasiya etməyin hakimiyyətə, yoxsa müxalifətin xeyrinə olduğunu söyləmək çətindir. Bir şey aydındır ki, onilliklərdir ki, münaqişə mövzusundan Ermənistandakı daxili siyasi qarşıdurmalarda uğurla istifadə olunub, bu və ya digər qüvvələrin xal qazanmasına şərait yaradıb.

İstənilən halda, seçkidə Paşinyanın qalib gəlməsi bu ölkənin daxili siyasi meydanında vəziyyətin bir qədər sabitləşəcəyinə ümid yaradır. Bu isə sərhəddəki vəziyyətə də öz təsirini göstərəcək.

 

Vaşinqton başlayır və qazanır

Ermənistanda seçkiqabağı mübarizənin qızğın vaxtında ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Filip Riker regiona səfər etmişdi. Azərbaycanın azad olunmuş ərazilərinin mina xəritələrinin müharibədən sonra saxlanılmış erməni diversantlarla dəyişdirilməsinə dair razılaşma da məhz onun köməyi ilə əldə olunub. Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan da açıq şəkildə etiraf edib ki, «əsir»lərin qaytarılması Gürcüstan tərəfinin səyləri, həmçinin Filip Rikerin bölgəyə səfərinin nəticəsində mümkün olub. Riker isə ABŞ-ın dövlət katibi Entoni Blinkendən diversantlar məsələsinin həllində irəliləyişə nail olunması tapşırığını alıbmış. Beləliklə, İrəvan faktiki olaraq, ABŞ-ın regiondakı postmünaqişə proseslərinə fəal cəlbi üçün qapıları açıb.

Bu siyasət münaqişə ilə bağlı bütün qalan məsələlərin də yalnız Moskva-Bakı-İrəvan formatında həll edilməli olduğunu düşünən Moskvanın təbii ki, xoşuna gələ bilməzdi. Maraqlıdır ki, Rusiya indiyədək Ermənistanın minalı ərazilərin xəritələrini Azərbaycana təhvil verməli olduğunu dəfələrlə bəyan edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib ki, minalı ərazilərin xəritələrinin Azərbaycan tərəfinə təqdim olunması məsələsi bilavasitə rusiyalı sülhməramlıların və Rusiya Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aiddir.

Belə bir vəziyyətdə seçki ərəfəsində Birləşmiş Ştatların və oradakı nüfuzlu erməni lobbisinin dəstəyini qazanmağa çalışan Paşinyan eyni zamanda, daxili auditoriyaya Moskvadan azad siyasət yürütdüyünü göstərməyə də çalışıb. Müharibəni uduzmuş Paşinyan üçün çətin məsələləri müstəqil şəkildə həll etmək bacarığına malik olduğunu göstərməsi çox vacib idi. Üstəlik, o, guya müstəqil xarici siyasət də yürüdə bildiyini nümayiş etdirməyə çalışırdı. Belə təəssürat yaranırdı ki, Tbilisi də regional proseslərə İrəvanın razılığı və ABŞ-ın «təkan»ı ilə qoşulur, Ermənistanla Azərbaycan arasındakı mübahisələrin həlli üçün mediasiya meydanına çevrilməyə çalışır. Təbii ki, Kreml bundan da narahat olmaya bilməzdi. Paşinyan bilərəkdən və ya bilməyərəkdən Moskvanın postmünaqişə proseslərinin moderatoru inhisarçılığına son qoyur, Rusiya ilə ABŞ arasında Cənubi Qafqazla bağlı ziddiyyətlərdən yararlanmağa çalışırdı. Bu siyasətində əsas benefisiarlar, əlbəttə ki, Vaşinqton ilə Tbilisidir.

Azərbaycana gəlincə, o, sadalanan oyunçuların hər birindən bərabər məsafədə dayanmağa, öz milli maraqlarından çıxış etməyə çalışır. Ağdam rayonundakı minalı ərazilərin xəritəsinin Bakıya təqdim olunması regionun minalardan təmizlənməsinə, orada dinc həyatın bərpasına, Azərbaycanın Qarabağ bölgəsində təhlükəsizlik sistemini gücləndirməsinə imkan verəcək.

Paşinyanın minalı ərazilərin xəritələrinə malik olduqlarını açıq şəkildə söyləməsindən sonra bu məsələdə Ermənistana təzyiqlər daha effektiv olmağa başlayıb.

 

Azərbaycan diplomatiya cinahından hücuma keçir

Ermənistanda keçirilmiş seçkinin nəticələrinin elan olunmasından dərhal sonra Azərbaycan və Rusiyanın XİN başçıları arasında telefon danışığı olub. Tərəflər xüsusilə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Qarabağla bağlı 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli razılaşmanın reallaşdırılması məsələsini müzakirə edib. Daha sonra, iyunun 23-də Azərbaycan prezidentinin mətbuat xidməti dövlət başçısı İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinə zəng etdiyini, liderlərin də üçtərəfli bəyanatın reallaşdırılması perspektivlərindən danışdıqlarını açıqlayıb.

Beləliklə, Ermənistanda keçirilmiş parlament seçkisində ölkənin baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın «Vətəndaş dialoqu» partiyasının qalib gəlməsindən sonra erməni tərəfinin üçtərəfli bəyanatın konkret müddəfalarının yerinə yetirilməsindəki məsuliyyəti məsələsi yenidən aktuallıq qazanır. Söhbət yalnız erməni qüvvələrinin bütünlükdə Dağlıq Qarabağ ərazisindən tam çıxarılmasından yox, həm də minalı ərazilərin xəritələrinin Bakıya təqdim olunmasından, məcburi köçkünlərin öz ev-eşiyinə qaytarılmasından, kommunikasiyaların açılmasından və sərhədlərin demarkasiyasından gedir.

Seçki vasitəsilə öz legitimliyini təsdiqləmiş Ermənistan hakimiyyətinin bundan sonra üçtərəfli razılaşmanın reallaşdırılmasını ləngitmək üçün heç bir əsası yoxdur. İrəvanın bu öhdəliyindən boyun qaçıracağı təqdirdə Azərbaycan tərəfi Ermənistana təzyiq göstərilməsində israr edə bilər.

Ermənistanın Füzuli və Zəngilan rayonlarında basdırılmış 92 min piyada və tank əleyhinə minaların xəritəsini bu söhbətdən 5 gün sonra Moskvanın təşəbbüsü ilə Bakıya təqdim etməsi Azərbaycanın fəal diplomatik iş apardığını göstərir.

Ağdam rayonunun minalı ərazilərinin xəritəsinin Bakıya Vaşinqton və Tbilisinin vasitəçiliyi ilə verilməsindən sonra Moskva bu məsələdə geosiyasi opponentlərinin fəallığından narahatlığını ifadə edə bilərdi. Belə təəssürat yaranırdı ki, belə həssas məsələdə təşəbbüs ABŞ və Gürcüstanın əlinə keçir. Halbuki, Moskva bu problemin həllində vasitəçilik edə biləcəyini dəfələrlə dilə gətirmişdi. Ola bilsin ki, erməni tərəfinə eyni anda iki rayonun minalı ərazilərinin xəritəsini Bakıya məhz Rusiyanın vasitəçiliyi ilə təqdim etməsi üçün təzyiqlər olub. Ermənistan xəritələri azadlıqdan məhrum edilmiş və cəza müddəti bitmiş 15 erməni hərbçisinin geri qaytarılması qarşılığında verib. Amma məlumdur ki, İrəvan «əsir» məsələsinin qismən deyil, tam həllinə nail olmaq istəyirdi…

Digər yandan, Füzuli ilə Zəngilan Azərbaycanın qərb bölgəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək kommunikasiyaların (Zəngəzur dəhlizi) keçəcəyi rayonlardır. Beləliklə, düşünmək olar ki, Moskva özü üçün daha bir problemi həll edir – Ermənistan istiqamətində kommunikasiyaların bərpasının sürətləndirilməsi, Rusiyanın vasitəçiliyi ilə işləyən üçtərəfli komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılması.

 

Təxribatın mənası varmı?

İyunun 6-sı yerli vaxtla saat təxminən 17:50-də Azərbaycan ərazisində olan qanunsuz erməni hərbi dəstələri Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində dislokasiya olunmuş bölmələrini atəşə tutub. Onlar bunu müvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi istiqamətdə ediblər. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, nəticədə yol tikintisi işinə cəlb olunmuş bir azərbaycanlı hərbçi yaralanıb. Ona ilkin tibbi yardım göstərilib və hərbçi hərbi hospitala təxliyə olunub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, insidentin araşdırılması üçün regiona yerləşdirilmiş Rusiya kontingentinin komandanlığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Baş verənlər bir daha göstərir ki, Azərbaycan ərazisində qanunsuz erməni hərbi dəstələrinin qalması regionda gərginliyin artmasına xidmət edir. Bu arada, Nikol Paşinyanın Moskvaya iyulun 7-də etdiyi qısamüddətli səfər zamanı «üçtərəfli bəyanatın reallaşdırılmasının müxtəlif nüansları və iqtisadi-ticari əməkdaşlıq məsələləri müzakirə olunub». Bunu Rusyia prezidentinin mətbuat katibi D.Peskov bildirib. Üçtərəfli razılaşmanın vacib nüasları arasında isə üçtərəfli komissiyanın fəaliyyətinin bərpası, bütün qanunsuz qüvvələrin Azərbaycan ərazisindən çıxarılması və Azərbaycan-Ermənistan sərhədinin tam delimitasiyası da var.

Ermənistanda parlament seçkisi Paşinyanın inamlı qələbəsi ilə başa çatıb. Tezliklə Ermənistanda hökumət formalaşdırılacaq və bundan sonra üçtərəfli razılaşmanın reallaşdırılmasını ləngitmək mümkün olmayacaq. Yəqin ki, bunu Paşinyan da yaxşı anlayır və o, Moskvaya razılaşmanın şərtlərin həyata keçirməyə başlamamış özü üçün daha əlverişli şərtləri razılaşdırmaq üçün yollanmışdı.. Razılaşmanın reallaşdırmalı olduğuna isə artıq heç bir şübhə yoxdur.



MƏSLƏHƏT GÖR:

165