26 Aprel 2024

Cümə, 07:23

ŞUŞAYA RUH QAYITDI

Azərbaycan mədəniyyətinin qədim paytaxtı dirçəliş dövrünü yaşayır

Müəllif:

01.09.2021

1982-ci ildə Şuşada Molla Pənah Vaqifin mavzoleyi və Poeziya evi açılan zaman Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 59 yaşı var idi. O zaman Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi haqqında göstəriş vermişdi. Elə həmin il iyulun 29-dan avqustun 3-dək Şuşa ilk dəfə bu parlaq tədbirə şahidlik etmişdi – konsertlər, ədəbi axşamlar…

O vaxtdan həmin tədbir 1991-ci ilədək davam edib – əvvəlcə şairin vətəni olan Qazaxda, daha sonra Şuşanın əfsanəvi Cıdır düzündə. Sonra müharibə başlayıb, işğal, erməni vandallığı…

 

Missiya

Azərbaycan Prezidenti İlham Əliyev də Qarabağın işğaldan azad olunmasından sonra 59 yaşında, sanki, üzərinə düşən missiya - atasının vəsiyyəti kimi, Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin mavzoleyinin açılışını edir, bununla da, Şuşada poeziya günlərinin keçirilməsi ənənəsini geri qaytarır. Mavzoleyin açılış mərasimindəki təntənəli çıxışında İlham Əliyevin özü də bu məqama diqqət çəkib: «Əziz dostlar, təxminən, 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq».

Fotolar. Budur! Konstruktivizm memarlığı baxımından möhtəşəm Vaqif mavzoleyi. Əzəməti ilə, gözəlliyi ilə. Biz bu qələbəyə uzun yol qət edərək çatmışıq. Və Azərbaycan Ordusunun yenilməzliyi ilə, ölkə prezidentinin səyləri ilə, Azərbaycan xalqının ruh yüksəkliyi ilə bu qələbəyə layiq idik.

Mavzoley: aşkar təzad – necə idi, işğalçı nə hala salmışdı, indi necədir. İndi daha möhtəşəm, daha gözəldir. Üstəlik, bütün bunlara son dərəcə qısa zaman kəsiyində nail olunub ki, Molla Pənah Vaqifin mavzoleyi və poeziya günləri öz yayını işğaldan azad olunmuş, dirçəlmiş halda keçirsin.

Bəs, Molla Pənah Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsinin bərpası bizim üçün nədən bu qədər vacib idi? Çünki bu hadisənin istər keçmişdə, istərsə də indi çox dərin milli anlamı var. Prezident də çıxışında bu məqama diqqət çəkib. «Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılıb və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapıb», - deyə dövlət başçısı qeyd edib.

 

Rəmzlər

Şuşa Azərbaycanın etnik mədəniyyətinin rəmzidir. Görünür, onunla bağlı bütün hadisələrdə məhz bu üzdən xüsusi rəmzi dövrilik yaşanır. Amma burada bir məqam da var və İlham Əliyev də bu haqda danışıb: «Müharibədən sonra mən ilk dəfə Şuşaya bu il yanvarın 14-də gəlmişdim. Bu tarix də təsadüfən seçilmədi. Çünki o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim buraya gəlməyimin çox böyük rəmzi mənası var idi. Buraya ilk səfərimdə ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. Vaqifin içəridəki barelyefini, sinə daşını sökmüşdülər. Yəni onlara xas olan vandalizm törətmişdilər, necə ki, azad edilmiş bütün başqa torpaqlarda biz bunun şahidiyik».

2021-ci ilin əvvəllərindən Şuşada bir çox bərpa işləri aparılıb. Burada «Xarıbülbül» festivalının keçirilməsi ənənəsi də bərpa olunub və o, bu ilin mayında keçirilib. Prezidentin də dediyi kimi, ilk növbədə, Zəfər Yolu çəkilib. Hazırda Füzuli şəhərindən Şuşaya magistral yol və yolun üzərindəki tunellər inşa olunmaqdadır. Bu, daha qısa yol olacaq.

«Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsini biz bərpa etdik. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi artıq bərpa edildi. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü bərpa edildi, dünən onun ikinci açılışı olmuşdur. Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhərağa məscidinin təmiri, demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verildi. Bu məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Natəvan bulağı bərpa edildi, indi su gəlir. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular. Əgər bu, erməni şəhəri idisə, nə üçün siz bu bulaqları qurudursunuz? Ondan sonra «Xarıbülbül» hoteli istifadəyə verildi, artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi. Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mənim tərəfimdən mərkəzi meydanda qoyuldu. Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, onu da mənfur düşmən dağıtmışdı. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verildi. Dünən Polad Bülbüloğlu ilə və onun oğlu, Bülbülün nəvəsi ilə birlikdə Bülbülün evinin açılışını biz qeyd etdik. Polad atasının evini bərpa etdi, indi çox gözəl muzey yaradılmışdır. Dünən «Qarabağ» hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı. İşğal dövründə «Qarabağ» hoteli nə gündə idi, onu biz işğaldan sonra görmüşdük. Cəmi iki mərtəbəsi işləyirdi, nə su var idi, nə işıq var idi», - deyə Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimində bildirib.

Şuşaya budəfəki səfəri zamanı dövlət başçısı beşulduzlu hotel və konfrans mərkəzinin də təməlini qoyub. Onun tikiləcəyi yeri də şəxsən Prezident özü seçib. Onun bu qərarının da xüsusi mənası var. «Mənfur düşmən həmin yerdə dırnaqarası «Dağlıq Qarabağ respublikası»nın qondarma parlamenti üçün bina inşa edirdi. O da bizə sataşmaq idi. «Dağlıq Qarabağ respublikası» anlayışı yoxdur. Artıq o binanın bünövrəsi qoyulmuşdu və daş işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi», - deyə İ.Əliyev bildirib.

Lakin prezident hesab edir ki, onun Şuşaya budəfəki səfəri zamanı ən vacib hadisə yeni yaşayış kompleksinin təməlinin qoyulması olub. Kompleks Şuşa şəhərinin dövlət başçısına təqdim olunmuş baş planı əsasında alınacaq: «Şuşanın baş planı təsdiq edildi və çox müfəssəl, gözəl işlənmiş plandır. Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur - üç, dörd və beşmərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar».

 

Qala - 270

Şuşa Azərbaycan xalqının qəlbidir və biz onu döyüşərək canları bahasına geri qaytarmış insanları heç zaman unutmayacağıq. «Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir», - deyə İlham Əliyev bildirib.

Gələn il bizi daha bir zəfər, daha bir bayram gözləyir – Qarabağ xanı Pənahəli xan Cavanşirin Şuşa qalasını qurmasının 270 illiyi! Burada işlərin hansı operativliklə həyata keçirildiyini nəzərə alsaq, Azərbaycanın bu tarixə ciddi hazırlaşdığını söyləyə bilərik.

«Bu gün mənim ürəyim doludur. Mən 2010-cu ildə bir mərasimdə çıxış edəndə, - cənab Prezident də iştirak edirdi orada, - dedim ki, mənim 72 yaşım var, amma söz verirəm ki, Sizinlə bir yerdə Şuşaya gedəcəyik və bu, baş verdi. Mən Allaha təşəkkür edirəm, taleyimə minnətdaram və Sizə minnətdaram. Sizə minnətdaram ki, o sözü desəm də, bir də Şuşanı görəcəyimə inanmırdım, amma bu gün mən buradayamsa, Sizə minnətdaram, bizim müzəffər Ordumuza minnətdaram», - deyə mavzoleyin açılış mərasimində xalq yazıçısı, Azərbaycan Yazıçılar İttifaqının sədri Anar Rzayev bildirib.

Allah eləsin, bizim Qarabağla bağlı bütün arzularımız gerçəkləşsin! Dahi şuşalılar, Azərbaycanın mədəniyyəti və ədəbiyyatının görkəmli simalarının abidə və fotoları. Azərbaycan Prezidenti ilə, birinci xanım Mehriban Əliyeva ilə şəkillər. Kövrəlməmək olmur. Halbuki bu, sadəcə, fotodur. Odur ki, həmin günləri Şuşada keçirmiş, Vətənə qayıtmağın sevincini yaşamış şuşalıların ürəyində nələr hiss etdiyini tam bilmək çətindir... Çox tezliklə hər birimiz bu xoşbəxtliyə şəkillər, videolar vasitəsilə deyil, birbaşa toxuna bilmək üçün Şuşada olacağıq. Bu, yalnız başlanğıcdır.

«Allah bütün şəhidlərimizə rəhmət eləsin!»



MƏSLƏHƏT GÖR:

187