27 Aprel 2024

Şənbə, 01:29

MÜQAYİSƏLİ BƏRPA

Azərbaycan pandemiyanın yaratdığı iqtisadi böhranın aşılması templərinə görə Cənubi Qafqazın lideridir

Müəllif:

01.10.2021

Cənubi Qafqaz ölkələri bir-birlərindən yalnız mədəni-dini mənada deyil, həm də siyasi inkişaf yollarının xüsusiyyətinə, həmçinin sosial-iqtisadi durumlarına görə kəskin fərqlənirlər. Bu, özünü pandemiya böhranından çıxmaq üçün həyata keçirilən tədbirlərdə, gələcək inkişaf vektorunda da göstərir.

Dünyanın bir çox ölkəsi hələ də koronavirus və onun nəticələri ilə mübarizə üçün ciddi səylər göstərir. Bu mənada, Cənubi Qafqaz ölkələri də istisna deyil. Lakin pandemiya və onun fəsadları ilə mübarizədə toplanılmış müsbət təcrübə, əhalinin kütləvi peyvəndlənməsi, iqtisadiyyatın total karantindən çıxarılması tədbirləri bu regionda öz nəticələrini göstərir.

 

Azərbaycan bərpa yolunda

Cənubi Qafqazda iqtisadiyyatın bərpası prosesində lider, əlbəttə ki, Azərbaycandır. Gözlənildiyi kimi, onun ehtiyat resursları, dayanıqlı maliyyə sistemi böhran dövründə bufer rolu oynayıb. Odur ki, karantin tədbirlərinin yumşaldılmasına başlar-başlamaz və dünyada neftin qiyməti sabitləşən kimi, ölkə iqtisadiyyatı yenidən inkişaf mərhələsinə keçib və indi o, tədricən pandemiyadan əvvəlki səviyyəsinə yaxınlaşır. Məlum olduğu kimi, Azərbaycanın 2021-ci il dövlət büdcəsində 1 barel neftin qiyməti 40 dollar nəzərdə tutulur. Lakin 2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan neftinin 1 barelinin qiyməti 59,1 dollar, avqustda və sentyabrın əvvəlində isə 70-75 dollar arasında olub.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun bu günlərdə qeyd etdiyi kimi, xarici tərəfdaşlar bu il üçün Azərbaycanda ÜDM-in 1,7% artacağını proqnozlaşdırsalar da, yanvar-avqust aylarında artıq bu göstərici 3,6%-ə çatıb. Tək qeyri-neft sektorunda bu artım 5,5%-dir. Bu, hökumətin illik proqnozu 4%-ə qaldırmasına imkan verib.

Vacib məqam ondan ibarətdir ki, bu cür nikbin statistikanın səbəbi həm də özəl şirkətlərin əsas kapitalına investisiyaların artmasıdır. Ümumilikdə 2021-ci ilin 7 ayında Azərbaycanın dövlət büdcəsində 367,7 milyon manatlıq profisit qeydə alınıb, yanvar-iyul aylarında qeyri-neft ixracının həcmi ilk dəfə 2 milyard dollara çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37%-lik artım deməkdir.

Nazir onu da bildirib ki, Azərbaycan iqtisadiyyatı Covid-19-un fəsadlarından «gözlənildiyindən daha sürətli templərlə bərpa olunur».

Qarabağın sürətlə bərpa olunması, yolların, aeroportların, elektrik stansiyalarının tikintisi, şəhər və kəndlərin bərpası planlarının reallaşdırılması göstərir ki, ölkənin iqtisadi potensialı qarşıya qoyulmuş miqyaslı işlərin öhdəsindən gəlinməsinə tam imkan verir.

Sabit makroiqtisadi göstəricilər fonunda Azərbaycan milli valyutanın məzənnəsini dəyişmək haqda da düşünmür.

31 avqust 2021-ci ilə Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artaraq, 7 milyard dolları aşıb. Azərbaycanın ümumi dövlət borcu isə 1 iyul 2021-ci ilə 8,6 milyard dollar, yəni, ÜDM-in cəmi 18,2%-i qədərdir.

 

Gürcüstan – böyük borc fonunda ikirəqəmli artım

Qonşu Gürcüstanda kifayət qədər müsbət iqtisadi inkişaf statistikası nümayiş etdirir. Bu ilin 7 ayının yekununa görə o, ikirəqəmli artıma nail olub. Ötən illə müqayisədə Gürcüstanda ÜDM 12,2% artıb. Daha önəmlisi, 2019-cu ilin 7 ayı ilə müqayisədə bu artım, təxminən, 6% təşkil edir. «Bu, göstərir ki, iqtisadiyyatda canlanma, bərpa, inkişaf davam edir. Nəticədə, bizdə ilin sonuna kifayət qədər yaxşı göstəriciyə malik olacağımıza əminlik yaranır – biz ikirəqəmli artım gözləyirik», - deyə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava bildirib.

Doğrudur, bu ölkədə dövlət borcu ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Hazırda Gürcüstanın ümumi dövlət borcu 8 milyard dolları aşır, onun 7,5 milyardı isə hökumətin payına düşür. Əslində, ilk baxışdan bu, elə də böyük rəqəm deyil. Lakin nəzərə alsaq ki, söhbət ÜDM-in, təxminən, 60%-dən gedir, demək vəziyyət iqtisadiyyat üçün təhlükəli həddə yaxındır.

Dövlət borcunu müntəzəm şəkildə qaytarmağa çalışsa da, «S&P Global» beynəlxalq reytinq agentliyi 2021-ci ilin sonuna Gürcüstan hökuməti və dövlət müəssisələrinin ümumi borcunun ÜDM-in 69,5%-nə çata biləcəyini proqnozlaşdırır. Bu, 2020-ci ilin yekunları ilə müqayisədə 5,9% çoxdur.

Beynəlxalq Valyuta Fondunun (BVF) bu yaxınlarda açıqlanmış məruzəsində bildirilir ki, bu il Gürcüstan iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəsinə qayıdacaq. Sənəddə deyilir ki, pul köçürmələri həcmindəki sabit artım, ixrac göstəriciləri və turizmin bərpası ilə yaşanmaqda olan yüksək impuls Gürcüstan iqtisadiyyatının normallaşmasına yol açıb.

Bununla yanaşı, BVF onu da bildirir ki, Gürcüstan iqtisadiyyatının canlanması fonunda peyvəndləmədə yüksək temp qorunub saxlanmalı, büdcə kəsiri və borc azaldılmalı, böhrana dəstək tədbirləri ləğv olunmalı, yüksək inflyasiya riskinin yaranacağı təqdirdə yenidən maliyyələşdirmənin şərtləri sərtləşdirilməlidir. Qurumun ekspertləri Tbilisini struktur islahatlarını gücləndirməyə də çağırır. Sənəddə bildirilir ki, Gürcüstan buna həm də geniş yayılmış işsizlik problemini həll edəcək siyasətlə nail olmalıdır.

 

Ermənistan – arzular və reallıqlar

Borcla bağlı ən pis vəziyyət Ermənistandır. Bu ilin 8 ayının yekununa görə, onun ümumi borcu 9 milyard dollara çatıb. Üstəlik, məbləğin 76%-i xarici valyuta ilədir. Ermənistanda dövlət borcunun ÜDM-ə nisbəti təhlükəli sayılan 60%-i ötüb. Ən pisi isə odur ki, ölkənin valyuta ehtiyatları borcun ödənilməsinə imkan vermir – bu gün Ermənistanın valyuta ehtiyatı cəmi 3,1 milyard dollardır…

Sadəcə arayış üçün (müqayisədən söhbət belə, gedə bilməz) qeyd edək ki, 7,8 milyard dollar borcu olan Azərbaycanda sentyabrın 1-nə valyuta ehtiyatları 53 milyard dollar təşkil edir. Odur ki, iqtisadiyyat nazirinin ÜDM-də ikirəqəmli artımın gözlənildiyinə dair istənilən nikbin proqnozu yuxarıda göstərilən statistikanın qarşısında acizdir – Ermənistan hələ uzun müddət «borc bataqlığı»ndan çıxa bilməyəcək.

Ermənistan Dövlət Statistika Komitəsi 2021-ci ilin yanvar-iyun ayları üçün rəsmi məlumatları açıqlayıb. Orada bildirilir ki, 7 ay ərzində 5,2%-lik iqtisadi fəallığın müşahidə olunmasına baxmayaraq, iyulda artım cəmi 0,2% təşkil edib. Yəni iqtisadi fəallığın artım tempi bir neçə dəfə azalıb. Bu səbəbdən də, yerli iqtisadçılar hesab edirlər ki, iqtisadiyyat nazirinin ikirəqəmli artımla bağlı «proqnoz»u, sadəcə olaraq, insanların diqqətini cəlb etməyə hesablanmış növbəti marketinqdir.

«Ermənistanda vergi yığımı artıb, lakin ölkə iqtisadiyyatında keyfiyyət artımı hələ də yoxdur», - deyə iqtisadçı Suren Parsyan bildirib. Qeyd edək ki, 2021-ci ilin yanvar-avqust aylarında ölkədə, təxminən, 1,9 milyard dollar vergi toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.

Ermənistan iqtisadiyyatına investisiya qoyuluşları da yüksək deyil (ötən il o, cəmi 33 milyon dollar təşkil edib). «Bu, onu göstərir ki, gəlirlər inersiya ilə, inflyasiya və əsaslı inşaat proqramları hesabına artır. Üstəlik, ilin əvvəlindən hökumət dövlət borcunu, təxminən, 1 milyard dollar artırıb. İqtisadiyyata belə kredit axını ilə 1-2 il dözmək olar. Bu, çox davam edə bilməz», - deyə S.Parsyan qeyd edib.

Bu il Ermənistanda həm də inflyasiyanın yüksək həddə olması ilə yadda qalır – 5,7%. Ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 7,7% artıb, alkoqollu içkilər və tütün məmulatları 9,1, qeyri-ərzaq məhsulları isə 7,9% bahalaşıb.

Ermənistanda vəziyyəti ağırlaşdıran daha bir amil ölkə rəhbərliyinin qonşuları Azərbaycanla Türkiyəyə qarşı aqressiv siyasəti davam etdirməsidir. Nəticədə, ölkə hələ də regionda baş verən vacib iqtisadi proseslərdən, layihələrdən kənarda qalır. Bu isə Ermənistanın investisiyalar üçün cəlbediciliyinə ciddi təsir göstərir. Bir sözlə, investor Ermənistana can atmır, hökumətin qeyri-real planları isə getdikcə daha xəyali təsir bağışlayır.

 

Xarici ticarət balansı

Qeyd edək ki, bu ilin ilk yarısında Cənubi Qafqaz ölkələrinin ümumi ticarət dövriyyəsi 25,7 milyard dollar təşkil edib. Bu məbləğin 57%-i Azərbaycanın, 29%-i Gürcüstanın, 14%-i Ermənistanın payına düşür. Bununla yanaşı, Gürcüstan və Ermənistan xarici ticarətdə mənfi saldoya malikdirlər – müvafiq olaraq 39,2 və 61,5%. Azərbaycanda müsbət saldo 26,4% təşkil edir.

Ermənistan üçün əsas ixrac məhsulu misdir. Bu ilin yazında London birjalarında bu metalın qiyməti son 10 ilin ən yüksək həddinə yüksəlib – tonu 9,75 min dollar. Səbəb dünya iqtisadiyyatının pandemiyadan özünə gəlməyə başlamasıdır.

Gürcüstanda turizmdən gələn gəlirlər artmaqdadır. Məlum olduğu kimi, Gürcüstan iqtisadiyyatının əsas sektorlarından biri məhz turizmdir. 2019-cu ilin yanvar-iyun aylarında bu ölkə beynəlxalq turizmdən 1,5 milyard dollardan artıq gəlir götürüb. İyunda bu göstərici 340,5 milyon dollar olub.

Azərbaycan üçün iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi, əlbəttə ki, neft sektorudur. Neftin qiymətinin ən yüksək həddə olması Bakının ticarət dövriyyəsində müsbət saldo əldə etməsinə imkan verib. 2021-ci ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,7% artaraq, 17,7 milyard dollara çatıb. Xarici ticarət dövriyyəsində müsbət saldo 5 milyard dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,7% çoxdur. Ekspertlərin fikrincə, bu, maliyyə sabitliyinə müsbət təsirlə yanaşı, yeni iş yerlərinin açılmasına, valyuta ehtiyatlarının sabitliyinə, dövlət borcuna xidmətə imkan verir. Ən əsası, bu cür balans miqyaslı infrastruktur layihələrinin maneəsiz reallaşdırılmasına imkan verir. Söhbət həm də işğaldan azad olunmuş ərazilərin bərpasından, orada aparılan miqyaslı tikinti işlərindən gedir.

Bununla yanaşı, ixracda qeyri-neft sektoru məhsullarının payının artması da diqqət çəkir. Bu dinamika kifayət qədər davamlı xarakter daşıyır. Demək, Azərbaycanın xarici ticarətində neft və qazın tədricən öz yerini yüksək dəyərli məhsullara verəcəyini düşünmək olar. Ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyasında əsas hədəf məhz budur.



MƏSLƏHƏT GÖR:

135