5 May 2024

Bazar, 21:16

EMRELİNİN “QIZIL ARZULARI”

Azərbaycanlı legioner fərdi nailiyyətlərə görə heykəlciklərdən daha çox, Polşa çempionatının qızıl medallarına sahib olmağı arzulayır

Müəllif:

01.11.2021

Sirr deyil ki, Azərbaycan futbolunun əsas problemlərindən biri təmsilçilərimizin legioner həyatı yaşamamasıdı. Bir neçə ay öncə böyük ümid bəslənilən Mahir Emreli nəhayət xarici klubdan gələn təklifi qəbul edərək ölkəmizi Polşada təmsil etməyə başladı. Etiraf edək ki, Emrelinin karyerası uğurlu başladı. Polşa Çempionatı və Kubokunda “Legiya” üçün vacib qollar vuran futbolçu klubun UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmasında da böyük pay sahibi oldu.

“Region Plus” hazırda Polşada olan “Legiya” klubunun və Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin qürbətdəki həyatı ilə maraqlanıb. Beləliklə suallara Mahir Emreli özü cavab verəcək.

- “Legiya”da karyeranız uğurla başladı. Yeni klubunuzda vurduğunuz 10 qolla komandanızın bombardirisiniz. Belə başlanğıc gözlənilməz olmadı?

- Futbolda planlaşdırmaq və ya proqnoz vermək düzgün deyin. lk gəldiyim gündən məndə özümə inam var idi. Bu inamı sonadək qoruyub saxlamağa çalışıram. Sevindirici haldır ki, qollar da vurur, komandama faydalı olmağı da bacarıram.

- İngilis dilini bildiyinizə görə ünsiyyət problem yaranmır. Maraqlıdı Polşada hansısa çətinliklə qarşılaşmısnız?

- Şəhərdə yaşayışla bağlı bir az çətinliyim olub. Varşava böyük şəhərdir və burada çoxlu tıxac olur. Bu da mənim hərdən daha çox evdə oturmağıma səbəb olur. Tıxacda vaxt itirməyi sevmirəm. Ümumilikdə isə hansısa xüsusi çətinliyim olmayıb. Polşalıların bizə bənzəyən cəhətləri var. Çox istiqanlı və emosional millətdirlər.

- Keçmiş klubunuz "Qarabağ"ın oyunlarını izləyirsinizmi. Ağdam təmsilçisi necə təsir bağışlayır?

- "Qarabağ" elə klubdur ki, futbolçuları dəyişsə də, sistem və oyun tərzi dəyişmir. Baş məşqçi Qurban Qurbanov da həmişə bu sxemə uyğun futbolçular axtarır. Hazırkı heyəti əvvəlkilərlə müqayisə edə bilmərəm. Bu mövsüm görürəm ki, kluba çox keyfiyyətli oyunçular gəlib. Komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıram. İnanıram ki, Konfrans Liqasında yüksək nəticələr qazanacaq, çempionatda və ölkə kubokunda da uğurlu çıxı edəcəklər.

- “Qarabağ” Polşa çempionatında oynasaydı hansı yeri tuta bilərdi?

- Bu suala cavab vermək çətindi. Ağdam klubu Polşa çempionatında yüksək hədəflər uğrunda mübarizə aparardı. Sadəcə Polşa çempionatının asan yarış olmadığını deməliyəm. Polşa çempionatına Azərbaycan liqasından daha çox baxılır. Ekstraklasa çox yaxşı təkmilləşib, hər transfer pəncərəsində bir neçə oyunçunu ən yaxşı liqalara verir. Bunun sayəsində Azərbaycan çempionatından daha yüksək nüfuza malikdir. Daha çox potensial alıcıların maraqlandığı bir sərgidir. Avropa menecerləri mütəmadi olaraq Polşa Çempionatındakı futbolçuları izləyir.

- Yəqin “Legiya”ni seçməkdə əsas məqsəd daha güclü futbol çempionatlarındakı klubların diqqətini cəlb etməkdi?

- “Legiya”ya keçmək qərarına gəlməyimin ilk səbəbi budur. Mən Polşa klubu ilə daha yüksək səviyyəyə çatmaq üçün müqavilə bağladım. Yaxın insanlarla, hətta “Qarabağ”ın baş məşqçisi ilə birlikdə başqa variantları təhlil etdim. “Legiya”nın bizə daha çox uyğun olduğunu müəyyənləşdirdik. Komanda hər oyunda dominantlıq edir, çoxlu vəziyyətlər yaradır. Bu da hücumçu üçün çox vacibdir.

- “Legiya”ya müsbət cavab verməzdən öncə başqa hara keçmək variantınız var idi?

- Yalnız onu deyə bilərəm ki, Belçika, Avstriya, Portuqaliya klublarından ciddi maraq var idi.

- Hər bir hücumçu çempionatın bombardiri olmağı arzulayar. Yəqin siz də Polşada bombardir olmaq istərdiniz…

- Mən Polşa çempionluğunu xəyal edirəm. Əgər Ekstraklasanın bombardiri olsam və ya ən yaxşı futbolçusu seçilsəm, komandamız isə titul qazana bilməsə, fərdi mükafatlar haqda nə demək olar? Yekunda hamımız məğlub olacağıq. Fərdi nailiyyətlərə görə heykəlciklərdən daha çox, Polşa çempionatının qızıl medallarına sahib olmağı arzulayıram.

- Avropa Liqasının qrupundakı rəqibləriniz barədə nə düşünürsünüz?

- Qrupdakı komandalara nəzər yetirəndə düşündüm ki, Çempionlar Liqasının təsnifat mərhələsini keçmişik. Çünki rəqiblər çox güclüdür. Çempionlar Liqasında da belə bir qrupun olması mümkün idi. Hər bir futbolçu üçün güclü rəqiblərlə çıxış etmək məqsədlərdən biridir. Çox çətin rəqiblərimiz var, bunun sayəsində belə görüşlərdə təcrübə toplayaraq inkişaf edə bilərik.

- Səni Polşada çox sevirlər. “Legiya”nın sosial şəbəkə hesablarının hamısında Mahir Emreli ilə bağlı fotolar paylaşırlar. Hətta sənə MaHEROVski deyənlər var?

- Qol vuranda, məşqlərdə şəkillərimizi izləyicilərlə bölüşürlər. Hər kəs mənə çox isti yanaşır. Rəhbərlik, baş məşqçi, oyunçular ilə əlaqələrim çox yaxşıdı. Klubda çalışanlar, adi siravi işçilərlə mehriban davranıram. Amma suala konkret cavab verə bilmərəm. Şəkillərimi paylaşırlar, diqqət göstərirlər, sağ olsunlar. Mən də əlimdən gələni etməyə çalışıram ki, bu diqqətə layiq olum.

- Sanki orada “Qarabağ”dakı çıxışından daha yaxşı oynayasırsan. Hətta millimizdə də oyunun istədiyin kimi alınmır Bunun səbəbi nədi?

- Milli və “Legiya” fərqli səviyyələrdi. Oyun tərzləri fərqli olan komandalardı. Özüm də fərqindəyəm ki, yığmada oyunum alınmır. Həm çoxdandı qol vura bilmirəm, həm də istədiyim şəkildə oyun da keçirməmişəm. Bu barədə özüm də çox düşünürəm. Çalışıram ki, əlimdən gələni edim. Nə qədər alındığını deyə bilmərəm. Amma bəzi fikirlər səslənir. Buna aydınlıq gətirmək istəyirəm. Guya ki, yığmadakı oyunlarda özümü qoruyuram. “Legiya”da oynamağa daha çox üstünlük verirəm. Bu fikirlərlə heç cür razılaşmıram. Milli komanda qürur yerimizdi. Hər bir futbolçunun arzusudu burda oynamaq. O formanı geymək, daşımaq şərəfdi. Çalışırıq ki, əlimizdən gələni edək.

- Polşaya gedəndən sonra Qurban Qurbanovla əlaqə saxlamısan?

- Qurban müəllimlə hər oyundan sonra əlaqə saxlayırıq. “Legiya” qələbə qazananda, mən qol vuranda, “Qarabağ” qalib gələndə, onlar Konfrans Liqasının qrupuna vəsiqə qazananda əlaqə saxlamışdıq. Uğurlarıma görə məni təbrik edir, məsləhət verir. Həmişə deyir ki, dayanmayım. Qollarımın davamının gəlməli olduğunu bildirir. Yaxşı oyunumu davam etdirməli, ancaq bu barədə düşünməli olduğumu qeyd edir. O deyir ki, bu gün fikrim futboldusa, sabah da ancaq bu olmalıdı. Həmişə də onun dəstəyini hiss edirəm. Bunu sırf “Legiya”dayam deyə demirəm. Bilirəm ki, bundan daha yaxşı yerlərə belə getsəm, arzuladığım top-klublarda çıxış etsəm də, həmişə Qurban Qurbanovun məsləhətinə və dəstəyinə ehtiyac duyacam.

- Polşada boş vaxtların necə keçir?   

- Varşava çox böyük şəhərdi. Bacım indi yanımdadı. Boş vaxtım olanda birgə şəhərə çıxırıq, harasa gedirik, yemək yeyirik. Ancaq məşqlərim olan gün fərqli olur. Vaxt olanda komanda yoldaşlarımla harasa çıxırıq. Sadəcə, burda yollar uzundu, tıxaclar çox olur. Ona görə də heç çox vaxt halım da olmur çölə çıxım. Bu səbəbdən də çalışıram ki, məşqdən çıxıb, evə gəlim. Məşqlərimiz səhər olur. Gərək saat 8-də oyanım. Hardasa 45 dəqiqəlik məsafə qət edirəm ki, bazaya çatım. Saat 11-də isə məşq başlayır. Səhər yeməyi, həkim, fizioterapevt müayinəsi və sair vaxt alır. Günüm ancaq belə keçir.     

- Müsahibəyə görə təşəkkür edirəm.

- Diqqətə görə çox sağ olun



MƏSLƏHƏT GÖR:

153