2 May 2024

Cümə axşamı, 23:07

MƏQSƏDLƏR DÜZGÜN MÜƏYYƏN OLUNMALIDIR

Yeni gənclər və idman naziri Fərid Qayıbov planlarını Region Plus jurnalına eksklüziv müsahibəsində açlqlayıb

Müəllif:

01.11.2021

- Fərid müəllim təyinatdan sonra müxtəlif federasiyalarda görüşləriniz oldu. Cüdo və güləşçilərin məşqini izlədiniz, “Vüqar Həşimov” şahmat klubunun üzvləriylə görüşdünüz. Hazırda ölkə idmanının vəziyyətini necə qiymətləndirirsiniz?

- İdmanın inkişafı üçün əsas infrastrukturun olmasıdır. Ölkəmizdə dövlətin və dövlət başçısı cənab İlham Əliyevin idmana olan diqqəti nəticəsində möhtəşəm idman kompleksləri inşa olunub. Bu sırada Su İdman Sarayı, müxtəlif beynəlxalq futbol yarışlarını qəbul edən Bakı Olimpiya Stadionunun adını çəkmək mümkündü. Respublika Stend Atıcılığı İdman Kompleksinin yüksək maddi-texniki bazasını qeyd etmək olar. Dəfələrlə xarici idmançılar təlim-məşq toplanışı üçün bu kompleksə müraciət edib. Bütün idmançıları valeh edən Milli Gimnastika Arenasını qeyd etməliyəm. Bilirsiniz ki, bu arenada məşq etmək üçün müxtəlif qitələrdən ölkələr gimnastlarını Bakıya yollayır. Bu arenada gimnastların hazırlığı üçün dünya standartlarına cavab verən ən yüksək şərait var.

Müəyyən çətinliklər də var. Biz artıq növbəti olimpiya dövrünə qədəm qoymuşuq. Vaxtımız azdır. İşləri düzgün planlaşdırmalıyıq. Ümid edirəm ki, bunun öhdəsindən gələcəyik. Sıxıntıları araşdırıb qərar verməliyik.

- Cənab Prezident sizinlə görüşdə idmanda olan problemlərdən danışdı. Xüsusilə Tokio Olimpiadasında qazanılan nəticə barədə fikrinizi bilmək maraqlı olardı. Yaponiyada idmançılarımız 7 medal qazansa da, qızıl medalımız olmadı...

- Cənab Prezident düzgün buyurdu ki, Tokio olimpiadasında əsasən təcrübəli idmançılar medal qazandı. Artıq ölkə başçısının verdiyi tapşırıqlar üzərində işlərə başlamışıq. Uşaq idmanına daha çox fikir verməliyik. Federasiyalar əsasən milli komandalarla çalışırlar. Amma uşaq məktəblərindən, klublardan da idmançı götürməlidilər. İstənilən idman növündə uşaq idmanı çox vacibdi.

- Paris Olimpiadasına 3 ildən az vaxt qalır. Bu müddətdə olimpiya yığmamızı daha güclü formada hazırlamaq mümkün olacaq?

- Biz araşdırmalıyıq hansı növlərdə medal şansımız var. Bundan sonra növbəti olimpiada üçün proqram hazırlanmalıdır. Lisenziyalar uğrunda əsas mübarizə 2022-ci ildən başlayacaq. Çalışmalıyıq mümkün qədər yaxşı komanda formalaşdıraq. Bəzi idman növlərində hazırda nəsil dəyişikliyi gedir. Gənc idmançıların qısa zamanda təcrübə toplaması çox önəmlidi. Cənab Prezident vurğuladığı kimi, Tokioda əsasən təcrübəli idmançılar medal qazandı. Gənclərin zəif çıxşının səbəbi araşdırılır. Növbəti olimpiadada eyni səhvləri təkrarlamaq olmaz.

- Demək olar əksər idman növlərinin məşq bazaları, komplekslər var. O zaman əsas problemi nədə görürsünüz?

- Dövlət maddi-texniki baza problemlərini həll edib. İndi mütəxəssislər üzərində işləməliyik. Bəzi idman növləri bizdə yenidir. Birinci Avropa Oyunlarından sonra bizə böyük miras qaldı. Yeni idman növlərini 2-3 il ərzində inkişaf etdirmək mümkün deyil. Xaricdə bizdə yeni olan növlərlə on illiklərlə məşğul olan ölkələr var. Buna görə yeni idman növlərində biz dərhal nəticə tələb edə bilmərik.

- Voleybolda da bazalar var, amma milli çempionat keçirilmir. Basketbol və həndbolda da vəziyyət yaxşı deyil. Bəlkə idmanın bəzi növlərinə yeni sponsorların cəlb olunması lazımdı?

- Azərbaycan Voleybol Federasiyasında görüşümüz oldu. Federasiya nümayəndələri problemlərdən danışdılar. İndi yığmanın əsas üzvləri xarici klublarda çıxış edirlər. Klub azlığı bu növdə də ciddi problem yaradır. Klubların sayı çox olacaqda orada gənclər təcrübə toplamaq imkanı qazanacaq. Biz hazırda bütün idman növləri ilə bağlı araşdırma və təhlil aparırıq. Sonra isə sıxıntıları həll etmək üçün lazımi qərarlar veriləcək.

- Son zamanlar legioner idmançılardan çox danışılır. Sizin millimizdə çıxış edən əcnəbi idmançılara münasibətinizi bilmək istərdik...

- Legioner idmançılar təkcə Azərbaycanda deyil. Qonşu ölkələrdə eləcə də dünyanın əksər milli komandalarında rast gəlinir. Elə idman növləri var ki, orada legionerlərdən istifadə olunaraq onu inkişaf etdirməyə çalışırlar. Gənclər onlara baxıb öyrənirlər. Amma bəzi federasiyalar legioner siyasətindən sui-istifadə edirlər. Məsələn, bəzi idmançılar deyirlər ki, milli komandaya düşə bilərdim, amma imkan vermədilər. Bunların hamısı araşdırılacaq.

- Fərid müəllim futboldan danışmasaq olmaz. Sizi tez-tez milli komandalarımızın oyunları, klublarımızın avrokubok matçlarında stadionda görürük. Futboldakı nəticələr barədə nə düşünürsünüz?

- Təyinatdan sonra mənə ən çox verilən sual futbolla bağlı olub. Mən futbolu çox sevirəm. Vaxt olanda uşaqlarımla milli komandamıza eləcə də avrokubok matçlarında klublarımıza dəstək oluram. Sözsüz futboldakı nəticələr bizi qane edə bilməz. İstədiyimiz nəticə yoxdur. Biz istərdik ki, millimiz Avropa və dünya çempionatında iştirak etsin. Son illərdə klublarımız bizi sevindirir. “Neftçi”, “Qəbələ” müxtəlif vaxtlarda UEFA Avropa Liqasında çıxış edib. Son 8 il isə “Qarabağ” ardıcıl olaraq qrup mərhələsində iştirak edir. Özü də “Qarabağ” həm də Çempionlar Liqasında mübarizə aparıb. Biz istərdik ki, milli komandamız da final mərhələsində iştirak etsin. İlk növbədə problemi araşdırmaq lazımdır. Fikrimcə əsas məsələ Premyer Liqada komanda sayının azlığıdır. Bu say artmalıdır. Nazir kimi ilk görüşüm Azərbaycan Futbol Federasiyaları Assosiasiyası iləoldu. Milli assosiasiyada müzakirə etdiyimiz problemlərdən biri də klubların azlığı idi. Klublarımızın sayının artması futbolun inkişafında rol oynayacaq. Amma sistemin necə qurulması barədə düşünməli və qərar çıxarmalıyıq. Nazirlik bu işdə AFFA-ya kömək etməyə hazırdır.

- Noyabrda Beynəlxalq Gimnastika Federasiyasının prezidenti vəzifəsinə seçkilər olacaq. Avropa Gimnastikasının rəhbəri kimi sizin namizədliyiniz də irəli sürülüb. Seçki kompaniyası necə keçdi?

- Bildiyiniz kimi 2017-ci ildən Avropa Gimnastikasının prezidenti seçilmişəm. Bu il Azərbaycan Gimnastika Federasiyası tərəfindən namizədliyim özündə 152 ölkəni birləşdirən Beynəlxalq Gimnastika Federasiyasının rəhbəri vəzifəsinə irəli sürülüb. Pandemiyaya görə istədiyimiz görüşlərin hamısını keçirmək çətindi. Amma mümkün qədər digər ölkələrin gimnastika federasiyaları ilə görüşlər keçirdik. Noyabrın 6-da Türkiyənin Antalyanın şəhərində seçkilər baştutacaq. Seçki kampaniyamın sürətlə davam etdiyini bildirməkdən məmnunam. Bildiyimiz kimi, Avropa Gimnastikası və ya FIG-in prezidentinin və ya İcraiyyə Komitəsinin üzvünün işi könüllü prinsiplərə əsaslanır və hamımızın sahib olduğumuz daimi işdən asılı olmamalıdır.



MƏSLƏHƏT GÖR:

161