26 Aprel 2024

Cümə, 16:13

ZİDDİYYƏTLİ NƏTİCƏ

Yunan-roma güləşçilərinin sayəsində mundial Azərbaycan üçün major notlarla bitdi

Müəllif:

15.10.2021

Norveçdə keçirilən güləş üzrə dünya çempionatı Azərbaycan yığması üçün fərqli nəticələrlə yadda qaldı. Qadın güləşçilərimiz medalsız qaldığı turnirdə sərbəst güləşçilər gözləniləndən aşağı nəticə göstərdi. Ümidlərimizi yunan-Roma güləşçiləri doğrultdu.

 

Zəif bənd

Sərbəst güləşçilər Osloya 9 idmançıyla yollandı. Namiq Abdullayevin rəhbəri olduğu komandanın qazancı cəmi 2 bürünc medal oldu. Əfqan Xaşalov, Kənan Heybətov, Əli Rəhimzadə, Turan Bayramov, Coşğun Əzimov, Əşrəf Əşirov, İslam İlyasov Bakıya medalsız qayıtdı. Nisbətən qənaətbəxş çıxış edən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala layiq görüldü. Ümumilikdə 9 güləşçinin Vətənə 2 medalla qayıtması müsbət nəticə hesab edilmir.

Tokio Olimpiadasından sonra liderlərə istirahət verən məşqçilər heyəti Norveçdə gənc idmançılara şans vermək qərarına gəldi. Nəticədə dünya çempionatı gənclərin hazırda yüksək hədəflərə çatmağa hazır olmadığını sübut etdi.

Qadın güləş yığmamızdan medal gözlənilmirdi. Səbəbi milli komandanın lideri, dördqat olimpiya mükafatçısı Mariya Stadnikin olimpiadadan sonra istirahətdə olmasıdı. Səfərə Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Olimpiya Oyunlarının iştirakçısı Elis Manolova (65 kq) yollanan millimiz sürprizə imza atmadı. Hər üç güləşçimiz erkən mərhələdə uduzmaqla fəxri kürsüdən kənarda qaldı.

 

Ağır qələbələr

Əvəzində yunan-Roma güləşi üzrə Azərbaycan yığması Norveçdə ölkəmizi layiqincə təmsil etdi. Komandada ən yüksək nəticəni iki ay öncə Tokio Olimpiadasında bürünc medal qazanan Rafiq Hüseynov qazandı. 33 yaşlı pəhləvanımız əvvəlcə Estoniya güləşçisini vaxtından əvvəl üstələdi. Qırğızıstan idmançısı da təcrübəli güləşçimiz qarşısında tab gətirmədi. İsveçli dünya ikincisi və Avropa üçüncüsü Aleks Kessidislə görüş dramatik alındı. Rafiq ilk hissəni 0:6 hesabıyla başa vurdu. İkinci yarıda əsl əzmkarlıq nümayiş etdirən Hüseynov güclü rəqibinə minimal fərqlə qalib gələrək yarımfinala vəsiqə qazandı. Finalın bir addımlığında Rusiya pəhləvanıyla gərgin keçən görüşdən də üzüağ çıxan Rafiq ardıcıl 2-ci dəfə dünya çempionatının finalına yüksəldi. Həlledici görüşdə Türkiyə güləşçisinə qalib gələn həmyerlimiz dünya çempionu oldu. Finalda qardaş Türkiyə idmançısı Burhan Akbudakı məğlub edən Hüseynov qələbədən sonra sevinmədi.

Dünya və Avropa çempionu Eldəniz Əzizli Norveçdə fəxri kürsünün üçüncü pilləsinə yüksəldi. Finalın bir addımlığında Yaponiya güləşçisinə məğlub olan Əzizli bürünc medal uğrunda görüşdə qələbə qazandı. Türkiyəli rəqibi Əkrəm Öztürkü məğlub edən  Eldəniz ardıcıl 2-ci dəfə dünya üçüncüsü oldu. Bununla da təcrübəli güləşçimiz DÇ-də qazandığı medalların sayını 3-ə çatdırdı. 55 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsinə qalxan idmançı güləşin bu növü üzrə Avropa və dünya çempionatlarında əldə etdiyi mükafatların sayını 8-ə çatdırıb. Bu, Azərbaycanın yunan-Roma güləşçiləri arasında ən yüksək göstəricidir. Eldəniz Əzizli 2018-ci ildə həm Avropa, həm də dünya çempionu olub. Onun aktivinda 2 dünya və 4 Avropa üçüncülüyü də var.

77 kq-da çıxış edən Sənan Süleymanov karyerasında ilk dəfə dünya çempionatının yarımfinalında mübarizə aparmaq imkanı qazandı. Bu mərhələdə Belarus təmsilçisiylə qarşılaşma gərgin mübarizə şəraitində keçdi. Yarımfinalda belaruslu Timur Berdiyevi üstələyən  Sənan finala adladı. Həlledici görüşdə 2 qat olimpiya, 2 qat dünya və 4 qat Avropa çempionu Roman Vlasovla qarşılaşan Süleymanov rusiyalı rəqibinə minimal fərqlə uduzaraq dünya ikinciliyi ilə kifayətləndi. Yunan-Roma güləşində daha bir bürünc medalı 60 kq-da çıxış edən Murad Məmmədov qazanıb.

 

Çətin seçim qarşısında

Region Plus-a açıqlama verən yunan-Roma güləşi üzrə dünya çempionu Rafiq Hüseynov ən çətin görüşünün yarımfinala təsadüf etdiyini söyləyib: "Çünki rəqibim rusiyalı Adlan Akiyev Avropa çempionudur. Düşünürəm ki, final görüşüm yarımfinal kimi ağır olmadı. Hətta deyərdim ki, asan alındı. Qalib gəldiyim üçün xoşbəxtəm".

Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı bildirib ki, final qarşılaşmasından öncə atası ilə danışaraq dünya çempionatından sonra karyerasını bitirmək istədiyini deyib: "Amma atam söylədi ki, 5-6 ay dincəldikdən sonra yenidən güləşmək istəyə bilərsən. Bilirəm ki, karyeramı bitirməyimi istəmədiyi üçün belə dedi. Hansı qərarı verəcəyimi bilmərəm. Açığı, millinin məşqçisi olmaq istəyirəm. Lakin federasiya 2024-cü il Paris olimpiadasınadək güləşməyimi istəsə, davam edəcəyəm. Güləşi sevirəm. Bu, mənim işim deyil, həyat tərzimdir. Dünya çempionu olduğum üçün özümü xoşbəxt idmançı sayıram. İki ay öncə demişdim ki, bu titulu qazanaraq tarix yazmaq istəyirəm. Və mən bunu etdim. Artıq yalnız zövq almaq üçün güləşə bilərəm. Qələbəni 44 günlük Vətən müharibəsində iştirak edən igidlərimizə həsr edirəm".

33 yaşlı Rafiq Hüseynovun 2024-cü ildə keçiriləcək Paris Yay Olimpiya Oyunlarında iştirakını dəqiq söyləmək çətindir. Bununla belə Osloda millimizdəki gənclərin böyüklərin yarışlarına tam hazır olmadığı göründü. Tokio Olimpiadasından sonra heyətdə baş verən dəyişikliyin özünü doğrultması üçün zaman lazımdır. İndi bütün diqqət pandemiya dövründə təxirə salınan ölkə çempionatına yönələcək. Azərbaycan çempionatından sonra milli komandanın bütün üzvləri məlum olacaq.



MƏSLƏHƏT GÖR:

163